Rəhbər vəzifələrə yeni təyinatlar

28 mart 2019

BP Azərbaycan şirkəti böyük məmnuniyyətlə bildirir ki, Co Mörfi 1 may 2019-cu il tarixindən etibarən Türkiyədəki nümayəndəliyin rəhbəri vəzifəsinə təyin olunub. Co Ankarada işləyəcək və BP Azərbaycan Gürcüstan Türkiyə regionunun prezidenti Qari Counza tabe olacaq.

Türkiyədəki nümayəndəliyin rəhbəri kimi, Co BP şirkətinin ölkədəki baş nümayəndəsi olacaq və BP-nin ölkədəki bütün biznes bölümləri adından partnyorlar, hökumət orqanları ilə əlaqələr və xarici işləri idarə etməklə Türkiyədə BP-nin strategiyasının həyata keçirilməsinə dəstək verəcək. Bundan əlavə, o, Cənub Dəhlizi üzrə vitse-prezident kimi hazırkı vəzifələrini yerinə yetirməkdə davam edəcək və Şahdəniz yatağının işlənməsinə və ilk dəfə olaraq Xəzər dənizindən Avropaya təbii qazın çatdırılmasını təmin edəcək 40 milyard dollarlıq Cənub Dəhlizi layihəsinə rəhbərlik edəcək. 

Conun neft-qaz sənayesində 25 il iş təcrübəsi var. O, apstrim, daunstrim, kimya sektorlarında, BP-nin baş ofisində müxtəlif vəzifələrdə işləmiş və məsləhətçi kimi də fəaliyyət göstərmişdir. O, Azərbaycan, Misir, Şarja, Vyetnam, ABŞ, Qətər və Böyük Britaniyada işləmişdir.

Co Kembric Universitetini tarix üzrə magistr dərəcəsi ilə bitirmişdir.
BP Azərbaycan şirkəti həmçinin böyük məmnuniyyətlə bildirir ki, Brayan MakLeod 1 aprel 2019-cu il tarixindən etibarən Azərbaycan Gürcüstan Türkiyə (AGT) regionunda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Bu yeni vəzifəsində Brayan Əməyin təhlükəsizliyi və əməliyyat riskləri qrupuna rəhbərlik edəcək və Əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə Apstrim və AGT regional rəhbərlik qruplarının üzvü olacaq. 

Brayan BP-də 1981-ci ildən işləyir və Apstrim seqmenti boyu texniki xidmət, istismar əməliyyatları, əməyin təhlükəsizliyi və əməliyyat riskləri sahələrində bir sıra rəhbər vəzifələrdə olmuşdur. O, əməyin təhlükəsizliyi və istismar əməliyyatları sahəsində aparıcı mütəxəssisdir və neft-qaz hasilatı sektorunda 38 ildən çox iş təcrübəsi var.

Bu vəzifədən əvvəl Brayan 2016-cı ilin noyabr ayından AGT regionunda istismar əməliyyatları üzrə səlahiyyətli şəxs idi və əməliyyatların təhlükəsiz və səmərəli olması üçün özünün böyük töhfəsini vermişdir.