Aztəminatlı ailələrdən olan uşaqların ali təhsil almasına əhəmiyyətli dəstək

Tarix: 12 sentyabr 2018
•	Aztəminatlı ailələrdən olan 100-dən artıq uşaq üçün ali təhsil almaq 
         imkanları;
•	İstedadlı gənclərin inkişafına töhfə;
•	İcmaların özlərinə etibarlı gələcək qurmaq səylərinə dəstək;
Bu gün BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – “Gələcəyini Qur” layihəsinin 85 iştirakçısının bu il universitetlərə qəbul olmasını böyük bir tədbirlə  qeyd etdilər.

Bu layihə BP və tərəfdaşlarının onların əməliyyatlarının qonşuluğunda yaşayan icmalarda davamlı inkişaf imkanları yaradılmasına dəstək olmaq öhdəliyinin bir hissəsidir. Layihənin məqsədi aztəminatlı ailələrdən olan gənclərin universitetlərə hazırlaşmasına şərait yaratmaqdır. Layihə iştirakçılarına 11-ci sinif şagirdləri və eləcə də fiziki imkanları məhdud olan yaxud xüsusi qayğıya ehtiyacı olan orta təhsilli gənclər daxildir.
 
Bu vaxtadək layihə iki mərhələdə (2017 və 2018) həyata keçirilib və Qaradağ, Kürdəmir, Ucar, Ağdaş və Yevlax rayonlarında yaşayan bir sıra icmaları əhatə edib. Layihə 2017-ci ildə Qaradağ rayonundakı icmalarla başlayıb və növbəti ildə onun əhatə zonası genişlənərək BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən əlavə dörd rayonu da əhatə edib. Bununla yanaşı layihəyə fiziki imkanları məhdud olan gənclərin də qoşulmasına imkan verən yeni elementlər əlavə olunub.

Layihənin iki mərhələsində ümumilikdə 121 nəfər iştirak edib və bunlardan da 110 nəfəri, ümumilikdə iştirakçıların 91%-i, ali məktəblərə qəbul imtahanlarının tələblərinə cavab verərək tələbə adını qazanıblar. Əvvəlki 2 mərhələnin uğurlu nəticələrinə əsaslanaraq 2019-cu ildə layihənin 3-cü mərhələsini həyata keçirmək qərara alınıb.
 
Layihə üzrə proqram iki komponentdən ibarətdir – məşğələlər vasitəsilə qəbul imtahanlarına hazırlığa dəstək olan akademik biliklər və müxtəlif fəaliyyətlər və tədbirlər vasitəsilə sosial inteqrasiya.

BP və tərəfdaşlarının keçirdiyi tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Bu gün layihəmizin uğurlu iştirakçıları üçün həyəcanlı bir gündür. Biz təhsil, bilik və inkişafa aparan uzun bir yolun başlanğıcında bu həyəcanı onlarla birgə yaşamaqdan məmnunuq və onların universitet tələbəsi olmaq məqsədlərinə doğru ilk uğurlu addım atmasına dəstək olmaqdan qürur duyuruq. Layihənin builki nəticələri həqiqətən də çox sevindiricidir, belə ki, 2 nəfər layihə iştirakçısı 650-dən yuxarı, 17 nəfər isə 500-dən yuxarı  bal toplayıb. Uğurlu iştirakçılar arasında fiziki imkanları məhdud olan 2 gəncin olması isə bizim üçün xüsusilə sevindiricidir. Ümid edirik ki, onların universitet təhsili də bizim layihədəki kimi uğurlu olacaq.”

Layihənin iki mərhələsinin birlikdə ümumi dəyəri 463,752 AZN (1-ci mərhələ - 61,608 AZN və 2-ci mərhələ - 402,144 AZN) təşkil edir və hər bir mərhələnin müddəti 15 aydır.
 
Layihənin icraçısı “Legacy CSR  Consulting and Management LLC” şirkətidir.

Redaktorlar üçün qeydlər

Ötən 25 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2018-ci ilin 1-ci yarısında BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 2,3 milyon dollar xərcləmişlər.

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 599 45 57

 

Fotoşəkillər