Ətraf mühit

Biz başa düşürük ki, ətraf mühitə təsirlərin idarə olunması neft və qazın məsuliyyətli şəkildə hasil olunması prosesinin mühüm bir hissəsidir

Ətraf mühitin idarə edilməsi

Tərəfdaşlarımızla birlikdə Azərbaycanda həyata keçirdiyimiz layihə və əməliyyatlarımızın əvvəlindən sonunadək məqsədimiz fəaliyyətlərimizin ətraf mühitə və sosial sahəyə göstərdiyi təsirləri idarə etməkdir.

İSO 14001 sertifikatı

Bizim ətraf mühitin idarə edilməsi sistemi (ƏMİES) 2000-ci ildən bəri İSO 14001 standartı üzrə sertifikatlaşdırılıb. 2013-cü ilin yanvar ayında bu sertifikat növbəti üç illik müddətə yenilənib. Sertifikatın qüvvədə qalması üçün şirkətxarici auditor tərəfindən müntəzəm olaraq təftiş auditlərinin aparılması tələb olunur. 2014-cü ildə müntəzəm keçirilən audit proqramı Şərqi Azəri və Çıraq platformalarını, təchizat bazamızı və Səngəçal terminalını əhatə etdi. Bundan əlavə, Qərbi Çıraq platforması və mərkəzi ofislərimiz ilk dəfə audit olundu. Proqram adları çəkilən obyektlərin standartın tələblərinə uyğun olduğunu təsdiqlədi.

Təsirlərin idarə edilməsi

Tərəfdaşlarımız adından istismar etdiyimiz obyekt və qurğuların ətraf mühitə təsirini müntəzəm olaraq ölçmək və minimuma endirmək üçün müfəssəl prosedurlarımız var.

İstixana qazları və atmosferə emissiyalar

İstixana qazı emissiyalarımız (İXQ) daxili yanma mühərrikləri, isitmə qurğularında yanacağın yandırılması və çıxarıla bilməyən qazın məşəldə yandırılması nəticəsində meydana çıxır. 2014-cü ildə havaya 4 067 000 ton İXQ buraxmışıq ki,bu da 2013-cü ildəki göstərici ilə müqayisədə 29%-dək çoxdur. Artımın başlıca səbəbi Qərbi və Şərqi Azəri platformalarında daha çox qazın məşəldə yandırılması, eləcə də Qərbi Çırağın işə salınması oldu.

2013-cü il ilə müqayisədə NOx emissiyalarımız 26% artaraq 11 179 tona çatdı. Bu, yanacaq qazından istifadənin 19% artması ilə əlaqədardır. Oxşar artım SOx emissiyalarında da baş verib. Buna logistika əməliyyatlarının daha intensiv aparılması ilə bağlı dizel yanacağından istifadənin 26% artması təsir göstərib. SOx emissiyalarının digər mənbələrinə Şahdəniz platforması və Səngəçal terminalı aiddir.

Qazın məşəldə yandırılması və enerji istehlakı

2014-cü ildə Azərbaycandakı obyektlərimizdə qazın məşəldə yandırılmasında əvvəlki illə müqayisədə 61% artım oldu, yandırılan qaz 256 min tondan 413 min tona çatdı. 

Qərbi Çıraq  platformasının istismara verilməsi, Mərkəzi Azəridəki iri cari təmir işləri zamanı hər üç platformada qazın məşəldə yandırılması və Çıraqdan Neft daşlarına qazın nəqlində məhdudiyyətlər bu artıma təsir göstərən əsas amillərdir.

Karbohidrogen dağılmaları

2014-cü ildə BP Azərbaycanda altı neft dağılması qeydə alıb, bunlardan beşi tam lokallaşdırılıb. Dağılmış 14311 litr materialın 14271 litri və ya 99,7%-i toplanılıb. Yalnız 40 litr neft əsaslı qazma məhlulu ətraf mühitə daxil olub. 

Bu göstərici neft dağılması hallarının sayının (2013-cü ildə 11 dağılma olmuşdu),lokallaşdırma nisbətinin (2013-cü ildə 95%) və ətraf mühitə daxil olan materialın həcminin azalması (2013-cü ildə 643 litr) baxımından ildən-ilə əhəmiyyətli yaxşılaşma deməkdir. Biz bütün karbohidrogen dağılmaları barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) rəsmi hesabat veririk.

Tullantıların idarə olunması

Biz əməliyyatlarımızda tullantıların meydana gəlməsini aradan qaldırmaq, onları azaltmaq və təkrar istifadə etmək məqsədilə tullantıların idarə edilməsində bütün layihə dövrünü əhatə edən yanaşma qəbul etmişik.

2014-cü il ərzində Azərbaycandakı əməliyyatlarımızda ümumilikdə 368 839 ton bərk və maye tullantı formalaşıb. Təhlükəli tullantıların nəzərəçarpan artımına səbəb sahədən kənarda təmizlənməyə və utilizasiya edilməyə göndərilən lay sularının əhəmiyyətli həcmdə olmasıdır. Təhlükəsiz tullantıların təxminən 42%-i (5 690 ton), təhlükəli tullantıların isə 20%-i (63 314 ton) təkrar emal edilib və ya podratçılarımız tərəfindən təkrar istifadə olunub.2014-cü ildə 69 193 ton tullantını Sumqayıtdakı təhlükəli tullantılar poliqonuna göndərməklə, əvvəlki illərdən Sərəncə obyektində saxlanılan emal edilmiş təhlükəli qazma şlamlarının tullantı poliqonunda basdırılmasını davam etdirdik. Sərəncədən Sumqayıtdakı təhlükəsiz tullantılar poliqonuna təhlükəsiz qazma şlamları göndərilməyib.

Qazma şlamları

Biz qazma şlamlarının idarə olunmasına yanaşmamızda üç əsas utilizasiya variantına əsaslanmağa davam edirik: Dənizə atqı – Çıraq platformasından sintetik əsaslı qazma məhlulu (SiQM), bütün digər platforma və səyyar qazma qurğularından isə su əsaslı qazma məhlulu (SuQM) ilə qarışmış qazma şlamları üçün nəzərdə tutulur. 2014-cü ildə intensivləşdirilmiş qazma proqramımız dənizə atılan qazma şlamlarının həcminin üç
dəfəyə yaxın artımına (39 714 ton) gətirib çıxartdı.

2014-cü il ərzində Azəri-Çıraq-Dərinsulu Günəşli yatağında yenidən laya vurma quyularına 9745 ton şlam vurulub. Qalan 31 252 ton qazma şlamı (2013-cü illə müqayisədə 8% çox) Sərəncədəki təhlükəli tullantıların idarə edilməsi obyektinə gətirilib.

Çirkab suları

2014-cü ildə çirkab sularının təmizlənməsi qurğusunun təmizlənməmiş çirkab sularının dənizə atqısı ilə nəticələnən dayandırılması hallarını daha da azaltdıq (21-dən 12-dək). Buna baxmayaraq axıdılan həcm 5% artaraq 195 m3-dən 204 m3-ə çatıb. Biz müntəzəm olaraq çirkab sularının təmizlənməsi qurğusunun fəaliyyətini və təmizlənmiş suyun keyfiyyətinin monitorinqini və analizini aparırıq.

Səngəçal terminalında təmizlənmiş çirkab sularının monitorinqinin nəticələri il boyu tələb olunan bütün parametrlərə uyğunluğu göstərib. İxrac boru kəmərləri boyunca biotəmizləmə nohurlarında bağırsaq çöpü parametrlərinin yüksəlməsi ilə bağlı problem 2014-cü ildə davam edib. Nohurların ərazisi boyunca suyun keyfiyyətinin qiymətləndirilməsi üçün xüsusi monitorinqə başlanılıb.

Hasil edilmiş lay suyu

Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağında lay suyu artmaqda davam etdi. 2014-cü ildə Səngəçal terminalında ümumilikdə 5 263 662 ton AÇG lay suyu separasiya edildi. Bu, illik 18,5% artımın göstəricisidir. Təmizləndikdən sonra bunun 5 077 256 tonu yenidən laya vurulmaq üçün dənizə qaytarıldı. Qalan 186 406 ton isə üçüncü tərəfə aid təmizləyici qurğuya göndərildi.

Şahdəniz yatağından hasil edilmiş lay suyu həcmləri AÇG-də olduğundan xeyli az oldu. 2014-cü ildə təxminən 30 906 ton separasiya edilərək Səngəçal terminalındakı xüsusi saxlama nohurlarına vurulub.

Yaxın ətraf mühitin monitorinqi

On ildən artıqdır ki, ətraf mühit üzrə tədqiqatlar bizə fəaliyyətlərimizin yerli ətraf mühitə göstərdiyi təsirləri müəyyənləşdirmək və başa düşməkdə kömək edir

BP-nin Azərbaycanda operatorluq etdiyi dəniz və quru obyektləri yaxınlığında atmosferin monitorinqi proqramını həyata keçiririk.2004-2014-cü illər ərzində ümumilikdə 171 monitorinq tədqiqatı başa çatdırılıb. Bura 2014-cü ildə aparılmış 21 ətraf mühit tədqiqatı da daxildir, onlardan 13-ü quruda, altısı dənizdə, ikisi isə sahil yaxınlığında aparılıb.

Nümunələrin çoxlu sayda olmasına və hər bir nümunə üzrə bir sıra amillər təhlil edildiyinə görə izahlı hesabatların hazırlanması iki ilə qədər çəkir. Ona görə də,2013-cü ilin tədqiqat nəticələrini xülasə şəklində təqdim edirik.

Yaxın ətraf mühitin tədqiqatlarının nəticələri, 2013

Dərinsulu Günəşli üzrə bentik tədqiqat
Çöküntülərin kimyəvi tərkibi nisbətən sabitliyini saxlayıb, metal konsentrasiyaları fon səviyyələri çərçivəsində olub. Karbohidrogen konsentrasiyaları platformadakı əməliyyat fəaliyyətlərinin  təsirinə məruz qalmayıb. Tədqiqat ərazisi boyunca müxtəlif və  zəngin olan makrobentik icmaya əməliyyatların təsiri barədə heç bir əlamət olmayıb. Barium konsentrasiyalarının artması su əsaslı qazma məhlulu (SuQM) və/ya qazma şlamları atqıları ilə əlaqədar ola bilər. 
Qərbi Azəri üzrə  bentik tədqiqat
Çöküntü növünün paylanması sabit qalıb. Barium konsentrasiyalarının artımı qazma məhlulu və/ya qazma şlamları atqılarından çirklənməni göstərir. Orta konsentrasiya 2005-ci ildən 2009-cu ilədək nisbətən sabit qalmış səviyyədən aşağı oldu ki, bu da o vaxtdan təsir ərazisinin dəyişmədiyini göstərir. Xətti alfa olefinin konsentrasiyaları azaldı və hər hansı əlavə atqı əlamətləri olmadı. Makrobentik icmaların növləri zəngin və boldur.
Şahdəniz üzrə bentik tədqiqat
Platforma yaxınlığında dəniz dibinin ətraf mühiti bir neçə tədqiqat ərzində tam sabit oldu. 2013-cü ildə karbohidrogen konsentrasiyaları nisbətən yüksək oldu. Bununla belə, tərkib fon üçün səciyyəvidir və nəticələr göstərir ki, bu artım təbii dəyişkənlik sayəsində olub. Barium konsentrasiyaların yüksəkliyi 2010-ci ildə atılmış qazma tullantılarının mövcudluğunu göstərir. 2011-2013-cü illər arasında platformadakı əməliyyatlardan makrobentoslara hər hansı təsir əlaməti olmayıb.    
Şahdəniz üzrə regional tədqiqat
Çöküntülərin fiziki xüsusiyyətləri müqavilə sahəsinin şimal və cənubunda cüzi dəyişdiyi halda, mərkəzi ərazidə palçıq vulkanlarının təsiri ilə yaranmış dəyişikliklər qeydə alındı. 2013-cü ildə qeydə alınmış karbohidrogen konsentrasiyaları 2007-ci ildəkindən yüksək, 2005-ci ildəkinə çox oxşar olub. Tədqiqat ərazisi fiziki, kimyəvi və bioloji baxımdan əvvəlki tədqiqatlarla müqayisədə nisbətən dəyişməz qalıb ki, bu da ətraf mühitin sabitliyi deməkdir.  
Suyun keyfiyyətində karbohidrogen və ya ağır metal çirklənməsinin göstərən heç bir əlamət qeydə alınmayıb. Planktonların növ zənginliyi və icma strukturu 2009-cu və 2011-ci illərdəkinə oxşar olub. Zooplankton icması bütün əvvəlki tədqiqatlardakına oxşar olub. 

Sahilyanı ərazilər

Səngəçal buxtası üzrə ətraf mühitin tədqiqi
Əvvəlki tədqiqatlarla müqayisədə karbohidrogen konsentrasiyaları yüksək olub. İllər arasında ən böyük artım tədqiqat ərazisinin şərq tərəfindəki və cənub-şərq küncündəki stansiyalarda müəyyənləşib. Bu, dalğaların təsiri ilə buxtaya kənardan çirklənmiş çöküntülərin yerdəyişməsi nəticəsində ola bilər. 2013-cü ildə buxtadakı çöküntülər 2006-13-cü illərdə aparılmış tədqiqatlara nisbətən yaxşı olub. Çoxqıllı qurdların bolluğu əhəmiyyətli şəkildə artıb. Fitoplanktonun növ zənginliyi yüksək olub. İcma strukturu oxşar olsa da, zooplankton bolluğu əvvəlki iki tədqiqat ərzindəkindən nisbətən az olub. 

Quruda

Səngəçal terminalında havanın keyfiyyəti üzrə tədqiqat
Monitorinq aparılmış parametrlər - NO, NO2, SO2, PM10, benzol və ümumi uçucu üzvi birləşmə (UÜB) məqbul hava keyfiyyəti standartları həddində olub. Yalnız bir stansiyada PM10 normadan artıq olub ki, bu da həm açıq qruntdan, həm də tikinti işlərindən materialları gətirən güclü küləklərlə əlaqədar ola bilər. 
Sərəncə TTİEO-da havanın keyfiyyəti üzrə tədqiqat
Obyekt ətrafında NO, NO2, SO2, PM10, benzol və UÜB üzrə monitorinqin nəticələri  hava keyfiyyəti standartları həddində olub. PM10  konsentrasiyasının bir stansiyada normanın keçməsi küləyin ətrafdakı torpaqdan sovurduğu təbii hissəciklərlə izah edilir. 
Səngəçal  terminalı ətrafında qrunt və səth sularının monitorinqi
Terminal ətrafında bir neçə monitorinq quyusundan götürülmüş nümunələr insan sağlamlığı üzrə kommersiya qiymətləndirməsi meyarlarını aşmamaqla bəzi çirkləndiricilərin mövcudluğu əlamətlərini göstərdi, lakin monitorinq quyularının əksəriyyətindən eyni parametrlərin konsentrasiyaları laboratoriyada aşkarlama həddindən aşağı oldu.  
Sərəncə TTİEO ətrafında qrunt sularının monitorinqi
Monitorinq məqbul standartları keçən hər hansı çirkləndirici aşkar etmədi. Quyuların üst hissəsində bir çox parametrlərin yüksək konsentrasiyaları bu çirkləndiricilərin kənar mənbələrdən gəlmə potensialının olduğunu göstərir.
Səngəçal terminalı ətrafında quşların monitorinqi 
Üç tədqiqat dövründə ərazi daxilində 79 quş növü qeydə alındı ki, bunlardan 23-ü oturaq növlər idi. Quşların bioloji müxtəlifliyində və ya sayında hər hansı azalma əlaməti olmadı, lakin ovlanan quş növlərinin artımı müşahidə olundu.  
Səngəçal terminalı ətrafında məməlilər və herpetofauna üzrə monitorinq 
Tədqiqat aparılmış stansiyaların (ümumilikdə 73) 86%-ində növlərin mövcudluğu əlamətləri müşahidə edildi. Tədqiqat ərazində ümumilikdə 21 növ (iki suda-quruda yaşayan, 10 sürünən və doqquz məməli)  qeydə alındı. Nəticələr növlərin ərazidə nisbətən bərabər paylandığını göstərir. 
Səngəçal terminalında səs-küyün monitorinqi
Terminal yaxınlığındakı üç yaşayış məntəqəsində aparılmış səs-küyün monitorinqi göstərdi ki, ölçülmüş bütün səs-küy səviyyələri müvafiq standartlar daxilindədir (yalnız bir dəfə gecə vaxtı ölçmə potensial olaraq gecə həşəratlarının səbəb olduğu kiçik kənaraçıxma göstərdi). 
BTC boru kəməri boyunca havanın keyfiyyətinin monitorinqi
PSA2 ətrafında beş yerdə (NOx), İPA1-də iki yerdə (NOx və SO2) atmosferdəki havanın keyfiyyətinin monitorinqi aparıldı. Bütün nəticələr müəyyənləşdirilmiş hədlər daxilində oldu.  
Ətraf mühitdəki səs-küyün monitorinqi
Boru kəmərləri boyunca bir neçə yerdə gündüz vaxtı aparılmış ətraf mühitdəki səs-küyün monitorinqi səs-küy səviyyələrinin müvafiq tələblər çərçivəsində olduğunu göstərdi. 
BTC boru kəməri üzrə qrunt və səth sularının monitorinqi 
Qarayazı sulu horizontu və PSA2 ətrafında qrunt sularının monitorinqini aparılıb. İPA1 və PSA2 stansiyalarından axın üzrə yuxarıda və aşağıda səth sularının nümunələri toplanıldı. Bütün nəticələr tikintidən əvvəlki ilkin vəziyyət şərtlərinə və müvafiq standartlara uyğun oldu. 
Landşaftın monitorinqi
Hər bir ölçmə məntəqəsində monitorinq göstərdi ki, boru kəmərləri boyunca bərpa faizi 50%-dən artıqdır: yarğan ərazilərdə 59%, hamar ərazilərdə 64%. 2012-ci ildə eyni ərazilərdə bu göstəricilər müvafiq olaraq 49% və 40% idi. 
Bitki örtüyünün bioloji bərpası
Bitki örtüyü göstəricilərindən görünür ki, monitorinq aparılan ərazilərin 45%-nin bitki örtüyü yaxınlıqdakı təsirə məruz qalmamış ərazilərdəkinə bərabər və ya onlardan artıqdır. Sahələrin 88%-ində monitorinq aparılan yeddi il ərzində bitki örtüyü artıma meyl göstərib. 2012-ci ildə azalma meyli göstərmiş dörd sahə də artım tendensiyası müşahidə edilməyə başlayıb.