Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş filmi təqdim edir

25 may 2018

Bu gün axşam Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Son iclas” bədii-sənədli filminin təqdimatı keçiriləcək.

Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanmış filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.

Filmin təqdimatı mərasimindən əvvəl təşkil olunmuş mətbuat konfransında Bakı Media Mərkəzinin Baş icraçı direktoru Orman Əliyev deyib: “Filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır. Çəkilişlər paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin texniki, eləcə də, yaradıcı heyəti yerli mütəxəsislər, peşəkar aktyorlardır.

Filmin ssenarisi bu günə qədər araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub.

Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən  çox pəşəkar aktyor çəkilib.  Kütləvi səhnələrdə isə 500-ə yaxın insan çəkilişlərdə iştirak edib. Ümumilikdə film layihəsi üzərində 700 nəfərlik heyət işləyib. Bakı Media Mərkəzi olaraq Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsini təsvir edən ekran işi ərsəyə gətirdiyimiz üçün çox qürur duyuruq”.

Mətbuat konfransında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz cümhuriyyətin 100 illiyinin həsr edilmiş belə bir sənədli filmin sponsoru olmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq”.

Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun  Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin  və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.

“Son iclas” bədii-sənədli filminin ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşcu operatoru Rəşad Nuriyev, quruluşcu rəssamı isə Şahin Həsənlidir.  

Bakı Media Mərkəzi 26 may tarixindən etibarən “Son iclas” bədii-sənədli filminin “CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz nümayişini təşkil edəcək.  

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm ili”nə həsr olunmuş “Bir günəş altında” və digər sənədli filmlər yer alır.

Filmin sponsoru olan BP Azərbycan şirkəti 25 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində BP və tərəfdaşları çoxlu sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2017-ci ildə BP bir şirkət kimi ayrılıqda Azərbaycanda sosial layihələrin sponsorluğuna 2 milyon dollar xərcləmişdir. Bundan əlavə, ötən il BP və  onun Azəri-Çırag-Günəşli, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları ilə birlikdə Azərbaycanda sosial investisiya layihələrinə təqribən 2,4 milyon dollar xərcləmişlər.

Bakı Media Mərkəzi haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, Facebook,  Youtube,  LinkedIn, InstagramTwitter sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

BP Azərbaycan haqqında məlumatı BP-nin Bakı ofisindəki mətbuat xidməti - telefon: (+994 12) 599 45 57, şirkətin rəsmi saytı www.bp.com/caspian, FacebookTwitter sosial şəbəkələrdəki səhifələrindən əldə edə bilərsiniz.