AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2016-cı ildə AÇG layihəsinə təqribən 503 milyon dollar əməliyyat məsrəfləri və 1,45 milyard dollar əsaslı məsrəflər xərclənmişdir.
Hasilat
2016-cı il ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl ərzində AÇG-dən ümumi hasilat – Çıraq (54 000), Mərkəzi Azəri (144 000), Qərbi Azəri (114 000), Şərqi Azəri (72 000), Dərinsulu Günəşli (126 000) və Qərbi Çıraq (120 000) platformalarından birlikdə – gündə orta hesabla 630 000 barel və ya ümumilikdə 230 milyon bareldən artıq, yəni 31,1 milyon tondan artıq təşkil edib.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq 2016-cı ildə iki planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirildi - sentyabr ayında Dərinsulu Günəşli və noyabr ayında Şərqi Azəri platformasında.
Plana əsasən Dərinsulu Günəşli platformasından hasilat sentyabr ayında 11 gün ərzində, Şərqi Azəridə isə noyabr ayında 12 gün ərzində dayandırıldı ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformaların təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırıldı.
2016-cı ilin sonunda AÇG-də ümumilikdə 100 neft hasilat quyusu və 49 qaz və su injektor quyusu istismarda idi. Bu quyulardan 5-i 2016-cı ilin sonuna olan göstəricilərə görə BP-nin dünyadakı 10 ən məhsuldar quyusunun sırasında olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
2016-ci il ərzində AÇG-də 15 neft hasilat quyusu, 7 suvurma quyusu və 1 qaz injektor quyusu qazılmışdır.
Səmt qazı
2016-cı ildə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,5 milyon kubmetr, ümumilkdə isə 2,75 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
2016-cı ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.
2016-cı ildə terminal 286,8 milyon bareldən artıq neft və kondensat, o cümlədən 253,4 milyon bareldən artıq Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 30,3 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 3,1 milyon barel ayrıca kondensat ixrac kəməri vasitəsilə, ixrac etmişdir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,9 milyon standart kub metr (1 milyard 21 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.
2016-cı il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 118 milyon dollar, əsaslı xərclərə isə 58 milyon dollar xərclənmişdir.
1768km uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bəri bu boru kəməri vasitəsilə ümümilikdə təxminən 2,61 milyard barel (349 milyon ton) xam neft nəql edilmiş və Ceyhanda 3425 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
2016-cı ildə BTC vasitəsilə təqribən 33,5 milyon ton (251 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 313 tankerə yüklənib.
Hazırda BTC boru kəməri Azərbaycandan əsasən AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur.
2016-cı il ərzində Şahdəniz üzrə fəaliyyətlərə təqribən 469 milyon dollar əməliyyat xərcləri və təqribən 3,7 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz Mərhələ 2 layihəsinə aiddir.
Hasilat
2016-cı ildə Şahdəniz yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə etibarlı şəkildə qaz çatdırılmasına davam etmişdir.
İl ərzində yataqdan 10,7 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 30 milyon (ildə təqribən 10,9 milyard) standart kubmetrdir.
Qazma əməliyyatları
2016-cı ildə Şahdəniz Mərhələ 1-in mövcud platformasında (Alfa) SDA09 qaz hasilatı quyusu qazılmış və hasilata başlamaq üçün təhvil verilmişdir. Bundan sonra isə SDA10 quyusunun dərin hissələrində qazma işlərinə başlanmışdır. Bu işlər hazırda davam edir.
İstiqlal qazma qurğusunda yenidənqurma işləri və istismar sınaqları sentyabr ayının ortalarına başa çatdı. İlin dördüncü rübündə bu qazma qurğusu SDC04 quyusunu tamamladı. Bu da Şah Dəniz 2 layihəsi çərçivəsində tamamlanmış və hasilata hazır vəziyyətə gətirilmiş ilk quyudur. Heydər Əliyev qazma qurğusu SDG02 və SDG04 quyularının məhsuldar lay hissələrini qazmışdır. Hazırda bu qurğuda SDF01 quyusunun üst hissəsində qazma işlərinə başlamaq üçün hazırlıq işləri aparılır.
Bu iki qazma qurğusu artıq Şahdəniz Mərhələ 2-dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
2016-cı il ərzində Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işləri uğurla davam etmişdir. Hazırda layihə üzrə işlər - mühəndis işləri, təchizat və tikinti işləri də daxil olmaqla - ümumilikdə 89%-dən çox tamamlanıb və bu layihədən ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğundur.
Ölkədəki bütün tikinti-quraşdırma və istehsalat sahələrində - həm dənizdə, həm də quruda, o cümlədən Səngəçal Terminalı, Bakı yaxınlığındakı ATA (AMEK/Tekfen/Azfen) sahəsi, Bakı Dərin Özüllər Zavodu və boru kəməri marşrutu boyunca irimiqyaslı işlər davam edir.
Sentyabr ayında layihə mühüm bir hadisəni qeyd etdi - Şahdəniz Mərhələ 2 üçün tikilən iki platformadan birinin dayaq bloku Bakı Dərin Özüllər Zavodundan dənizdə quraşdırılmaq üçün yola salındı. Dayaq blokunun rəsmi yola salma mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev iştirak etdi. Hasilat və Dikborular (HDB) platformasının dayaq blokunun daşınması, suya endirilməsi və yerləşdirilməsi işləri təhlükəsiz şəkildə üçüncü rübün sonunadək, payaların üzərinə quraşdırılması işləri isə noyabr ayında başa çatdırıldı.
ATA tikinti-quraşdırma sahəsində Şah Dəniz 2 platformasının hər iki üst modulunun tikintisi artıq, demək olar ki, başa çatıb və istismar sınaqları davam edir. Bu modulların dənizə yola salınması və quraşdırılması 2017-ci ilin ikinci və üçüncü rüblərinə planlaşdırılır.
2016-cı ildə işlərin ən qızğın vaxtlarında Azərbaycanda 24 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunmuşdu ki, onların da 80%-dən çoxu Azərbaycan vətəndaşları olub.
2016-cı il ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 27 milyon dollar əməliyyat xərcləri və 974 milyon dollar əsaslı xərclər sərf edilib.
Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.
2016-cı ildə CQBK-nin gündəlik orta ötürücülük gücü təqribən 19.9 milyon kubmetr qaz olmuşdur.
CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.
2016-cı ildə CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir.
Azərbaycanda kəmər xəttinin inşası üzrə tikinti işləri irəliləməkdə davam etmişdir - təqribən 239km uzunluğunda borular artıq qaynaq edilib və 207km boru xəndəyə endirilib və üstü örtülüb. Planlaşdırılmış 5 üfüqi istiqamətdə qazma işinin dördü il ərzində tamamlanıb, beşinci işin 2017-ci ilin birinci rübündə başa çatması gözlənilir.
Gürcüstan ərazisində ilin sonunda kəmər xəttinin inşası üzrə tikinti işləri bitmək üzrə idi - 61km uzunluğunda borular qaynaq edilmiş və 51km borunun üstü örtülmüşdü. Şərqi Kür ərazisində tunel tikintisi başa çatıb, boru kəmərinin inşasına isə bu ilin dördüncü rübündə başlanacaq.
Gürcüstanda hər iki kompressor stansiyasında və nəzarət-ölçü stansiyasında tikinti-quraşdırma işləri davam edib. 1-ci kompressor stansiyasında işlər təqribən 90% tamamlanıb və 2017-ci ildə bitmək planına uyğun irəliləyir. 2-ci kompressor stansiyasında işlər 55%, nəzarət-ölçü stansiyasında isə işlər 80% tamamlanıb və bu stansiyanın da 2017-ci ildə təhvil verilməsi planlaşdırılır.
Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən 2016-cı ildə əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı 2017-ci ilin 4-cü rübündə yekunlaşdı. SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalanmaqla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edilmişdir.
Şəfəq-Asiman üzrə ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir.
2016-cı ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 817 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 87%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı daxildir ki, onların 3-ü vitse-prezident vəzifəsinə 2016-cı ildə təyin olunub.
BP-nin 2018-ci ilin sonunadək ixtisasalı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçilərin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2016-cı ildə BP və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə təkcə Azərbaycanda 1,51 milyon dollar xərcləmişlər.
Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.
Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrin bəzi nümunələri bunlardır:
Biznesimizi əks etdirən təqdimat slaydları ilə tanış olun
Əlavə məlumat üçün BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57