2010-cu il ərzində AÇG layihəsinə $426 milyon əməliyyat məsrəfləri və $1 milyard 648 milyon əsaslı məsrəflər xərclənmişdir.
Hasilat
2010-cu il ərzində biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından ümumilikdə gündə orta hesabla 823,100 barel (b/g) (bütün il üçün 300,4 milyon barel və yaxud 40.6 milyon ton) neft hasil etmişik.
2010-cu ilin sonunda
Çıraqda 15 quyu istismarda olub (10 hasilat və 5 suvurma quyusu) və il ərzində oradan orta hesabla gündə təxminən 93,200 barel neft hasil edilmişdir.
Mərkəzi Azəridə (MA) 17 quyu istismarda idi (12 hasilat və 5 qaz injektor quyusu) və il ərzində oradan gündə orta hesabla 205,300 barel hasilat əldə edilmişdir.
Qərbi Azəridə (QA) 20 quyu istismarda idi (15 hasilat və 5 suvurma quyusu) və oradan gündəlik orta hesabla təxminən 248,200 barel hasilat əldə edilmişdir.
Şərqi Azəridə (ŞA) 13 quyu istismarda idi (9 hasilat və 4 suvurma quyusu) və 2010-cu il ərzində oradan gündəlik orta hesabla təxminən 140,700 barel hasilat əldə edilmişdir.
Dərinsulu Günəşlidə (DərSG) 23 quyu istismarda idi (12 hasilat və 11 suvurma quyusu) və 2010-cu il ərzində oradan gündəlik orta hesabla təxminən 135,600 barel hasilat əldə edilmişdir.
Səmt qazı
AÇG yatağının operatoru olaraq BP 2010-cu il ərzində üç platformadan (MA, QA və ŞA platformalarından) səmt qazının 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir.
AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir.
2010-cu il ərzində biz ARDNŞ-yə gündə təxminən 9,4 milyon kub metr (təxminən 332 milyon standart kub fut) AÇG səmt qazı vermişik. Ümumilikdə 2010-cu il ərzində ARDNŞ-yə 3.4 milyard kub metr (təxminən 121.2 milyard standart kub fut) AÇG səmt qazı təhvil verilmişdir. Bu isə bütün il üçün ilkin planlaşdırılmış 1.9 milyard kub metrdən çoxdur.
Qazma və tamamlama fəaliyyətləri
Çıraq: Bu ilin mart ayında biz A-08x hasilat quyusunu tamamladıq. Bundan sonra isə aprel ayında A-22 hasilat quyusunu qazmağa başladıq, onu 16”-lük qoruyucu boruyadək qazdıq və sonra bu quyuda qazma işlərini dayandırdıq ki, ondan əvvəl A-07y yanaqazma hasilat quyusunda müvəqqəti olaraq dayandırdığımız qazmanı davam etdirək. Bu quyu oktyabr ayında istismara verildi. Noyabr ayında Çıraq platformasındakı qazma qurğusunda profilaktik işlərə başlanıb və bu işlərin 2011-ci ilin dördüncü rübündə başa çatdırılması planlaşdırılır.
Mərkəzi Azəri: Apreldə MA-da yeni quyuların qazılması işləri başladıqdan sonra biz 2010-cu ilin ikinci rübündə B-10y yana qazma hasilat quyusunu tamamladıq. Sonra iyul ayında B-22z quyusunu qazmağa başladıq və oktyabr ayında bu quyunu tamamladıq. Sonra MA-da qazma qurğusunda profilaktik işlər aparılmağa başlandı və bu işlər 2011-ci ilin yanvar ayınadək davam etdi. 2011-ci il üçün plan iki hasilat quyusu - birinci rübdə B-04z, üçüncü rübdə isə B-18y və dördüncü rübdə bir qaz injektor quyusu - B-01y qazmaqdır.
Qərbi Azəri: İlin əvvəlində C-19 hasilat quyusunu tamamladıq və qazma qurğusu üzərində bəzi təmir işləri apardıq. Avqust və oktyabr aylarında müvafiq olaraq C-24 hasilat quyusunu və C-23 suvurma quyusunu tamamladıq. Sonra isə qazma qurğusunda planlaşdırılmış profilaktik işlər apardıq və C-25z hasilat quyusunun qazılmasına başladıq. Bu quyuda qazma hələ də davam edir və 2011-ci ilin birinci rübündə başa çatması planlaşdırılır. Biz həmçinin 2011-ci ilin üçüncü rübündə daha bir hasilat quyusu – C-15z-i təhvil verməyi planlaşdırırıq.
Şərqi Azəri: İlin əvvəllərində D-17z suvurma quyusunda qazma və tamamlama əməliyyatlarını başa vurduq. Sonra D-18 hasilat quyusunu qazdıq və bu quyunu avqust ayında tamamladıq. 2010-cu ilin sentyabr ayında D-19 hasilat quyusunu qazmağa başladıq. Planlaşdırdığımız kimi bu quyu 2011-ci ilin yanvar ayında tamamlandı. 2011-ci ilin qalan hissəsi üçün plan daha bir hasilat quyusu – D-20-ni qazmaqdır.
Dərinsulu Günəşli: İlin əvvəlində E-13 hasilat quyusunu tamamladıq. İkinci rübdə E-14 hasilat quyusunu qazdıq və tamamladıq. Daha sonra E-04z yanaqazma hasilat quyusunu kollektora qədər qazdıq və oktyabr ayında onu müvəqqəti olaraq bağladıq. Hazırda biz E-15 hasilat quyusunu qazırıq və onu 2011-cu ilin ikinci rübündə tamamlamağı planlaşdırırıq. İlin qalan hissəsində isə növbəti quyu - E-16-nı qazacağıq.
Əlavə olaraq, 2010-cu il ərzində “Dədə Qorqud” və “İstiqlal” qazma qurğuları vasitəsilə Dərinsulu Günəşli sualtı suvurma qazması proqramı çərçivəsində qazma və tamamlama əməliyyatları da davam etmişdir. İlin birinci yarısı ərzində biz H-03 və F-06 suvurma quyularını qazıb tamamladıq. Bununla sualtı suvurma qazma əməliyyatlarını başa vuraraq ilin oktyabr ayından G-04 quyusu vasitəsilə suvurma əməliyyatlarına başladıq.
Çıraq Neft Layihəsi (ÇNL) öncə qazma işləri: ÇNL öncə qazma proqramı ilin aprel ayında “İstiqlal” vasitəsilə J-01 quyusunu qazmaqla başladı. Dayaq tavası dənizdə quraşdırılandan sonra öncə qazma əməliyyatları “Dədə Qorqud” vasitəsilə davam etdirildi. “Dədə Qorqud” ilk ÇNL öncə qazma quyusu olan J-01 və J-01z geotexniki və yanaqazma quyusunu tamamladıqdan sonra dördüncü rüb ərzində 16 quyudan ibarət ÇNL öncə qazma proqramı çərçivəsində ikinci və üçüncü quyular olan J-02 və J-03-ü qazmağa başladı. Bu quyular 13-3/8” ölçülü qoruyucu boruyadək qazılaraq müvafiq olaraq noyabr ayında və 2011-ci ilin yanvarında gələcək hasilat üçün müvəqqəti bağlandı. 2011-ci ilin qalan hissəsində biz daha dörd quyuda həmin əməliyyatı aparacağıq - birinci rübdə J-10, ikinci rübdə J-09, üçüncü rübdə J-04 və dördüncü rübdə J-05.
Şahdəniz qazma əməliyyatları: Ötən ilin fevral ayında platformadan SDA-06 hasilat quyusunu qazmağa başladıq. Bundan başqa üçüncü rübdə mövcud SDA-04 quyusunda bəzi yoxlama əməliyyatları da apardıq. SDA-06 quyusunda qazma işlərinin 2011-ci ilin ikinci rübündə başa çatması planlaşdırılır. 2011-ci ildə biz həmçinin daha bir hasilat quyusu – SDA-03z-i qazmağı planlaşdırırıq.
Şahdənizin tammiqyaslı işlənməsi üçün qiymətləndirmə qazma əməliyyatları: Şahdənizin tammiqyaslı işlənməsi planlarını dəstəkləmək məqsədilə qiymətləndirmə qazma əməliyyatları davam etmişdir. Bu əməliyyatların bir hissəsi olaraq hazırda “İstiqlal” qazma qurğusu SDX-06 qiymətləndirmə quyusunu qazır. Bu quyunu 2010-cu ilin iyul ayında qazmağa başlamışıq. Quyunun ümumi dərinliyi plan üzrə 6272 metr olacaq. SDX-06 quyusu yatağın şimal hissəsində yerləşir. Quyuda qazma işlərinin 2011-ci ilin birinci rübündə başa çatacağı planlaşdırılır. “İstiqlal” qazma qurğusu sonra yataqda növbəti qiymətləndirmə qazma əməliyyatlarına keçəcək.
İxrac əməliyyatları
AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1.2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25.5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39.5 milyon kub metrdir) təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur.
2010-cu il ərzində terminal təxminən 324.4 milyon barel neft (o cümlədən 285.65 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 29.6 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 9.3 milyon barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. Bundan əlavə, il ərzində terminaldan gündəlik orta hesabla 18.7 milyon standart kub metr (təxminən 659 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir.
Çıraq Neft Layihəsi (ÇNL)
2010-cu il ərzində, həmçinin 2011-ilin birinci iki ayı ərzində ÇNL üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam etmişdir.
2010-cu ilin mart ayında layihəyə sanksiya verilməsindən indiyədək ÇNL çox yaxşı irəliləyib. Layihənin tikinti və dəniz işləri üzrə 11 əsas müqaviləsinin hamısı artıq verilib.
İyul ayında layihə üzrə aşağıda göstərilən işlər üçün altı əsas müqavilənin verildiyi elan olundu:
Bundan sonra noyabr ayında ÇNL üzrə aşağıdakı daha iki müqavilə verildi:
2010-cu ilin dekabr və 2011-ci ilin yanvar ayları arasında isə dəniz işləri üzrə qalan üç müqavilə verildi. Bunlar aşağıdakılardır:
Bu müqavilələrin verilməsi Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq barədə ABƏŞ-in öhdəliyini əks etdirir. ÇNL layihəsinin tikinti işlərinə 9 milyon adam-iş saatı sərf olunacaq ki, bu işlərin də 90%-i Azərbaycanda yerinə yetiriləcək və onun da 80%-i Azərbaycanın yerli işçi qüvvəsi tərəfindən həyata keçiriləcək. Bundan əlavə, müqavilələri udmuş şirkətlərə yerli subpodratçılardan maksimum istifadə etmək tövsiyə olunur və bunun nəticəsində də ÇNL üzrə ümumi xərclərin 30%-dən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir.
Bu günədək ÇNL üzrə əldə olunan digər mühüm nailiyyətlərə aşağıdakılar daxildir:
2010-cu il ərzində BTC üzrə əsaslı xərclərə $34,3 milyon xərclənmişdir.
BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir.
2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2011-ci il fevral ayının sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 151,2 milyon ton (təxminən 1129 milyon barel) xam neft Ceyhanda 1447 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir.
İyulun 21-də BTC 1.057 milyon barel xam neft nəql etməklə özünün indiyədək ən yüksək gündəlik ötürmə gücünə nail olmuşdur.
BTC vasitəsilə 2010-cu il ərzində təqribən 38 milyon ton və ya 286 milyon barel neft ixrac olunmuşdur.
Hazırda BTC boru kəməri Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. 2010-cu ilin iyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.
2010-cu il ərzində Şahdəniz üzrə fəaliyyətlərə $ 170,4 milyon əməliyyat xərcləri və $389,6 milyon əsaslı xərclər çəkilmişdir.
Hasilat
2010-cu il ərzində yataq dörd quyudan sabit şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına qaz çatdırmaqda davam etmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir.
İl ərzində yataq təqribən 6,9 milyard kub metr (243,4 milyard kub futdan artıq) qaz və 1,9 milyon ton (təqribən 14,7 milyon barel) kondensat və ya gündəlik təqribən 19 milyon kub metr (670 milyon standart kub fut) qaz və 40 200 barel kondensat hasil etmişdir.
2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2010-cu ilin sonunadək yataqdan dünya bazarlarına təqribən 49,7 milyon barel (təqribən 6,3 milyon ton) kondensat ixrac edilmişdir.
Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat da get-gedə artacaq. Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə təqribən 9 milyard kub metr qaz və gündə təxminən 50,000 barel kondensat olacağı gözlənilir.
Şahdənizin tammiqyaslı işlənməsi
Şahdənizin tammiqyaslı işlənməsi yeni cənub qaz dəhlizi açmaqla Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdırmaq məqsədi daşıyan nəhəng bir layihədir. Bu layihənin Mərhələ 1-dən hazırda hasil olunan ildə 8 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi nəzərdə tutulur. Şahdənizin tammiqyaslı işlənməsi hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biridir və yeni cənub dəhlizi isə Avropa qaz idxalının təhlükəsizliyi və çoxşaxəliliyini əsaslı şəkildə artıracaq.
Şahdənizin tammiqyaslı işlənməsi konsepsiyasına dənizdə emal gücü ildə 16 milyard kub metr qaz olan və körpü ilə birləşdirilmiş iki yeni platforma, 2 yarımdalma qazma qurğusundan qazılacaq 30-dək sualtı quyu, suyun 550 metrədək dərinliyində 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi və Səngəçal terminalının genişləndirilməsi daxildir. Bundan başqa, Cənubi Qafqaz Boru Kəməri (CQBK) ildə 16 milyard kub metr əlavə qaz daşımaq üçün 400 kilometr uzunluğunda yeni xətt və Gürcüstanda iki yeni kompressor stansiyası vasitəsilə genişləndiriləcək. İlk qazın 2017-ci ildə əldə ediləcəyi planlaşdırılır.
Şahdənizin tammiqyaslı işlənməsi və bununla bağlı Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrini irəli aparmaq məqsədilə mühəndis-layihə işləri 2010-cu ildə davam etmişdir. Layihənin növbəti mərhələyə irəliləməsi üçün bu işlər 2011-ci ilin birinci yarısında da davam edəcək.
Davam etməkdə olan mühəndis-layihə işləri ilə yanaşı, Şahdəniz kollektoru haqda bilgiləri daha da dərinləşdirmək məqsədilə dənizdə qiymətləndirmə qazma əməliyyatları aparılır. Bu əməliyyatların bir hissəsi olaraq SDX-06 quyusu “İstiqlal” qurğusu vasitəsilə uğurla qazılmışdır. Bu quyu tamamlandıqdan sonra qazma qurğusu yataqda növbəti qiymətləndirmə işlərinə keçəcək.
2010-cu ildə layihənin irəliləyişi Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında bu ilin iyun ayında İstanbulda imzalanmış Anlaşma Memorandumu ilə daha da sürətlənmişdir. Bu, Azərbaycan qazının Türkiyəyə satışını və Türkiyə ərazisi ilə Avropa bazarlarına nəql edilməsi üçün tranzit şərtlərini müəyyənləşdirən çərçivə sənədidir. 2010-cu ilin dekabr ayında ARDNŞ və Şahdəniz tərəfdaşları hasilatın pay bölgüsü sazişinin 2031-ci ildən 2036-cı ilədək beş illik uzadılması sənədini imzaladılar. Bu razılaşma Şahdənizin uzun müddətli qaz satışı sazişlərini təmin etməsinə imkan yaradır. Bu iki sənəd Şahdəniz tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına doğru bütün tələb olunan addımları başa çatdırmaq yolunda mühüm irəliləyişdir.
Qazın Türkiyə üzərindən Avropa bazarlarına nəqli üçün ya Türkiyənin mövcud infrastrukturundan, ya da yeni boru kəməri infrastrukturundan istifadə ediləcək. Layihə hazırda bütün mövcud variantları qiymətləndirmək və bütün əsas maraqlı tərəflərin ehtiyaclarına ən yaxşı cavab verəcək marşrutu müəyyənləşdirmək üzərində işləyir. Türkiyə və Avropanın alıcıları ilə qaz satışı danışıqlarını aparmaq məqsədilə BP, Statoyl, ARDNŞ və Total şirkətlərinin nümayəndələrindən ibarət ixrac danışıqları qrupu yaradılmışdır.
2010-cu il ərzində CQBK ilə bağlı fəaliyyətlərə $10 milyon əsaslı xərclər sərf edilmişdir.
Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.
İl ərzində CQBK-nıin orta ötürücülük gücü gündə 14 milyon kub metr ( təqribən 490 milyon kub fut) qaz və ya gündə təqribən 87,000 barel neft ekvivalenti olmuşdur.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur
Oktyabrın 7-də BP və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında yeni bir hasilatın pay bölgüsü sazişi (HPBS) imzaladılar. Bununla da BP ilə ARDNŞ arasında yeni bir dəniz blokunun geoloji-kəşfiyyatı və işlənməsində ikitərəfli əməkdaşlığın təməli qoyuldu.
Bundan öncə Şəfəq-Asiman dəniz bloku üzrə HPBS-nin əsas kommersiya prinsiplərini müəyyən edən “Sazişin Əsas Prinsipləri“ adlı sənəd razılaşdırılmış və imzalanmışdı. HPBS-yə əsasən BP şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və ARDNŞ isə qalan 50% paya malikdir.
Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.
2010-cu ilin sonunda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2179 nəfər olub. Şirkətin ixtisaslı daimi işçilərinin 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. Yerli kadrların BP-də yaradılmış imkanlar vasitəsilə öz ixtisaslarını artırmasına misal olaraq 2010-cu ildə tədarük və təchizat şöbəsinin altı mütəxəssisinin ABŞ-ın Arizona Universitetinin MBA proqramını uğurla başa vurmasını göstərmək olar. Onların bu proqramdan qazandıqları bilik təkcə BP-nin regiondakı biznesinin idarə olunmasına deyil, həm də Azərbaycanın yerli kadrlarının inkişafına sanballı bir töhfədir.
2010-cu ildə biz işçi heyətimizin milliləşdirilməsi proqramını diqqətdə saxlamaqla texniki ixtisaslar üzrə yerli mütəxəssislərin işə qəbulu və yerli menecerlərin inkişafı səylərimizi davam etdirmişik. 2010-cu ildə BP 92 texniki ixtisaslı işçi və 38 yerli azərbaycanlı çalencer işə götürüb
Mühüm davamlı inkişaf təşəbbüsləri Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2010-cu il ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $4,77 milyon xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər.
Bu qəbildən olan təşəbbüslərin ən son nümunələri bunlardır:
Telefon: +994 (0) 12 599 45 57