AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2025-ci ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 259 milyon dollar əməliyyat məsrəfləri və 558 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2024-cü ildə əldə olunmuş seysmik məlumatların emalı bu ilin birinci yarısında tamamlanmış və ikinci il üçün məlumat toplanması işləri iyun ayında başlanmışdır.
Hasilat
2025-ci ilin birinci yarısında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk altı ay üçün AÇG-dən ümumi hasilat – Çıraq (21 000), Mərkəzi Azəri (86 000), Qərbi Azəri (75 000), Şərqi Azəri (42 000), Dərinsulu Günəşli (54 000), Qərbi Çıraq (24 000) və ACE (25 000) platformalarından birlikdə – gündə orta hesabla 327 000 barel və ya ümumilikdə təxminən 59 milyon barel, yəni 8 milyon ton olub.
Fevralın 18-i AÇG layihəsi Mərkəzi Azəri platformasından ilk neftin əldə olumasının 20 illiyini qeyd etdi. İndiyədək bu platformadan ümumilikdə 1,1 milyard barrel (154 milyon ton) neft hasil edilib.
İkinci rübdə AÇG layihəsi, təxminən dörd illik fasilədən sonra Çıraq platformasından laylara su vurulması prosesini uğurla bərpa etmişdir. Bunun üçün platformada bir sıra vacib yenilənmə işləri həyata keçirilmişdir: suvurma nasosları yenidən layihələndirilmiş və modifikasiya olunmuş, idarəetmə sistemi yenidən qurulmuş, həmçinin yeni bir su injektor quyusu qazılmışdır. Bu quyu Çıraq platformasında ilk dəfə olaraq ayrıca dizel generatoruna ehtiyac olmadan, mövcud üst tikililər və qazma generatorlarının istehsal etdiyi elektrik enerjisi ilə qazılmışdır.
Bundan əlavə, ikinci rübdə AÇG layihəsi çərçivəsində ACE platformasından ilk qaz injektoru quyusu təhlükəsiz şəkildə və qrafikə uyğun işə salınmışdır.
İyun ayının sonunda AÇG-də ümumilikdə 143 neft hasilat quyusu, 46 su injektor quyusu və 10 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
İlin birinci yarısında AÇG-də 3 neft hasilat, 3 su injektor və 1 qaz injektor quyusu qazılıb tamamlanmışdır.
Səmt qazı
2025-ci ilin birinci yarısında AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 8 milyon kubmetr, ümumilikdə isə 1,5 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Sərbəst qaz
AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalandı. AÇG yatağının çıxarıla bilən STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.
2025-ci iin birinci yarısında iki prioritet STQ layını hədəfləyən ilkin quyu qazılıb və tamamlanıb. Quyu mövcud Qərbi Çıraq platformasından qazılıb. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq. Hazırda həmin quyudan ilk qaz hasilatının əldə olunması istiqamətində bütün lazımi sualtı birləşdirmə işləri davam edir.
Birinci yarımildə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İlk altı ay ərzində terminal təxminən 106 milyon barel neft və kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.
Qaz terminaldan Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
İlk altı ay ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74 milyon standart kubmetr (təxminən 2 milyard 616 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Terminalda emissiyaların azaldılmasına doğru
İyunun 2-də Səngəçal terminalının investorları Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqlədilər. 230 milyon dollar dəyərində olan bu layihə terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. Layihə üzrə tikinti işləri artıq başlanıb və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.
2025-ci ilin birinci yarısında BTC üzrə əməliyyat xərclərinə təxminən 60 milyon dollar, əsaslı xərclərə isə 30 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2025-ci ilin iyun ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 605 milyon ton (təqribən 4,6 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 6007 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
İlk altı ay ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 13 milyon ton (təxminən 106 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 145 tankerə yüklənmiş və yola salınmışdır.
2025-ci ilin birinci yarısında Şahdəniz üzrə fəaliyyətlərə təxminən 1 milyard 282 milyon dollar əməliyyat xərcləri və təxminən 472 milyon dollar əsaslı xərclər çəkilmişdir. Bu xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.
Şahdəniz qaz yatağının işlənməsinin növbəti mərhələsi olan Şahdəniz Kompressiya (ŞDK) layihəsi üçün Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi üzrə ictimaiyyətlə məsləhətləşmələrin müddəti aprel ayında bitmiş və sənədin yekun versiyası may ayında hökumət tərəfindən təsdiqlənmişdir.
Bunun ardınca, iyunun 3-də Şahdəniz konsorsiumu ŞDK layihəsi üçün yekun investisiya qərarını elan etmişdir.
2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Tikinti işlərinin 2025-ci ilin sonlarında başlanacağı planlaşdırılır. Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Hasilat
Birinci yarımildə Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk altı ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 14 milyard standart kubmetr qaz və təxminən 2 milyon ton (təqribən 16 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 77,2 milyon (ildə təqribən 28,2 milyard) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2025-cü ilin birinci yarısında Şahdəniz 2 layihəsi çərçivəsində qərb-cənub cinahından beşinci quyu işə salınmışdır və qalan quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir.
Xankəndi sualtı tikinti gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək verməyə davam etmişdir. Regionda tətbiq edilən vahid gəmi strategiyasına uyğun olaraq Xankəndi gəmisi dənizdəki bütün tikinti, quraşdırma, müayinə, təmir və texniki xidmət işləri və fövqəladə hallara cavab tədbirləri üçün əsas gəmi kimi istifadə olunur ki, bu da bp və tərəfdaşlarının əməliyyatlarının daha təhlükəsiz və daha səmərəli olmasına xidmət edir.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xənkəndi gəmisinin əsas iş həcmi olmaqda davam edir. Burada əsas diqqət layihə üzrə qalan quyuların təhvil verilməsinə yönəlib. Gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafik hazırlanmışdır.
Qazma əməliyyatları
İlin ilk altı ayında Şahdəniz Alfa platformasının qazma qurğusu yenidən aktivləşdirilmə rejimində olub.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib.
Ikinci rüb ərzində İstiqlal qazma qurğusu qərb-cənub cinahında SDF04 quyusunda işlər həyata keçirib. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında SDH04 quyusunun qazma işlərini davam etdirib.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 22 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında üç quyu daxildir.
İlin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 36 milyon dollar, əsaslı xərclər isə təxminən 12 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
İlin ilk altı ayı ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 62,4 milyon kubmetr olmuşdur.
Şəfəq-Asiman
Şəfəq-Asiman dəniz blokunda TPAO-nun qoşulması ilə layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun bundan sonrakı qiymətləndirilməsi sürətləndiriləcək. Bu məqsədlə Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla əlavə qiymətləndirmə işləri həyata keçiriləcək. Bu fəaliyyətlərə imkan yaratmaq üçün həmçinin HPBS-nin kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır.
"Qarabağ" və ADUA
İkinci rübdə bp həmçinin “Qarabağ” neft yatağının işlənməsi üzrə mövcud Risk Xidməti Sazişinə (RXS) və Əşrəfi – Dan Ulduzu – Aypara (ADUA) sahəsinə aid hasilatın pay bölgüsü sazişinə (HPBS) qoşuldu. bp bu iki sazişin - RXS və HPBS, hər birində SOCAR-dan 35%-lik iştirak payı alıb. bp həmçinin hər iki müqavilə üzrə operator olacaq. Bu sazişlər Xəzərdə mövcud infrastrukturdan ən səmərəli şəkildə istifadə etməyə imkan yaradacaq yeni işlənmə variantlarını müəyyənləşdirmək istiqamətində bp-nin SOCAR-la əməkdaşlığında yeni perspektivlər açır.
2025-ci ilin ikinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2025-ci ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,7 milyon dollar vəsait xərcləmişlər. İlk altı ay ərzində bu layihələrə hazırda davam edən 17 təhsil proqramı və yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə daxil idi.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin birinci yarısında təxminən 0,4 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 19 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 7 konfrans və seminara dəstək, yəni ümumilikdə 32 layihə daxildir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895