Şahdəniz Mərhələ 2 layihəsi üçün dayaq bloklari, sualtı qurğuların tikintisi və təchizatı müqavilələrini elan edir

10 aprel 2014

Şahdəniz konsorsiumu məmnuniyyətlə elan edir ki, Mərhələ 2 layihəsi çərçivəsində tikinti və təchizat işləri üzrə növbəti iri müqavilələr imzalanıb və layihə qrafik üzrə davam edir.

Planlaşdırılan iki dəniz platforması üçün dayaq bloklarının, boru payaların və sualtı konstruksiyaların tikintisinə dair müqavilə “BOS Shelf LLC”, “Saipem Contracting Netherlands B.V.” və “Star Gulf FZCO” şirkətlərindən ibarət konsorsiuma verilib. Bu, nəhəng Mərhələ 2 layihəsinin icrasını irəli aparan və 2018-ci ilin sonlarında ilk qazın əldə olunmasını əsaslandıran mühüm müqavilələrdən biridir.

750 milyon dollar dəyərində olan bu müqavilənin iş həcminə hər birinin hündürlüyü 110 metr olan iki ədəd (biristiqamətli meylləndirilmiş) 8 ayaqlı dayaq blokunun inşası daxildir. Dayaq bloklarının çəkisi üzən pontonlarla birlikdə 13 400 və 12 300 ton olacaq. Bundan əlavə, iş həcminə ümumi çəkisi 30 000 ton olan 2 300 sualtı konstruksiyanın tikintisi də daxildir. Sualtı konstruksiyaların tikintisi işlərinə səkkiz təcridetmə klapanı qurğusu, on axın xətlərini birləşdirmə bloku, axın xətlərinin hərəkətini məhdudlaşdıran 80 bərkidici anker, 100 sualtı birləşdirici boru qovşağı, 100 boru kəmərinin kəsişmə dayağı, 1 000 beton döşənək və cərəyan ötürücü zona üçün 1 000 ton özüllərin hazırlanması daxildir. 

Bu müqavilə çərçivəsində bütün tikinti və quraşdırma işləri yerli resurslardan (işçi qüvvəsi və tikinti istehsalat sahələri daxil olmaqla) istifadə etməklə ARDNŞ-nin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda həyata keçiriləcək.

Bu müqavilənin imzalanması Şahdəniz tərəfdaşlarının Azərbaycanın yerli resurslarından istifadənin optimallaşdırılması öhdəliyini bir daha təsdiq edir. Bu müqavilə çərçivəsində tikinti işləri üçün təqribən 8 milyon adam-saat iş həcmi yerinə yetirilməklə təxminən 2 750 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir və bütün işlər ölkə daxilində həyata keçiriləcək. Tikinti işlərinin 2017-ci ildə başa çatdırılacağı gözlənilir.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Qordon Birrell dedi: “Biz ‘BOS Shelf’, ‘Saipem’ və ‘Star Gulf’ konsorsiumu ilə belə mühüm tikinti müqaviləsinin imzalanmasından məmnunluq duyuruq. Azərbaycanın dünya səviyyəli istehsalat-quraşdırma sahəsindən istifadə olunması Şahdəniz tərəfdaşlarının yerli resursların inkişaf etdirilməsi və gücləndirilməsinə davamlı dəstəyinin nümunəsidir. Biz həmçinin məmnunuq ki, bu müqavilə bizim Xəzər dənizində ilk dəfə olaraq sualtı hasilat texnologiyalarını tətbiq etmək planlarımızı dəstəkləyir. Bu texnologiyanın Azərbaycanda istidadə olunması neft və qaz işlənmələrində yeni imkanlar açmaqla ölkənin bu sənayedəki texnoloji irəliləyişlərin  önündə qalmasını təmin edəcək.”

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57