İcmalarda İnformasiya Texnologiyaları bacarıqlarının yaradılması

31 yanvar 2018

  • 250 icma üzvünün peşə təliminə dəstək
  • İnsanların məşğulluq imkanlarının artırılmasına və onların məşğulluqla bağlı rəqabət qabiliyyətinin gücləndirilməsinə dəstək
BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Statoil, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – bu gün Bakı yaxınlığında yerləşən Ümid, Sahil, Əzimkənd və Səngəçal qəsəbələrindən olan 100 nəfər icma üzvünə İnformasiya Texnologiyaları (İT) sertifikatları təqdim etdi.

Bu layihə BP və tərəfdaşlarının qonşuluğumuzdakı icmalarda bacarıq və səriştələrin artırılmasına dəstək olmaq  öhdəliyinin bir hissəsidir. Layihə xüsusi olaraq icma üzvlərinin İT bacarıqlarının və səriştələrinin inkişafına yönəlib. Bu da öz növbəsində iştirakçıların məşğulluq imkanlarını  və əmək bazarında rəqabət qabiliyyətini artıracaq.
Bundan  bir il öncə BP və tərəfdaşlarının maliyyələşdirdiyi həmin layihənin 1-ci fazası çərçivəsində İT-nin Əsaslarına dair Kursdan məzun olmuş 50 icma üzvünə də sertifikatlar verilmişdir. 1-ci  faza uğurlu olduğuna görə, 2-ci faza daha geniş miqyasda planlaşdırılaraq həyata keçirilib. 2-ci faza  Qaradağ rayonundan 100 nəfər icma üzvünü (Ümid, Sahil, Əzimkənd və Səngəçal qəsəbələrinin nümayəndələrini) və BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarındakı icmalardan seçilmiş əlavə 100 nəfəri əhatə edib. Bundan əlavə, 2-ci faza çərçivəsində 1-ci fazada keçirilmiş CİSCO təlim kurslarını bitirmiş 19 ən yüksək nəticə göstərmiş məzuna dəstək verilib - onlara qabaqcıl İT bacarıqlarına yiyələnmək və məzun olduqdan sonra beynəlxalq miqyasda tanınmış “Cisco Certified Network Associates” sertifikatı üzrə imtahanlardan uğurla keçmələri üçün ingilis dili biliklərini təkmilləşdirmək imkanı yaradılıb.

Qaradağ rayonundan olan iştirakçılar üçün təlimlər Bakıda keçirilib, boru kəmərləri boyunca yerləşən rayonlardan olan digər qrup üçün  isə təlimlər Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində xüsusi qaydada təşkil olunub. Bütün təlimlər Bakıda yerləşən Beynəlxalq Təlim və Layihə Mərkəzinin sertifikatlı peşəkar mütəxəssisləri tərəfindən keçirilib.

Təlim proqramı kompyuter üzrə proqram təminatı  və avadanlıq sahəsində lazımi  bilgilər verməklə əhalinin İT vərdişləri tələb edən işlərə getdikcə artan ehtiyaclarını ödəməyə kömək etmək məqsədi daşıyır. Təlim proqramının əhatə etdiyi əsas sahələr bunlardır: dizüstü kompyuterlər və mobil cihazlar, kabelsiz bağlantı, texniki təhlükəsizlik, ətraf mühit və ünsiyyət məsələləri ilə bağlı bacarıq və biliklər.
31 yanvar tarixində BP və tərəfdaşlarının keçirdiyi sertifikatların təqdim olunması tədbirində çıxış edən BP-nin Əlaqələr, Xarici İşlər və Strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Bu layihənin hər iki fazasında, 250 iştirakçının hamısının yüksək nəticələr əldə etdiyindən məmnunuq. Bu insanlar öz karyeralarının inkişafına və ümumilikdə yaşayış səviyyələrinin artırılmasına kömək edə biləcək bacarıq və biliklərə yiyələniblər.

Peşə təlimi və yeni bacarıqların inkişaf etdirilməsi BP və tərəfdaşlarının Azərbaycanda sosial sərmayə fəaliyyətlərinin prioritet sahələrindən biridir. İnanırıq ki, bu yolla qonşuluğumuzdakı icmalara öz gələcək karyeralarını daha əminliklə qurmağa kömək edirik. BP və tərəfdaşları qonşuluğumuzdakı icmalarla sıx işləməyə və onlara dəstək verməyə davam edəcək.”

Layihənin 2-ci fazası 2016-cı ilin yanvar ayında başlayıb və 2017-ci ilin dekabr ayında başa çatıb. Layihənin 1-ci və 2-ci fazaları üzrə ümumi dəyəri təxminən 155000 AZN təşkil edir.

Redaktorlar üçün qeydlər

Ötən 25 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2017-ci ildə BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə təqribən 2,4 milyon dollar xərcləmişlər.

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 599 45 57