Qarabağ atının izi ilə yeni bir sənədli səyahət

12 aprel 2016

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycan, Azərbaycanfilm və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyası ilə birlikdə böyük məmnuniyyətlə “Sarılar - Qarabağ atının izi ilə” adlı yeni sənədli filmin təqdimatını elan edir. 

Beynəlxalq yaradıcı heyət tərəfindən çəkilmiş bu film dünyada az sayda qalmış nadir cins atlardan olan Garabağ atlarının daha geniş tanınması məqsədini daşıyır. Filmin əsas xəttini 1956-cı ildə Kraliça II Yelizavetaya hədiyyə edilmiş Garabağ atının - “Qızılı Oğlan”ın - qohumlarının axtarışı təşkil edir. 

Avropadan keçməklə Qafqaz dağlarının ətəklərinədək çox uzun və təsirli bir səyahətə çevrilən bu axtarış həmin Garabağ atının nəslinin davamçılarını, xüsusilə də ona bənzəyən “II Qızılı Oğlan”ı öz vətəni Azərbaycanda sağ-salamat və məğrur tapmaqla nəticələnir.  Film insanların və onların dostu olan heyvanların bir-birinə, həm də öz torpaqlarına sıx bağlılığı mövzusunu bir daha gündəmə gətirir.  

Filmin rəsmi təqdimat mərasimi 15 aprel tarixində Nizami Kino Mərkəzində keçiriləcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell demişdir: “Bu film insanların heyvanları öz həyatlarının, ən başlıcası isə, öz mədəniyyətlərinin  bir parçası kimi   qəbul etmələri haqqında təsirli bir hekayədir. Biz BP şirkəti olaraq mədəni irsə dəstək verməyi sosial fəaliyyətimizin əsas sahələrindən biri kimi seçmişik.
Azərbaycanda olduğumuz 20 ildən artıq bir müddət ərzində iri neft və qaz yataqlarının istismarı ilə yanaşı biz həm də çoxsaylı uğurlu  sosial və mədəni irslə bağlı layihələr hazırlamış və həyata keçirmişik. Bu layihələr əsasən təhsil, təlim və ixtisas artımı yolu ilə yerli icmaların inkişafına dəstək, yerli müəssisələrə iqtisadi imkanlar yaratmaq, idman və mədəni irsin inkişafına dəstək, ətraf mühitin qorunması və sair sahələri əhatə edir. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi biz bu mühüm sosial inkişaf sahələrinə sərmayə qoymaqda davam etmək niyyətindəyik.”  
Əlavə məlumat üçün:

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Türkan Rüstəmovaya, tel.: (+994 12) 498-20-62,
və BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya, tel.: (+994 12) 599 47 75, müraciət edə bilərsiniz