BP Şərqin ilk demokratik respublikasının qurucularına həsr edilmiş kitabı təqdim edir

11 may 2018

- BP-nin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsinə töhfəsi
- Şərqin ilk demokratik respublikasının qurucularına  və onların tarixi töhfəsinə həsr edilmiş qiymətli nəşr

Bu gün BP Şərqin ilk demokratik respublikasının qurucuları olan 59 nəfərin xatirəsinə həsr edilmiş sanballı tədqiqat kitabını ictimaiyyətə təqdim etdi. “Cümhuriyyət qurucuları” adlı kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə BP-nin hədiyyəsidir.

Bu gün Bakıda Rəsmi Qəbullar Sarayında kitabın ictimaiyyətə təqdimatı tədbirində çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Cəmi 23 ay yaşayaraq istismar altında olan bir ölkəni Şərqin ilk və ən demokratik respublikasına çevirmiş cümhuriyyət Azərbaycan xalqının milli qürur mənbələrindən biridir. Cümhuriyyət qurucularının xalqın tarixinə töhfəsi əvəzsizdir və  BP fəxr edir ki, istiqlal mübarizəsi aparmış bu 59 nəfərin xatirəsinə həsr edilmiş tədqiqat işinə və kitabın nəşrinə dəstək verib.

Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz cümhuriyyətin 100 illiyinin bayram edilməsinə  qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq.”

Bu kitab Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivlərində uzun müddət aparılmış geniş tədqiqatın nəticələrini əks etdirir. Kitabda tarixi məlumatlar, faktlar və 59 nəfər cümhuriyyət qurucusunun həyatından götürülmüş məqamlar, həmçinin  onların hökumət və dövlət rəhbərləri kimi faciəli şəkildə sona çatmış qısa fəaliyyətləri haqqında məlumatlar öz əksini tapıb. Kitabın müəllifi məşhur tarixçi alim Nəsiman Yaqubludur.

BP Azərbaycan şirkəti həmçinin Azərbaycan Demokratik Respublikasının son gününü və faciəvi süqutunu təsvir edən “Sonuncu iasıyclas” adlı sənədli filmin də sponsorudur.

Kitabın elekron versiyası

Redaktorlar üçün qeydlər

BP dünyanın ən tanınmış neft və qaz təchizatçılarından biridir və onun fəaliyyəti  əsas enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatını əhatə edir.

Şirkət 26 ildir ki, Azərbaycanda neft və qaz yataqlarının geoloji-kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələri təhlükəsiz və etibarlı şəkildə idarə edir. İndiyədək BP öz tərəfdaşları ilə birlikdə Azərbaycandakı layihələrə 70 milyard dollardan artıq sərmayə qoyub, on minlərlə iş yeri açmaqla və geniş sosial sərmayə fəaliyyətlərinə qatılmaqla yerli icmalara faydalar gətirib. BP şirkətində 3000 nəfərə yaxın Azərbaycan vətəndaşı çalışır.

Ölkənin zəngin mədəni irsinin inkişafına və təbliğinə dəstək BP-nin sosial sərmayələr fəaliyyətinin prioritet sahələrindən biridir. Azərbaycanın uzunmüddətli və etibarlı neft-qaz tərəfdaşı kimi ötən 26 il ərzində BP yerli potensialın yaradılması, təhsil, icmaların,  yerli sahibkarlığın, idman potensialının inkişafı və bir sıra digər sahələrə sərmayələr qoymaqla ölkəyə dəstək verib. BP-nin bu fəaliyyəti ölkənin güclü gələcəyinin qurulmasına sərmayədir.

Əlavə məlumat üçün BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 599 45 57