1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2016-cı ilin birinci yarısının nəticələri

2016-cı ilin birinci yarısının nəticələri

Tarix:
22 avqust 2016

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%)

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

 

2016-cı ilin birinci yarısı ərzində AÇG layihəsinə təqribən 260 milyon dollar əməliyyat məsrəfləri və 828 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.


Hasilat


İlin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İki rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq (51 000), Mərkəzi Azəri (153 000), Qərbi Azəri (117 000), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (136 000) və Qərbi Çıraq (127 000) platformalarından birlikdə – gündə orta hesabla 655 000 barel və ya ümumilikdə 119 milyon bareldən artıq, yəni 16 milyon ton təşkil edib.

 

İyun ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 43 qaz və su injektor quyusu istismarda idi.


AÇG üzrə qazma və tamamlama fəaliyyətləri


2016-ci ilin birinci yarısında AÇG-də 9 neft hasilat quyusu, 3 suvurma quyusu və 1 qaz injektor quyusu qazılmışdır.


Səmt qazı


2016-cı ilin birinci yarısı ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,2 milyon kubmetr, ümumilkdə isə 1,31 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

 

2016-cı ilin birinci yarısında terminal 148 milyon bareldən artıq neft və kondensat, o cümlədən 132 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, təqribən 15,5 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) vasitəsilə və təqribən 0,5 milyon barel kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

İki rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 29,3 milyon standart kub metr (1 milyard 35 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir

 

2016-cı ilin birinci yarısı ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə 26 milyon dollar xərclənmişdir.

 

1768km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,49 milyard barel (332 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3278 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

Birinci yarımildə BTC vasitəsilə təqribən 17,3 milyon ton (130 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 166 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti, nəql olunur.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

 

2016-cı ilin birinci yarısı ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 225 milyon dollar əməliyyat xərcləri və təqribən 1,87 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.


Hasilat


Birinci yarımildə Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına etibarlı şəkildə qaz çatdırılması üçün hasilatı davam etdirmişdir.

 

Həmin dövr ərzində yataqdan 5,4 milyard standart kubmetr qaz və 1,3 milyon ton (təqribən 10 milyon barel) kondensat hasil edilmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetrdir.


Qazma əməliyyatları


2016-cı ilin birinci yarısında Şahdəniz Mərhələ 1 üçün dörd qaz hasilatı quyusunun (SDA09, SDA10, SDA11 və SDA12) üst seksiyaları qazılmışdır. Hal-hazırda SDA09 quyusunda qazma əməliyyatları davam edir.

 

İstiqlal qazma qurğusu iyun ayında sertifikasiya və irihəcmli yenidənqurma işlərini bitirdikdən sonra tərsanədən Şahdənizin şimal cinahına yaxın dayazsulu əraziyə gətirilmişdir. Burada yatağın şimal cinahında quyu tamamlama əməliyyatlarına başlamaq üçün qurğunun üzərində istismara vermə və hazırlıq işləri aparılır. Heydər Əliyev qazma qurğusu SDG02 və SDG04 quyularının 10 düymlük kəmər quyruğunadək olan seksiyalarını və həmçinin SDG03 quyusunu son dərinliyinə qədər qazmışdır.

 

Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində on hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

2016-cı ilin birinci yarısında Şahdəniz Mərhələ 2 uğurla irəliləməyə davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 77%-dən çox tamamlanıb və ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.

 

Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.

 

2016-cı ilin ikinci rübündə İsrafil Hüseynov boru düzən gəmisi Şahdənizin şimal cinahındakı sualtı qurğular birləşməsindən platformaya qədər olan sualtı kəmərin kompleks quraşdırılmasını başa çatdırmışdır. Gəmi indi digər sualtı kəməri quraşdırmaqdadır və bundan sonra qərb cinahındakı daha iki sualtı kəməri quraşdırmaq üçün ora yönələcək.

 

“Xankəndi” sualtı tikinti gəmisinin suya endirilməsindən sonra, əsas kran quraşdırılmaq üçün bu yaxınlarda gəmiyə gətirilib. İndi istismara verilmə və sertifikasiya üçün hazırlıq işləri gedir. Bu işlər bitdikdən sonra bu yeni gəmi Şahdəniz 2 sahəsinə aparılaraq sualtı qurğuların tikintisini icra edəcək.

 

“Azərbaycan” kran barjı Şahdənizin şimal cinahındakı bütün sualtı fontan qurğularının və infrastrukturun quraşdırılmasını müvəffəqiyyətlə başa çatdırmışdır.

 

2016-cı ilin birinci yarısında biz ATA sahəsində iki Şahdəniz 2 platformasının üst modullarının istismara verilməsinə başladıq və artıq 50 yaşayış modulunun hamısı yaşayış və texniki emal platformasında quraşdırılmışdır. Bakı Dərin Özüllər Zavodu (BDÖZ) sahəsində hasilat və dikborular platformasının dayaq bloku üzərində bütün dikborular və hər iki nəhəng ponton çənləri quraşdırılıb və cari ildə dayaq bloku dənizə yola salınmazdan əvvəl onun yekun tikinti və sınaq işləri aparılır.

 

2016-cı ilin ikinci rübündə Azərbaycanda artıq 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

2016-cı ilin birinci yarısında CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etmişdir.

 

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam etmişdir. Təqribən 129km uzunluğunda borular artıq qaynaq edilib, 112km boru örtüklənib və 85km boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir. Boru kəmərinin Azərbaycan hissəsi üçün lazım olan boru tədarükünün hamısı artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir. Göyçayda ikinci üfüqi istiqamətdə qazma işləri də ilin ikinci rübündə tamamlanıb.

 

İkinci rübdə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam etmişdir. Kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam etmişdir və 52 kilometrə yaxın boru qaynaq edilib, 28 kilometrdən çox boru örtüklənib, 17 kilometrə yaxın boru isə xəndəyə endirilib. Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 57%, 2-ci kompressor stansiyasında isə 29% tamamlanmışdır. Ölçmə stansiyasının tikintisi 36% tamamlanıb və 2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir.




2016-cı ilin birinci yarısında CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etmişdir.

 

Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam etmişdir. Təqribən 129km uzunluğunda borular artıq qaynaq edilib, 112km boru örtüklənib və 85km boru xəndəyə endirilib. Xəndəyin qazılması, boruların xəndəyə endirilməsi, düzülməsi və üstünün torpaqlanması işləri hazırda davam edir. Boru kəmərinin Azərbaycan hissəsi üçün lazım olan boru tədarükünün hamısı artıq Muğan, Kürdəmir, Yevlax, Qazançı və Dəllər borusaxlama sahələrindədir. Göyçayda ikinci üfüqi istiqamətdə qazma işləri də ilin ikinci rübündə tamamlanıb.

 

İkinci rübdə Gürcüstanda xəndəyin qazılması, boruların xəndəyə endirilməsi və düzülməsi işləri davam etmişdir. Kəmər xəttinin inşası üzrə tikinti işləri artmaqda davam etmişdir və 52 kilometrə yaxın boru qaynaq edilib, 28 kilometrdən çox boru örtüklənib, 17 kilometrə yaxın boru isə xəndəyə endirilib. Hər iki kompressor stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər 57%, 2-ci kompressor stansiyasında isə 29% tamamlanmışdır. Ölçmə stansiyasının tikintisi 36% tamamlanıb və 2018-ci il üçün işlərin bitirilməsi planına uyğun davam edir.

Asiman üzrə 3-ölçülü seysmik tədqiqatın məlumatlarının son interpretasiyası 2016-cı ilin birinci rübündə başa çatdırılıb və ilk kəşfiyyat quyusunun planlaşdırılması işlərinə başlanmışdır.

 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişinə uyğun sahələrdə biz 31 may tarixində 3-ölçülü seysmik tədqiqata başladıq. Tədqiqat proqramının doqquz ay davam etməsi gözlənilir. Bu tədqiqata quruda və dənizin dayazsulu hissəsində əməliyyatlar daxildir. Sahildən 20 kilometrədək uzanan sahədə dəniz dibində qeydiyyat aparan seysmik qovşaqlar düzmək və yedəkdə kiçik akustik enerji mənbələrini dartmaq üçün 17-yə yaxın dayaz su üçün nəzərdə tutulmuş xüsusi gəmilərdən istifadə olunur. İndiyə qədər 200 kvadrat kilometrə yaxın sahədən 3-ölçülü məlumat qeydə alınıb. Avqust ayının əvvəlində əməliyyatların sazişə uyğun sahənin şərq hissəsində davam etdirilməsi nəzərdə tutulur. 3-ölçülü məlumatların işlənməsi də Avqust ayında başlayacaq və ilin sonuna qədər sahədən ilk işlənmiş məlumatların əldə olunması gözlənilir.

2016-cı ilin birinci yarısının axırına, BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 903 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

 

BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.

 

Kadrların milliləşdirilməsi planına uyğun olaraq, 1 yanvar 2016-cı il tarixindən Elxan Məmmədov BP-nin hasilat üzrə vitse prezidenti təyin olunub. Bu yeni vəzifədə Elxan BP-nin Azərbaycanda texniki sahəyə məsul olan ilk vitse prezidentidir. Bundan əlavə daha iki Azərbaycan vətəndaşı birinci yarımildə şirkətdə vitse-prezident vəzifəsinə yüksəlib - Orxan Quliyev, 2016-cı ilin iyun ayından başlayaraq BP-nin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezidenti, Zaur Paşayev isə sentyabr ayından başlayaraq BP-nin qurudakı (midstrim) əməliyyatları üzrə vitse prezidenti təyin olunublar.

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2016-cı ilin birinci yarısı ərzində BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 0,82 milyon dollar xərcləmişlər.

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.

 

Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:

  • “Sahibkarlığın İnkişafı və Təlim Proqramı” (SİTP) - bu çox milyon dollarlıq layihə yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. İlk gündən bu proqram Azərbaycanın iqtisadi bazasının genişləndirilməsi və yerli şirkətlərin həm ölkədaxili bazarda, həm də Xəzər regionunda və daha geniş miqyaslı bazarlarda rəqabət gücünün artırılmasına dəstək verməyə yönəlib. SİTP yerli şirkətlərin beynəlxalq standartlara çatması və neft və qaz sənayesində təchizat kontraktları üçün rəqabət apara bilməsi üçün gözəl imkandır.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanda qurduğu Layihələri İdarəetmə Məktəbi (LİM). Bu layihə özəl və dövlət sektorunu təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. Bu günədək məktəbdə 325 layihə meneceri təlim keçərək beynəlxalq sertifikat qazanıb. 2016-cı ildə bu proqram davamlılıq mərhələsinə keçmişdir və 2017-ci ilin üçüncü rübündən etibarən yerli təlimçilər tərəfindən aparılması planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həm də SOCAR-la yerli işçi qüvvəsinin inkişaf etdirilməsi və insan resursları sahəsində əməkdaşlıq edirlər. Bu şirkətlər neft-qaz sənayesi ilə əlaqədar istiqamətlər üzrə ixtisaslaşan azərbaycanlı kadrlar üçün təlim və inkişaf imkanlarının yaradılması sahəsində birgə işlərini davam etdirir. Bu öhdəlik çərçivəsində Səngəçal terminalı yaxınlığındakı Səngəçal, Ümid, Əzimkənd və Qobustan qəsəbələrində yaşayan yerli icma nümayəndərlərinin SOCAR-ın Qobustandakı Regional Texniki Təlim Mərkəzi vasitəsilə peşə və texniki təliminə dəstək verilir. Bu günədək BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları 131 – 2015-ci ildə 79, 2016-cı ildə 52, yerli icma nümayəndəsinin həmin mərkəzdə təlimini maliyyələşdirmişlər.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) öz obyektlərinin qonşuluğunda yaşayan icmalarda informasiya texnolgiyası (İT) üzrə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu layihənin bir hissəsi olaraq Səngəçal və Ümid qəsəbələrini təmsil edən 50 nəfər CİSCO sertifikatı verən İT təlimi kurslarını bitirmiş və beləliklə öz məşğulluq imkanlarını daha da artırmışlar. Gələcəkdə belə təlimlərin boru kəmərləri boyunca digər icmalarda da keçirilməsi planlaşdırılır. Bu yeni təşəbbüsdən 200-ə qədər yerli icma nümayəndələrinin faydalanacağı gözlənilir. Bundan əlavə, CİSCO təlimi kurslarının 23 ən uğurlu məzununu dəstəkləməyə davam edərək onlara qabaqcıl İT bacarıqları öyrənmək və İngilis dili biliklərini inkişaf etdirmək üçün imkan yaratmaq planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların bacarıq və bilgilərinin artırılmasına yönəlmiş yeni layihəyə başlamışdır. Bu, CQBKG layihəsinin sosial sərmayə proqramı çərçivəsində həyata keçirilən bir təşəbbüsdür. Layihə icmalarda ingilis dilinin tədris keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Layihə “British Council” tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıqda həyata keçiriləcək.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəmərlərinin keçdiyi rayonlarda bir çox uşaq bağçalarını kompüterlərlə təchiz etmək üçün yeni layihə həyata keçirir. Bu layihənin başlıca məqsədi dərs zamanı əyləncəli kompüter proqramlarından istifadə etməklə məktəbəqədər yaşlı uşaqlara fəal dinləmə və yaradıcı düşüncə qabiliyyətləri kimi idrak bacarıqlarını inkişaf etdirmək imkanı yaratmaqdır. Bu günə qədər Qaradağ, Hacıqabul, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında 42 icmaya 275 kompüter bağışlanıb. 2016-cı ilin sonunadək daha 100 kompüterin qalan icmalara paylanması planlaşdırılır.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarını, siyasətini və qanunvericiliyini səmərəli şəkildə həyata keçirmək üçün beynəlxalq qabaqcıl təcrübələrin mənimsənilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır.
  • BP-nin Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstəyi. Bu tərəfdaşlığa bir qrup milli idmançının əsas beynəlxalq yarışlara hazırlığına dəstək vermək, həmçinin Azərbaycanda yüksək səviyyəli idmançıların yetişdirilməsinə kömək etmək daxildir. Bu tərəfdaşlıq çərçivəsində BP şirkəti inkişaf və bacarıqların davamlı irsinin yaradılmasını dəstəkləyən bir sıra layihələri maliyyələşdirmişdir. BP şirkəti həmçinin Rio 2016 oyunları da daxil olmaqla böyük beynəlxalq yarışlarda iştirak etməyə hazırlaşan bir qrup milli idmançını dəstəkləyir.
  • BP-nin Bakı Ali Neft Məktəbində biznes mühazirələri Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. BP-nin mütəxəssisləri və rəhbər işçilərinin bu ali məktəbdə keçirdiyi silsilə mühazirələrdən əlavə şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin müəllim və tələbə heyəti ilə görüşüb, öz təcrübəsini bölüşüb, həmçinin BP-nin əməliyyatları və planları barədə məlumat verib.

Təqdimat slaydları


Biznesimizi əks etdirən təqdimat slaydları ilə tanış olun 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: +994 (0) 12 599 45 57