Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək

11 dekabr 2017

  • Əlilliyi olan şəxslərin peşə və ixtisas  artımına investisiya
  • 100 nəfər əlilliyi olan şəxsin uğurlu karyera qurması üçün təlimlər

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – “AzACG-SOCAR”, “AzSD-SOCAR”, “AzSCP-SOCAR”, “TPAO”, “PETRONAS”, “AzBTC-SOCAR”, “Chevron”, “Lukoil”, “NİCO”, “Statoil”, “Inpex”, “ExxonMobil”, “SGC Upstream”, “SGC Midstream”, “Itochu”, “ONGC”, “TOTAL”, “ENI” – bu gün Azərbaycanda əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılmasına kömək edən yeni sosial investisiya layihəsinin başlanmasını elan etdi.

Layihə təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bir qrup əlliyi olan şəxsin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihənin əhatə etdiyi 100 nəfər iştirakçı ümumi təhsil almış, həmçinin universitet və peşə məktəblərini yeni bitirmiş  şəxslərdir.
Layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə tərəfdaşlıq qurulmasını da nəzərdə tutur. Bundan əlavə, bir qrup biznes təşkilatı artıq 100 nəfər layihə iştirakçısına təcrübə və məşğulluq imkanları təmin etmək öhdəliyi götürüb və layihə bu fəaliyyətin idarə olunması üçün həmin təşkilatlardan ibarət rəhbər komitənin yaradılmasını planlaşdırır.

Layihəyə digər iş bilgiləri ilə yanaşı ingilis dili, kompüter və ünsiyyət bacarıqlarının öyrədilməsi də daxildir. İştirakçılar öz karyera istəklərinə uyğun olaraq ya vebsayt proqramlaşdırma/dizayn, ya da tətbiqi proqramların/proqram təminatının hazırlanması üzrə təlimlər üçün qruplaşdırılacaqlar.

Proqram çərçivəsində həmçinin motivasiya yaratmaq məqsədilə üç forum və əlilliyi olan tanınmış şəxslərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmin şəxslər öz uğurlu karyeralarını necə qurduqlarına dair təcrübələrini bölüşəcəklər.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz:
 “Biz layihəni elə tərtib etmişik ki, orada iştirakçılar özlərini gələcək məşğulluğa həm iş bilgisi, həm də psixoloji və sosial baxımdan hazırlaya biləcəklər. Bunlar istənilən təlim, yaxud təhsil proqramının mühüm elementləridir, lakin əgər proqramlar əlilliyi olan şəxslər üçün nəzərdə tutulubsa, onda həmin elementlərə daha ciddi diqqət ayırmaq tələb olunur. Məmnunuq ki, layihənin iştirakçısı olan insanların özlərinə əmin olmaları və cəmiyyətə inteqrasiya olunmuş hiss etmələri üçün zəruri olan bilik və bacarıqları əldə etmək üçün imkan yarada biləcəyik.”
Layihəyə cəlb ediləcək təlimçilər “Xüsusi Təhsil Ehtiyacları üzrə Müəllimlərin Yetişdirilməsi” təlimində iştirak edəcəklər. Bu proqram xüsusi, yaxud əlavə qayğıya ehtiyacı olan şəxslərə dəstək verilməsi, cəmiyyətə inteqrasiya və müxtəliflik tələb olunan hər hansı təhsil mühitində müəllimlərə kömək üçün nəzərdə tutulub.

Layihə “British Council” təşkilatı tərəfindən yerinə yetiriləcək.
Layihənin ümumi dəyəri 488000 AZN-dən artıqdır. Layihə təxminən bir il olmaqla 2018-ci ilin sonunda başa çatacaq.


Redaktorlar üçün qeydlər:

BP-nin və tərəfdaşlarının Xəzərdəki layihələrinin uğuruna həm də regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaradılması daxildir. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirir. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək veriməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2017-ci ilin ilk üç rübü ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda təqribən 5,7 milyon dollar xərcləmişlər. 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətinə müraciət edin. Telefon: (+994 12) 599 45 57.