Səngəçal terminalı Azərbaycanda məktəblilər arasında üçüncü futbol turniri keçirir

23 iyun 2006

Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP) BP-nin operatorluq etdiyi Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Cənubi Qafqaz Boru Kəməri (CQBK) və Şahdəniz layihələrindəki tərəfdaşları adından iyun ayının 22-də Azərbaycan məktəbliləri arasında üçüncü futbol turnirini başlamışdır. 
82 komandanı bir araya gətirən bu tədbir Xəzər regionunda bu tipli ən böyük futbol turniri sayılır. Yarışda Qaradağ rayonunda yerləşən 29 orta məktəbin hamısını təmsil edən 12-16 yaş arasında 820 uşaq iştirak edir. Bundan əlavə, tədbirdə məşqçi kimi 82 müəllim, eləcə də hakim, həkim və tibb bacısı, iaşə xidməti işçiləri, əlaqələndiricilər kimi xeyli sayda insanlar dəstək verirlər ki, bununla da iştirakçıların ümumi sayı 1000 nəfərdən artıqdır. 

Yarışda iştirak edən 82 komandaya BP-nin əməliyyatçı olduğu layihələrdəki tərəfdaşları ilə yanaşı, digər 30 sponsor təşkilat və ayrı-ayrı fərdlər də yardım edirlər. 

Yarışda iştirak edən komandalar 12, 14 və 16 yaş səviyyələrinə görə üç qrupa bölünür. Hər bir yaş qrupu üzrə isə komandaların sayı 20 ilə 22 arasındadır. Hər bir yaş kateqoriyası üzrə komandalar dörd qrupda yarışacaqlar və bununla da turnir çərçivəsində ümumilikdə 152 oyun keçiriləcək. 

Turnirə Qaradağ rayonunun Sahil, Ümid, Qobustan qəsəbələrindəki idman komplekslərində, eləcə də Səngəçal terminalındakı iki idman meydançasında eyni zamanda start verilib. Bundan əlavə, terminal turnirə hazırlıq üçün bəzi təmir işləri aparmış, iştirakçıları müvəqqəti ofislər, zəruri obyektlər və materiallarla təchiz etmişdir. Ümumilikdə turnir üçün rayon miqyasında səkkiz idman kompleksindən istifadə olunur. 

Yarımfinal və final oyunları bazar ertəsi – 2006-cı il iyunun 26-da saat 9:00-dan 15:00-dək Lökbatan qəsəbəsindəki Olimpiya Kompleksində keçiriləcək. Tədbir rəsmi təltif mərasimi ilə başa ççatacaq. 
Bu turnir Səngəçal Terminalı ilə Qaradağ rayon İcra Hakimiyyəti və bir qrup digər şirkət və sponsorlar, o cümlədən AA Servisis, Azfen, Tekfen, BonAkkordKaspian, Bos Şelf, Kape, Seltik Boys, Entrepos Kontraktinq, ESS, Firkroft, Gokers, Glazqo Reyncers, GSI, Gay Bacer, KBR, Kentek, Mudi İnternəşnl, Nano Farmz, Petrokem Qrup, Procekt Servisis dept, R&M Kaspian, Rayder Hant İnternəşnl, RİGBLAST, Rolls Roys, Svift, Traktebel, TİKO Enc. Servisis tərəfindən təşkil olunub. 

Bütün oyunlara giriş azaddır. 

STGP-nin layihə direktoru və bu təşəbbüsə şəxsən rəhbərlik edən Yakobus Nyuvenhauze deyir: “Bütün Qaradağ rayonunun məktəblilərini bir araya gətirmək üçün iki il əvvəl başladığımız bu təşəbbüs artıq Xəzər regionunda hər il keçirilən ən böyük idman tədbirinə çevrilib - həm iştirakçı komandaların və məktəblərin, həm də sponsor təşkilatların və fərdlərin sayı ildən-ilə artır. Bu tədbirin həm də kütləvilik qazanmağa başlaması onu göstərir ki, görülməli iş imkan yaradılmasına kömək göstərmək və həmin imkanı yaratmaqdır – qalan şeyləri uşaqların özləri, müəllimləri və valideynləri edəcəklər. Bizim, eləcə də digər sponsorların bu tədbirdəki rolu imkan yaratmaqdır və biz şadıq ki, icmalar bu imkandan böyük ruh yüksəkliyi ilə istifadə ediblər. Ümid edirik ki, bu təşəbbüs Azərbaycan üçün mənəvi və fiziki cəhətdən sağlam bir nəsil böyüməsində idmanın vacibliyinə həmişə diqqət cəlb etməkdə davam edəcək.” 

Maraqlananlar üçün fotoşəkillər var.


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57