Şahdəniz qazı Türkiyəyə axır

4 iyul 2007

Şahdəniz qaz-kondensat yatağının işlənməsi layihəsinin operatoru BP və Azərbaycan Qaz Satışı Şirkətinin (AQSŞ) operatoru Statoyl bu gün elan etdilər ki, ilk qaz 2007-ci ilin iyul ayının 3-də BOTAŞ-ın qaz nəqletmə sisteminə daxil olmağa başlamışdır. Bundan əvvəl Şahdəniz yatağından hasil edilən qaz Azərbaycana və Gürcüstana verilirdi. AQSŞ Şahdəniz Mərhələ 1 üzrə qaz satışı müqavilələrinin idarə edilməsi üçün məsuliyyət daşıyır. Şahdəniz Mərhələ 1 qazı hazırda Azərbaycana, Gürcüstana (GOGC), BOTAŞ və BTC şirkətinə satılır. 

Şahdəniz Hasilatın Pay Bölgüsü Sazişinin tərəfləri BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir. 

AQSŞ-nin sahibkarları - Statoyl (operator – 20.4%), BP (20.4%), Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi (20%), LUKOYL (8%), NİKO (8%), ARDNŞ (8%), Total (8%) və TPAO (7.2%).

Şahdəniz yatağından qaz Azərbaycan və Gürcüstan ərazilərindən keçən Cənubi Qafqaz Boru Kəməri vasitəsilə BOTAŞ-ın qaz nəqletmə sisteminə göndərilir. Bu boru kəməri Şahdəniz Mərhələ 1 qazını Azərbaycana və Gürcüstana 2006-cı ildə nəql etdiyi vaxtdan bəri istismardadır. İstismara verildikdən sonra boru kəməri Gürcüstan-Türkiyə sərhədində uğurla Türkiyə boru kəmərləri sisteminə qoşuldu. CQBK-nin iki operatoru vardır - BP texniki operator kimi boru kəməri qurğularının inşası və istismarı üçün məsuliyyət daşıyır, Statoyl kommersiya məsələləri üzrə operator kimi CQBK-nin biznes inkişafı və idarə olunması üçün cavabdehdir. 

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (25,5%), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ – 10%), LUKOYL (10%), NİKO (10%), Total (10%), TPAO (9%). Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi maliyyələşdirmədən azad səhmdardır. 
Redaktorlar üçün qeydlər: 
BP-nin operatoru olduğu Şahdəniz yatağından son vaxtlar gündə 300 milyon standart kub fut (təxminən 8,5 milyon kub metr) qaz və gündə təxminən 25 000 barel kondensat hasil edilmişdir. Qalan öncəqazma quyusu işə salındıqdan sonra il ərzində hasilatın artması davam edəcəkdir. Bu ilin sonlarında platformadan yeni quyuların qazılmasına başlanacaqdır. 

2007-ci ildə biz Şahdəniz yatağından orta hesabla 63 000 barel neft ekvivalenti (və ya bütün il ərzində 2,7 milyard kub metr qaz və 0,8 milyon ton kondensat) hasil etməyi planlaşdırırıq. Mərhələ 1 hasilatının ən yüksək sabit dövründə ildə 8,6 milyard kub metr qaz və gündə təxminən 30 000 barel kondensat hasil ediləcəkdir. 

2003-cü ilin fevral ayında sanksiya verilmiş Şahdəniz Mərhələ 1 layihəsi həm işlənmə və hasilat, həm də nəqletmə sahəsini əhatə edir. Layihənin işlənmə və hasilat hissəsi suyun 105 metr dərinliyində quraşdırılmış 15 quyu gövdəsinə malik TPG500 tipli yaşayış bloklu qazma və hasilat platformasından; TPG500 platformasından Səngəçal terminalınadək hər birinin uzunluğu 90 km olan üç sualtı boru kəmərindən - 26 düymlük qaz boru kəməri və 12 düymlük kondensat boru kəməri, eləcə də 4 düymlük monoetilen qlikol (MEQ) boru kəmərlərindən; və qurudakı terminalda yerləşən qaz və kondensatın texnoloji emalı obyektlərindən ibarətdir. 

Layihənin nəqletmə hissəsi yeni bir qaz ixracı sistemindən – Gürcüstandan keçməklə Azərbaycandan Türkiyə sərhədinədək inşa olunmuş Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) ibarətdir. CQBK 690 km uzunluğunda (Azərbaycan hissəsi 442 km, Gürcüstan hissəsi isə 248 km) olan bir boru kəməridir və ətraf mühitə və sosial sahəyə təsirin minimuma endirilməsi məqsədilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəməri ilə eyni dəhlizdə çəkilib. Boru kəmərinin diametri 42 düymdür. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57