Sosial Sərmayə Təşəbbüsü

Konsepsiya sənədlərinin təqdim edilməsinə dəvət

BP şirkəti Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxs statusuna malik olan maraqlı tərəfləri ölkədə universitetlərdə təhsil standartlarının təkmilləşdirilməsi vasitəsilə iqtisadi inkişafın dəstəklənməsinə dair layihə konsepsiyaları təqdim etməyə dəvət edir. Konsepsiyalar Azərbaycanda Sosial Sərmayə Təşəbbüsü çərçivəsində nəzərdən keçiriləcək.

Layihənin məqsədi Azərbaycandakı universitetlərin heyətinə və tələbələrinə, eləcə də geniş ictimaiyyətə Azərbaycan dilində biologiya və iqtisadiyyat sahələri üzrə fundamental akademik tədris materiallarından istifadə imkanı yaratmaqdır.

Seçilmiş konsepsiya sənədləri müraciət edən təşkilatlar tərəfindən inkişaf etdirilərək layihə təklifi  tərtib ediləcək və həmin təkliflər müvafiq maliyyələşdirmə üçün BP şirkətinin müsabiqə əsaslı seçim prosesindən keçəcək.

Layihə üzrə məqsəd və vəzifələr

Təklif olunan layihə konsepsiyası aşağıda təqdim olunan vəzifələrdən biri və ya hər ikisi vasitəsilə aşağıda qeyd edilən məqsədin əldə edilməsinə yönəlməlidir:

Məqsəd: Aşağıda qeyd olunan vəzifələri həyata keçirməklə, Azərbaycan universitetlərində təhsilin keyfiyyətinin yaxşılaşdırılması

1-ci hədəf: Azərbaycanda universitetlər və geniş ictimaiyyət üçün Biologiya (Biologiya, Biokimya, Mikrobiologiya, Molekulyar Biologiya, Genetika, Neyrobiologiya və s..) sahəsinə aid yüksək keyfiyyətli fundamental akademik dərsliklərin təmin edilməsi;

2-ci hədəf: Azərbaycanda universitetlər və geniş ictimaiyyət üçün İqtisadiyyat (Mikroiqtisadiyyat və Makroiqtisadiyyat (başlanğıc və orta səviyyələr), İnkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı/Beynəlxalq inkişaf) sahəsinə aid fundamental akademik dərsliklərin təmin edilməsi;

Müddət:

Biologiya sahəsinə aid dərslik üçün maksimum 10 ay

İqtisadiyyat sahəsinə aid dərslik üçün maksimum 6 ay

İddiaçı tərəflər aşağıdakılar ilə əlaqədar cavabdehlik daşıyırlar:

Kitabları müəyyən etmək və seçmək üçün ehtiyacların qiymətləndirilməsini aparmaq:

  • Seçilmiş akademik dərsliklər müvafiq sahədə fundamental xarakter daşımalı, dünyanın ən seçilmiş universitetlərinin əksəriyyətində biologiya, tibb və iqtisadiyyat sahələrindəki fənlər üçün istifadə edilməlidir;
  • Dərsliklərin yalnız ən sonuncu buraxılışları seçilə bilər;
  • Müraciət edənlər heç bir oxşar dərsliyin, həmçinin, onun əvvəlki buraxılışlarının və ya məzmun və keyfiyyətcə ona bərabər olan digər dərsliklərin Azərbaycan dilində mövcud olmadığından və hazırda universitet heyəti və tələbələri tərəfindən tədris materialları kimi istifadə edilmədiyindən əmin olmalıdır;
  • Müraciət edənlər seçilmiş dərsliyə müvafiq universitetlərin səlahiyyətli orqanlarının, o cümlədən, həmin universitetlərin tələbələrinin və geniş ictimaiyyətin marağının və ehtiyacının olduğunu əsaslandırmalıdır;
  • Universitetlərin müvafiq fakültələrinin üzvləri kitabların seçilməsində iştirak etməlidirlər;
  • Müraciət edənlər tərəf seçilmiş kitabların və ya onların tərcümə edilmiş hissələrinin Azərbaycanda qanunla qadağan olunmadığından və dərsliklərin nəzərdə tutulan hədəf qrupları üçün arzuolunmaz olmadığından əmin olmalıdır;

Kitabların tərcümə edilmiş versiyalarının nəşr edilməsi üçün müəllif hüquqlarına dair tələblərin və şərtlərin müəyyən edilməsi və müvafiq müəllif hüquqlarının əldə edilməsi:

  • Müraciət edənlər tərəf tərcümə və nüsxələrin çap edilməsi, o cümlədən gələcək buraxılışlar üçün müvafiq hüquqlar əldə etməlidir;
  • Çap edilmiş nüsxələr universitet kitabxanalarında müstəsna olaraq qeyri-kommersiya əsaslı istifadə üçün nəzərdə tutulmuşdur. Kitablar bazarda satışa çıxarılmayacaq və ya universitetlər tərəfindən tələbələrə satılmayacaq;
  • Müəllif hüququ iqtisadi səmərəlilik prinsipinə uyğun qaydada əldə edilməlidir;
  • Nəşr üçün icazə vermə hüququ BP şirkətinə aid olmalıdır və gələcək nüsxələr seçilmiş dərsliyin sahibinin və BP Azərbaycan şirkətinin icazəsi olmadan çap edilə və ya paylana bilməz;
  • İcazə bütün kitab üçün, o cümlədən tərcümənin, tərtibatın və nəşrin keyfiyyətinə xələl yetirmədən Azərbaycan dilindəki kitabda mətn, şəkillər və hər hansı digər element üçün əldə edilməlidir.

Seçilmiş kitabların yüksək səviyyədə akademik tərcümə və redaktə edilməsi:

-          Son məhsulun lazımi keyfiyyətdə olmasını təmin etmək üçün, müraciət edən komandanın/təşkilatın tərkibində aşağıdakılar olmalıdır:

  • Aşağıdakılara görə cavabdeh olan layihə meneceri:
    • Layihə təklifi və icra planının işlənib hazırlanması:
    • Prosesin və personalın idarə edilməsi;
    • Büdcənin hesablanması və maliyyə vəsaitinin/fəaliyyətinin idarə edilməsi;
    • Dərsliklər və ya onların müxtəlif elementlərinə münasibətdə müəllif hüquqlarının əldə edilməsinin təşkil edilməsi;
    • Kitabların müvafiq şəkildə tərtib və çap olunmasının təşkil edilməsi;
    • Təqdim edilməli materialların keyfiyyətinə nəzarət;
    • Nəticələrin monitorinqi;
    • Əsas icra göstəricilərinin təmin edilməsi;
    • Yekun qiymətləndirmənin aparılması.
  • İngilis və Azərbaycan dillərini mükəmməl bilən, dilçilik sahəsində dərin biliklərə malik olan, tərcümə edilən mətnin səlisliyini və uzlaşmasını təmin etmək üçün maksimum üç tərcüməçidən ibarət olan peşəkar tərcüməçilər komandası;
  • İngilis dilində analoji keyfiyyətə malik dərslik əsasında müvafiq sahə üzrə təhsil almış ekspert olan, Azərbaycan dilini mükəmməl bilən ən azı bir redaktor;
  • Universitetlərin müvafiq fakültələrindən müvafiq sahə üzrə əlavə ekspert qismində ən azı bir məsləhətçi.

Təqdim edilməsi gözlənilən materiallar

BP şirkəti nəzərdə tutur ki, Azərbaycan dilində seçilmiş hər bir kitabın 200 nüsxəsi müəllif hüququ sahibinin qanuni icazəsi ilə ən yüksək keyfiyyətlə nəşr edilərək Azərbaycandakı müvafiq universitetlərin fakültələrinə təhvil veriləcək.

Seçim proseduraları və meyarları:

Müraciət edənlər üçün şərtlər:

  • Hüquqi qeydiyyat;
  • Akademik/texniki mətnlərin tərcümə edilməsi sahəsində təcrübə;
  • Universitetlər ilə xoş münasibətləri;
  • Universitetlər, tələbələr və digər müvafiq maraqlı tərəflər ilə əlaqələri və onlarla əməkdaşlıq etmək arzusu.

Layihə konsepsiyaları aşağıda qeyd edilən meyarlar əsasında seçiləcək. BP şirkəti tərəfindən bir neçə layihə konsepsiyasının seçilməsi mümkündür. Konsepsiyalar seçildikdən sonra müraciət edən tərəflərə bu barədə məlumat vermək üçün onlarla əlaqə saxlanılacaq. Seçilmiş konsepsiyalar müraciət edənlər tərəfindən dəyişikliklər edilərək tam layihə təklifi formasında tərtib ediləcək. Daha sonra layihə təklif(lər)i Sosial Sərmayə və Sponsorluq Şurasına təqdim ediləcək. Həmin Şura təklif(lər)in maliyyələşdirilib-maliyyələşdirilməyəcəyi barədə qərar qəbul edir.

  • Ehtiyacların qiymətləndirilməsi: konsepsiya sənədləri onların nəzərdə tutulmuş olduğu nəticələrə tələbatın mövcud olduğunu əsaslandırmalıdır;
  • İqtisadi səmərəlilik: təklif olunan layihələr həmin layihələrin benefisiarları üçün minimum xərclər müqabilində maksimum səmərənin təmin edilməsinə yönəlməlidir; təkliflərdə müvafiq akademik sahələrə aid orta ölçülü kitabın hər səhifəsi üçün xərclər nəzərə alınacaq.
  • Potensialın gücləndirilməsi: təklif olunan layihə çərçivəsində həmin layihənin benefisiarları üçün əhəmiyyətli bilik və bacarıqların ötürülməsi və/və ya potensialın formalaşdırılması/artırılması imkanı təmin edilməlidir.
  • Əməkdaşlıq və müvafiq birgə resursların təmin olunması: təklif olunan layihələr çərçivəsində təsiri artırmaq üçün digər maraqlı tərəflərin dəvət edilməsi və üçüncü tərəf resurslarının cəlb edilməsi, rəsmi və qeyri-rəsmi şəbəkələrin yaradılması nəzərdə tutulmalıdır.
  • İştirak: təklif olunan layihələr benefisiarların, səlahiyyətli orqanların və nəzərdə tutulan fəaliyyətin həyata keçirilməsinə cəlb olunmuş qurumların yüksək səviyyədə iştirakını təmin etməlidir. Bu, həmçinin benefisiar qruplar olaraq tələbələrin və universitet heyətinin cəlb olunması deməkdir;
  • Qiymətləndirmə və monitorinq: təklif olunan layihələrdə gözlənilən nəticələrin, məqsədlərin və müvəffəqiyyətin nə dərəcədə əldə edildiyini ölçmək üçün daxili monitorinq mexanizmləri nəzərdə tutulmalıdır;
  • Təkrarlanmanın qarşısının alınması: təklif olunan layihələr şirkətlərin, beynəlxalq və yerli qurumların və ya hökumətin etdiklərini təkrarlamamalıdır. Nəşr olunacaq dərslikləri müəyyən etməzdən əvvəl, mövcud ədəbiyyat və materiallar ayrılaraq ehtiyacların müfəssəl qiymətləndirilməsi aparılmalıdır;
  • Layihənin kadr təminatı: təklif olunan layihələr layihəyə dəstək sahəsində müvafiq texniki səriştəyə malik ekspert cəlb olunmaqla təcrübəli layihə menecerləri tərəfindən həyata keçirilməlidir;

Konsepsiya sənədlərinin təqdim edilməsinə dair təlimatlar:

  • Konsepsiya sənədlərini təqdim etməyə hüquqi şəxslər, yəni məhdud məsuliyyətli cəmiyyətlər, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti təşkilatları dəvət olunurlar;
  • Müraciət edən tərəflər ayrı-ayrılıqda və ya digər təşkilatlar/şirkətlər ilə birlikdə müraciət edə bilərlər;
  • Məqsədə nail olmaq üçün, konsepsiyalar məhdudiyyət olmadan ən azı bir vəzifənin yerinə yetirilməsinə yönəlməlidir;
  • BP şirkəti inkişaf məqsədilə göstərilən yardımı əməkdaşlıq kimi görür. Ona görə də, təşəbbüslərin birgə maliyyələşdirilməsi müraciət edənlərdən tələb olunmasa da, onlar layihənin uğurlu olması üçün özlərinin mövcud material və insan resursları ilə kömək etməlidirlər;
  • Təqdim edilən konsepsiya sənədlərinin mətni cəmi 3000 sözdən artıq olmamalıdır;
  • Konsepsiya sənədləri "MS Word" formatında təqdim edilməli və aşağıdakıları əks etdirməlidir:
  • Layihənin əsas məqamları;
  • Mövcud vəziyyət və ehtiyacların qiymətləndirilməsinin nəticələri;
  • Yerinə yetirilməsi nəzərdə tutulan vəzifələr (bir və ya daha çox);
  • Gözlənilən nəticələrin əldə edilməsi üçün təklif olunan fəaliyyət növlərinin siyahısı, o cümlədən nəzərdə tutulan müddəti əks etdirən və aylar üzrə bölünmüş  icra planı;
  • Diqqət mərkəzində olan sahə və hədəf qrup(lar);
  • Büdcə cədvəlində xərc bəndlərinin əsaslandırılması və təsviri verilməklə, materiallar və xidmətlər üzrə bölünməyən ən son bəndədək xərclərin ətraflı açıqlanması təqdim olunan ilkin büdcə ("MS Excel" formatında təqdim edilməlidir);

Konsepsiya sənədlərində aşağıdakılar göstərilməlidir:

  • İddiaçı təşkilatın adı;
  • -Vergi qeydiyyatı nömrəsi:
  • Əvvəlki fəaliyyətin və əldə edilmiş praktiki təcrübənin qısa təsviri;
  • Təşkilatın yüksək vəzifəli 2-3 üzvünün əlaqə informasiyası, o cümlədən telefon nömrələri, ünvanları və e-poçt ünvanları.

Son müddət:

Konsepsiya sənədlərinin və/və ya təkliflərin hazırlanması və təqdim edilməsi ilə əlaqədar olaraq təqdim edənin çəkdiyi bütün xərclər və məsrəflər müraciət edən tərəfin hesabına ödənilir. BP şirkəti konsepsiya sənədlərinin və təkliflərin hazırlanması və təqdim edilməsinə aid olan xərclərə görə məsuliyyət daşımır.

Konsepsiya sənədləri və bütün məlumatlar 13 fevral,  2017-ci il saat 09:00-dək cdi@bp.com vasitəsilə elektron formatda təqdim edilməlidir. Əlaqədar bütün sorğular və müraciətlər yazılı surətdə cdi@bp.com ünvanına göndərilməlidir.