Şahdənizin Avropa alıcıları ilə iri qaz satışı sazişləri bağlandı

19 sentyabr 2013

Şahdəniz konsorsiumu bu gün elan etdi ki, Azərbaycanın Şahdəniz yatağının Mərhələ 2 işlənməsindən hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin satışı üzrə 25-illik sazişlər bağlanmışdır. Bu qazı İtaliyada, Yunanıstanda və Bolqarıstanda doqquz şirkət alacaq.

Şahdəniz Mərhələ 2 layihəsi Cənub Qaz Dəhlizini açmaqla ilk dəfə olaraq Azərbaycandan Avropaya birbaşa qaz çatdıracaq. 

Şahdəniz Mərhələ 2 işlənməsindən ümumilikdə hasil ediləcək ildə 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin altından keçməklə İtaliyaya qədər 3500 km-dən artıq uzunan boru kəmərləri vasitəsilə çatdırılacaq. 

Avropaya qaz satışına dair bu gün imzalanan sazişlərdən əvvəl 2011-ci ildə BOTAŞ şirkəti ilə Türkiyədə ildə 6 milyard kubmetr qazın satışına dair sazişlər imzalanmışdı. 

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev dedi: “Çoxsaylı Avropa şirkətləri ilə illərdir ARDNŞ-nin rəhbərliyi altında aparılan danışıqların uğurla başa çatmasından məmnunuq. Bu, ölkəmizin tarixində ən böyük qaz satışı sazişləri olmaqla Azərbaycanın nəhəng qaz ehtiyatları ilə Avropa bazarları arasında birbaşa əlaqələrin başlanğıcını qoyur. Azərbaycan Şahdəniz qaz alıcıları ilə uzunmüddətli əməkdaşlığa başlamaqdan məmnundur. Əminəm ki, bu əməkdaşlıq Avropadakı istehlakçılara faydalar gətirəcək və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacaq.” 

Sazişlər barədə danışan BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti və Şahdəniz üzrə Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) əməliyyatçısının prezidenti Qordon Birrell dedi: “Şahdəniz konsorsiumu dünya neft və qaz sənayesi tarixində ən böyük qaz satışı sazişlərindən biri olan bugünkü sazişlərin bağlanmasında iştirakından qürur duyur. Bu sazişlər üzrə danışıqlara cəlb olunmuş bütün şirkətlərə konsorsium adından minnətdarlığımı bildirirəm. Sazişlərin imzalanmasına gətirib çıxaran geniş əməkdaşlıq uzunmüddətli tərəfdaşlığın təməlini qoyur. Şahdəniz qazına olan yüksək tələbat bizə Azərbaycanın qaz ehtiyatlarının uzunmüddətli işlənməsi üçün əminlik verir. Bu sazişlərin imzalanması daha bir mühüm addımdır və bizi Şahdəniz Mərhələ 2 layihəsi üzrə yekun investisiya qərarına daha da yaxınlaşdırır.” 

Bu gün qaz alışı sazişlərini imzalayan alıcılar bunlardır: “Axpo Trading AG”, “Bulgargaz EAD”, “DEPA Public Gas Corporation of Greece S.A.”, “Enel Trade SpA”, “E.ON Global Commodities SE”, “Gas Natural Aprovisionamientos SDG S.A.”, “GDF SUEZ S.A.”, “Hera Trading srl” və “Shell Energy Europe Limited”. 10 milyard kubmetr ümumi həcmdən hərəsinə təqribən 1 milyard kubmetr olmaqla Bolqarıstan və Yunanıstanı təchiz etmək niyyətində olan alıcılara, qalanı isə İtaliyanı və ona bitişik bazar mərkəzlərini təchiz etmək niyyətində olan alıcılara ötürüləcək. 

Bu sazişlərin yekunlaşmasından əvvəl çoxsaylı müxtəlif şirkətlər Şahdəniz qazını almaqda maraqlı olduqlarını bildirmişdilər. Sazişlərin bağlanması ilə Şahdəniz 2 qaz satışı prosesi tamamlanmış olur. 

Qaz satışına dair sazişlər Şahdəniz Mərhələ 2 layihəsi üzrə bu ilin sonlarına planlaşdırılan yekun investisiya qərarından sonra qüvvəyə minəcək. 
Redaktorlar üçün məlumat: 

Şahdəniz Mərhələ 2 layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Şahdəniz Mərhələ 2 layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub- metr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir. 

Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Mərhələ 2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazı Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP), Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya isə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql ediləcək. 

Şahdəniz tərəfdaşları: BP, operator (25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), Total (10%), Lukoyl (10%), NİKO (10%) və TPAO (9%).


Əlavə məlumat üçün:

ARDNŞ-nin mətbuat xidmətində Nizaməddin Quliyevə - Tel.: (+994 12) 521 01 29; 
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya - Tel.: (+994 12) 599 45 57, müraciət edə bilərsiniz.