TPG500 dənizdə uğurla öz yerinə çatdırıldı

28 aprel 2006

BP Şahdəniz qaz və kondensat layihəsinin operatoru olaraq TPG500 platformasını uğurla Xəzər dənizində Bakıdan təxminən 100 kilometr cənubda Şahdəniz qaz-kondensat yatağındakı daimi yerinə çatdırmış və quraşdırmışdır. 
Platformanın özünün və onun dəniz dibində quraşdırılan özüllərinin inşa edildiyi və yığıldığı Zığ tikinti sahəsindən aprelin 10-da dənizə yola salınmasından əvvəl platformanın bütün sistemləri yoxlanmış və istismar sınaqlarından keçirilmişdi. Bundan sonra platforma yedəkdə Bakıdan 70 kilometr aralıda yerləşən müvəqqəti dayanacaq yerinə gətirildi, burada platformanın ayaqları hər birinin diametri 30 metr, hündürlüyü 15 metr, çəkisi 1400 ton olan üç dayaq özülünə uğurla birləşdirildi. Daha sonra isə TPG500 platforması yedəkdə suyun dərinliyi 105 metr olan daimi yerinə gətirildi və burada onun ayaqları suya endirilərək öz yerinə sementləndi. Platformanın öncədən qazılmış quyuların dayaq tavası üzərində quraşdırılmasının yekun əməliyyatı son dərəcə böyük dəqiqlik tələb edirdi. Bu nadir quraşdırma metodu dənizdə aprelin 27-də uğurla başa çatdırıldı. 

İndi artıq platformanın dənizdə nizamlanması və istismar sınaqlarına başlanacaq ki, bu da Şahdənizdən ilk qazın 2006-cı ilin dördüncü rübündə əldə edilməsi qrafikinə uyğundur. 

TPG500 Xəzər üçün nadir bir nailiyyətdir. Ayaqları da daxil olmaqla bütöv platforma Bakı yaxınlığındakı Zığ tikinti sahəsində yığılmışdır. Platformanın hər üç ayağı və onların özül konstuksiyaları bütövlüklə bu tikinti-quraşdırma sahəsindəki Zığ 3 ərazisində inşa olunmuşdur və platforma tamamilə Zığ 4 sahəsindəki yanalma körpüsündə yığılmışdır. İndiyədək bu qəbildən olan yalnız iki başqa platforma inşa olunmuşdur və onlar da hazırda Şimal dənizində Böyük Britaniyanın kontinental şelfində istismardadır. 
TPG500 platforması 120 nəfərlik işçi heyəti üçün yaşayış bloku olan qazma və hasilat qurğularından ibarət böyük özüqalxan platformadır, ümumi çəkisi 32000 tondur (üst modullar 22000 ton, ayaqlar və özül dayaqları 10000 ton). Bu platformanın qazma qurğularının 7 km-dən artıq uzunluqda, platformadan 3 km-dən artıq kənara çata bilən quyular qazmaq imkanı var. Onun hasilat qurğuları isə gün ərzində təxminən 1 milyard kub fut (28,5 milyon kubmetr) qazı və 60000 barel (8000 ton) kondensatı texnoloji emal edə bilər. Yataqdan hasil ediləcək qaz və kondensat ayrıca sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına nəql olunacaq. 
BP-nin Şahdəniz layihəsi üzrə vitse-prezidenti Mayk Skitmor deyir: “Bu, Xəzər dənizində nadir əməliyyatdır. Məmnunluqla deyirəm ki, biz bu əməliyyatı uğurla, ən mühümü isə təhlükəsiz şəkildə başa çatdırmışıq. Bu uğurlu sonluq layihələşdirmə, quraşdırma, tikinti, daşıma, nizamlama və istismar sınaqlarına cəlb olunmuş 5000-dən çox insanın son üç ildə çəkdiyi gərgin zəhmətin kulminasiya nöqtəsidir. Fürsətdən istifadə edərək Sinqapurdan, Norveçdən, Fransadan, Almaniyadan, ABŞ-dan, Türkiyədən tutmuş Azərbaycanadək çoxlu ölkələrdə belə qətiyyətlə bu layihə üçün işləmiş bütün insanlara təşəkkür etmək istərdim. Mən həmçinin fəxr edirəm ki, layihə yerinə yetirildiyi müddət ərzində əvvəldən axıradək ixtsaslı yerli işçi qüvvəsinin dəstəklənməsi məqsədilə layihədə yerli ehtiyatlardan maksimum istifadə etmək və yerli işçilərin ixtisasını artırmaq öhdəliyimizə sadiq qalmışıq. Bu sahədə əldə etdiklərimiz isə diqqətə layiqdir: tikinti işlərinin qızğın çağında Zığ tikinti-quraşdırma sahəsində işə təxminən 3500 nəfər cəlb edilmişdi ki, onların da 80%-dən çoxunu Azərbaycan vətəndaşları təşkil edirdi ki, onların iş icrası həm əməyin təhlükəsizliyi, həm də işin keyfiyyəti baxımından müstəsna dərəcədə yaxşı olub; platforma dənizə yola salınmazdan öncə tikinti-quraşdırma sahəsində qəza nəticəsində heç bir vaxt itirilmədən 13 milyon adam-iş saatı yerinə yetirilmişdi. Bundan əlavə, tikinti-quraşdırma sahəsində avadanlıq, material və xidmətlərin təchiz olunması üçün layihə 257 Azərbaycan şirkətinin xidmətlərindən istifadə etmişdir. Biz hamımız indi növbəti və ən mühüm nəticəni - Azərbaycan, Gürcüstan və Türkiyə xalqlarının faydalanması üçün ilk qazın əldə olunmasını gözləyirik.” 

Şahdəniz Hasilatın Pay Bölgüsü Sazişinin tərəfləri: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKoyl (10%), NİKO (10%), Total (10%) və TPAO (9%) şirkətləridir. 
Redaktorlar üçün qeydlər: 2003-cü ilin fevral ayında sanksiya verilmiş Şahdəniz Mərhələ 1 layihəsi həm işlənmə və hasilat, həm də nəqletmə sahəsini əhatə edir. Layihənin işlənmə və hasilat hissəsi bu ilin ikinci rübündə suyun 105 metr dərinliyində quraşdırılacaq 15 quyu gövdəsinə malik TPG500 tipli yaşayış bloklu qazma və hasilat platformasından; TPG500 platformasından Səngəçal terminalınadək hər birinin uzunluğu 90 km olan üç sualtı boru kəmərindən - 26 düymlük qaz boru kəməri və 12 düymlük kondensat boru kəməri, eləcə də 4 düymlük monoetilen qlikol boru kəmərlərindən; və qurudakı terminalda yerləşən qaz və kondensatın texnoloji emalı obyektlərindən ibarətdir. 

Layihənin nəqletmə hissəsi yeni bir qaz ixracı sistemindən – Gürcüstandan keçməklə Azərbaycandan Türkiyə sərhədinədək inşa olunmuş Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) ibarətdir. CQBK 690 km uzunluğunda (Azərbaycan hissəsi 442 km, Gürcüstan hissəsi isə 248 km) bir boru kəməridir. Bu kəmər ətraf mühitə və sosial sahəyə təsirin minimuma endirilməsi məqsədilə Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri ilə eyni dəhlizdə çəkilib. Boru kəmərinin diametri 42 düymdür. 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: +994 (0) 12 599 45 57