BP və tərəfdaşları institusional potensialın gücləndirilməsinə töhfə verir

• Miqrasiya proseslərinin effektiv idarə olunmasına əhəmiyyətli töhfə • Miqrasiya xidmətlərində texniki və insan resurslarının inkişafına dəstək • Effektiv idarəçiliyin dəstəklənməsi üzrə davamlı öhdəlik

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – “SOCAR”, “TPAO”, “PETRONAS”, “Chevron”, “LUKOİL”, “NİCO”, “Equinor”, “INPEX”, “ExxonMobil”, “SGC”, “ITOCHU”, “ONGC”, “TOTAL”, “Eni” –2015-ci ildə başlamış “Miqrasiya proseslərinin effektiv idarə olunmasına dəstək” layihəsinin uğurla tamamlandığını bu gün elan etdilər.

Bu layihə ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosu və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ilə birgə  Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən həyata keçirilən daha geniş miqyaslı “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” proqramının bir hissəsidir.

Layihənin məqsədi potensialın yaradılması və texniki dəstək göstərilməsi vasitəsilə hökumətin miqrasiya strategiyalarının, siyasətlərinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsinə yardım etmək üçün ölkəyə qabaqcıl beynəlxalq təcrübələri ötürmək idi.

Bura yeni viza rejimi üçün effektiv idarəetmə mexanizminin hazırlanmasına və yaradılmasına yardım etmək və miqrasiya proseslərinin effektiv idarə olunması üçün hüquqi və institusional potensialı gücləndirmək, o cümlədən təşkilati fəaliyyəti və səmərəliliyi təkmilləşdirmək və qurumlar arasında əməkdaşlığı artırmaq daxildir.
BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Layihə fəaliyyətlərinin səmərəliliyini təmin etmək üçün layihənin dörd illik icrası ərzində  bütün cəlb olunmuş tərəflər – həm sponsorlar, həm də benefisiarlarla sıx əməkdaşlıq etmişik. Biz həm hökumətin, həm də müxtəlif miqrant qrupların faydalana biləcəyi davamlı nəticələrə nail olmaqla bu mühüm layihənin uğurla tamamlanmasından məmnunuq. Azərbaycanın uzunmüddətli biznes-partnyorları kimi BP və onun tərəfdaşları ölkədə institusional potensialın gücləndirilməsi, effektiv idarəçiliyin möhkəmlənməsi və bu məqsədlə texniki və insan resurslarının inkişaf etdirilməsi yönümündə aparılan işlərə yardım etmək üçün öz səylərini davam etdirəcək.”

Layihə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər müvafiq dövlət qurumlarını əhatə edir. 

BP və tərəfdaşlarının layihəyə qoyduğu ümumi sərmayə 664913 avro təşkil edib və bu vəsait layihənin dörd illik müddəti (2015-2018) ərzində altı fazanı əhatə edib.

Layihənin əsas nailiyyətləri aşağıdakılardan ibarət olub:
•	Azərbaycanda viza idarəetmə sisteminin səmərəliliyinin
 və effektivliyinin təkmilləşdirilməsinə yardım etmək məqsədilə Azərbaycanın viza vermə mexanizminə dair qiymətləndirmə hesabatı hökumətə təqdim edilib;
•	Xarici İşlər Nazirliyinin konsulluq əməkdaşları üçün xarici missiyalarda və nazirlik səviyyəsində konsulluq xidmətlərinin göstərilməsi üzrə Konsulluq İstinad Kitabçası hazırlanıb və konsulluq əməkdaşları üçün bacarıqların inkişaf etdirilməsi üzrə təlimlər keçirilib;
•	Aİ-nin normativ aktlarına və beynəlxalq standartlara münasibətdə hazırkı institusional və operativ miqrasiya idarəetmə mexanizmlərində ehtiyacların ətraflı qiymətləndirilməsi aparılıb;
•	Əmək miqrasiyasının daha yaxşı idarə edilməsi üçün dəqiq və vaxtında informasiya təmin etmək məqsədilə əmək bazarı üzrə informasiya sistemlərinin qiymətləndirilməsi aparılıb;
•	Elektron hökumətin və miqrantlar/əcnəbi vətəndaşlar üçün elektron xidmətlərin modernləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidmətinin (DMX) elektron xidmətlərinin mövcud iş ardıcıllığının qiymətləndirilməsi və DMX-nin mövcud İT infrastrukturunun qiymətləndirilməsi aparılıb;
•	DMX tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilən dövlət rüsumlarının və inzibati cərimələrin ödənilməsi prosesini ASANPAY ödəniş sistemi vasitəsilə sadələşdirmək üçün bu layihə çərçivəsində ilk elektron xidmət hazırlanıb və işə salınıb;
•	Müasir veb-əsaslı texnologiyalardan istifadə edərkən informasiyanın toplanmasına və emalına imkan yaratmaq; qabaqcıl praktikalara uyğun olaraq yeni xüsusiyyətlər (məsələn sənədlərin onlayn təqdim edilməsi, elektron imza və ərizələrin vəziyyətinin onlayn şəkildə izlənməsi və onların elektron hökumət portalına daxil edilməsi) tətbiq etməklə elektron xidmətləri təkmilləşdirmək; və əcnəbi və yerli vətəndaşlar üçün informasiya və xidmətlərdən daha asan və daha rahat istifadə imkanının təmin edilməsi məqsədilə DMX portalında elektron sənədlərin dövriyyəsi sistemini yaratmaq üçün səkkiz yeni proqram təminatı hazırlanıb;
•      Azərbaycanda miqrasiya proseslərinin effektiv idarə edilməsi mexanizminin fəaliyyət göstərməsinə töhfə vermək üçün miqrasiya orqanlarının texniki potensialının və insan resursları üzrə bacarıqlarının təkmilləşdirilməsinə yardım etmək məqsədilə DMX heyəti üçün tam təchiz edilmiş ingilis dili üzrə müasir  linqafon kabineti yaradılıb. Bu layihə çərçivəsində hazırlanmış ingilis dili kursu üzrə təlimat kitabçası əsasında DMX-nin 28 əməkdaşı üçün ingilis dili təlimi keçirilib;
•      Beynəlxalq və Aİ-nin hüquqi aktları əsasında DMX əməkdaşları üçün Beynəlxalq Miqrasiya Qanunu (BMQ) haqqında ilk kurrikulum hazırlanıb və miqrasiya sahəsində təcrübə keçən şəxslər üçün təlimlər təşkil olunub.
                                                                   
Redaktorlar üçün qeydlər

Ötən 27 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2019-cu ilin birinci rübündə BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə 1,3 milyon manatdan çox vəsait xərcləmişlər.

BP və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün Azərbaycanda BP şirkətinin www.bp.com/caspian vebsaytına daxil olun.

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: (+994 12) 525 5895