1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2010-cu ilin birinci rübünün nəticələri

2010-cu ilin birinci rübünün nəticələri

Tarix:
6 May 2010

AÇG-də iştirak payları: BP (operator – 34,1%), Şevron (10,2%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İTOÇU (3,9%), Hess (2,7%).

 

2010-cu ilin birinci rübü ərzində AÇG layihəsinə $155.3 milyon əməliyyat məsrəfləri və $341 milyon əsaslı məsrəflər xərclənmişdir.

 

Bütün il üçün isə AÇG fəaliyyətləri üzrə əməliyyat məsrəflərinin $587 milyon və  əsaslı məsrəflərin $1 milyard 584 milyon olacağı planlaşdırılır.

 

Hasilat

 

2010-cu ilin birinci rübü ərzində biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından ümumilikdə gündə orta hesabla 797,300 barel (b/g) (və yaxud bütün rüb üçün ümumilikdə  72 milyon barel və ya 9.7 milyon tondan artıq) neft hasil etmişik.

 

Bütün il üçün plan beş platformadan ümumilikdə gündə orta hesabla 854,000 barel (b/g) (bütün il üçün 42.1 milyon ton) neft hasil etməkdir. Platformalar üzrə bu hasilatın gündəlik orta hesabla 90,900 b/g-nü Çıraq, 184,200 b/g-nü Mərkəzi Azəri, 285,700 b/g-nü Qərbi Azəri, 158,100 b/g-nü Şərqi Azəri və 135,100 b/g-nü Dərinsulu Günəşli platformasının payına düşür.

 

I rüb ərzində:

 

Çıraqda 19 quyu istismarda idi (13 hasilat və 6 suvurma quyusu) və oradan orta hesabla gündə təxminən 106,700 barel  neft hasil edilmişdir.

 

Mərkəzi Azəridə (MA) 20 quyu istismarda idi (13 hasilat, 2 suvurma və 5 qaz injektor quyusu) və oradan gündə orta hesabla 190,400 barel hasilat əldə edilmişdir.

 

Qərbi Azəridə (QA) 21 quyu istismarda idi (15 hasilat və 6 suvurma quyusu) və oradan gündəlik orta hesabla təxminən 253,700 barel  hasilat əldə edilmişdir.  

 

Şərqi Azəridə (ŞA) 14 quyu istismarda idi (10 hasilat və 4 suvurma quyusu) və oradan gündəlik orta hesabla  təxminən 127,900 barel  hasilat əldə edilmişdir. 

 

Dərinsulu Günəşlidə (DərSG) 21 quyu istismarda idi (11 hasilat və 10 suvurma quyusu) oradan gündəlik orta hesabla təxminən 118,600 barel  hasilat əldə edilmişdir. 

 

Səmt qazı  

 

AÇG yatağının operatoru olaraq BP 2010-cu ilin birinci rübündə üç platformadan (MA, QA və ŞA platformalarından) səmt qazının 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir.  

 

AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir.   

 

2010-cu ilin birinci rübü ərzində biz ARDNŞ-yə gündə təxminən 9.4 milyon kub metr (təxminən 330.4 milyon standart kub fut) AÇG səmt qazı vermişik.  Ümumilikdə I rüb ərzində 0.8 milyard kub metr (təxminən 30 milyard standart kub fut) AÇG səmt qazı təhvil verilmişdir. 

 

Bütün il üçün biz ARDNŞ-yə AÇG əməliyyatlarından 1.9 milyard kub metr səmt qazı çatdırmağı planlaşdırırıq.

 

Qazma 

 

Çıraq: Bu ilin mart ayında biz A-08x hasilat quyusunu tamamladıq. Hazırda quyulara müdaxilə əməliyyatlarını başa çatdırmaq üzrəyik, bundan sonra isə A-22 hasilat quyusunu qazacağıq. 2010-cu il üçün qalan planlarımıza həmçinin A-07y yanaqazma hasilat quyusu qazmaq da daxildir. 

 

Mərkəzi Azəri: MA-da bərpa əməliyyatları bu ilin mart ayında başa çatdı və aprelin 7-dən başlayaraq yeni quyuların qazılması işləri bərpa olundu. Birinci rüb ərzində biz həmçinin B17 və B16 quyularını yenidən tamamlanması işlərini başa vurduq. İlin qalan hissəsində biz platformada qazma əməliyyatlarını davam etdirərək B10z yanaqazma hasilat quyusunu qazıb tamamlayacaq və ilin ikinci yarısında isə B-22z inyektor quyusunu qazacağıq. 

 

Qərbi Azəri: Bu ilin əvvəlində C-19 hasilat quyusunu tamamladıq və qazma qurğusu üzərində bəzi təmir işləri apardıq. Əlavə olaraq, fevral ayında C-23 suvurma quyusunu qazmağa başladıq. İlin qalan hissəsi üçün planlarımıza yeni istismar quyularının qazılması və ilin ikinci yarısında qazma qurğusunda aparılacaq profilaktik işlər daxildir. 

 

Şərqi Azəri: Birinci rüb ərzində D-17z suvurma quyusunda qazma və tamamlama əməliyyatlarını davam etdirdik.  2010-cu ilin qalan hissəsi üçün planlarımız daha iki hasilat quyusunu - D-18 və D-19-u - qazmaq və tamamlamaqdır.

 

Dərinsulu Günəşli: Birinci rüb ərzində E-13 hasilat quyusunu tamamladıq. 2010-cu ilin sonunadək daha bir hasilat quyusunun qazılması nəzərdə tutulur, həmçinin daha iki yanaqazma quyusunun başa çatdırılması planlaşdırılır. Bundan əlavə, ikinci rüb ərzində bir sıra quyulara müdaxilə  əməliyyatlarının aparılması da nəzərdə tutulur. 

 

Əlavə olaraq, “Dədə Qorqud” qazma qurğusu vasitəsilə DərSG sualtı suvurma qazması proqramı çərçivəsində qazma və tamamlama əməliyyatları da davam etmişdir.  Birinci rüb il ərzində biz H-03 suvurma quyusunu qazıb tamamlamışıq, bununla belə bu ilin ikinci və üçüncü rübləri ərzində DərSG sualtı suvurma qazması proqramı davam edəcək. 

 

İxrac əməliyyatları 

 

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1.2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25.5 milyon kub metr qaz (ümumi qaz emalı gücü 39.5 milyon kub metr olmaqla) təşkil edir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən  ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur.

 

Birinci rüb ərzində terminal təxminən 76 milyon barel neft (o cümlədən 66 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə,   8 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 2 milyon barel dəmir yolu vasitəsilə)  ixrac etmişdir. Bundan əlavə, terminaldan gündəlik orta hesabla 22 milyon kub metr (780 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir.

 

AÇG tikinti işləri

 

2010-cu ilin birinci rübü ərzində AÇG üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam etmişdir.

 

Həmin müddətdə biz Dərinsulu Günəşlidə (DərSG) şərq manifoldunda yerləşən bir suvurma quyusunu istismara verdik. Daha bir quyu üçün lazım olan sistemlərin quraşdırılması və istismara verilməsi bu ilin üçüncü rübünə planlaşdırılır. Bundan əlavə, üçüncü rübdə cənub manifoldunda da bir quyu quraşdırılıb istismara veriləcək. Ümumilikdə  bu sistemlər bizə DərSG platformasından 3.2 km və 5.2 km arasında bir məsafədə yerləşən üç sualtı qazma mərkəzindən qazılan 13 sualtı quyu vasitəsilə DərSG kollektoruna  gündə təqribən 400,000 barel su vurmağa imkan verəcək.

 

Bu sualtı qurğuların işlənməsi Xəzər dənizində ilk mühüm sualtı işlənmələrdir və gələcəkdə Xəzərdə AÇG, Şahdəniz və digər yataqlarda sualtı işlənmələr üçün yol açır. 

 

Çıraq Neft Layihəsi (ÇNL) 

 

Martın 9-da 6 milyard dollarlıq layihə olan Çıraq Neft Layihəsinin (ÇNL) tikinti işlərinin başlanması üçün sərmayə qoyulmasına qərar verildi. ÇNL işlənməsi mövcud Dərinsulu Günəşli (DərSG) və Çıraq-1 platformaları arasında tikiləcək bir platforma vasitəsilə AÇG yatağından ümumilikdə 360 milyon barel əlavə ehtiyatların çıxarılmasına imkan verəcək. AÇG yatağının işlənməsi tarixində ilk dəfə olaraq ÇNL üçün lazım olan bütün qurğuların hamısı yerli ehtiyatlardan maksimum istifadə olunmaqla ölkə daxilində inşa ediləcək.

 

Hazırda əsas tikinti podratçı müqavilələrinin verilməsi üçün işlər yekunlaşmaq üzrədir. Bu arada bəzi tikinti sahələrində quraşdırma işlərinin başlanmasına hazırlıq məqsədi daşıyan fəaliyyətlər artıq başlanıb. Ötən ilin dekabr ayından Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) quraşdırılmaqda olan öncə qazma üçün dayaq tavası üzrə işlər plana uyğun irəliləyir və hazırda bitmək üzrədir. Həm bərkitmə payaları, həm də quraşdırma payaları artıq hazırdır. Quruda aparılacaq istismar sınaqlarından sonra dayaq tavası və payalar bu ilin üçüncü rübü ərzində dənizdə öz daimi yerində quraşdırılmaq üçün hazır olacaq. 

 

Tikinti-quraşdırma sahələrinin yenidən qurulması ilə bağlı işlərin, həmçinin müvafiq texniki-mühəndis işlərinin başlanması üçün də hazırlıq aparılır. Platformanın dayaq blokunun ölkə daxilində quraşdırılmasına imkan verəcək BDÖZ-də yenidənqurma işlərinin aparılması razılaşdırılıb və bunun üçün lazım olan materiallar o cümlədən poladdan diyircəkli borubükənlər, polad layların doğranması üçün özüllərin təchizatı artıq başlanıb.  Bu materialların tikinti sexlərində  quraşdırılması üçün gətirilməsi bu ilin ikinci rübünə planlaşdırılır. Dayaq bloku və üst modulların quraşdırılacağı sahələrə lazım olan polad layların gətirilməsinin də may ayında başlanacağı gözlənilir. 

 

ÇNL öncə qazma planları:

 

ÇNL öncə qazma proqramına  bu ilin ikinci rübündə İstiqlal qazma qurğusu ilə başlanması planlaşdırılır. İstiqlal bir öncə qazma və bir geotexniki quyu qazacaq. Dayaq tavası dənizdə quraşdırıldıqdan sonra isə Dədə Qorqud Dərinsulu Günəşlidən ÇNL sahəsinə keçiriləcək və bu ilin üçüncü rübündən başlayaraq ikinci və sonrakı öncə qazma quyularını qazacaq.  

 

İlin qalan hissəsi üçün ÇNL-in əsas işləri: 

 

  • Əsas tikinti müqavilələrini elan etmək - 2-ci rüb
  • Dayaq blokunun quraşdırılması müqaviləsini bağlamaq - 2-ci rüb
  • Əsas tikinti müqavilələrini elan etmək - 2-ci rüb
  • Dayaq bloku və üst modullar üçün ilk polad laylarını gətirmək - 2-ci rüb
  • Üst modullar və qazma avadanlığının quraşdırılmasına başlamaq - 3-cü rüb
  • Dənizdə dayaq tavasını və dayaq bloku payalarını quraşdırmaq - 3-cü rüb
  • Dayaq tavası quraşdırıldıqdan sonra öncə-qazmanı davam etdirmək - 3-cü rüb
  • Daşıma və quraşdırma üzrə əsas müqaviləni bağlamaq - 3-cü rüb
  • Sualtı boru kəmərlərinin örtüklənməsi müqaviləsini bağlamaq - 3-cü rüb
  • Boru kəmərlərinin quraşdırılması və dalğıc işləri müqaviləsini bağlamaq - 3-cü rüb
  • Dayaq blokunun quraşdırılmasına başlamaq - 4-cü rüb
  • İlk iri avadanlıq yüklərini Bakıya çatdırmaq - 4-cü rüb

 

AÇG tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 800-dən artıq işçi cəlb olunmuşdur ki, bunların da 95%-dən çoxu yerli Azərbaycan vətəndaşlarıdır.

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.

 

2010-cu ilin birinci rübü ərzində BTC üzrə əsaslı xərclərə $3,5 milyon xərclənmişdir. Bütün il üçün BTC əsaslı xərclərinin $69 milyon  olacağı planlaşdırılır. 


BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.  


2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhanda yüklənməsindən 2010-cu il aprelin sonunadək  BTC vasitəsilə nəql edilmiş təxminən 118.8 milyon ton (887 milyon bareldən artıq) xam neft Ceyhanda 1128 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir.   

 

BTC vasitəsilə bu ilin birinci rübündə təqribən 8.8 milyon ton və ya 65.7 milyon barel neft ixrac olunmuşdur.  


Hazırda BTC boru kəməri Azərbaycandan  AÇG nefti və Şahdəniz kondensatı daşıyır. BTC-nin həmçinin Qazaxıstandakı Tengiz yatağından neft həcmlərini daşımaq haqqında sazişləri də var.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

 

2010-cu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə  $ 42.8  milyon əməliyyat xərcləri və $75 milyon əsaslı xərclər çəkilmişdir.


Bütün il üçün biz Şahdəniz üzrə fəaliyyətlərə  $177,8 milyon əməliyyat xərcləri və  $604,8 milyon əsaslı xərclər qoymağı planlaşdırırıq.


Hasilat


Birinci rüb ərzində yataq dörd quyudan sabit şəkildə Azərbaycandakı, Gürcüstandakı və Türkiyə sərhədindəki satış məntəqələrinə qaz çatdırmaqda davam etmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC Ko-ya  satılmaqda davam edir.


2010-cu ilin birinci rübü ərzində yataq təxminən 2 milyard kub metr (70 milyard kub futdan artıq) qaz və 0,54 milyon ton (təqribən 4,3 milyon barel) kondensat və ya gündəlik orta hesabla təxminən 22 milyon kub metr (təqribən 780 milyon standart kub fut) qaz və 47.500 barel kondensat hasil etmişdir.


Bütün il üçün Şahdəniz hasilat planı 7,6 milyard kub metr (təqribən 269 milyard kub fut) qaz və 2,01 milyon ton (təqribən 16 milyon barel) kondensat təşkil edir.


2006-ci ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2010-cu il birinci rübün sonunadək yataqdan dünya bazarlarına 39,34 milyon barel (təqribən 4,98 milyon ton) kondensat ixrac edilmişdir.


Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat da get-gedə artacaq. Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə 8.6 milyard kub metr qaz və gündə təxminən 45,000 barel kondensat olacağı gözlənilir.


Qazma


2010-cu ilin əvvəlində biz yeni quyular sistemini istismara verdik və fevral ayında  platformadan yeni bir quyunu SDA-06-nı qazmağa başladıq. Bundan başqa biz bu ilin üçüncü rübündə mövcud SDA-04 quyusunda bəzi yoxlama əməliyyatları da aparacağıq.


Şahdəniz mərhələ 2


Şahdəniz işlənməsinin ikinci mərhələsi və bununla bağlı Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrini irəli aparmaq məqsədi ilə mühəndis-layihə və qiymətləndirmə işləri birinci rübdə davam etmişdir və 2010-cu il qalan hissəsində də bu işlər  davam edəcəkdir.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

 

2010-cu ilin birinci rübü ərzində CQBK ilə bağlı fəaliyyətlərə $3,2 milyon əsaslı xərclər sərf edilmişdir. Bütün il üçün biz CQBK üzrə əsaslı xərclərin $12,7 milyon olacağını planlaşdırırıq.


Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.

 
Birinci rübdə CQBK-nıin orta ötürücülük gücü gündə təxminən 15,35 milyon kub metr (təxminən 542 milyon kub fut) qaz və ya gündə 97,000 bareldən artıq neft ekvivalenti olmuşdur.   


CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin  tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes inkişafı və idarəetmə üzrə məsul  kommersiya operatorudur.

2009-cu ilin iyul ayının 13-də BP və ARDNŞ Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə kəşfiyyatı və işlənməsi üzrə anlaşma memorandumu imzaladı. Dərinliyi təxminən 650-800 metr olan dərinsulu hissədə yerləşən, kollektorunun dərinliyi təxminən 7000 metr olan bu iki struktur təqribən 1100 kvadrat kilometr ərazini əhatə edir və əvvəllər orada heç bir geoloji-kəşfiyyat işləri aparılmamışdır. Bu memorandum BP-yə müstəsna hüquq verir ki, həmin iki strukturun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparsın.

2010-cu ilin birinci rübünün sonunda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 1993 nəfər olub.  Şirkətin ixtisaslı daimi işçilərinin 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir.


2010-cu ilin qalan hissəsində biz işçi heyətimizin milliləşdirilməsi proqramını diqqətdə saxlamaqla  texniki ixtisaslar üzrə yerli mütəxəssislərin işə qəbulu və yerli menecerlərin inkişafı səylərimizi davam etdirəcəyik. Bu il biz neft və qaz əməliyyatlarımızı aparmaq üçün əlavə 120 texniki ixtisaslı işçilər və 50 yerli azərbaycanlı çalencerlər işə götürməyi planlaşdırırıq. Bu məqsədə uyğun olaraq Səngəçal terminalında yerləşən texniki təlim mərkəzimizdə və digər vasitələrlə  geniş təlim proqramlarımızı davam etdirəcəyik.

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq və yerli icmaların dəstəyini qazanmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı  davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın  təmin edilməsi  və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

   

2010-cu ilin birinci rübündə BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $1,36 milyon xərcləmişlər.    

 

Azərbaycanın iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədi ilə BP və onun tərəfdaşları  yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər.

 

Bu qəbildən olan təşəbbüslərin ən son nümunələri bunlardır:

 

  • BP və tərəfdaşlarının bu yaxınlarda Ucar rayonunun Qaradağlı icmasında kənd təsərrüfatı sektorunu gücləndirmək vasitəsilə iqtisadi inkişafı artırmaq üçün yeni qrantı;
  • “İcma mikro-layihələrinin idarə olunması” çərçivəsində altı icma infrastrukturu layihəsinin birinci rüb ərzində başa çatdırılması. Bunlara kənd yollarının bərpası və kəndlərdə içməli su sistemlərinin tikilməsi daxildir.
  • BP və onun BTC/CQBK layihələrindəki tərəfdaşlarının mədəni irs üzrə bacarıq və səriştələrin yaradılmasına dəstəyi. Bunun üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, Azərbaycan Arxeologiya İnstitutunun və Gürcüstan Milli Muzeyinin 43 nəfərə yaxın əməkdaşına təlim keçilmişdir.
  • BP və tərəfdaşlarının BTC və CQBK boyunca yerləşən Şəmkir, Samuğ, Ağstafa, Tovuz və Goranboy rayonlarının 10 icmasında gənclərin inkişafını dəstəkləmək məqsədilə ayırdıqları qrant;
  • BP və tərəfdaşlarının neft və qaz xidməti şirkətlərini inkişaf etdirmək məqsədilə 2007-ci ildə başladığı “Sahibkarlığın inkişafı və təlim proqramı”nın həyata keçirilməsi üçün yerli biznes xidməti göstərən şirkət olan AZERMS MMC-yə verdikləri irimiqyaslı qrant. Bunadək proqramı beynəlxalq şirkət həyata keçirirdi;
  • BP şirkətinin Qafqaz Universitetində bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı verən dəstəyi;
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc nəslin nümayəndələrinin geologiya, yerşünaslıq, geofizika və texnologiyalar kimi elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədini daşıyır;
  • BP-nin Hacı Zeynalabdin Tağıyev haqqında fundamental bir tədqiqatın nəşrinə dəstəyi.

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: +994 (0) 12 599 45 57