Layihə İdarəetmə Məktəbi beşinci məzun buraxılışını qeyd edir

6 aprel 2018

  • Yerli təşkilatların layihə idarəetmə potensialını artırmaq üçün 2 milyon ABŞ dolları sərmayə
  • Ölkənin potensialların yaradılması səylərinə dəstək

BP və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Statoil, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – bu gün Layihə İdarəetmə məktəbinin beşinci məzun buraxılışını qeyd etdi. SOCAR-ın Bakı Ali Neft Məktəbində keçirilmiş bugünkü tədbirdə 52 nəfər məzuna beynəlxalq miqyasda tanınan Corc Vaşinqton Universitetinin layihələri idarəetmə ixtisası üzrə magistr sertifikatı təqdim olundu.

Layihələri İdarəetmə Məktəbi (LİM) 2011-ci ilin yanvar ayında ölkədə potensialların yaradılması səylərini dəstəkləmək öhdəliyinin bir hissəsi kimi BP-nin əməliyyatçısı olduğu AÇG, BTC, Şahdəniz və CQBK layihələrindəki tərəfdaşlar tərəfindən yaradılıb.

Bu layihə mərhələlərlə həyata keçirilib. Layihə başlandığında qarşıya qoyulmuş məqsədlərdən biri də təlim proqramının icrasını yerli təlimçilərə təhvil vermək olub. LİM 4-cü fazada bu məqsədə nail olub və təlim proqramının keçirilməsi tamamilə yerli heyətə ötürülüb. Hazırda LİM-in bütün təlim heyəti yerli mütəxəssislərdən ibarətdir.

2017-ci ildə başlamış 4-cü faza SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə tərəfdaşlıq edən “Twenty Eighty Strategy Execution” şirkəti tərəfindən yerinə yetirilib. Hazırda LİM özünümaliyyələşdirmə mərhələsinə keçib və layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “Twenty Eighty Strategy Execution” ilə əməkdaşlıq şəraitində Bakı Ali Neft Məktəbi tərəfindən idarə olunur.

LİM layihələrin idarə olunması üzrə beynəlxalq səviyyədə qəbul edilmiş geniş bir təlim proqramı təmin etməklə həm özəl, həm də dövlət sektorundakı şəxslərin layihələri idarəetmə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Proqramın məqsədi həm layihələrin bilavasitə idarə edilməsinin icrasını təkmilləşdirmək, həm də ölkədə layihələrin idarə olunması üzrə uzunmüddətli bacarıqların yaradılmasını təmin etməkdir. Builki məzunlar hökumət, neft və qaz, sığorta, tikinti və təhsil də daxil olmaqla dövlət və özəl sektordan olan müxtəlif təşkilatları təmsil edirlər.

LİM-in tədris proqramı yeddi moduldan ibarətdir – Layihələrin idarə edilməsi, Layihəyə rəhbərlik, İdarəetmə və əlaqə, Risklərin idarə edilməsi, Planlaşdırma və xərclərə nəzarət, Layihə menecerləri üçün keyfiyyət, Layihənin idarə edilməsinin tətbiqi mexanizmləri, Layihələri idarəetmə mütəxəssisi (LİEM) imtahanına hazırlıq.

Fəaliyyətə başladığı vaxtdan etibarən LİM ilə bağlı əsas faktlar:  

  • Bu vaxtadək xərclənmiş vəsaitlərin ümumi həcmi (2011-2018): 2 milyon dollardan artıq (BP-nin əməliyyatçısı olduğu AÇG, BTC, Şahdəniz və CQBK layihələrindəki tərəfdaşlar tərəfindən)
  • İştirakçıların ümumi sayı: 377 nəfər
  • Dinləyici sertifikatı almış şəxslərin ümumi sayı: 357 nəfər
  • Magistr sertifikatı almış şəxslərin ümumi sayı: 334 nəfər
  • İştirakçıların təmsil etdiyi təşkilatların sayı: 141

Redaktorlar üçün qeydlər

Ötən 25 il ərzində BP və onun AÇG, BTC, Şahdəniz və CQBK layihələrindəki tərəfdaşları çox sayda iri sosial investisiya layihələrinə dəstək olub. Bu layihələr təhsilin inkişafına, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılmasına, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsinə, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək verilməsinə, mədəni irs və idmanın inkişafına, eləcə də hökumət qurumlarına texniki yardıma yönəldilir.

2017-ci ildə BP-nin əməliyyatçısı olduğu AÇG, BTC, Şahdəniz və CQBK layihələrindəki tərəfdaşlar Azərbaycanda sosial investisiya layihələrinə təqribən 2,4 milyon dollar xərcləmişlər.

Əlavə məlumat üçün BP-nin Bakıdakı mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. Telefon: (+994 12) 599 45 57.

SOCAR-ın Bakı Ali Neft Məktəbi haqqında:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” şüarını əsas tutan və artıq 6 ildir ki uğurla fəaliyyət göstərən Bakı Ali Neft Məktəbi yüksək ixtisaslı, ingilis dilli mühəndis kadrlar hazırlayır. Ali Məktəb yalnız neft-qaz sektoru üzrə deyil, biznes və iqtisadiyyat sahəsində mütəxəssis hazırlığı üçün də bir sıra işlər görüb. Bu layihələrdən biri olan Layihə İdarəetmə Məktəbi artıq bir ildən çoxdur ki Bakı Ali Neft Məktəbinin təşkilatı dəstəyi ilə yüksək səviyyədə həyata keçirilir. Bundan başqa Ali Məktəbin BP və onun tərəfdaşları ilə birgə işləyib hazırladığı və artıq icrasına başladığı “Mühəndislər üçün biznes təhsili” layihəsi də gənc mühəndislərin gələcəyi üçün geniş imkanlar açır.