AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.
2026-cı ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 134 milyon dollar əməliyyat məsrəfləri və 363 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.
AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların emalı birinci rüb ərzində davam etmişdir.
Rüb ərzində həmçinin Dərinsulu Günəşli ərazisində bir çox quyularda sualtı müdaxilə proqramı çərçivəsində dəniz əməliyyatları davam etmişdir. Bu əməliyyatların bir hissəsi olaraq ilk quyuda sualtı müdaxilə işi uğurla tamamlanmış və quyu lazımı məlumatlar toplandıqdan sonra yenidən suvurma fəaliyyətini davam etdirmişdir.
Hasilat
2026-cı ilin birinci rübündə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (19 500), Mərkəzi Azəri (89 800), Qərbi Azəri (74 800), Şərqi Azəri (43 900), Dərinsulu Günəşli (47 700), Qərbi Çıraq (22 600) və ACE (26 700) platformalarından birlikdə – gündə orta hesabla 325 000 barel və ya ümumilikdə təxminən 29 milyon barel, yəni 4 milyon ton olub.
Rübün sonunda AÇG-də ümumilikdə 149 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.
AÇG üzrə qazma və tamamlama fəaliyyətləri
Birinci rüb ərzində AÇG-də 2 neft hasilatı quyusu, 3 su injektoru və 1 qaz injektoru quyusu qazılıb tamamlanmışdır.
Səmt qazı
2026-cı ilin birinci rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 12 milyon kubmetr, ümumilikdə isə 1 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.
Sərbəst qaz
AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) sərbəst təbii qazla (STQ) bağlı yeni əlavənin imzalanmasından sonra ilkin hasilat quyusu planlaşdırılmış və mövcud Qərbi Çıraq platformasından təhlükəsiz şəkildə qazılmışdır. Bu quyu qiymətləndirmə baxımından da çox əhəmiyyətlidir, çünki quyudan əldə edilən məlumatlar AÇG-dəki STQ ehtiyatlarının işlənməsi üçün gələcək planların hazırlanmasına kömək edəcək.
2025-ci ildə quyuda qazma işləri uğurla bitmiş və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layına - daha dayaz Qırmakıüstü Qumlu (QÜQ) və daha dərin Qırmakıaltı (QA) lay dəstlərinə çıxış təmin edilmişdir.
Quyu ilk STQ hasilatı üçün əsas hədəf lay sayılan QÜQ lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmişdir. Bu laydan ilk hasilat bu ilin ikinci yarısına planlaşdırılır.
Bundan əlavə, quyu QA lay dəstində də yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar etmişdir. Bu laydan ilk STQ hasilatı 2026-cı ilin birinci yarısına planlaşdırılır. Bu, ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir. Bundan sonra quyu yenidən tamamlanacaq və ilin ikinci yarısından başlayaraq hasilat daha dayazda yerləşən və ilk qaz üçün əsas hədəf sayılan QÜQ layından həyata keçiriləcək.
2026-cı ilin birinci rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
Rüb ərzində terminal təxminən 47 milyon barel neft və kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.
Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 74,4 milyon standart kubmetr (təxminən 2 milyard 628 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.
Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi
2026 cı ilin birinci rübü ərzində Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi çərçivəsində terminal ərazisinin həm daxilində, həm də ondan kənarda aparılan tikinti işləri əhəmiyyətli dərəcədə irəliləmişdir.
Terminal ərazisindən kənarda yerləşən yeni “AzərEnerji” yarımstansiyasının tikintisi əsasən tamamlanmış, hava xətlərinin quraşdırılması işləri isə tam başa çatmışdır. Terminal ərazisində də tikinti işləri plana uyğun davam etmişdir. Layihənin 2027 ci ildə işə salınması istiqamətində mühüm mərhələ sinxron kondensatorun təchizatıdır ki, bu avadanlığın ilk modulu artıq sahəyə çatdırılıb.
Hazırda layihə əsas tikinti və quraşdırma mərhələsindədir və 2026 cı ilin üçüncü rübünə nəzərdə tutulmuş istismar sınaqları istiqamətində əminliklə irəliləyir.
Layihə üzrə tikinti işlərinin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək, başa çatacağı nəzərdə tutulur.
230 milyon dollar dəyərində olan bu layihə terminalın AzərEnerji ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa edilir.
STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda AzərEnerjiyə verəcək, AzərEnerji isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
“Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətində iştirak payları belədir: “bp” (40,01%), “SOCAR Green” (39,99%), Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) və “MVM” (10%).
2026-cı ilin birinci rübündə Şəfəq günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda yerləşən layihə sahəsində plana uyğun irəliləmişdir. Fotovoltaik modullar, payalar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanmışdır. Payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə də ciddi irəliləyiş əldə olunmuşdur və bu avadanlıqların təxminən 30%-i artıq quraşdırılıb.
Aprel ayının əvvəlində layihə sahəsində ilk günəş panelinin quraşdırılması ilə layihə növbəti mərhələyə, yəni günəş panellərinin quraşdırılması mərhələsinə başlayıb.
Layihə üzrə tikinti işlərində yerli resurslardan istifadə artmaqda davam etmişdir. Hazırda layihəyə təxminən 350 nəfər yerli işçi cəlb olunub ki, bunlardan 123-ü işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir və bu artan işçi qüvvəsinin yerləşdirilməsi üçün sahədəki mövcud yaşayış blokları hazırda genişləndirilməkdədir.
Ətraf mühitin qorunması layihənin əsas diqqət mərkəzində qalmaqdadır, o cümlədən tikinti sahəsinin bitki örtüyündən təmizlənməsi işlərinin monitorinqi aparılır və vəhşi heyvanların sahədən təhlükəsiz şəkildə köçürülməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqələndirilərək həyata keçirilir.
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.
2026-cı ilin birinci rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təxminən 30 milyon dollar, əsaslı xərclərə isə 28 milyon dollar vəsait xərclənmişdir.
1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2026-cı ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 626 milyon ton (4,7 milyard bareldən çox) xam neft nəql edilmiş və Ceyhanda 6210 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.
Bu ilin birinci rübü ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 6 milyon ton (təxminən 49 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 65 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
2026-cı ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə təxminən 785 milyon dollar əməliyyat xərcləri və təxminən 336 milyon dollar əsaslı xərclər çəkilmişdir.
Hasilat
Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC-yə və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir.
İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz və təxminən 1 milyon ton (təqribən 7 milyon barel) kondensat hasil edilmişdir.
Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 74,2 milyon (ildə təqribən 27,1 milyard) standart kubmetrdir.
Şahdəniz 2 layihəsi
2026-cı ilin birinci rübündə Şahdəniz 2 layihəsi çərçivəsində qərb cinahında quyularda sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir.
Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xankəndi gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, rüb ərzində gəmi həmçinin AÇG yatağının Dərinsulu Günəşli ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək edəcək sualtı müdaxilə əməliyyatlarına cəlb olunmuşdur. Bu müddət ərzində Tofiq İsmayılov dalğıc gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək vermişdir.
Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.
Şahdəniz Kompressiya (ŞDK) layihəsi
Rüb ərzində Şahdəniz kompressiya (ŞDK) layihəsi üzrə işlər təhlükəsiz şəkildə və qrafikə uyğun irəliləmişdir.
ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam etmişdir. İlkin polad və struktur komponentləri, o cümlədən dayaq blokunun elementləri və sualtı konstruksiyaların tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunmuşdur.
Dəniz və sualtı mühəndislik fəaliyyətləri də qrafikə uyğun davam etmiş, bu işlər çərçivəsində müfəssəl dizayn işləri plan üzrə irəliləmiş, əsas texniki baxışlar isə tamamlanmışdır.
Bir sıra mühüm avadanlıq dəstinin təchizat prosesi tikinti və quraşdırma cədvəllərinə uyğun davam etmişdir.
2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.
Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.
Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.
Qazma əməliyyatları
2026-cı ilin birinci rübündə Şahdəniz Alfa platforması SDA09 və SDA07 quyularında əlavə perforasiya işlərini tamamlayıb.
İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Rüb ərzində İstiqlal qazma qurğusu qərb cinahında SDD05 quyusunda karotaj və birləşdirmə borularının düzülməsi işlərini, ardınca isə həmin quyuda tamamlama işlərini yerinə yetirib. Heydər Əliyev qazma qurğusu isə şərq-şimal cinahında SDH05 quyusunun qazma işlərini davam etdirib.
Ümumilikdə Şahdəniz 2 çərçivəsində 23 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında dörd quyu daxildir.
2026-cı ilin birinci rübü ərzində CQBK-nin əməliyyat xərcləri təqribən 21 milyon dollar, əsaslı xərclər isə təxminən 9 milyon dollar olub.
CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.
Rüb ərzində CQBK-nin ixrac üçün gündəlik orta ötürücülük gücü 63,5 milyon kubmetr olmuşdur.
Şəfəq-Asiman
Şəfəq-Asiman dəniz blokunda layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur. Bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır. Bu fəaliyyətlərə imkan yaratmaq üçün 2025-ci ilin iyun ayında Şəfəq-Asiman HPBS-nin kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır.
Şəfəq-Asimanda iştirak payları belədir: “bp” (operator – 35%), “SOCAR” (35%) və “TPAO” (30%, 2025-ci ilin iyun ayında HPBS-yə qoşulub).
"Qarabağ" və ADUA
Qarabağ yatağında yataq haqqında bilgiləri artırmaq, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək məqsədilə dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat həyata keçirilib. Tədqiqat 2025-ci ilin dekabrında başlayıb və qrafiki qabaqlayaraq martın ortalarında başa çatıb. Tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı hazırda davam edir.
Bunun ardınca mart ayının ortalarında yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat proqramına başlanıb. Bu tədqiqatda əsas məqsəd quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirməkdir. HR/UHR seysmik tədqiqatın 45 günədək davam edəcəyi planlaşdırılır.
ADUA layihəsi üzrə ilk addım olaraq suyun 20-40 metr dərinliyində 2-ölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat aparılıb. Aprelin ortalarında başlanmış və ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edən bu tədqiqat 20 gün davam edib. Tədqiqatda əsas məqsəd yerin təxminən 1500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək verməkdir. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edəcək.
ADUA blokunda seysmik tədqiqata aid Ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantı 2025-ci ilin dekabr ayında ictimaiyyətə açıqlanmış və sənədin yekun variantı bu ilin mart ayında dövlət tərəfindən təsdiqlənmişdi.
2026-cı ilin birinci rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2322 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
2026-cı ilin birinci rübündə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,2 milyon dollar vəsait xərcləmişlər. Rüb ərzində bu layihələrə hazırda davam edən 14 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxil idi.
Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2026-cı ilin birinci rübündə təxminən 0,3 milyon dollar vəsait xərcləyib.
Bunlara hazırda davam edən 16 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 3 layihə, ətraf mühit üzrə 1 təşəbbüs və müxtəlif mövzularda 5 konfrans və seminara dəstək, yəni ümumilikdə 26 layihə daxildir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895