Yeni tikilmiş “Xankəndi” gəmisi Bakı Gəmiqayırma Zavodunda suya endirildi

18 may 2016

Şahdəniz konsorsiumu məmnuniyyətlə elan edir ki, “Xankəndi” adlı yeni sualtı tikinti gəmisi (STG) bu yaxınlarda Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilmişdir. Bu gəmi məxsusi olaraq nəhəng Shahdəniz Mərhələ 2 işlənmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün layihələndirilmiş və inşa edilmişdir.
	
Bundan əvvəl gəminin iki iri gövdə seksiyası təhlükəsiz şəkildə Sinqapurdan Bakıya gətirilmiş və Bakı Gəmiqayırma Zavodunda inşası başa çatmış burun hissəsi ilə uğurla birləşdirilmişdi.  Gəminin tikintisi hazırda 80% başa çatıb. Bütövlükdə isə gəminin inşası  2017-ci ilin aprel ayında Shahdəniz Mərhələ 2 layihəsi üzrə sualtı quraşdırma işlərinin başlanacağı vaxtadək hazır olmaq üçün plan üzrə irəliləyir.  O vaxtadək “Xankəndi” qalan tikinti işlərinin başa çatması və istismar sınaqlarının aparılması üçün gəmiqayırma zavodunun yanalma körpüsündə qalacaq. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell demişdir: “Xankəndi” gəmisinin Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə suya endirilməsi Shahdəniz Mərhələ 2 layihəsi tərəfindən atılmış mühüm bir addımdır. Şahdəniz konsorsiumu “Xankəndi” gəmisinin inşasında iştirakından qürur duyur, çünki bu gəmi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni bir eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olacaq “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə Xəzərdə ilk dəfə dünya səviyyəli sualtı qurğular inşa etmək üçün layihələndirilmişdir. Gəminin inşası tamamlandıqdan və istismar sınaqları bitdikdən sonra “Xankəndi” Şahdəniz yatağı sahəsinə aparılacaq və orada Mərhələ 2 işlənməsi layihəsi üçün sualtı quraşdırma işlərinə başlayacaq.”  

“Xankəndi” gəmisi 2017–27-ci illər arasında 11 il ərzində Şahdəniz Mərhələ 2 layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək. 378 milyon dollar dəyərində olan “Xankəndi” DNV GL-in (Norveç və Almaniya) təsnifat nəzarəti altında tikilmiş unikal bir gəmidir. Onun uzunluğu 155 metr, eni 32 metr, əsas göyərtəsi isə 13 metrdir. Gəminin 2,5 metr hündürlüyündə böyük dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası, 6 ədəd 4,4MVt və 2 ədəd 3,2MVt gücündə generatoru olan iki mühərrik bölməsi olacaq. Onun ümumi çəkisi 17600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5000 metrik ton təşkil edəcək. 

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətinə müraciət edə bilərsiniz. Telefon:  (+994 12) 599 45 57