1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2013-cü il üçüncü rübün nəticələri

2013-cü il üçüncü rübün nəticələri

Tarix:
14 Noyabr 2013

AÇG-də iştirak payları: BP (operator – 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

 

2013-cü ilin birinci doqquz ayı ərzində AÇG layihəsinə $574 milyon əməliyyat məsrəfləri və $2 milyard 39 milyon əsaslı məsrəflər xərclənmişdir. Bütün il üçün AÇG əməliyyatlarına $758 milyon əməliyyat məsrəfləri və $2 milyard 514 milyon əsaslı məsrəflər xərclənəcəyi gözlənilir. 


Hasilat


2013-cü ilin birinci üç rübündə AÇG-nin Çıraq, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri və Dərinsulu Günəşli platformalarından birlikdə gündə orta hesabla 663 200 barel (b/g) (və ya ümumilikdə 181 milyon barel, yəni 24,5 milyon ton) neft hasil edilib. 


Üçüncü rübün sonunda bizim ümumilikdə AÇG-də 72 hasilat quyumuz və 33 injektor quyumuz istismarda idi ki, bunlar da aşağıdakılardır: 


Çıraqda 18 quyu istismarda olub (13 hasilat və 5 suvurma quyusu) və oradan orta hesabla gündə 70 800 barel neft hasil edilib. 


Mərkəzi Azəridə (MA) 23 quyu istismarda idi (16 hasilat, 6 qaz injektor və bir suvurma quyusu) və oradan gündə orta hesabla 150 700 barel hasilat əldə edilib. 


Qərbi Azəridə (QA) 23 quyu istismarda idi (17 hasilat və 6 suvurma quyusu) və oradan gündəlik orta hesabla 191 700 barel neft hasilatı əldə edilib. 


Şərqi Azəridə (ŞA) 15 quyu istismarda idi (12 hasilat və 3 suvurma quyusu) və oradan ötən altı ay gündəlik orta hesabla 113 000 barel hasilat əldə edilib. 


Dərinsulu Günəşlidə (DərSG) 26 quyu istismarda idi (14 hasilat və 12 suvurma quyusu) və oradan gündəlik orta hesabla 137 000 barel hasilat əldə edilib. 

 

Səmt qazı


AÇG yatağının operatoru olaraq BP 2013-cü ilin birinci doqquz ayı ərzində Dərinsulu Günəşli platformasından hasil edilən səmt qazını 28” ölçülü sualtı qaz kəməri vasitəsilə birbaşa Səngəçal terminalına və oradan da bu ölkənin daxili istifadəsi üçün Azəriqaz dövlət qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. 


Azəridəki üç platformadan - Mərkəzi, Qərbi və Şərqi Azəri – səmt qazı yataqdaxili sualtı qaz boru kəmərləri vasitəsilə Mərkəzi Azəridəki kompressor və suvurma platformasına (KSVP) göndərilmiş və oradan da onun bir hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuş, qalan hissəsi isə elə həmin 28” ölçülü sualtı qaz kəməri vasitəsilə Səngəçal terminalına nəql edilərək ölkənin daxili istifadəsi üçün Azəriqaz şəbəkəsinə təhvil verilmişdir. Hazırda Mərkəzi Azəridə altı quyudan laya qaz vurma əməliyyatları davam edir. 


Çıraq platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16” ölçülü sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-nin “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. BP Çıraqda qazın məşəldə yandırılmasını azaltmaq və ARDNŞ-yə çatdırılan səmt qazının həcmini maksimallaşdırmaq üçün ARDNŞ ilə sıx əməkdaşlığını davam etdirir. Bu səylərin bir hissəsi kimi BP buxarlanan qazlar kompressorunda təkmilləşdirmə işlərini başa çatdıraraq, üçüncü rübdə qurğunu uğurla yenidən işə saldı. Bu, son nəticədə Çıraqda qazın məşəldə yandırılmasını azaltmaq və ARDNŞ-yə çatdırılan səmt qazının ixracını artırmaq imkanı verəcək. 


AÇG-də 2013-cü ilin sonuna səmt qazının məşəldə yandırılması 2,9% idi. Bu, 2012-ci ilə nisbətən 41% azalma deməkdir. Digər təkmilləşdirmə tədbrilərinin nəticəsində AÇG-də səmt qazının utilizasiya dərəcəsi 98%-ə çatdırıldı ki, bu da ən yaxşı Avropa standartlarına uyğundur. AÇG-nin operatoru kimi BP əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə saxlamaqla səmt qazının məşəldə yandırılmasını minimallaşdırmaq üçün səylərini davam etdirəcək. 2013-cü ilin birinci doqquz ayı ərzində ARDNŞ-yə gündə təxminən 5,9 milyon kubmetr (210 milyon standart kubfut), ümumilkdə isə 1,62 milyard kubmetr (57,3 milyard kubfut) AÇG səmt qazı vermişik. 


AÇG üzrə qazma və tamamlama fəaliyyətləri


2013-cü ilin birinci doqquz ayı ərzində AÇG-də yeddi neft hasilat quyusu, bir qaz injektor və iki suvurma quyusu qazılmışdır. 


Çıraq: A16w hasilat quyusunda qazma əməliyyatları başa çatdı və bu quyu 2013-cü ilin aprelində istismara verildi. Bunun ardınca A09 quyusunda intervensiya əməliyyatları aparıldı, sonra isə may ayında A14u yanaqazma hasilat quyusunu qazmağa başladıq. Bu quyu avqustun 31-də tamamlandı. Bunun ardınca A03, A20, A10 quyularında intervensiya əməliyyatları aparıldı və başa catdırıldı. Biz hazırda A10 quyusunda yenidən tamamlanma əməliyyatları aparırıq. Qalan planlara qazma qurğusunun profilaktikasının keçirilməsi və 2013-cü ilin dördüncü rübündə yeni A06x hasilat quyusunun qazılması daxildir. 


Mərkəzi Azəri: 2013-cü ilin yanvar ayında B18y və B14 quyularında intervensiya əməliyyatları aparıldı. Yanvarın 21-də B23z hasilat quyusunu qazmağa başladıq və aprelin 24-də quyunu istismara verdik. Bundan sonra B10 və B05 quyularında intervensiya əməliyyatları apardıq. 


Mayın əvvəllərində yeni B26 qaz injektor quyusunu qazmağa başladıq və bu quyunu sentyabrın sonunda təhvil verdik. Biz B02, B20 və B26 quyularında intervensiya əməliyyatları apardıq. Eyni zamanda Mərkəzi Azəridə həmçinin vacib profilaktika işləri aparıldı və 35, 3, 40-cı quyu ağızlarında üç ötürücü quraşdırıldı. Hazırda B27 yeni hasilat quyusunda qazma əməliyyatları davam edir. Bu quyunun 2013-cü ilin dekabrının sonunda-2014-cü il yanvar ayının əvvəlində təhvil veriləcəyi gözlənilir. 

 

Qərbi Azəri: C27 hasilat quyusu tamamlanaraq martın 31-də istismara verildi. Sonra isə C06 və C03 quyularında intervensiya əməliyyatları aparıldı. Mayın əvvəlində C30 yeni hasilat quyusunu qazmağa başladıq və bu quyunu iyulun 13-də təhvil verildi. Sonra intervensiya əməliyyatları və qazma qurğusunun profilaktikası keçirildi. Sentyabrda C29 yeni hasilat quyusunu qazmağa başladıq. Bu quyunun 2013-cü ilin noyabrında təhvil veriləcəyi gözlənilir. 


Şərqi Azəri: Yanvar ayında D07 quyusunda intervensiya əməliyyatlarını başa çatdırdıq. Sonra D22 hasilat quyusunu qazdıq və bu quyu tamamlanaraq aprelin 16-da istismara verildi. 


Daha sonra D05 quyusunda qum şırnağını dayandırmaq məqsədilə intervensiya əməliyyatları başlandı. Bu intervensiya əməliyyatları, D03 və D08 quyularında aparılan işlər və vacib təftiş işləri də daxil olmaqla mayın ortasınadək davam etdi. May ayında yeni D23 suvurma quyusunu qazmağa başladıq və quyunu bu ay təhvil verməyi planlaşdırırıq. 


2013-cü il üçün qalan planlar D01, D03 və D02 quyularında intervensiya əməliyyatları aparmaqdır. 


Dərinsulu Günəşli: Yanvarın əvvəlində E01 quyusunda intervensiya əməliyyatlarını başa çatdırdıq. Bunun ardınca yeni E17 hasilat quyusunu qazmağa başladıq. Bu quyunu may ayının 17-də təhvil verdik və sonra isə qazma qurğusunda beş ildən bir olan profilaktik işlər apardıq. 


İyun və iyul aylarında E11 quyusunda intervensiya əməliyyatları apardıq, ardınca isə E18 hasilat quyusunu qazmağa başladıq. Bu quyunu ilin sonunadək təhvil vermək planlaşdırılır. Bundan başqa, ilin sonunadək bəzi yerüstü avadanlıqda təmir və E02y quyusunda qazlift quraşdırılması üçün yenidən tamamlama aparılması planlaşdırılır. 2013-cü ilin birinci doqquz ayı ərzində Dədə Qorqud qazma qurğusu iki sualtı suvurma quyusu təhvil verdi - H06 və H05. Bunun ardınca qazma qurğusunun profilaktikası və manifold payalarının quraşdırılması aparıldı. Bundan əlavə, mayın əvvəlində məlumat toplamaq üçün H07 pilot quyusunu qazmağa başladıq və onu iyul ayının sonunda başa çatdırdıq. Avqust ayının əvvəlində GCA07 quyusunu qazamğa başladıq və qazma işləri ilin yerdə qalan müddəti boyunca davam edəcəkdir.

 
İxrac əməliyyatları


AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir. 


Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün 966 milyon standart kubfut və ya 27,4 milyon standart kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 milyon standart kubmetr təşkil edir. 


Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-yə məxsus qaz kəməri ilə ixrac olunur. 


İlin birinci doqquz ayı ərzində terminal 213,5 milyon barel neft (o cümlədən 186 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 22,1 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təxminən 4 milyon barel dəmir yolu vasitəsilə və təxminən 1,4 milyon barel kondensat ixrac kəməri vasitəsilə ) ixrac etmişdir. 


2013-cü ilin birinci doqquz ayı ərzində terminal həmçinin gündəlik orta hesabla 26,4 milyon standart kubmetr (933,5 milyon standart kubfutdan artıq) Şahdəniz qazı ixrac etmişdir. 


Çıraq Neft Layihəsi (ÇNL) 


2013-cü ilin birinci birinci doqquz ayı ərzində ÇNL üzrə tikinti fəaliyyətləri təhlükəsizlik qaydalarına, qrafik və plana uyğun şəkildə davam edib. 

 

Aprel ayında Qərbi Çıraq platformasının dayaq bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsindən yola salındı və öz daimi yerində əvvəlcədən quraşdırılmış dayaq tavasının üzərində təhlükəsiz şəkildə quraşdırıldı. Dayaq blokunun dənizə daşınması, suya endirilməsi və quraşdırılması əməliyyatları ətraflı planlaşdırılaraq 45 günə başa çatdı. 


2013-cü ilin üçüncu rübündə Qərbi Çıraq platformasının üst modullarının ATA (AMEK-TEKFEN-AZFEN) tikinti-quraşdırma sahəsində tikintisi başa çatdı. Sentyabrın 12-də üst modullar dənizdə quraşdırılmaq üçün yola salındı və sentyabrın 14-də dayaq blokunun üzərində təhlükəsiz şəkildə quraşdırıldı. Bunun ardınca dənizdə aparılan sazlama, işəsalma və istismar sınaqları hələ davam edir.

BTC Ko.-nun səhmdarları: BP (30,1%); AzBTC (25.00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); ENİ (5.00%); Total (5.00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), KonokoFillips (2,50%) və ONGC (BTC) limited (2,36%) şirkətləridir.

 

Qeyd: Martın 28-də ONGC Videş Limitid (OVL) şirkəti Hess (BTC) Limitid şirkətinin müvafiq payının alınması prosesini başa çatdırdığından səhmdarların siyahısında Hess (BTC) Limitid şirkəti ONGC (BTC) Limitid şirkəti ilə əvəzlənib. 


2013-cü ilin birinci doqquz ayı ərzində BTC üzrə əsaslı xərclərə $48 milyon xərclənmişdir. Bütün il üçün əsaslı xərclər $97 milyon planlaşdırılır. 


BTC-nin gündəlik ötürmə gücü hazırda 1,2 milyon bareldir. 


2006-cı ilin iyun ayının 4-də ilk tankerin Ceyhandan yola salınmasından 2013-cü ilin üçüncü rübünün sonunadək BTC vasitəsilə nəql edilmiş təxminən 237,2 milyon ton (təxminən 1 milyard 773 milyon barel) xam neft Ceyhanda 2 304 tankerə yüklənmiş və dünya bazarlarına göndərilmişdir. 


2013-cü ilin birinci doqquz ayı ərzində BTC vasitəsilə 24,7 milyon ton (186 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 243 tankerə yüklənərək bazarlara yola salınıb. 


Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur.

Şahdənizdə iştirak payları belədir: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

 

2013-cü ilin birinci doqquz ayı ərzində Şahdəniz üzrə fəaliyyətlərə $143 milyon əməliyyat xərcləri və $1 364 milyon əsaslı xərclər çəkilmişdir. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $222 milyon və $2 milyard 191 milyon olacağı gözlənilir. 


Hasilat İlin birinci doqquz ayı ərzində yataq Azərbaycan, Gürcüstan və Türkiyə bazarları üçün qaz hasilatını davam etdirmişdir. Şahdəniz Mərhələ 1 qazı Azərbaycana, GOGC (Gürcüstan) şirkətinə, BOTAŞ-a və BTC şirkətinə satılmaqda davam edir. 


2013-cü ilin birinci doqquz ayı ərzində yataqdan 7,3 milyard kubmetr (təqribən 257 milyard kubfut) qaz və 1,85 milyon ton (təqribən 14.6 milyon barel) kondensat və ya gündəlik təxminən 26.6 milyon kubmetr (941 milyon standart kubfut) qaz və 53 700 barel kondensat hasil edilmişdir. 


2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2013-cü ilin birinci üç rübünün sonunadək yataqdan bazarlara təqribən 44,8 milyard kubmetr (1 583 milyard standart kubfut) qaz və təqribən12 milyon ton (94,6 milyon barel) kondensat ixrac edilib. 


Şahdənizin hasilat sistemi hazırda özünün gündəlik maksimum gücü olan 966 milyon standart kubfut qaz və 55 000 barel kondensat səviyyəsində işləyir və beləliklə də hasilat bazar tələb etdikdə ən yüksək sabit səviyyədə olur. 


Qazma əməliyyatları


Mərhələ 1:

 

Birinci doqquz ay ərzində Şahdəniz SDA-03y yanaqazma quyusunda qazma əməliyyatlarını davam etdirib. Bu quyunu 2014-cü ilin birinci rübünün sonunda təhvil vermək planlaşdırılır. Bundan sonra qazma qurğusunun təftişi və SDA-05X quyusunda nəzarət işləri aparılacaq. 

 

Mərhələ 2: 


2013-cü ilin sentyabr ayının 17-də İstiqlal qazma qurğusu SDC02 quyusunda qazma əməliyyatlarını başa çatdırdı. Sonra qazma SDC03 quyusunda qazma əməliyyatları başladı və bu quyunun 2014-cü ilin üçüncü rübündə təhvil veriləcəyi planlaşdırılır. 


2013-cü il sentyabr ayının 27-də Heydər Əliyev qazma qurğusu SDX07Ay quyusunda qazma əməliyyatlarını başa çatdırdı. Heydər Əliyev qazma qazma qurğusu üçün 2013-cü ildə qalan planlar belədir: qurğuda müəyyən modifikasiyaları və beş ildən bir keçirilən sertifikatlaşdırmanı başa çatdırmaq. Sonra SDD02 quyusunda qazma əməliyyatları başlayacaq və quyunun 2014-cü ilin üçüncü rübündə təhvil verilməsi planlaşdırılır. 


Şahdəniz Mərhələ 2 layihəsi


Şahdəniz Mərhələ 2 Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni cənub qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq. 


Hesablamalara görə $25 milyard dollar dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kubmetr qaza ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir. Bu, dünyanın hər hansı bir yerindəki ən böyük qaz işlənməsi layihələrindən biridir. 


Sahildən təxminən 70 km məsafədə yerləşən Şahdəniz yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin planlarına körpü ilə birləşdirilmiş iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu vasitəsilə qazılacaq 26 sualtı quyu, suyun 550 metrədək dərinliyində çəkiləcək 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac gücünə Azərbaycanda 48” diametrli yeni boru kəməri, Gürcüstanda isə iki kompressor stansiyası vasitəsilə ildə 16 milyard kubmetr əlavə olunması, həmçinin Səngəçal terminalının genişləndirilməsi daxildir. 

 

Türkiyə ərazisində Shahdəniz Mərhələ 2 qazı yeni Trans-Anadolu Boru Kəməri (TANAP) vasitəsilə daşınacaq. Bu boru kəməri Xəzər dənizininin böyük qaz ehtiyatlarını Türkiyə və Avropa İttifaqı bazarları ilə bağlayan cənub qaz dəhlizinin əsas bir hissəsi olacaq. Türkiyəyə ildə 6 milyard kubmetr Şahdəniz Mərhələ 2 qazının satışı ilə bağlı 2011-ci ildə BOTAŞ-la saziş imzalanmışdır. 


Bu il iyunun 28-də Şahdəniz konsorsiumu elan etdi ki, ildə 10 miyard kubmetrədək Şahdəniz Mərhələ 2 qazını Yunanıstan, İtaliya və potensial olaraq cənubşərqi Avropadakı müştərilərə çatdırmaq üçün Trans Adriatik Boru Kəmərini (TAP) seçmişdir. 


Sentyabrın 19-da isə Mərhələ 2 işlənməsindən hasil ediləcək qazın ildə 10 milyard kubmetrdən bir az artıq olan həcminin İtaliyada, Yunanıstanda və Bolqarıstanda satışı üzrə doqquz şirkətlə 25-illik sazişlər bağlandı. 


Ümumilikdə Şahdəniz Mərhələ 2 işlənməsindən hasil ediləcək ildə 16 milyard kubmetr qaz Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya ərazisindən və Adriatik dənizinin altından keçməklə İtaliyaya qədər 3 500 km-dən artıq uzunan boru kəmərləri vasitəsilə çatdırılacaq. 


Bu günədək əldə edilmiş irəliləyişin nəticəsi olaraq layihə 2013-cü il ərzində təxminən 1,7 milyard dollar vəsait xərcləməyi planlaşdırır. Layihə üzrə yekun investisiya qərarının verilməsi 2013-cü ilin dekabr ayına və Şahdəniz Mərhələ 2-dən ilk qazın əldə edilməsi 2018-ci ilə planlaşdırılır

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator - 25,5%), Statoyl (kommersiya operatoru - 25,5%), Azərbaycan CQBK Ltd (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

 

Bu ilin üç rübü ərzində CQBK ilə bağlı fəaliyyətlərə $9 milyon əsaslı xərclər sərf edilib. Bütün il üçün bu işlərə $13 milyon əsaslı xərclər gözlənilir. 


Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilərək əvvəl Azərbaycana və Gürcüstana, 2007-ci ilin iyul ayından başlayaraq isə həm də Türkiyəyə Şahdəniz Mərhələ 1 qazını çatdırır. 


Birinci üç rübdə CQBK-nın gündəlik orta ötürücülük gücü 12,4 milyon kubmetr (təqribən 437,2 milyon kubfut) qaz və ya gündə 75 376 barel neft ekvivalenti olmuşdur. 


CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, Statoyl şirkəti isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur

2012-ci ilin əvvəllərində “Giləvar” seysmik gəmisi Şəfəq-Asiman üzrə 3-ölçülü seysmik tədqiqat proqramını başa çatdırandan bəri biz əldə edilmiş məlumatın təhlilini aparırırıq. Bu, həmin müqavilə ərazisində indiyədək aparılmış ilk 3-ölçülü seysmik tədqiqatdır. İndiyədək Azərbaycanda aparılan ən böyük 3-ölçülü seysmik məlumat təhlili olan bu işlərdən sonra məlumatın interpretasiyası üçün 18 ay və ilk kəşfiyyat quyusunun planlaşdırılması üçün isə əlavə bir il vaxt tələb olunur. 


Xəzər dənizinin Azərbaycan sektorundakı Şəfəq-Asiman perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında BP ilə ARDNŞ arasındakı hasilatın pay bölgüsü sazişi (HPBS) 2010-cu ilin oktyabr ayında Bakıda imzalanmışdır. 


Şəfəq-Asiman bloku Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşir və təxminən 1 100 kvadrat kilometr ərazini əhatə edir. Bu dəniz blokunda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7 000 metrdir.

Hazırda BP-də şirkətin birbaşa işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 798 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 84%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu yüksək rəhbər vəzifələrdədir. 


BP həm Azərbaycandakı, həm də ölkə kənarda olan ən yaxşı yerli kadrları işə cəlb etmək üçün bütün mövcud vasitələrdən geniş istifadə etməkdə davam edir. 


Bunun nəticəsi olaraq 2013-cü ilin əvvəlindən BP 300-dən çox Azərbaycan vətəndaşını, o cümlədən 100 təcrübəli işçini, 100 texniki, 85 gənc mütəxəssisi və 50 yay təcrübəçisini işə qəbul edib. 


Sentyabr ayında BP elan etdi ki, öz “Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı”nı uğurla bitirmiş 45 nəfəri işə götürüb. Bu məzunlar öz karyeralarının inkişafında növbəti addım olan və BP-nin dünya üzrə həyata keçirdiyi “Gənc mütəxəssis” proqramına qoşulublar. Üç nəfər məzun isə BP daxilində müxtəlif mütəxəssis vəzifələrinə işə götürülüblər. 


“Neft-qaz İxtisaslı Məzunların Təkmilləşdirilməsi Proqramı” çoxmilyonluq bir təlim proqramı olaraq gənc azərbaycanlı neft-qaz mühəndislərini BP şirkəti daxilində uğurlu karyera yolu keçməyə hazırlamaq üçün beynəlxalq səviyyəli təlim və inkişaf vasitəsi kimi planlaşdırılıb. 


Bu, BP-nin regionda genişlənməkdə olan biznesinin planlarına uyğun olaraq hər il şirkətin işə götürdüyü yerli mütəxəssislərin sayının artırılması məqsədi ilə üst-üstə düşür. Proqram ötən il fəaliyyətə başlayıb və proqrama ilk qəbul yerüstü mühəndislik, geologiya-geofizika və quyular üzrə ixtisaslaşan 55 məzundan ibarət olub. 


BP artıq bu proqramın ikinci ili üçün müxtəlif yerli və beynəlxalq universitetlərdən 88 məzun qəbul edib. Onlar BP-yə işə girmək üçün ərizə vermiş təxminən 3 000 nəfər arasından seçiliblər. 

 

Bundan əlavə, BP 2014-2018-ci illər üçün beş illik milliləşdirmə planı hazırlamışdır. Bu plana əsasən 2018-ci ilin sonunadək BP-nin ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil etməlidir. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin 100%-i isə yerli vətəndaşlardır. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı və iş icrasının idarə olunması üzrə şirkətdaxili prosesi daha da gücləndirmək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirakı daxildir. Bu plan artıq ARDNŞ ilə razılaşdırılıb.

Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçiririk. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 

 

2013-cü ilin birinci üç rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 1,84 milyon dollar xərcləmişlər. 

 

Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 

 

Bu qəbildən olan təşəbbüslərin bəzi nümunələri bunlardır:

  • Bizim Xəzərdəki layihələrimizin uğuru həm də yerli əhali üçün hiss edilən faydalar yaratmaq bacarığımızdan asılıdır. Buna nail olmaq üçün irimiqyaslı davamlı inkişaf təşəbbüsləri həyata keçiririk. Bu təşəbbüslərə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək və eləcə də hökumət qurumlarına texniki yardım daxildir. 2013-cü ilin birinci üç rübü ərzində BP və onun tərəfdaşları belə davamlı inkişaf layihələrinə təkcə Azərbaycanda 1,84 milyon dollar xərcləmişlər. Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP və onun tərəfdaşları Azərbaycanın hər yerində yerli sahibkarlığın inkişafını və yerli bacarıqların yaradılmasını dəstəkləyən davamlı inkişaf təşəbbüslərini davam etdirəcəklər. 
  • BP və onun tərəfdaşlarının icmalarda məktəbəqədər təhsil, ibtidai təhsil və qadınların sahibkarlıq imkanlarının təkmilləşdirilməsinə yönəlmiş layihəsi. Bu layihə vasitəsilə məktəbə hazırlıq üzrə təkmilləşmiş proqramlara, kənd uşaq bağçalarında daha keyfiyyətli xidmətə, yeni ibtidai təhsil kurrikulumunun təkmilləşmiş tətbiqinə və qadınların sahibkarlıq bacarıqlarının inkişafına dəstək verilir.
  • BP və onun tərəfdaşlarının veb-əsaslı Xəzər Ekoloji İnformasiya Mərkəzi (XEİM) təsis etmək məqsədi daşıyan ekoloji layihəsi. Bu layihə Xəzər Ekoloji Proqramı (XEP) çərçivəsində hazırlanıb. www.kaspinfo.net ünvanlı saytdan onlayn ekoloji məlumat bazası kimi hal-hazırda Xəzərin ekologiyası üzrə mərkəzləşdirilmiş məlumat mənbəyi kimi istifadə edilir. XEİM həm də regionda davamlı inkişaf və ətraf mühitlə əlaqədar fəaliyyətləri təşviq etmək vasitəsidir.
  • BP və tərəfdaşlarının Azərbaycanda BTC/CQBK boru kəməri boyunca yerli idarəetməni, gənclərin bacarıqlarının inkişafını və ətraf mühit təşəbbüslərini dəstəkləmək məqsədilə Avrasiya Tərəfdaşlıq Fondu (ATF) ilə qrant sazişi. Bu layihənin məqsədi bələdiyyələrin davamlı inkişafla bağlı yerli problemləri müəyyən edərək aradan qaldırmaq bacarıqlarını gücləndirməkdən ibarətdir. Layihə həmçinin gənclərin icmalardakı yerli inkişaf və ətraf mühitlə bağlı məsələlərin həllindəki rolunun gücləndirilməsinə yönəlib.
  • BP və tərəfdaşlarının Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Azərbaycanda kiçik və orta müəssisələr üçün portal yaratmaq məqsədi layihəsi. Yeni www.biznesinfo.az portalı yerli biznesin öz bacarıqlarını artırmaq, normativ tələbləri, o cümlədən biznesi qeydiyyatdan keçirmək və idarə etmək, icazələrin alınması, əmlakın qeydiyyatdan keçirilməsi, yoxlamalar, hökumət tenderləri üçün rəqabət aparmaq, yerli maliyyə mənbələrini qiymətləndirmək və dövlət mühasibat standartlarına riayət etmək sahəsində biliklərini gücləndirmək səylərinə dəstək vermək məqsədilə onları lazımi məlumatlarla təmin etmək üçündür. Portalın həmçinin inkişaf və təlim komponentləri də var.
  • BP-nin öz tərəfdaşları adından təşkil etdiyi “Alıcı ilə tanış ol” tədbirləri. Yerli şirkətlərin BP-nin əməliyyatçısı olduğu layihələrdə iştirakını artırmaq öhdəliyimizin bir hissəsi kimi təşkil olunmuş bu tədbirlər BP və onun tərəfdaşlarının şirkətlərə öz bacarıqlarını artırmaq, bizneslərini inkişaf etdirmək və onlara öz potensial müştəriləri ilə əlaqələr yaratmaqda kömək etmək məqsədi daşıyır. Bu tədbirlərin birincisi 2011-ci ilin iyununda keçirildi. Həmin tədbirdə “Sahibkarlığın inkişafı və təlim proqramın”da iştirak etmış 80-dən çox yerli kiçik və orta müəssisə 150-dən çox yerli və beynəlxalq alıcıya öz məhsul və xidmətlərini təqdim etdi. İkinci tədbir bu ilin iyununda 20-ci Xəzər Neft Sərgisi çərçivəsində keçirildi və burada da 80-dən yuxarı yerli kiçik və orta müəssisə iştirak edərək çoxsaylı beynəlxalq şirkətlərlə tanış oldular.
  • BP və onun tərəfdaşlarının Azərbaycanda yaratdığı Layihələrin İdarə Edilməsi Məktəbi. Bu layihə özəl və ictimai sektoru təmsil edən şəxslərin layihə idarə edilməsi bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulub. İndiyədək Məktəbin iki uğurlu buraxılışı olub. Bu genədək məktəbin iki uğurlu buraxılışı olub. Ümumilikdə məktəb layihə idarə edilməsi üzrə dünyada tanınmış təlim kurrikulumu əsasında 96 özəl və dövlət təşkilatının 205 nümayəndəsinə təlim verib. Bunlardan 103 nəfəri Corc Vaşinqton Universitetinin Magistr və 102 nəfəri isə Bakalavr sertifikatına layiq görülüb.
  • BP və tərəfdaşlarının Avropa İttifaqının beyin mərkəzlərindən biri vasitəsilə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinə makroiqtisadi analiz və proqnozlaşdırma sahəsində texniki yardımı.
  • BP və tərəfdaşlarının gənclərə imkanlar yaradan sahibkarlıq mərkəzi layihəsi. Mərkəz Gəncə peşə təlimi mərkəzi daxilində ayrıca biznes və idarəetmə bölümü kimi fəaliyyət göstərir.
  • BP və tərəfdaşlarının süd məhsulları istehsalçılarına dəstək layihələri. İcma-əsaslı bu layihələrin məqsədi kiçik və orta miqyaslı fermerlərə öz istehsal güclərini artırmaqda kömək etməkdir.
  • BP şirkətinin Qafqaz Universitetinin bakalavr təhsili ixtisaslarını genişləndirərək kimya, mexanika və sənaye mühəndisliyi də daxil olmaqla üç neft mühəndisliyi ixtisasını əhatə etməsinə dəstəyi. Layihənin bir hissəsi olaraq 2009-cu ildə BP kimya mühəndisliyi fakültəsi, 2011-ci ildə isə həmin fakültə üçün tam təchiz edilmiş və ümumi kimya, analitik kimya, üzvi kimya, kimya-mühəndisliyi və fiziki kimya sahələrində ixtisaslaşmış beş müasir laboratoriya açıb. Hazırda kimya mühəndisliyi fakültəsində 104 tələbə təhsil alır. 2011-ci ildə isə universitetdə mexanika mühəndisliyi fakültəsi açıldı və həmin fakültəyə artıq 89 tələbə qəbul edilib. BP 2013-cü ilin dekabr ayında bu yeni fakültə üçün də tam təchiz edilmiş mexanika mühəndisliyi laboratoriyaları açmağı planlaşdırır
  • BP şirkətinin biznes sahəsində çalışan jurnalistlərin peşəkarlığını artırmaq və onların beynəlxalq standartlarla işləmək səylərinə kömək məqsədi daşıyan “Biznes jurnalistikası” adlı irimiqyaslı təlim proqramı. Bu təlim proqramı 12 mütəxəssisə biznes jurnalistikası sahəsində beynəlxalq təcrübə keçməklə regionun qabaqcıl jurnalisti olmaqda yardım edib. Onlar milli biznes jurnalistikasında bir yeni istiqamət yaradıblar və çoxsaylı ardıcılları var.

 

Təqdimat slaydları


Biznesimizi əks etdirən təqdimat slaydları ilə tanış olun 


Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 

Telefon: +994 (0) 12 599 45 57