1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2010-cu ilin üçüncü rübünün nəticələri

2010-cu ilin üçüncü rübünün nəticələri

Tarix:
30 Noyabr 2010

AÇG-də iştirak payları: BP (operator – 37,4%), Şevron (11,3%), ARDNŞ (10%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,7%), İTOÇU (4,3%), Hess (2,7%).

 

2010-cu ilin birinci üç rübü ərzində AÇG layihəsinə $270 milyon əməliyyat məsrəfləri və $1 milyard 149 milyon əsaslı məsrəflər xərclənmişdir. 


Bütün il üçün isə AÇG fəaliyyətləri üzrə əməliyyat məsrəflərinin $587 milyon və əsaslı məsrəflərin $1 milyard 584 milyon olacağı planlaşdırılır. 


Hasilat 


2010-cu ilin birinci üç rübü ərzində biz Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından ümumilikdə gündə orta hesabla 835,100 barel (b/g) (və yaxud doqquz ay üçün ümumilikdə 228 milyon barel və ya 30,8 milyon ton) neft hasil etmişik. 


Bütün il üçün plan beş platformadan ümumilikdə gündə orta hesabla 854,000 barel (b/g) (bütün il üçün 42.1 milyon ton) neft hasil etməkdir. Platformalar üzrə bu hasilatın gündəlik orta hesabla 90,900 b/g-nü Çıraq, 184,200 b/g-nü Mərkəzi Azəri, 285,700 b/g-nü Qərbi Azəri, 158,100 b/g-nü Şərqi Azəri və 135,100 b/g-nü Dərinsulu Günəşli platformasının payına düşür. 


Birinci üç rüb ərzində:


Çıraqda 21 quyu istismarda idi (15 hasilat və 6 suvurma quyusu) və oradan orta hesabla gündə təxminən 98,000 barel neft hasil edilmişdir. 


Mərkəzi Azəridə (MA) 18 quyu istismarda idi (13 hasilat və 5 qaz injektor quyusu) və oradan gündə orta hesabla 206,600 barel hasilat əldə edilmişdir. 


Qərbi Azəridə (QA) 21 quyu istismarda idi (15 hasilat və 6 suvurma quyusu) və oradan gündəlik orta hesabla təxminən 252,800 barel hasilat əldə edilmişdir. 


Şərqi Azəridə (ŞA) 15 quyu istismarda idi (10 hasilat və 5 suvurma quyusu) və oradan gündəlik orta hesabla təxminən 143,500 barel hasilat əldə edilmişdir. 

 

Dərinsulu Günəşlidə (DərSG) 22 quyu istismarda idi (11 hasilat və 11 suvurma quyusu) oradan gündəlik orta hesabla təxminən 134,100 barel hasilat əldə edilmişdir. 


Səmt qazı 


AÇG yatağının operatoru olaraq BP 2010-cu ilin ilk üç rübündə üç platformadan (MA, QA və ŞA platformalarından) səmt qazının 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. 


AÇG platformalarından hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə MA-dakı kompressor və suvurma platformasına (KSVP) göndərilmişdir. Hal-hazırda Mərkəzi Azəridə beş quyudan laya qaz vurma əməliyyatları davam edir. 


2010-cu ilin birinci üç rübü ərzində biz ARDNŞ-yə gündə təxminən 9,3 milyon kub metr (təxminən 328,5 milyon standart kub fut) AÇG səmt qazı vermişik. Ümumilikdə birinci üç rüb ərzində ARDNŞ-yə 2,5 milyard kub metr (təxminən 89,7 milyard standart kub fut) AÇG səmt qazı təhvil verilmişdir. Bu isə artıq bütün il üçün ilkin planlaşdırılmış1.9 milyard kub metrdən çoxdur. 


Qazma 


Çıraq: Bu ilin mart ayında biz A-08x hasilat quyusunu tamamladıq. Bundan sonra isə aprel ayında A-22 hasilat quyusunu qazmağa başladıq, onu 16”-lik qoruyucu boruyadək qazdıq və sonra bu quyuda qazma işlərini dayandırdıq ki, ondan əvvəl A-07y yanaqazma hasilat quyusunda müvəqqəti olaraq dayandırdığımız qazmanı davam etdirək. Bu quyu oktyabr ayında istismara verildi. 2010-cu il üçün qalan planımız A-22 hasilat quyusunda qazmanı yenidən bərpa etməkdir. 


Mərkəzi Azəri: MA-da bərpa əməliyyatları bu ilin mart ayında başa çatdıqdan sonra aprelin 7-dən başlayaraq yeni quyuların qazılması işləri bərpa olundu. İkinci rüb ərzində biz B-10y yana qazma hasilat quyusunu tamamladıq. Sonra iyul ayında B-22z quyusunu qazmağa başladıq və oktyabr ayında bu quyunu tamamladıq. İlin qalan hissəsində MA-də qazma işlərini davam etdirəcəyik. 


Qərbi Azəri: Bu ilin əvvəlində C-19 hasilat quyusunu tamamladıq və qazma qurğusu üzərində bəzi təmir işləri apardıq. Avqust və oktyabr aylarında müvafiq olaraq C-24 hasilat quyusunu və C-23 suvurma quyusunu tamamladıq. İlin qalan hissəsi üçün planlarımıza qazma qurğusunda profilaktik işlər aparmaq və dekabr ayında C-25 hasilat quyusunu qazmağa başlamaq daxildir. 


Şərqi Azəri: İlin əvvəllərində D-17z suvurma quyusunda qazma və tamamlama əməliyyatlarını başa vurduq. Sonra D-18 hasilat quyusunu qazdıq və bu quyunu avqust ayında tamamladıq. 2010-cu ilin qalan hissəsi üçün planımız D-19 hasilat quyusunu qazmaqdır. Bu quyunu 2011-ci ilin əvvəllərində tamamlayacağıq.

 
Dərinsulu Günəşli: Birinci rüb ərzində E-13 hasilat quyusunu tamamladıq. İkinci rübdə E-14 hasilat quyusunu qazdıq və tamamladıq. Daha sonra E-04z yanaqazma hasilat quyusunu kollektora qədər qazdıq və oktyabr ayında onu müvəqqəti olaraq bağladıq. Hazırda biz E-15 hasilat quyusunu qazırıq və onu 2011-cu ilin birinci rübündə tamamlamağı planlaşdırırıq. 


Əlavə olaraq, bu il ərzində “Dədə Qorqud” və “İstiqlal” qazma qurğuları vasitəsilə Dərinsulu Günəşli sualtı suvurma qazması proqramı çərçivəsində qazma və tamamlama əməliyyatları da davam etmişdir. Birinci yarım il ərzində biz H-03 və F-06 suvurma quyularını qazıb tamamladıq. Bunula sualtı suvurma qazma əməliyyatlarını başa vuraraq bu ilin oktyabr ayından G-04 quyusu vasitəsilə suvurma əməliyyatlarına başladıq. 


Çıraq Neft Layihəsi (ÇNL) öncə qazma işləri: ÇNL öncə qazma proqramı bu ilin aprel ayında “İstiqlal” vasitəsilə J-01 quyusunu qazmaqla başladı. Dayaq tavası dənizdə quraşdırılandan sonra öncə qazma əməliyyatları “Dədə Qorqud” vasitəsilə davam etdirildi. “Dədə Qorqud” artıq ilk ÇNL öncə qazma quyusu olan J-01 və J-01z geotexniki və yanaqazma quyusunu tamamlayıb və hazırda 16 quyudan ibarət ÇNL öncə qazma proqramı çərçivəsində ikinci quyunu qazır. 


Şahdəniz qazma əməliyyatları: Bu ilin fevral ayında platformadan SDA-06 quyusunu qazmağa başladıq. Bundan başqa üçüncü rübdə mövcud SDA-04 quyusunda bəzi yoxlama əməliyyatları da apardıq. Dördüncü rüb üçün qalan planlar SDA-06 quyusunda qazmanı davam etdirməkdir. Bu quyu 2011-ci ildə tamamlanacaq. 


Şahdənizin tammiqyaslı işlənməsi üçün qiymətləndirmə qazma əməliyyatları: Şahdənizin tammiqyaslı işlənməsi planlarını dəstəkləmək məqsədilə qiymətləndirmə qazma əməliyyatları davam etmişdir. Bu əməliyyatların bir hissəsi olaraq hazırda “İstiqlal” qazma qurğusu SDX-06 qiymətləndirmə quyusunu qazır. Bu quyunu iyul ayında qazmağa başlamışıq. Quyunun ümumi dırinliyi plan üzrə 6272 metr olacaq. SDX-06 quyusu yatağın şimal hissəsində yerləşir. Quyuda qazma işlərinin 2011-ci ildə başa çatacağı planlaşdırılır. 


İxrac əməliyyatları

 

 

AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 

 

Terminalın texniki emal sistemlərinin ümumi gücü hazırda gündə 1.2 milyon barel neft və Şahdəniz qazı üçün gündəlik 25.5 milyon kub metr qaz (ümumi qaz emalı gücü isə gündəlik təqribən 39.5 milyon kub metrdir) təşkil edir. 


Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 


2010-cu ilin birinci üç rübü ərzində terminal təxminən 244 milyon barel neft (o cümlədən 213.5 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, təxminən 23 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) və 7.5 milyon barel dəmir yolu vasitəsilə) ixrac etmişdir. Bundan əlavə, birinci üç rüb ərzində terminaldan gündəlik orta hesabla 19.3 milyon kub metr (683 milyon standart kub fut) Şahdəniz qazı ixrac edilmişdir. 


Çıraq Neft Layihəsi (ÇNL)


2010-cu ilin birinci üç rübü ərzində ÇNL üzrə tikinti fəaliyyətləri qrafik və plana uyğun olaraq davam etmişdir. 


2010-cu ilin mart ayında layihəyə sanksiya verilməsindən indiyədək ÇNL çox yaxşı irəliləyib. Layihənin 10 əsas müqaviləsindən səkkizi artıq verilib. Dəniz işləri ilə bağlı olan qalan iki müqavilə dekabr ayının sonunadək tamamlanıb veriləcək. 

 

İyul ayında layihə üzrə aşağıda göstərilən işlər üçün altı əsas müqavilənin verildiyi elan olundu: 

  • platformanın dayaq blokunun, sualtı dayaq tavasının və bununla bağlı olan bərkitmə payaları, həmçinin Dərinsulu Günəşlidəki mövcud texnoloji emal, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə dikborunun dayaq çərçivəsinin quraşdırılması;
  • platformanın birləşmiş göyərtəsinin (üst modulların) o cümlədən qazma obyektlərinin quraşdırılması, yığılması, nizamlanması və istismar sınaqları;
  • dayaq tavasının daşınması və dənizdə quraşdırılması;
  • platformanın yaşayış blokunun mühəndis-layihə, tədarük və tikinti işləri;
  • dəniz obyektlərinin mühəndis-layihə işləri;
  • platformanın qazma modullarının mühəndis-layihə işləri.


Bundan sonra noyabr ayında ÇNL üzrə aşağıdakı daha iki müqavilə verildi: 

  • Dərinsulu Günəşlidəki mövcud hasilat, qaz kompressoru, suvurma və texnoloji təchizat platformasının üstündəki boş saxlanmış yerdə ÇNL üçün tələb olunan quraşdırma, montaj və nizamlama, həmçinin istismar sınaqları üçün müqavilə AMEC-Tekfen-Azfen (ATA) konsorsiumuna verildi;
  • dayaq blokunun və üst modulların dənizə daşınması və quraşdırılması üzrə müqavilə Saipem şirkətinə verildi.


Əsas 10 müqavilənin qalan 2-si isə dördüncü rüb (dekabr ayı) ərzində veriləcək. Bunlar aşağıdakılardır:

  • boru kəmərinin örtüklənməsi üçün müqavilə;
  • sualtı boru kəmərlərinin inşası və dalğıc işləri üçün müqavilə.


Bu müqavilələrin verilməsi Azərbaycanın yerli ehtiyatlarından istifadəni optimallaşdırmaq barədə ABƏŞ-in öhdəlyini əks etdirir. ÇNL layihəsinin tikinti işlərinə 9 milyon adam-iş saatı sərf olunacaq ki, bu işlərin də 90%-i Azərbaycanda yerinə yetiriləcək və onun da 80%-i Azərbaycanın yerli işçi qüvvəsi tərəfindən həyata keçiriləcək. Bundan əlavə, müqavilələri udmuş şirkətlərə yerli subpodratçılardan maksimum istifadə etmək tövsiyə olunur və bunun nəticəsində də ÇNL üzrə ümumi xərclərin 30%-dən çox hissəsinin Azərbaycanda sərf ediləcəyi gözlənilir. 


Bu günədək layihə üzrə əldə olunan digər mühüm nailiyyətlərə aşağıdakılar daxildir: 

  • 21 iyun 2010-cu ildə 20 qazma kəsiyi və 4 istiqamətləndirici payası olan 218-tonluq öncə qazma tavası tam təhlükəsiz şəkildə dənizin dibində quraşdırıldı. Bu qazma tavası layihə infrastrukturunun mühüm komponentlərindən biridir və 2012-ci ildə platformanın dayaq blokunun quraşdırılmasından əvvəl həyata keçiriləcək geniş öncə qazma proqramı üçün özülü təmin edəcək;
  • 15 “topset” quyusu və bir şlamların yenidən laya vurulması quyusu (cəmi 16 quyu) daxil olan ÇNL öncəqazma proqramına 2010-cu ilin aprel ayında başlandı. İlk ÇNL öncə qazma quyusu olan J-01 və J-01z geotexniki və yanaqazma quyusu sentyabrda tamamlandı və hazırda öncə qazma proqramı çərçivəsində ikinci quyu qazılır;
  • Üst modullar və qazma qurğusunun tikintisinə iyul ayında başlandı;
  • 18 000 ton çəkisi olan dayaq blokunun tikintisinə Bakı Dərin Özüllər Zavodunun sahəsində noyabr ayında başlandı;
  • İlk iri avadanlıq komplektləri (quyu sementləyən aqreqat və yüksək təzyiqli qazma məhlulu nasosları) ATA üst modulların tikintisi sahəsinə gətirilib və ÇNL platformasının çəkisi 18 000 ton planlaşdırılan üst modullarının tikitisi ATA quraşdırma sahəsində davam edir.

AÇG tikinti işlərinə hazırda podratçı şirkətlər vasitəsilə 1400-dən artıq işçi cəlb olunub ki, bunların da 95%-dən çoxu yerli Azərbaycan vətəndaşlarıdır.

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İtoçu (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və Hess (2,36%) şirkətləridir.

 

2010-cu ilin birinci üç rübü ərzində BTC üzrə əsaslı xərclərə $20,1 milyon xərclənmişdir. 


BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 


2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhanda yüklənməsindən 2010-cu il noyabr ayının sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 142.4 milyon ton (təxminən 1,063 milyon barel) xam neft Ceyhanda 1354 tankerə yüklənilmiş və dünya bazarlarına göndərilmişdir. 


İyulun 21-də BTC 1.057 milyon barel xam neft nəql etməklə özünün indiyədək ən yüksək gündəlik ötürmə gücünə nail olmuşdur. 


BTC vasitəsilə bu ilin birinci üç rübü ərzində təqribən 28,6 milyon ton və ya 213,5 milyon barel neft ixrac olunmuşdur. 


Hazırda BTC boru kəməri Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. İyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. BTC-nin həmçinin Qazaxıstandakı Tengiz yatağından neft həcmlərini daşımaq haqqında sazişləri də var.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

 

2010-cu ilin birinci üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə $ 121 milyon əməliyyat xərcləri və $251,1 milyon əsaslı xərclər çəkilmişdir. 


Bütün il üçün biz Şahdəniz üzrə fəaliyyətlərə $177,8 milyon əməliyyat xərcləri və $604,8 milyon əsaslı xərclər qoymağı planlaşdırırıq. 


Hasilat 


İlin birinci üç rübü ərzində yataq dörd quyudan sabit şəkildə Azərbaycandakı, Gürcüstandakı və Türkiyə sərhədindəki satış məntəqələrinə qaz çatdırmaqda davam etmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC Ko-ya satılmaqda davam edir. 


2010-cu ilin birinci üç rübü ərzində yataq 5,3 milyard kub metrdən artıq (188 milyard kub futdan artıq) qaz və 1,4 milyon ton (təqribən 11,5 milyon barel) kondensat və ya gündəlik orta hesabla 29 milyon kub metrdən artıq (690 milyon standart kub fut) qaz və 41 900 barel kondensat hasil etmişdir. 


Bütün il üçün Şahdəniz hasilat planı 7,6 milyard kub metr (təqribən 269 milyard kub fut) qaz və 2,01 milyon ton (təqribən 16 milyon barel) kondensat təşkil edir. 


2006-ci ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2010-cu il üçüncü rübün sonunadək yataqdan dünya bazarlarına təqribən 46 milyon barel (təqribən 5,8 milyon ton) kondensat ixrac edilmişdir. 


Növbəti illər ərzində platformadan qazılacaq yeni quyular işə salındıqca hasilat da get-gedə artacaq. Mərhələ 1-də hasilatın ən yüksək sabit səviyyəsinin ildə 8.6 milyard kub metr qaz və gündə təxminən 45,000 barel kondensat olacağı gözlənilir. 

 

Şahdənizin tammiqyaslı işlənməsi.

 
Şahdənizin tammiqyaslı işlənməsi Azərbaycana dünyanın yeni qaz bazarlarının əsas qaz təchizatçılarından biri olmaq imkanı yaratmaqla, Mərhələ 1 layihəsindən hazırda hasil olunan ildə 8 milyard kub metr qaza 16 milyard kub metr qaz əlavə edəcəyi gözlənilən nəhəng bir layihədir. Bu layihə hazırda dünyanın ən böyük qaz işlənməsi layihələrindən biridir və yeni bir cənub dəhlizi vasitəsilə Avropa qaz bazarlarına əlavə təchizat və müxtəliflik gətirməyi nəzərdə tutur. 


Şahdənizin tammiqyaslı işlənməsi konsepsiyasına dənizdə emal gücü ildə 16 milyard kub metr qaz olan və körpü ilə birləşdirilmiş iki yeni platforma, 2 yarımdalma qazma qurğusundan qazılacaq 30-dək sualtı quyu, suyun 550 metrədək dərinliyində 500 kilometr uzunluğunda sualtı boru kəməri şəbəkəsi, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri (CQBK) üçün kompressorların yerləşdirilməsi məqsədi ilə Səngəçal terminalının genişləndirilməsi, Azərbaycanda 400 kilometr uzunluğunda yeni xəttin və Gürcüstanda iki yeni kompressor stansiyasının inşası ilə CQBK-nın genişləndirilməsi və Türkiyəyə, Gürcüstana və Avropaya planlaşdırılmış qaz satışları daxildir. İndiki mərhələdə layihə üzrə ilk qazın 2017-ci ildə əldə ediləcəyi planlaşdırılır. 


Şahdənizin tammiqyaslı işlənməsi və bununla bağlı Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrini irəli aparmaq məqsədi ilə mühəndis-layihə işləri üçüncü rübdə davam etmişdir və 2010-cu ilin qalan hissəsində də bu işlər davam edəcək. 

 

Layihənin irəliləyişi Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında bu ilin iyun ayında İstanbulda imzalanmış Anlaşma Memorandumu ilə daha da sürətlənmişdir. Bu Anlaşma Memorandumu Azərbaycan qazının Türkiyəyə satışını və Türkiyə ərazisi ilə Avropa bazarlarına nəql edilməsi üçün transit şərtlərini tənzimləyən sənədlər paketinin bir hissəsi olaraq imzalanmışdır. Bu, Şahdənizin tammiqyaslı işlənməsi qazının Türkiyəyə və digər ölkələrə satışı üçün tələb olunan müqavilələrin yekunlaşdırılmasına doğru irəli atılmış bir addımdır və Şahdənizin tammiqyaslı işlənməsi planlarının əhəmiyyətini əsaslandırmaqla Şahdəniz tərəfdaşlarının yekun sərmayə qoyuluşu qərarına yol açır. 


Belə planlaşdırılır ki, Şahdənizin tammiqyaslı işlənməsindən hasil edilən qazı layihənin özü Türkiyə sərhədinədək nəql edəcək. Oradan qazı Türkiyə və Avropa bazarlarına çatdırmaq üçün layihəyə əlavə yeni boru kəməri infrastrukturu lazım gələcək. Bütün əsas maraqlı tərəflərin ehtiyaclarına ən yaxşı cavab verəcək - və Avropaya qaz təchizatı üçün Türkiyə ilə birlikdə yeni bir cənub dəhlizi yaradacaq marşrutun müəyyənləşdirilməsi üçün hazırda müzakirələr davam edir. Bu danışıqlara Şahdəniz tərəfdaşlığının iştirakı ilə Azərbaycan hökuməti/ARDNŞ rəhbərlik edir.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

 

2010-cu ilin birinci üç rübü ərzində CQBK ilə bağlı fəaliyyətlərə $6,9 milyon əsaslı xərclər sərf edilmişdir. Bütün il üçün biz CQBK üzrə əsaslı xərclərin $12,7 milyon olacağını planlaşdırırıq. 


Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır.

 
Birinci üç rüb ərzində CQBK-nıin orta ötürücülük gücü gündə 15.3 milyon kub metr ( 540 milyon kub futdan artıq) qaz və ya gündə 96,000 bareldən artıq neft ekvivalenti olmuşdur.

 
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes inkişafı və idarəetmə üzrə məsul kommersiya operatorudur.

Oktyabrın 7-də BP və ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında yeni bir hasilatın pay bölgüsü sazişi (HPBS) imzaladılar. Bununla da BP ilə ARDNŞ arasında yeni bir dəniz blokunun geoloji-kəşfiyyatı və işlənməsində ikitərəfli əməkdaşlığın təməli qoyuldu. 


Bundan öncə Şəfəq-Asiman dəniz bloku üzrə HPBS-nin əsas kommersiya prinsiplərini müəyyən edən “Sazişin Əsas Prinsipləri“ adlı sənəd razılaşdırılmış və imzalanmışdı. HPBS-yə əsasən BP şirkəti əməliyyatçı olmaqla müqavilədə 50% paya və ARDNŞ isə qalan 50% paya malikdir. 

 

Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir. 

İşçi heyətimiz 2010-cu ilin üçüncü rübünün sonunda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2127 nəfər olub. Şirkətin ixtisaslı daimi işçilərinin 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 

 

2010-cu ildə biz işçi heyətimizin milliləşdirilməsi proqramını diqqətdə saxlamaqla texniki ixtisaslar üzrə yerli mütəxəssislərin işə qəbulu və yerli menecerlərin inkişafı səylərimizi davam etdirmişik. Bu ilin ilk üç rübü ərzində biz neft və qaz əməliyyatlarımızı aparmaq üçün əlavə 69 texniki ixtisaslı işçi və 35 yerli azərbaycanlı çalencer işə götürmüşük. Noyabrın əvvəlinədək isə bu rəqəmlər artaraq müvafiq olaraq 91 və 38 olmuşdur.

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq və yerli icmaların dəstəyini qazanmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçirir. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

 

2010-cu ilin ilk üç rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda $3,54 milyon xərcləmişlər. 

 

Azərbaycanın iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədi ilə BP və onun tərəfdaşları yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

 

Bu qəbildən olan təşəbbüslərin ən son nümunələri bunlardır: 

  • BP-nin Hacı Zeynalabdin Tağıyev haqqında fundamental bir tədqiqatın nəşrinə dəstəyi;
  • BP-nin “Azərbaycanın ən tanınmış romanı olan “Əli və Nino”nun müəllifi kimdir?” tədqiqatının nəşrinə dəstəyi;
  • BP şirkətinin Qafqaz Universitetində bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, neft və qaz, həmçinin mexanika mühəndisliyi sahələrini əhatə etmək imkanı verən dəstəyi;
  • BP-nin Dövlət Neft Akademiyasının 58 birinci və ikinci kurs tələbəsinə özünün xüsusi illik təqaüdlərini təqdim etməsi. Bu təqaüd proqramı BP-nin Azərbaycanda təhsilin inkişafını dəstəkləyən iri layihələrindən biridir. Təqaüd Dövlət Neft Akademiyasında neft-qaz mədən və geoloji kəşfiyyat sahəsində ixtisaslaşan ən yaxşı tələbələri təhsildə yeni uğurlara ruhlandırmaq məqsədini daşıyır.
  • BP-nin “Yerşünaslıq və mühəndislik üzrə silsilə məruzələr” adlı təşəbbüsü. Layihə bu sahələri ixtisas kimi seçmiş gənc nəslin nümayəndələrinin geologiya, yerşünaslıq, geofizika və texnologiyalar kimi elm sahələrinin Azərbaycanda inkişafına diqqətini artırmaq məqsədini daşıyır;
  • BP və tərəfdaşlarının icmalarda iqtisadi və sahibkarlıq imkanları yaratmaq və gənclərin rəhbərlik və sahibkarlıq səriştələrini inkişaf etdirmək, onların öz bizneslərinə başlamaq və kiçik iqtisadi layihələr həyata keçirmək planlarına kömək məqsədi ilə ayırdığı yeni qrant
  • BP və tərəfdaşlarının BTC və CQBK boyunca “Süd məhsulları istehsalçılarına icma əsaslı dəstək” adlı yeni layihəsi;
  • BP və tərəfdaşlarının Ucar rayonunun Qaradağlı icmasında kənd təsərrüfatı sektorunu gücləndirmək vasitəsilə iqtisadi inkişafı artırmaq üçün yeni qrantı;
  • BP və onun tərəfdaşlarının Goranboy rayonunda istixana təsərrüfatı yaratmaq məqsədi ilə yeni icma layihəsi. Layihənin əsas məqsədi BTC və CQBK boyunca yaşayan icmaların davamlı iqtisadi inkişaf imkanlarına kömək etməkdir;
  • İlk üç rüb ərzində BTC və CQBK boyunca “İcma mikro-layihələrinin idarə olunması” çərçivəsində 39 icma infrastrukturu layihəsindən 13-ünün başa çatdırılması;
  • BP və tərəfdaşlarının neft və qaz xidməti şirkətlərini inkişaf etdirmək məqsədilə 2007-ci ildə başladığı “Sahibkarlığın inkişafı və təlim proqramı”nın həyata keçirilməsi üçün yerli biznes xidməti göstərən şirkət olan AZERMS MMC-yə verdikləri irimiqyaslı qrant. Bunadək proqramı beynəlxalq şirkət həyata keçirirdi;
  • BP və onun BTC/CQBK layihələrindəki tərəfdaşlarının mədəni irs üzrə bacarıq və səriştələrin yaradılmasına dəstəyi. Bunun üçün Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun, Azərbaycan Arxeologiya İnstitutunun və Türkiyə və Gürcüstanın bir qrup mütəxəssisinə təlim keçilmişdir

Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: +994 (0) 12 599 45 57