Şahdəniz tərəfdaşları sualtı quraşdırma işləri üçün müqavilə imzaladılar

3 may 2016

Şahdəniz konsorsiumu bu gün elan edir ki, Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində dərin sularda sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması  üçün yeni müqavilə imzalanmışdır. 1,5 milyard dollar dəyərində olan bu müqavilə BOS Şelf LLC, Saipem Contracting Netherlands B.V. və Star Gulf FZCO konsorsiumuna verilmişdir. 

Bu müqavilə çərçivəsində görüləcək işlərin həcminə dərin sularda layihənin beş cinahının hamısında sualtı hasilat sistemlərinin və sualtı qurğuların  daşınması və quraşdırılması  məqsədilə “Xankəndi” adlı yeni sualtı tikinti gəmisinin idarə edilməsi və istismarı daxildir.

BP-nin Şahdəniz Mərhələ 2 layihəsinin dəniz və sualtı işlər proqramı üzrə vitse-prezidenti Frənk Uilson demişdir: “Biz dənizdə quraşdırma işləri üzrə strateji podratçımızla və onun  konsorsiumdakı iri yerli tərəfdaşları ilə əməkdaşlığımızı davam etdirməkdən məmnunuq. Bu əməkdaşlıqda biz nəhəng Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işlərini birlikdə irəli aparacağıq. Bakı Gəmiqayırma Zavodunda tikilməkdə olan qabaqcıl xüsusiyyətlərə malik yeni “Xankəndi” gəmisi  Şahdəniz Mərhələ 2-nin  sualtı qurğularının  daşınması və quraşdırılmasında əsas işləri görəcək.  Bu qurğular Xəzərdə indiyədək quraşdırılmış ən böyük sualtı hasilat sistemi olacaq. “Xankəndi”nin tikintisi çox yaxşı irəliləyir, gəminin burun hissəsi ilə gövdə seksiyaları artıq birləşdirilib. Sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması  üçün verilmiş bu iri müqavilə bizim Xəzərə ilk dəfə olaraq Şahdəniz Mərhələ 2 layihəsi çərçivəsində yeni və ən müasir sualtı hasilat texnologiyası  gətirmək öhdəliyimizi dəstəkləyir”.
 
Bu müqavilə çərçivəsində görüləcək işlərin 2022-ci ilin ortalarınadək başa çatdırılması planlaşdırılır. 2022-2027-ci illər arasında şərq-cənub, şərq-şimal və qərb-cənub sualtı cinahlarında qalan fontan armaturlarının, sualtı birləşdirici kabellərinin və birləşdirici asqıların quraşdırılması işlərini əhatə etmək məqsədilə müqavilənin daha beş il müddətinə uzadılmaq imkanı da var. İşlərin həcminə həmçinin 2019-cu ildə “İsrafil Hüseynov” borudüzən barjının yenidən işlərə cəlb olunması və dərin sularda axın xətlərinin quraşdırılmasının ikinci mərhələsi üzrə işlər də daxildir.  

Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə işlər ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğun irəliləyir və Azərbaycan və Gürcüstan ərazisində mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri də daxil olmaqla layihənin ümumilikdə 70%-dən çox hissəsi tamamlanıb. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisinin mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.  Telefon: +994 12 599 45 57.