Boru kəməri marşrutu boyunca icmalar üçün ingilis dili layihəsi

19 may 2016

Cənubi Qafqaz Boru Kəməri Şirkəti məmnuniyyətlə elan edir ki, o, boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş yeni layihəyə başlayır. Bu, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür.

Layihə icmalarda ingilis dilinin tədris keyfiyyətini artırmaq üçün nəzərdə tutulub və iki aspekti əhatə edir – müəllimlər üçün ingilis dili tədrisinin təkmilləşdirilməsi üzrə təlimlər və icma üzvləri üçün ingilis dili kursları. Layihənin məqsədi icma üzvlərinin məşğulluq imkanlarının artırılmasına kömək edəcək səriştə və bacarıqlar yaradılması səylərinə dəstək olmaqdır.

Layihə “British Council” tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcək.

Bu gün layihənin təqdimatı ilə əlaqədar keçirilmiş tədbirdə çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli demişdir: “CQBKG layihəsindəki tərəfdaşlarımız adından bir daha vurğulamaq istəyirəm ki, əməliyyatlarımız keçirilən yerlərin və obyektlərimizin yaxınlığında yaşayan icmalarda yeni səriştə və bacarıqların yaradılmasına və inkişaf etdirilməsinə dəstək olmaq səylərimizi davam etdirəcəyik. İnanırıq ki, bu yolla onların uzunmüddətli karyera qurmaq və həm özləri, həm də ailələri üçün davamlı faydalar yaratmaq üçün məşğulluq sahəsində daha rəqabətqabiliyyətli olmalarına kömək edə bilərik. Bu layihə bizim indiyədək Səngəçal terminalı və boru kəmərlərimiz yaxınlığında yaşayan əhali üçün BP və tərəfdaşlarının uğurla həyata keçirdiyi çoxsaylı icma təşəbbüslərindən sadəcə biridir. Bu təşəbbüslərin insanların yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində, həmçinin yerli bacarıq və səriştələrin artırılması sahəsində nəticələrini görürük və bundan çox məmnunuq.”

Layihənin müddəti bir ildir və onun dəyəri 150000 AZN-dən artıqdır. Təlimlərdə beş bölgənin icmalarından seçiləcək on orta məktəbi təmsil edən 75 ingilis dili müəllimi iştirak edəcək. Sonra həmin müəllimlər məktəblərdə ingilis dili dərsləri keçərkən təkmilləşdirdikləri tədris bacarıqlarından istifadə edəcək, həmçinin icma üzvləri üçün ingilis dili kursları keçəcəklər.

Layihənin 10-16 yaş arasında təxminən 500 məktəblini və 150 icma üzvünü əhatə edəcəyi gözlənilir.

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 12 599 45 57