Orta məktəblərdə informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək

12 noyabr 2018

Bu gün BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Equinor, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – Azərbaycanda orta məktəblərin yuxarı sinif şagirdləri üçün informatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək verən bir layihə təqdim etdilər.

Bu layihə BP və tərəfdaşlarının təhsilin inkişafına və ümumiyyətlə bütün səviyyələrdə yerli potensialın və bacarıqların gücləndirilməsinə dəstək vermək səylərinin bir hissəsidir. Layihənin məqsədi orta məktəblərin yuxarı sinif şagirdlərinə müasir və rəqabətədavamlı informatika bilikləri və bacarıqları aşılamaq və beləliklə onların yeni qlobal informasiya iqtisadiyyatına inteqrasiyasına kömək etməkdir.

Bu üç illik layihə çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda informatika təmayüllü orta məktəblər üçün yeni kurikulum  və bu sahədə əlavə dərs və tədris vəsaitlərinin hazırlanması nəzərdə tutulur. Bundan əlavə, Bakıdan  seçilmiş 25 orta məktəbin 50 müəlliminə  ingilis dili və müasir dünyada informatika, informatikanın prinsipləri və informatika mövzuları üzrə təlimlər də keçilir. Həmin müəllimlər yeni hazırlanmış kurikulumun və yeni dərs və tədris vəsaitlərinin ilk tətbiqini öz məktəblərində həyata keçirəcəklər.

BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Bugünkü gənclərin hansı karyeranı seçməsindən asılı olmayaraq, informatika sahəsində düzgün bilik və bacarıqlara yiyələnməsi onların bu rəqəmsal dövrdə öz arzu və məqsədlərinə çatmasına yardım edəcək. Bu gün təqdim etdiyimiz layihədən indiki mərhələdə 50 müəllim və 600 nəfərədək şagird bəhrələnir. Ümid edirik ki, layihə informasiya texnologiyaları vasitəsilə sıx bağlanmış bu yeni dünyamızda onlara uğur qazanmaq üçün lazım olan bacarıq və bilikləri verəcək.”

Layihənin ümumi dəyəri təxminən 800000AZN təşkil edir.

Layihə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə tərəfdaşlıqda Beynəlxalq Təlim və Layihə Mərkəzi tərəfindən icra edilir.

Redaktorlar üçün qeydlər

Ötən 26 il ərzində BP və tərəfdaşları çox sayda iri sosial investisiya layihələri həyata keçiriblər. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2018-ci ilin ilk üç rübündə BP və tərəfdaşları Azərbaycanda sosial investisiya layihələrinə təqribən 3,3 milyon dollar xərcləmişlər.

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz – bayatltf@bp.com