2015-ci ilin birinci rübü ərzində AÇG layihəsinə təqribən 160 milyon dollar əməliyyat məsrəfləri və 470 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
Hasilat
Birinci rübdə AÇG-də stabil hasilat davam etmişdir. Rüb ərzində AÇG-dən ümumi hasilat – Çıraq (54 000), Mərkəzi Azəri (159 000), Qərbi Azəri (129 000), Şərqi Azəri (71 000), Dərinsulu Günəşli (149 000) və Qərbi Çıraq (99 000) platformalarından birlikdə – gündə orta hesabla 661 000 barel (b/g) və ya ümumilikdə 59 milyon barel, yəni təqribən 8 milyon ton təşkil edib. Birinci rüb ərzində Qərbi Çıraq gündəlik hasilatı yüksəltməyə davam edib və hazırkı 116 000 barel səviyyəsinə çatdırıb.
Rübün sonunda bizim ümumilikdə AÇG-də 84 neft hasilat quyumuz və 40 qaz və su injektor quyumuz istismarda idi.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2015-ci ilin birinci rübündə AÇG-də dörd neft hasilat quyusu qazılmışdır.
Səmt qazı
Birinci rübdə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları” vasitəsilə gündə orta hesabla 13,6 milyon kubmetr, ümumilkdə isə 1,2 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
Birinci rüb ərzində terminal 79,2 milyon barel neft və kondensat, o cümlədən təqribən 69 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 1,6 milyon barel dəmir yolu vasitəsilə və 0,5 milyon barel kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir.
Ötən rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 44 milyon dollar, əsaslı xərclərə isə 4 milyon dollar xərclənmişdir.
BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
1 768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayından istismardadır. O vaxtdan bəri BTC vasitəsilə nəql edilmiş ümümilikdə təxminən 2,2 milyard barel (289 milyon ton) xam neft Ceyhanda təxminən 2 850 tankerə yüklənmiş və dünya bazarlarına göndərilmişdir.
Birinci rüb ərzində BTC vasitəsilə təqribən 9 milyon ton (69 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 96 tankerə yüklənib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
Birinci rüb ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 0,1 milyard dollar əməliyyat xərcləri və 1,1 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.
Hasilat
2015-ci ilin birinci rübü ərzində Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirmişdir.
Bu dövr ərzində yataqdan 2,6 milyard standart kubmetr qaz və 0,6 milyon ton (təqribən 5 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının maksimum hasilat gücü gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir.
Qazma əməliyyatları
Birinci rüb ərzində mövcud Şahdəniz Mərhələ 1 platforması bir yeni hasilat quyusunun qazılmasını, İstiqlal və Heydər Əliyev qazma qurğuları isə Şahdəniz Mərhələ 2 layihəsinin öncəqazma proqramına dəstək vermək üçün qazma əməliyyatlarını davam etdirdi. Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına hazırlıq çərçivəsində yeddi hasilat quyusunu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların təhvil verilməsi istiqamətində davam edəcək.
Birinci rübdə Şahdəniz Mərhələ 2 layihəsi xeyli yaxşı irəliləyiş əldə edərək bir sıra hədəflərə vaxtından əvvəl nail oldu.
Hazırda layihə sürətlə irəliləyir, ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu (BDÖZ) və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər gedir. Xüsusilə də platforma üst modulları və dayaq blokları uyğun olaraq ATA və BDÖZ istehsalat sahələrində qurulur.
Mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə təxminən 10 milyard dollar dəyərində əsas müqavilələrin əksəriyyəti imzalanıb.
Azərbaycanda 10 000-dən çox insan artıq bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 93%-dən çoxu Azərbaycan vətəndaşlarıdır.
Birinci rübdə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 12 milyon dollar əməliyyat xərcləri və 245 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.
Birinci rüb ərzində CQBK-nın gündəlik orta ötürücülüyü 21 milyon kubmetr qaz olmuşdur.
Birinci rübdə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyu davam etmişdir. Boru seqmentlərinin gətirilməsi ötən il başlayıb, 2015-ci il ərzində və 2016-cı ilin əvvəllərinə qədər davam edəcək. Ümumilikdə, 40 000-dən çox boru seqmenti 19 yük partiyası ilə gətiriləcək.
Bu günə qədər əldə olunmuş nailiyyətlərə aşağıdakılar daxildir:
CQBKG layihəsi üzrə işlər 2015-ci il ərzində davam edəcək, o cümlədən Azərbaycan və Gürcüstanda boruların çəkilməsi işləri başlayacaq.
Birinci rüb ərzində Şəfəq-Asiman üzrə seysmik məlumatların interpretasiyasını davam etdirdik. Bu işlərin tamamlanması üçün təqribən 18 ay tələb olunur. Bundan sonra ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün də əlavə bir il vaxt tələb olunur.
Bundan əlavə, biz 2014-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında SOCAR-la yeni müqavilə də imzalamışıq. Aprel ayının 14-də həmin saziş Milli Məclisdə ratifikasiya olunmaqla mühüm bir mərhələyə daxil oldu. Bu da imkan verir ki, BP dünyanın digər yerlərində dayazsulu sahələrdəki təcrübəsindən və təkmilləşmiş texnologiya çözümlərindən istifadə etməklə saziş üzrə öz öhdəliklərini yerinə yetirməyə başlasın.
Birinci rübün axırına BP şirkətinin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 829 nəfər idi. Şirkətin Azərbaycanda ixtisaslı daimi işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir.
BP yerli mütəxəssislərə təlimlərin keçirilməsini daim diqqətdə saxlayır. O cümlədən, Səngəçaldakı Xəzər texniki təlim mərkəzində (XTTM) yerli texniklərin hazırlanması işləri davam edir. Mövcud olduğu 10 il ərzində XTTM BP-nin əməliyyatçısı olduğu obyektlər üçün 1 000-dən çox yerli texnikə təlim keçib. Bu yüksək ixtisaslı texniklər BP-nin həm dəniz, həm də quruda əməliyyatçısı olduğu obyektlərin təhlükəsiz və etibarlı şəkildə idarə edilməsində çox mühüm rol oynayırlar.
BP şirkəti həmçinin dünya səviyyəli “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı” (NİMTP) vasitəsilə yerli mühəndislərin təlimini davam etdirir. NİMTP milyonlarla dollar dəyərində bir təlim proqramı olaraq azərbaycanlı neft-qaz ixtisaslı məzunlar üçün nəzərdə tutulub və BP şirkətinə gələn gənc mühəndislərin ixtisaslarının artırılmasına dəstək vermək məqsədi daşıyır.
Bundan əlavə, BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak, iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesin daha da gücləndirilməsi daxildir.
Xəzərdə BP-nin əməliyyatçısı olduğu layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm davamlı inkişaf təşəbbüsləri həyata keçirməyə davam edir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
Birinci rüb ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 1,73 milyon dollar xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər.
Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır:
Biznesimizi əks etdirən təqdimat slaydları ilə tanış olun
Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57