Şahdəniz konsorsiumu Mərhələ 2 çərçivəsində müqavilələrin bağlanmasına başlayır

19 dekabr 2013

Şahdəniz tərəfdaşlığı məmnuniyyətlə elan edir ki, o, Xəzər dənizində Şahdəniz qaz yatağının Mərhələ 2 çərçivəsində işlənməsinin tikinti işləri üçün iki böyük müqavilə bağlayıb. Bu, 17 dekabr tarixində Bakıda imzalanan Mərhələ 2 işlənməsi üzrə yekun investisiya qərarından sonra gerçəkləşib.

Birinci müqavilə Səngəçal terminalında Şahdəniz Mərhələ 2 üçün yeni qurğuların tikintisi və istismar sınaqlarına dəstək işləri üzrə müqavilədir. Bu müqavilə Tekfen İnşaat ve Tesisat A.S. və Azfen BM arasında yaradılmış Tekfen-Azfen alyansı ilə bağlanılıb. Bu müqavilənin iş həcmi aşağıdakılardan ibarətdir: 
  • •Səngəçal terminalında əsas qaz və kondensat emalı qurğularının tikintisi;
  • •sualtı boru kəmərinin sahilə çıxdığı ərazidən terminal qurğularına qədər uzanan qaz, kondensat və MEQ (monoetilenqlikol) boru kəmərinin inşası;
  • •Səngəçaldakı mövcud terminalda yenidən quraşdırma işləri.
Bu müqavilənin dəyəri 998 milyon dollar təşkil edir. Bu müqavilə çərçivəsində nəzərdə tutulan işlərin 2014-cü ilin yanvar ayında başlanması planlaşdırılır və bu işlərin 2018-ci ildə başa çatacağı gözlənilir.

İkinci müqavilə isə Mərhələ 2 üzrə nəzərdə tutulan iki platformanın, yəni hasilat və dikborular platformasının (ŞDB-HR) və yaşayış bloklu texnoloji təchizat platformasının (ŞDB-YBTT) üst modullarının inşası, barjaya yüklənməsi və eləcə də sözügedən platformaların dənizdə sazlanması və istismara verilməsi işləri üçündür. Bu müqavilə AMEC MMC, Tekfen İnşaat ve Tesisat A.S. və Azfen birgə müəssisəsindən ibarət AMEC-Tekfen-Azfen (ATA) konsorsiumu ilə bağlanılıb. Hər iki platformanın üst modulları ATA konsorsiumunun Bibiheybət ərazisində yerləşən tikinti-quraşdırma sahəsində inşa ediləcək. Bu müqavilənin dəyəri 974 milyon dollardır. Bu müqavilə çərçivəsində həyata keçiriləcək tikinti işlərinin də 2014-cü ilin yanvar ayında başlanması və 2018-ci ildə isə başa çatdırılması planlaşdırılır. 


Redaktorlar üçün qeydlər: 

Şahdəniz Mərhələ 2 layihəsi Cənub Qaz Dəhlizini açmaqla Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara qaz çatdıracaq. Şahdəniz Mərhələ 2 layihəsinin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub- metr qaza ildə 16 milyard kubmetr qaz hasilatı əlavə edəcəyi gözlənilir. 

Gözlənilir ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının Mərhələ 2 işlənməsinə körpü ilə birləşdirilən iki hasilat platforması, iki yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində quraşdırılan 500 km uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxil olacaq. Şahdəniz qazı Türkiyə ərazisində Trans-Anadolu Boru Kəməri (TANAP), Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya isə Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəql ediləcək. 
Şahdəniz konsorsiumu Mərhələ 2 işlənməsi üçün yekun investisiya qərarını dekabrən 17-də elan etdi. Bu qərar Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verir. Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastuktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. 

Şahdəniz tərəfdaşları (satınalma əməliyyatlarından sonra) aşağıdakı şirkətlərdir: BP, operator (28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), Total (10%), Lukoyl (10%), NIKO (10%) və TPAO (9%). Bu faizlərə Statoyldan BP və ARDNŞ-nin müvafiq olaraq aldığı yuxarıda qeyd olunmuş iştirak payları daxildir. Bu əməliyyatlar onların yekunlaşması üçün 2014-cü ildə yerinə yetirilməsi gözlənilən şərtlərdən asılıdır. 

Əlavə məlumat üçün BP şirkətinin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Tel.: (+994 12) 599 45 57