1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2018-ci ilin yekunları

2018-ci ilin yekunları

Tarix: 13 fevral 2019

Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), Şevron (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  


2018-ci il ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 505 milyon dollar əməliyyat məsrəfləri və  1 milyard 150 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.


Hasilat

 

2018-ci ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İl üçün AÇG-dən ümumi hasilat – Çıraq (46 000), Mərkəzi Azəri (154 000), Qərbi Azəri (126 000), Şərqi Azəri (97 000), Dərinsulu Günəşli (105 000) və Qərbi Çıraq (57 000) platformalarından birlikdə – gündə orta hesabla 584 000 barel və ya ümumilikdə təqribən 213 milyon barel, yəni 29 milyon ton olub.
İlin sonunda AÇG-də ümumilikdə 117 neft hasilat quyusu və 44 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.  

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri 

 

2018-ci ildə AÇG-də 14 neft hasilat quyusu və 3 su injektor quyusu qazılıb.

 

Səmt qazı

 

İl ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 6,4 milyon kubmetr, ümumilkdə isə 2,3 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

Səngəçal terminalı

2018-ci ildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və Şahdəniz qazı üçün təqribən 55 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 milyon standart kubmetrdir.

 

İl ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla 284 milyon bareldən çox neft və kondensat, o cümlədən təqribən 255 milyon bareldən çox Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 28 milyon bareldən çox Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,3 milyon barelə yaxın ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

İl ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,4 milyon standart kubmetr (1003 milyon standart kubfutdan çox) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.


2018-ci ildə BTC üzrə əməliyyat xərclərinə təqribən 116 milyon dollar, əsaslı xərclərə isə təqribən 41 milyon dollar xərclənmişdir.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 417 milyon tondan artıq (3,12 milyard bareldən artıq) xam neft nəql edilmiş və Ceyhanda 4085 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

2018-ci il ərzində isə BTC vasitəsilə 34 milyon tondan çox (təqribən 255 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 327 tankerə yüklənib.

 

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), Petronas (15,5%), LUKOYL (10%), NİKO (10%), və TPAO (19%).

 

2018-ci ildə Şahdəniz üzrə fəaliyyətlərə 578 milyon dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 milyard dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aiddir.
Hasilat
2018-ci ildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam etmişdir.
İl ərzində yataqdan 11,5 milyard standart kubmetr qaz və 2,5 milyon ton (təqribən 20,5 milyon barel) kondensat hasil edilmişdir.
2018-ci ildə həmçinin Şahdəniz yatağından ümumi qaz hasilatının 100 milyard kubmetrə çatması qeyd edildi. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığının və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyünün elan edildiyi vaxtdan tam 12 il sonra – dekabrın axırlarında əldə edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 48 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir.
Qazma əməliyyatları
2018-ci ildə Şahdəniz Alfa platformasında SDA11 quyusu qazılmış və tamamlanmışdır. Bundan əlavə, SDA04 və SDA05 quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılmışdır.
İstiqlal qazma qurğusu beş sualtı quyunu tamamlamışdır – ikisi qərb cinahda, üçü isə şərq cinahda. Maersk Explorer qurğusu SDH02A quyusunu tam dərinliyinədək qazmışdır.
Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq 15 quyu qazıb, bunlardan yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu və şərq cinahında üç quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Şahdəniz Mərhələ 2 layihəsi

2018-ci ilin əvvələrində Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvil vermə nailiyyətlərindən sonra Şahdəniz 2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələri, 29 may 2018-ci il tarixində Səngəçal terminalında keçirilmiş rəsmi inauqurasiya mərasimi ilə istismar mərhələsinə daxil oldu. Bunun ardınca 30 iyun 2018-ci ildə Şahdəniz 2 layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başladı. Şahdəniz 2 layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir.

 

İyulun 30-da yatağın şimal cinahındakı SDC03Z quyusunun ventili açılaraq Şahdəniz Bravo platformasından ilk qaz əldə olundu. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla və təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda Şahdəniz Bravo qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunmaqdadır.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 


2018-ci il ərzində CQBK ilə bağlı fəaliyyətlərə təqribən 39 milyon dollar əməliyyat xərcləri və 352 milyon dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır.

İl ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 23 milyon kubmetrdən çox olmuşdur.

 

CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nin genişləndirilməsi (CQBKG) layihəsi

2018-ci il ərzində CQBKG üzrə işlər Azərbaycan və Gürcüstanda boru kəməri marşrutu boyunca uğurla davam etmişdir. Bu iki ölkə ərazisində Türkiyəyə ilk kommersiya məqsədli qaz çatdırmaları üçün nəzərdə tutulmuş bütün infrastruktur plana uyğun şəkildə tamamlanaraq 30 iyunda başlamış ixrac əməliyyatları üçün hazır vəziyyətə gətirilmişdi.

 

Hal-hazırda boru kəməri vasitəsilə Türkiyəyə kommersiya daşımaları həyata keçirilir və CQBKG-nin Azərbaycan və Gürcüstan ərazisindəki qurğuları və boru kəməri hissələri ixrac qaz həcmlərini daşıyır.

Geoloji kəşfiyyat

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisindən əldə edilmiş 3-ölçülü məlumatların interpretasiyası və emalı yekunlaşdıqdan sonra 2018-ci ildə SOCAR-la Perspektivlik haqqında Bildiriş imzalandı. Bununla BP-nin Abşeron yarımadasının dayazsulu hissəsində 3 perspektiv ərazidə kəşfiyyat quyuları qazmaq öhdəliyi müəyyən edildi. Seçilmiş perspektiv ərazilərdə kəşfiyyat quyularının qazılması üçün planlaşdırma işləri davam edir.

 

2018-ci ilin aprel ayında D230 blokunun birgə kəşfiyyatı və işlənməsi haqqında yeni hasilatın pay bölgüsü sazişi imzalandıqdan sonra aparılması 2019-cu ildə gözlənilən seysmik tədqiqat proqramının planlaşdırma işləri başlanıb.

Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri də davam etməkdədi

 

2018-ci ildə BP şirkəti Azərbaycanda mövcud “Qobustan” Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) 61% iştirak payı əldə etdi. Bu sövdələşmənin bir hissəsi olaraq, BP, əməliyyatçı kimi 2019-cu ildə bir geoloji-kəşfiyyat quyusu qazmağı planlaşdırır.

İşçi heyətimiz

2018-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

 

2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP çox məmnundur ki, bu öhdəlik ilin ortasına yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

 

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr
2018-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
 
 
2014-cü ildən bəri BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var idi. BP çox məmnundur ki, bu öhdəlik ilin ortasına yerinə yetirilib. Şirkət öz yerli işçilərinin inkişafına dəstək verməklə onların ixtisaslı işçi tələb edən vəzifələrin əksəriyyətində xarici vətəndaşları əvəz etməsinə nail olub. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
 
 
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
 
  • BP və tərəfdaşlarının “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” proqramı 2018-ci ildə uğurla başa çatdı. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tuturdu. Layihədə iştirak üçün seçilmiş 86 nəfər təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə öz məşğulluq imkanlarını artırmış, həmçinin psixoloji məsləhətlər vasitəsilə öz qabiliyyətlərinə  inam hissini gücləndirmişlər.
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2018-ci ildə 41 şirkət bu proqramı tam başa vurmuş, əlavə 16 şirkət isə ilkin qiymətləndirmədən keçmişdir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnolgiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanır. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) 2016-cı ilin sentyabrında “Gələcəyini qur” layihəsini həyata keçirməyə başlayıb. Bu layihədə məqsəd az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək verməkdir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iki uğurlu fazası olub və iştirakçıların təqribən 91%-i ali məktəblərə daxil olub. Bu uğurlu nəticəyə əsaslanaraq layihə hazırda 3-cü fazaya keçib.
  • BP (özünün əməliyyatçısı olduğu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsindəki tərəfdaşları adından)  2016-cı ildən boru kəməri marşrutu boyunca yerləşən beş bölgədə - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında, icmaların  bacarıq və bilgilərinin artırılmasına yönəlmiş bir layihəyə başlayıb. Layihə icmalarda ingilis dilinin tədrisi keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Pilot mərhələnin uğurlu olması layihənin müddətinin boru kəmərləri boyunca 11 bölgədən olan 165 müəllim və 480 icma nümayəndəsinı əhatə etməklə uzadılmasına imkan vermişdir.  2018-ci ilin dekabr ayında bu layihə öz 3-cü fazasına daxil olmuşdur və əvvəlki mərhələlərdə ixtisaslaşmış 22 müəllimin iştirakıyla 11 bölgənin (Ağstafa, Samux, Şəmkir, Goranboy, Tovuz, Kürdəmir, Hacıqabul, Qaradağ, Yevlax, Ucar, Ağdaş) 330-adək icma nümayəndəsini əhatə edir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə əməkdaşlıq edərək bacarıq və biliklərin artırılması və texniki dəstək vasitəsi ilə miqrasiya strategiyalarının, siyasətinin və qanunvericiliyinin səmərəli şəkildə həyata keçirilməsi məqsədilə beynəlxalq qabaqcıl təcrübələrin ölkəyə gətirilməsi layihəsinə dəstək verir. Layihədən viza məsələləri ilə məşğul olan dövlət idarələri yararlanır. Bugünədək layihə çərçivəsində ilk elektron xidmət açılmış və Xarici İşlər Nazirliyi üçün  Konsulluq İstinad Kitabçası hazırlanaraq təqdim olunmuşdur. Bundan əlavə, böyük bir qrup konsulluq işçisinə iş bilgilərini artırmaq məqsədli təlimlər də keçirilmiş, Dövlət Miqrasiya Xidməti əməkdaşları üçün ingilis dili laboratoriyası yaradılmış və onlara ingilis dili üzrə təlimlər keçilmişdir. Bu layihə 2018-ci ilin sonunda uğurla başa çatdı.
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 13 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Qobustan və Şirvan rayonlarında, erkən müdaxilə xidmətlərinin yaradılması üzrə layihə həyata keçirir. Layihənin məqsədi bu bölgələrdə Erkən Müdaxilə Mərkəzləri yaratmaqla uşaqların inkişafı prosesində erkən müdaxilənin əhəmiyyəti barədə həm icmanın, həm də səhiyyə sektorunun məlumatlılığını artırmaqdır. Hazırda layihənin 3-cü fazası həyata keçirilir. Bu mərhələdə 10 rayonda məktəbəqədər xidmətin yaradılması, 12 rayonda erkən müdaxilə xidmətlərinin və üç rayonda məktəbəqədər xidmətin gücləndirilməsi işləri davam edir.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında inkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. Bu, əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. 2017-ci ilin dekabr ayında “Şirin qızıl” adlanan bu layihə BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayondan – Ağstafa və Tovuz, seçilmiş əlavə 600 nəfər icma üzvünü əhatə etməklə uzadılmışdır. Layihənin 3 il - 2018-2020-ci illər, üçün nəzərdə tutulmuş bu yeni mərhələsi çərçivəsində arıçılığın inkişafı məqsədilə 60000 nektar ağacı da əkiləcək.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) qonşu icmalarda ətraf mühit şəraitinin yaxşılaşdırılması məqsədli “Yaşıl Səngəçal” adlı  yeni bir ətraf mühit layihəsini dəstəkləyir. Layihə çərçivəsində yaşayış sahələrində təmizləmə və abadlaşma işləri aparmaqla idman avadanlıqları ilə təchiz olunmuş yaşıl həyətlərin salınması planlaşdırılır.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Xəzər sahilyanı dövlətləri arasında informasiya bölüşümünü təmin etmək və Xəzər höfzəsinin ətraf mühitinin qorunması üzrə məlumat bazasının yaradılması sahəsində əməkdaşlığın yaxşılaşdırılmasına kömək məqsədli Xəzər Ətraf Mühit üzrə Məlumat Mərkəzinin yaradılmasını dəstəkləmişdir. Bu məqsədlə ətraf mühit üzrə məlumatın yığılmasını,  ətraf mühit məsələlərinin idarə olunması üzrə ən yaxşı təcrübələrin bölüşülməsini, ətraf mühit üzrə daim yenilənmiş regional məlumata geniş çıxışı, əsas maraqlı tərəflər ilə şəffaflığı və əlaqələri təmin etmək və ətraf mühit üzrə regional fəaliyyətlərdə ictimaiyyətin iştirakını həvəsləndirmək üçün onlayn portal yaradılmışdır.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından)  yerli icmalarda infrastrukturun vəziyyətini yaxşılaşdırmaq məqsədli layihələr də həyata keçirir. 2018-ci ildə Şəmkir, Tovuz və Qaradağ rayonlarında üç uşaq bağçası təmir edilmiş və onlardan ikisi (Şəmkir və Tovuzdakı bağçalar) yeni mebellə də təmin edilmişdir.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından)  11 rayon və iki şəhərdə - Sumqayıt və Gəncə - tuberkulyoz protokollarının tətbiq olunması məqsədi daşıyan bir-illik bir layihəni maliyyələşdirmişdir. Layihə çərçivəsində 863 səhiyyə işçisi (həkim və tibb bacıları) üçün 41 təlim sessiyyası təşkil olunmuşdur.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından)  autizm pozuntuları olan şəxslərin müalicəsi sahəsinə beynəlxalq təcrübədə tətbiq edilən yanaşmalardan birini gətirmək məqsədilə 2018-ci ilin noyabr ayında yeni bir layihəyə başlamışdır. Layihə autizm pozuntuları olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasına yardım etmək, onları əsas təhsil sahələrinə yönəltmək, ixtisas və peşələr üzrə iş mühitinə cəlb etmək və ailə həyatına hazırlamaq məqsədləri daşıyır.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Samux, Yevlax və Ucar rayonlarında 10 kəndin hər birində 10 fermer qrupuna öz fermer təsərrüfatlarını genişləndirmək və ümumi  gəlirlərini artırmaq məqsədli layihə hıyata keçirmişdir. Layihə çərçivəsində fermer qruplarına təlimlər keçirilmiş və avadanlıq paylanmışdır. 100 fermerin hər biri istixana təsərrüfatı, arıçılıq, çiyələk bitkisinin yetişdirilməsi və heyvandarlıqda müqayisəli yemləmə sahələrində təlimlərdən faydalanmışdır. “Firavan” adlı bu layihə 2018-ci ilin avqust ayında başa çatmışdır.
  • BP (Azərbaycanda özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) 2018-ci ildə kənd təsərrüfatı üzrə peşə təhsilinin gücləndirilməsinə dəstək məqsədilə həyata keçirdiyi layihənin 2-ci mərhələsini maliyyələşdirmişdir. Layihənin birinci mərhələsində 3-ü bitkiçilik, 5-i meyvə və tərəvəz, 4-ü isə aqroservis sahəsində olmaqla 12 yeni ixtisas üzrə təlim modulu yaradılmışdı. Layihə çərçivəsində həmçinin bütün yeni yaradılan peşələr üzrə dərsliklərin və tədris materiallarının hazırlanması da  həyata keçirilmişdir. 2-ci mərhələdə isə meyvə və tərəvəz sahəsindəki peşələr üzrə əlavə 7 təlim modulu hazırlanmış, kitabların müəllifləri tərəfindən Qəbələ, İsmayıllı və Qax rayonlarındakı peşə təhsili məktəblərinin tələbə, müəllim və ustalarına həmin sahələrdə təlimlər keçilmişdir.  Bundan əlavə, bir qrup kənd təsərrüfatı mütəxəssisi və peşə təhsili məktəbi müəllimləri üçün ümümi ixtisasartırma və modullar üzrə təlim metodologiyası üzrə dərslər də keçilmişdir.

 

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2018-ci ildə 1,1 milyon dollar vəsait xərcləmişdir. Bu layihələr aşağıdakılardır:

  • Şərqin ilk demokratik respublikası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə BP-nin  maliyyələşdirdiyi “Cümhuriyyət qurucuları” adlı kitab üçün aparılmış tədqiqat və kitabın nəşri. 100 illiyin qeyd edilməsinə BP-nin töhfəsi olan bu nəşr cümhuriyyət qurucuları olan 59 nəfərin xatirəsinə həsr edilmişdir və onların tarixi xidmətlərini əks etdirən sanballı tədqiqat kitabıdır.
  • Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə BP-nin  maliyyələşdirdiyi “Son iclas” adlı sənədli film. Film bolşeviklərin devirdiyi demokratik hakimiyyətin parlamentinin faciəvi son iclasında baş verən hadisələri sənədləşdirib. Bu film Heydər Əliyev Fondu və Bakı Media Mərkəzi ilə birlikdə hazırlanmışdır.
  • Azərbaycanın möhtəşəm milli sənət nümunələrindən biri olan Kəlağayı sənətinə dair müfəssəl mədəni və tarixi tədqiqat və həmin tədqiqata əsaslanan  kitabın nəşri. Kitab dünyanın ən qədim mədəniyyət nümunələrindən biri olan kəlağayı sənətinin mühafizəsi və Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanınmasına dəstək məqsədi daşıyır.
  • İqtisadiyyat üzrə dünyada ən çox istifadə olunan üç kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri. Bu layihə beynəlxalq iqtisadi nəzəriyyə və siyasət, makroiqtisadiyyat və mikroiqtisadiyyat haqqında dünyada geniş yayılmış üç kitabdan birbaşa istifadə imkanı yaratmaqla beynəlxalq iqtisadi biliklərin Azərbaycana gətirilməsi yönümündə əhəmiyyətli bir töhfədir. Kitablar  Azərbaycanın iqtisadiyyatla bağlı təhsil müəssisələrində tədrisin keyfiyyətinin artırılmasına və təhsilin modernləşdirilməsinə böyük dəstək olacaq.
  • 2018-ci ildə BP İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə üçün elektron infrastrukturunun modernlədirilməsinə dəstək layihəsinə başlamışdır. Layihə çərçivəsində Mərkəzə müasir proqram təminatlarının yaradılmasında kömək göstəriləcək və bu yeni proqramlarla hökumətin Strateji Yol Xəritələri çərçivəsində ölkənin sosial və iqtisadi inkişafı üçün həyata keçirdiyi tədbirlərin qiymətləndirilməsi həyata keçiriləcək.
  • BP əməkdaşlarının Bakı Ali Neft Məktəbində biznes mühazirələri təşəbbüsü Azərbaycanda yerli neft-qaz mühəndislərinin inkişafına dəstək məqsədi daşıyır. Layihə çərçivəsində BP-nin aparıcı mütəxəssisləri və rəhbər işçiləri bu ali məktəbdə silsilə mühazirələr və təqdimatlar keçirir, öz təcrübələrini bölüşür və BP-nin əməliyyatları, texnoligiyaları, iş prosesləri və mexanizmləri barədə məlumat verirlər.
  • BP həmçinin Bakı Ali Neft Məktəbində innovativ bir təlim proqramını da maliyyələşdirir. “Mühəndislər üçün biznes təhsili” adlanan bu proqram yerli mühəndislərə universitet təhsilindən rahat şəkildə biznes karyerasına keçməyə kömək edəcək. Bu proqram 5-ci kurs tələbələri üçün nəzərdə tutulub və idarəçilik və biznes sahəsində geniş bilgilər vermək məqsədi daşıyır.
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir­. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb.

2018-ci ilin nəticələri

 

Əlavə məlumat üçün BP-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 5895