BP ilə iş qurun

BP Azərbaycan -Gürcüstan -Türkiyə (BP AGT) xidmət və məhsulların tədarükü prosesini bütün təchizatçı müəssisələrə bərabər imkanlar təqdim etməklə ədalətli, şəffaf və vicdanla həyata keçirir.
Təchizat və tədarük məsələlərinin idarə olunması şöbəsinin əsas fəaliyyət növləri arasında yerli təchizatçılar üçün maraq kəsb edə bilən aşağıdakı mühüm sahələr var:

Təchizatçıların qeydiyyatı

Yerli təchizatçılara dair məlumatlar bazasında qeydiyyatdan keçməyiniz biznes fəaliyyəti ilə məşğul olmaq marağınızı müəyyən edir. Sizin potensialınız və tender iştirakçıları siyahısına daxil edilmək üçün münasib olmağınız Azərbaycanda BP və onun tərəfdaşlarının sponsorluq etdiyi Sahibkarlığın inkişafı və təlim proqramı (SİTP) çərçivəsində aparılan BP-nin ilkin qiymətləndirmə prosesi və çatışmazlıqların qiymətləndirilməsi vasitəsilə müəyyən ediləcək. Əgər şirkətiniz rəsmi olaraq Azərbaycanda qeydiyyatdan keçmişdirsə və ya Siz BP və aparıcı beynəlxalq podratçı şirkətlər ilə işləmək üçün biznes potensialınızı inkişaf etdirməkdə maraqlısınızsa, SİP-ə müraciət etməyiniz xahiş olunur. 

SİP heyəti lazımi təlimatları verəcək. Onların digər bir vəzifəsi Təchizat və tədarük məsələlərinin idarə olunması üzrə mütəxəssislərə bazarda yerli təchizatçıların olmasına dair yenilənmiş məlumat verməkdir. SİP-dən müvafiq kateqoriyalar üzrə yerli bazar iştirakçıları barədə alınan lazımi informasiya vaxtında Təchizat və tədarük məsələlərinin idarə olunması şöbəsinin kateqoriyalar üzrə heyətinə təqdim edilir.

Təchizatçıların seçilməsi

Bazarda rəqabət mövcud olduğu hallarda podratçıların seçilməsi üçün üstünlük verilən variant rəqabət əsaslı tenderin keçirilməsidir. Təchizat və tədarük məsələlərinin idarə olunması  şöbəsi həmin prosesə rəhbərlik edir, texniki ekspertlərin iştirakı ilə tenderə dəvət sənədlinin hazırlanmasını əlaqələndirir, ödəniş modelinin strukturunu tərtib edir, qiymələndirmə proseduru və xalların verilməsi mexanizmlərini işləyib hazırlayır, izahların verilməsinə dair sorğuları cavablandırır, müqavilələrin bağlanılması barədə qərar qəbul edir və yekunlaşdırma iclaslarına sədrlik edir. Tender təklifləri qiymətləndirilərkən texniki və kommersiya yönümlü məqamlar ilə yanaşı yerli resursların istifadə edilməsi də nəzərə alınır.

Təchizatçıların inkişaf etdirilməsi

BP və onun tərəfdaşları Azərbaycanda yerli şirkətlər üçün nəzərəçarpan faydalar verən potensialın artırılması proqramlarına davamlı surətdə investisiyalar yatırırlar. Biz SİP-i həyata keçirməyə başlamışıq. Həmin proqram yerli kommersiya müəssisələrinə beynəlxalq təchizatçılar şəbəkəsinin üzvü olmaq məqsədilə tələb olunan standartlar barədə daha çox məlumat əldə etmək üçün birbaşa yol təklif edir.  Daha ətraflı məlumat üçün saytımızın  SİP səhifəsinə müraciət edin.

Etika

Dünyanın qabaqcıl şirkətlərindən biri kimi, biz yüksək standartlara uyğun fəaliyyət göstərmək üçün öhdəçilik daşıyırıq. BP-nin Davranış  kodeksinə - "Bizim Düzgünlüyə dair Öhdəliyimiz"– əsasən harada fəaliyyət göstərdiyimizdən asılı olmayaraq, biz qəbul edilən hüquqi göstərişlərə və davranış kodeksimizdə müəyyən edilmiş yüksək etik standartlara riayət etmək üçün öhdəlik daşıyırıq.

BP-nin təchizatçıları, müştərilərimizi məhsullar və xidmətlərlə təmin etməkdə mühüm rol oynayırlar. Ona görə də, biz, hüquqi tələblərə cavab verən və BP-nin davranış kodeksində qeyd edilən uyğunluq və etikaya dair öhdəliyinə uyğun fəaliyyət göstərən təchizatçılarla işgüzar münasibət qurmağı nəzərdə tuturuq. 

BP şirkəti  üçüncü tərəflərin biznesə  və etik proqramlara  uyğun  öz davranış  kodekslerini yaratması və  fəaliyyətlərini həmin kodeksə uyğun qurması üçün şərait yaradır.

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit

BP-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə məramı  çox sadədir:

Heç bir bədbəxt hadisəyə yol verməyək, insanlara və ətraf mühitə heç bir zərər vurmayaq.

Bu məramın həyata keçirilməsi hər bir işçinin öhdəçiliyidir. BP-nin təhlükəsizlik haqqında səkkiz qızıl qaydası var. Bütün işçilər bu qaydalarla tanış olmalıdır. 
  • İş icazəsi
  • Enerji izolyasiyası
  • Torpağa müdaxilə
  • Məhdud sahəyə giriş
  • Yüksəklikdə işləmə
  • Yükqaldırma əməliyyatı
  • Sürücülükdə təhlükəsizlik
  • Odlu iş

Elektron Təchizat Sistemi (E-Sourcing)

“Ariba Sourcing” elektron təchizat sistemi qeydiyyata alınmış BP Təchizatçılarının internetə qoşulmuş istənilən kompüterdən daxil ola biləcəyi güclü və istifadəsi asan olan bir vasitədir. E-poçtla dəvət məktubu göndərilməklə Təchizatçılar onlayn tenderdə və ya “Tender Tədbirində” iştirak edə bilər. Təchizatçıların qeydiyyatı TTİO şöbəsinin üzvləri tərəfindən həyata keçirilir; lakin Təchizatçılar sistemə daxil olduqda onlar öz profillərini yeniləməyə təşviq olunurlar. Təchizatçılar sistemdən istifadə üçün heç bir xərc ödəmir.

“Ariba Sourcing” elektron təchizat sistemi TTİO şöbəsinə imkan yaradır ki, sistem vasitəsilə tenderləri BP Təchizatçılarına paylasınlar və Təchizatçılar ilə olan bütün ünsiyyət/əlaqə həmin sistem daxilindəki Mesaj Mərkəzi vasitəsilə həyata keçirilir. Bu, tender prosesini səmərəli, şəffaf və yerli tələblərə və etika qaydalara uyğun şəkildə həyata keçirməyə imkan verir.

Sistemin Təchizatçılar üçün təmin etdiyi bir sıra üstünlüklərə aşağıdakılar daxildir:

  • Səmərəlilik: Tender dəvətləri, o cümlədən bütün sənədləşmələr və yazışmalar onlayn şəkildə həyata keçirilir və dərhal alınır ki, bu da onların daha tez cavablandırılmasına imkan verir.
  • Şəffaflıq: “Ariba Sourcing” sistemi bütün təchizatçılar ilə bərabər qaydada əlaqə saxlamağa imkan verir.
  • Daha az xərc: Onlayn Tender Tədbirlərində iştirak etməklə təchizatçılar prosesləri sadələşdirə və tenderlərin axtarılması və təkliflərin hazırlanması ilə bağlı xərcləri azalda bilər.
  • Uyğunluq: TTİO şöbəsi tərəfindən istifadə edilmiş sistem şablonlarına əsasən BP-nin tələbləri Təchizatçılara uyğun formatda təqdim edilir.
  • Yeni biznes imkanları: Nəzərə alaraq ki, bu sistem TTİO tərəfindən qlobal olaraq istifadə edilir Təchizatçılar BP-nin qlobal təchizat zəncirində görünə bilir.
  • Təhlükəsizlik: Təchizatçıların təqdim etdikləri sənədlər sistemdə görünmə məhdudiyyətləri tətbiq olunmaqla mühafizə edilir və bu da yalnız təsdiqlənmiş personalın tender prosesində müvafiq vaxtda cavabları görməsinə imkan verir.