Üçüncü “Alıcı ilə tanış ol” tədbiri – yerli bazarın inkişafına davamlı dəstək

3 iyun 2014

BP özünün Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından üçüncü dəfə “Alıcı ilə tanış ol” tədbirini təşkil edir. Bu gün Bakıda açılışı edilən builki tədbir Bakı Ekspo Mərkəzində keçiriləcək. O, 3-6 iyun tarixlərində 21-ci Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi dörd gün ərzində ictimaiyyətə açıq olacaq. 

Bu tədbir yerli şirkətlərə bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etməklə onların əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq barədə BP-nin üzərinə götürdüyü öhdəliyin bir hissəsidir. Hər il keçirilən Neft və Qaz Sərgisinin bir hissəsi kimi “Alıcı ilə tanış ol” tədbirinin daha çox sayda beynəlxalq müştəriləri neft və qaz sektorundakı yerli təchizat bazarını təmsil edən şirkətlərlə görüşlərə cəlb etməklə onların beynəlxalq bazarlara çıxışına yardım etməsi gözlənilir. 

Builki tədbir BP və tərəfdaşlarının sahibkarlığın inkişafı və təlim proqramında (SİTP) iştirak etmiş 70-dək yerli şirkətə imkan yaradır ki, öz potensial müştəriləri ilə üz-üzə görüşsünlər, onlarla əlaqələr qursunlar, öz bacarıq və imkanlarını nümayiş etdirsinlər. Bunlar biznes xidmətləri, əməliyyatlara dəstək, mühəndis-layihələşdirmə, tikinti, maddi-texniki təchizat, tullantıların idarə edilməsi və digər kateqoriyaları təmsil edən şirkətlərdir. 

Bundan əlavə, təxminən 500-dən artıq potensial alıcı tədbirdə iştirak etməyə və öz potensial təchizatçıları ilə, habelə neft və qaz sənayesindəki yerli təchizat zəncirinin digər nümayəndələri ilə görüşməyə dəvət olunub.

Bu il BP və onun tərəfdaşları həmçinin Azərbaycanın neft-qaz yönümlü aparıcı ali təhsil müəssisələrinin də bu sərgidəki iştirakını dəstəkləyir. Bu universitetlərə Dövlət Neft Akademiyası, Bakı Ali Neft Məktəbi, Xəzər Universiteti və Qafqaz Universiteti daxildir. Bu tədbir həmin universitetlərin özlərini neft və qaz sənayesi, müəssisə və bacarıqların inkişaf etdirilməsi zəncirinin bir hissəsi kimi tanıtmaları üçün gözəl imkan yaradır.

“Alıcı ilə tanış ol” tədbiri çərçivəsində seçilmiş bir qrup yerli şirkətlərə BP və onun tərəfdaşlarının “Sahibkarlığın inkişafı” üzrə xüsusi mükafatları da təqdim ediləcək. Buraya özlərini inkişaf etdirmək üçün göstərdikləri səylərdə xüsusilə uğurlu olmuş: SİTP proqramını uğurla başa vurmuş, Azərbaycanda sahibkarlığın inkişafına əhəmiyyətli töhfə vermiş və öz yerli işçi heyətinin inkişafı üçün xüsusi səylər göstərmiş müəssisələr daxildir.

Qalibləri seçmək üçün BP şirkəti SİTP proqramını bitirmiş müəssisələrin xidmətlərindən istifadə etmiş şirkətlərdən namizədlərin siyahısını istəyib və onları mükafat meyarları üzrə qiymətləndirib. Bu mükafatlar dörd kateqoriyada təqdim ediləcək:
  1. İlin şirkəti – biznes fəaliyyətində böyük uğur qazanmış və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, texnologiyalardan innovativ istifadə və sahibkarlığın ümumi inkişafı sahələrində mükəmməl göstəricilər nümayiş etdirmiş ən yaxşı yerli şirkət üçün;
  2. Ən yaxşı SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) göstəricisi – əməyin təhlükəsizliyi/ətraf mühit/sağlamlıq sahələrində mükəmməl göstəricilər və nailiyyətlərə görə;
  3. Ən yaxşı işəgötürən – yerli kadrların səriştə və təcrübələrinin inkişaf etdirilməsi öhdəliyinə sadiq olmağa görə;
  4. Texnologiyalardan ən innovativ istifadə – icra göstəricilərini və iş səmərəliliyini təkmilləşdirmək üçün yeni texnologiyaların geniş şəkildə innovativ qaydada istifadəsinə görə.
Redaktorlar üçün qeydlər
 
Sahibkarlığın inkişafı və təlim proqramı (SİTP) 2007-ci ildə fəaliyyətə başlayıb. Bu proqram öz fəaliyyətini müvəffəqiyyətlə davam etdirməklə 1 300-dən artıq yerli kiçik və orta müəssisələrə təlim keçmiş və onların bu proqramdan faydalanmasına imkan yaratmış milyonlarla dollar dəyəri olan layihədir. Bunlardan 155 yerli şirkət proqramı müvəffəqiyyətlə başa vurmuşdur və bir çoxu isə bu vaxtadək tenderlərdə qalib gələrək BP ilə dəyəri təxminən 276 milyon dollar olan müqavilələr bağlamışdır. Bu isə onlara 2 000-dən artıq yeni iş yerləri açmağa və öz müəssisələrinə 16 milyon dollar həcmində sərmayə yatırmağa imkan verib.

Bu tədbir haqqında, həmçinin ümumilikdə BP və onun tərəfdaşlarının yerli sahibkarlığın inkişafı proqramları haqqında əlavə məlumatı www.bp.com/xezer veb-saytında əldə edə bilərsiniz. 

Əlavə məlumat üçün həmçinin BP-nin Bakı ofisinin mətbuat xidmətində
Tamam Bayatlıya müraciət edə bilərsiniz: tel:  (+994 12) 437 75 73