Skip to main content
  1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2026-cı ilin üçüncü rübünün yekunları

2026-cı ilin üçüncü rübünün yekunları

Tarix:
4 noyabr 2026-cı il

AÇG-də iştirak payları: bp (operator - 30,37%), SOCAR (35,30%), MOL (9,57%), INPEX (9,31%), ExxonMobil (6,79%), TPAO (5,73%), ONGC Videsh (2,92%). .

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

2026-cı ilin ilk üç rübü ərzində AÇG üzrə fəaliyyətlərə təqribən 401 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 88 milyon dollar əsaslı məsrəflər xərclənmişdir.

AÇG yatağında aparılan 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramı çərçivəsində 2025-ci ildə əldə olunmuş məlumatların interpretasiyası və inteqrasiyası bu ilin üçüncü rübü ərzində davam etmişdir. Paralel olaraq, 2027-ci ilin yanvarında başlanması planlaşdırılan üçüncü il üçün məlumat toplanması işlərinə hazırlıqlar davam etmişdir.

Dərinsulu Günəşli ərazisində çoxquyulu sualtı müdaxilə proqramı üçüncü rübdə təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq tamamlanmışdır. Proqram çərçivəsində ənənəvi üsullarla müdaxilə işlərinin aparılması çətin hesab olunan 7 sualtı quyuda müdaxilə əməliyyatları uğurla həyata keçirilmişdir. 

Mərkəzi Azəri platformasında həyata keçirilən Mərkəzi Azəri Qaz Genişləndirilməsi (CAGE) layihəsi də üçüncü rübdə uğurla tamamlanmışdır. Layihə nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20% artırılıb ki, bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edəcək. 

Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressoru əsaslı şəkildə modernləşdirilmişdir. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin olunaraq, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan, yerinə yetirilmişdir. 

Layihə çərçivəsində həmçinin qazın yenidən laylara vurulması gücünün artırılmasına və əməliyyat çevikliyinin gücləndirilməsinə dəstək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar həyata keçirilmişdir. Bu modifikasiyalar avqust ayında Mərkəzi Azəri platformasında aparılmış profilaktik işlər proqramı zamanı yerinə yetirilmiş və bunun ardınca layihə üzrə bütün qalan yekun işlər tamamlanmışdır.

 

Hasilat

 

2026-cı ilin üçüncü rübü ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. İlk üç rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (18 800), Mərkəzi Azəri (84 600), Qərbi Azəri (72 000), Şərqi Azəri (45 700), Dərinsulu Günəşli (46 700), Qərbi Çıraq (25 300) və ACE (26 900) platformalarından birlikdə – gündə orta hesabla 320 000 barel və ya ümumilikdə təxminən 87 milyon barel, yəni 12 milyon ton olub.

 

Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 154 neft hasilat quyusu, 50 su injektor quyusu və 11 qaz injektor quyusu istismarda olub.

 

AÇG-nin illik iş proqramının bir hissəsi olaraq avqust ayında Mərkəzi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilmişdir.

 

Proqram üzrə nəzərdə tutulmuş profilaktik işlər, inspeksiya və layihə işlərinin effektiv şəkildə aparılması üçün platformadan hasilat təxminən 6 gün ərzində bir qədər azaldılsa da, tam dayandırılmamışdı. Hazırda platformalarımızda tətbiq etdiyimiz qabaqcıl texnologiyalar profilaktik işlər zamanı hasilatı təhlükəsiz şəkildə davam etdirməyə imkan verir. Yeni texnologiyaların tətbiqi profilaktik işlər zamanı əməliyyatları təhlükəsiz və etibarlı şəkildə həyata keçirməyə imkan verməklə hasilata təsirləri minimuma endirməyə kömək edir.

 

Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu proqram tam təhlükəsiz şəkildə və vaxtından əvvəl başa çatdırılmışdır.

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

İlin üç rübü ərzində AÇG-də 12 neft hasilatı quyusu, 3 su injektoru və 2 qaz injektoru quyusu qazılıb tamamlanmışdır.

 

Bu quyulardan biri – Şərqi Azəri platformasından qazılmış D18Z neft hasilatı quyusu, indiyədək AÇG yatağında qazılmış quyular arasında ən uzun lay təmasına malik quyu olmaqla, AÇG layihəsi üçün əlamətdar bir nailiyyətdir. Quyuda 2000 metrdən çox uzunluqda açıq lülə hissəsi qazılmışdır ki, bunun 1500 metrdən çoxu hədəf məhsuldar layın daxilində qum hissəsindən keçib. Bu nailiyyət AÇG yatağından əlavə dəyərin üzə çıxarılmasında qabaqcıl seysmik görüntüləmə, qazma və tamamlama texnologiyalarının rolunu bir daha vurğulayır.

 

Səmt qazı

 

2026-cı ilin üç rübü ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.

 

Sərbəst qaz

 

2026-cı ilin birinci yarısında AÇG-də sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatlarının başlanması ilə yataq ilk kommersiya qaz hasilatı əməliyyatları mərhələsinə keçdi.

 

AÇG-də ilk STQ hasilatı əməliyyatları 2025-ci ildə qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanmışdır. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləmiş, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar etmişdi.

 

STQ hasilatı əməliyyatları hazırda Qırmakıaltı Qumlu lay dəstində davam edir və ilkin dövr hasilatı olmaqla yanaşı həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir. 

 

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndərilir ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.

 

İlk STQ hasilatı quyusundan əlavə, STQ laylarının neft ehtiyatlarını hədəfləyən bir hasilat quyusu Dərinsulu Günəşli platformasından qazılmış və plana uyğun olaraq 2026-cı ilin üçüncü rübünün sonunda işə salınmışdır. Bu quyudan həmçinin əlavə qiymətləndirmə məlumatlarının əldə olunması da gözlənilir ki, bu da STQ laylarında gələcək işlənmə imkanlarının dəyərləndirilməsinə kömək edəcək.

Şahdənizdə iştirak payları belədir: bp (operator – 29,99%), LUKOYL (19,99%), TPAO (19,00%), Cənub Qaz Dəhlizi (16,02%), NİKO (10,00%), MVM (5,00%).

 

2026-cı ilin üç rübü ərzində Şahdəniz üzrə fəaliyyətlərə təxminən 2 milyard 2 milyon dollar əməliyyat xərcləri və təxminən 1 milyard 78 milyon dollar əsaslı xərclər çəkilmişdir.

 

Hasilat

 

Üçüncü rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün Bakı-Tbilisi-Ceyhana (BTC) və Avropadakı alıcılara qaz çatdırılması davam etmişdir. 

 

İlin ilk doqquz ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 20 milyard standart kubmetr qaz və təxminən 3 milyon ton (təqribən 21 milyon barel) kondensat hasil edilmişdir. 

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə təxminən 79 milyon (ildə təqribən 28,8 milyard) standart kubmetrdir.

 

Şahdəniz 2 layihəsi

 

2026-cı ilin üçüncü rübündə Şahdəniz 2 layihəsi çərçivəsində şərq-şimal cinah quyularında sualtı işlər üzrə fəaliyyətlər davam etmişdir və sentyabr ayında bu cinahda dördüncü quyu işə salınmışdır. 

 

Şahdəniz 2 layihəsi çərçivəsində görülən işlər Xankəndi gəmisinin əsas iş həcmi olmaqda davam etsə də, ilin ilk doqquz ayı ərzində gəmi həmçinin AÇG yatağının Dərinsulu Günəşli ərazisində bir çox quyularda yataqda təzyiqin idarə olunması və hasilat səviyyəsinin gücləndirilməsi imkanlarının erkən aşkarlanmasına kömək məqsədli sualtı müdaxilə əməliyyatlarına cəlb olunmuşdur. Bu müddət ərzində Tofiq İsmayılov dalğıc gəmisi hazırda istismarda olan bütün Şahdəniz 2 və AÇG sualtı hasilat obyektlərinə texniki xidmət, yoxlama və müdaxilə ilə bağlı ümumi işlərə dəstək vermişdir.

Bu, gəmidən və qazma qurğularından səmərəli istifadəni təmin etmək məqsədilə fəaliyyətlərin optimallaşdırılması və quyuların işə salınması müddətinin sürətləndirilməsi üçün inteqrasiya olunmuş qrafikin bir hissəsidir.
 

Şahdəniz Kompressiya (ŞDK) layihəsi

 

İlin üçüncü rübü ərzində Şahdəniz Kompressiya (ŞDK) layihəsi üzrə işlər təhlükəsiz şəkildə və qrafiki qabaqlayaraq irəliləmişdir və layihə əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilər nümayiş etdirməyə davam etmişdir. Belə ki, rübün sonuna layihə çərçivəsində xəsarət nəticəsində vaxt itirilmədən ümumilikdə 4 milyondan çox iş saatı yerinə yetirilmişdir. 

 

Oktyabr ayında dənizdə boru payaların quraşdırılması əməliyyatlarının başa çatdırılması ilə layihə üzrə mühüm bir mərhələ əldə olundu və bununla da dənizdə tikinti işlərinə başlandı. Bu əməliyyatlar çərçivəsində ŞDK platformasının dayaq blokunun əsasını təşkil edəcək dörd boru paya təhlükəsiz şəkildə dənizə daşınaraq Xankəndi sualtı tikinti gəmisi vasitəsilə öz yerinə quraşdırıldı.  Quraşdırma işləri zamanı payaların sabitliyini və şaquli vəziyyətdə qalmasını təmin etmək məqsədilə xüsusi hazırlanmış 188 tonluq sualtı dayaq tavasından istifadə edilmişdir. Kampaniya çərçivəsində həmçinin bp-nin Xəzər regionundakı əməliyyatlarında ilk dəfə olaraq paya tıxacı texnologiyası tətbiq edilmişdir. 

 

Paralel olaraq, ŞDK platformasının üst modullarının və dayaq blokunun tikintisi işləri müvafiq olaraq Bayıl istehsalat-quraşdırma sahəsində və Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda plana uyğun davam etmiş, ilkin polad və struktur komponentlərinin tikintisi üzrə əhəmiyyətli irəliləyiş əldə olunmuşdur. 

 

Dəniz və sualtı mühəndislik fəaliyyətləri qrafikə uyğun irəliləmişdir. Bir sıra mühüm avadanlıq dəstinin təchizatı da tikinti və quraşdırma cədvəllərinə uyğun davam etmişdir.

 

2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsində məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan təxminən 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.


Layihə çərçivəsində yeni bir kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Layihə həmçinin Şahdəniz müqavilə sahəsində quraşdırılacaq bir sıra əlaqədar obyektləri, eləcə də Şahdəniz Alfa (ŞDA) və Şahdəniz Bravo (ŞDB) platformalarında və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işləri də əhatə edir.


Tikintinin 2029-cu ildə başa çatması ilə ŞDK platformasının həmin ildə ŞDA-dan, 2030-cu ildə isə ŞDB platformasından hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır.

 

Qazma əməliyyatları

 

2026-cı ilin üçüncü rübündə Şahdəniz Alfa platformasında SDA12 quyusunun qazma işləri başa çatdırılıb.

İstiqlal və Heydər Əliyev qazma qurğuları Şahdəniz 2 layihəsi çərçivəsində quyular üzrə işləri davam etdirib. Rüb ərzində İstiqlal qazma qurğusu şərq-şimal cinahında SDH04 quyusunda tamamlama işlərini başa çatdırıb və hazırda həmin cinahda SDH05 quyusunda tamamlama işlərini həyata keçirir. Heydər Əliyev qazma qurğusu isə qurğuda profilaktik işləri başa çatdırıb və qərb cinahında SDD06 quyusunun qazma işlərinə başlayıb.

Ümumilikdə Şahdəniz 2 çərçivəsində 24 quyu qazılıb. Bunlara yatağın şimal cinahında beş quyu, qərb cinahında beş quyu, şərq-cənub cinahında dörd quyu, qərb-cənub cinahında beş quyu və şərq-şimal cinahında beş quyu daxildir.

2026-cı ilin üçüncü rübündə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir. 

İlk üç rüb ərzində terminal təxminən 138 milyon barel neft və kondensat ixrac etmişdir ki, bu həcmlərin hamısı Bakı-Tbilisi-Ceyhan vasitəsilə nəql edilmişdir.

Qaz terminaldan, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi də daxil olmaqla, əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən Azərbaycana məxsus qaz kəməri ilə ixrac olunur.

İlk üç rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 73,4 milyon standart kubmetr (təxminən 2 milyard 611 milyon standart kubfut) Şahdəniz qazı göndərilmişdir.

 

Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi 
 

2026-cı ilin üçüncü rübündə Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihəsi üzrə işlər uğurla davam etmiş və rübün sonuna ümumilikdə 90% tamamlanmışdır.

 

Layihənin terminalın Şahdəniz 2 sahəsində əsas tikinti mərhələsindən istismar sınaqları və işəsalınmaya hazırlıq mərhələsinə keçidi irəliləmişdir, AÇG sahəsində isə tikinti işləri davam etmişdir. Terminal ərazisindən kənarda yerləşən “AzərEnerji”nin dövlət elektrik şəbəkəsi infrastrukturunun yenilənməsi işləri başa çatmışdır.

 

Rüb ərzində layihə üzrə bir sıra mühüm quraşdırma və sınaq işləri tamamlanmış, istismar sınaqları başlanmış və terminalın gələcək elektrikləşdirilməsinə dəstək məqsədilə enerji təchizatı sisteminin modernləşdirilməsi davam etmişdir. Layihə çərçivəsində həmçinin işəsalınmaya hazırlıq üzrə planlaşdırılmış prosesin bir hissəsi olaraq müstəqil daxili əminlik yoxlaması başa çatdırılmışdır.

 

İşəsalınma və dövlət elektrik şəbəkəsinə qoşulma fəaliyyətlərinin mərhələli şəkildə və terminaldakı əməliyyatların fasiləsizliyi təmin olunmaqla həyata keçirilməsi layihənin diqqət mərkəzində qalmaqda davam edir.

 

Layihə üzrə işlərin iki mərhələdə - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələ isə 2028-ci ilin sonunadək, başa çatacağı nəzərdə tutulur.

230 milyon dollar dəyərində STEL layihəsi terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər inşa edilir.

STEL layihəsi Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutan Şəfəq günəş layihəsi ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Şəfəq stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, Şəfəq və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün 7 qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

“Shafag Jabrayil Solar Limited” (SJSL) şirkətində iştirak payları belədir: “bp” (40,01%), “SOCAR Green” (39,99%), Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) və “MVM” (10%).
 

2026-cı ilin üçüncü rübündə Şəfəq günəş layihəsi üzrə tikinti işləri Cəbrayıl rayonunda yerləşən layihə sahəsində irəliləmişdir. Fotovoltaik modullar və struktur komponentləri daxil olmaqla əsas avadanlıqların təchizatı və çatdırılması uğurla tamamlanmış, payaların və izləyici sistemlərin quraşdırılması üzrə işlərdə ciddi irəliləyiş əldə olunmuşdur. Elektrik quraşdırma fəaliyyətləri də başlanmış və rüb ərzində plana uyğun davam etmişdir.

Üçüncü rübün sonuna modulların quraşdırılması üzrə işlər 50% tamamlanmışdır.

Layihə həmçinin əməyin təhlükəsizliyi üzrə yüksək göstəricilər nümayiş etdirməyə davam etmişdir və layihə çərçivəsində qeydiyyata alınan xəsarət olmadan ümumilikdə 1 milyon iş saatı yerinə yetirilmişdir. 

Layihə üzrə tikinti işlərində yerli resurslardan istifadə artmaqda davam edir. Hazırda layihəyə 444 yerli işçi cəlb olunub ki, bunların 150-si işğaldan azad olunmuş ərazilərdə yeni məskunlaşan sakinlərdir. Tikintinin pik dövründə layihədə 700-dən çox iş yerinin yaradılacağı gözlənilir və bu artan işçi qüvvəsinin yerləşdirilməsi üçün sahədəki mövcud yaşayış blokları hazırda genişləndirilməkdədir.

Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır.

Şəfəq-Asiman

 

Şəfəq-Asiman dəniz blokunda layihəni irəli aparacaq ən uyğun variantın müəyyənləşdirilməsi üçün blokun əlavə qiymətləndirilməsi tələb olunur. Bu məqsədlə hazırda Aşağı Suraxanı layına bir quyunun qazılması da daxil olmaqla gələcək fəaliyyətlərin planlaşdırılması üzrə işlər aparılır. Bu fəaliyyətlərə imkan yaratmaq üçün 2025-ci ilin iyun ayında Şəfəq-Asiman HPBS-nin kəşfiyyat dövrü uzadılıb və bp bu dövr üçün operator olaraq qalır.

Şəfəq-Asimanda iştirak payları belədir: “bp” (operator – 35%), “SOCAR” (35%) və “TPAO” (30%, 2025-ci ilin iyun ayında HPBS-yə qoşulub).


"Qarabağ" və ADUA

 

Qarabağ yatağında 2026-cı ildə daha əvvəl iki seysmik tədqiqat proqramı həyata keçirildi. Yataq haqqında bilgiləri artırmaq, quyuların planlaşdırılması işlərinə və yatağın işlənmə strategiyalarının optimallaşdırmasına kömək məqsədilə aparılmış dənizdibi sensor qovşaqlarla (OBN) seysmik tədqiqat 2025-ci ilin dekabrında başladı və qrafiki qabaqlayaraq 2026-cı ilin mart ayının ortalarında başa çatdı. Bunun ardınca yataqda quyu bütövlüyünə təsir göstərə biləcək geoloji riskləri, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz şəkildə quraşdırılmasına maneə yarada biləcək yeraltı təhlükələri müəyyənləşdirmək məqsədilə yüksək dəqiqlikli (HR)/ultra yüksək dəqiqlikli (UHR) seysmik tədqiqat proqramına başlandı və tədqiqat üzrə işlər may ayında başa çatdı. Hər iki tədqiqat nəticəsində əldə olunmuş məlumatların emalı hazırda davam edir. 

ADUA layihəsi üzrə ilk addım olaraq 2026-cı ilin aprel ayında ADUA sahəsinin şimal-qərb hissəsində kiçik bir ərazini əhatə edən 2-ölçülü yüksək dəqiqlikli (HR) seysmik tədqiqat aparılıb. Tədqiqatda əsas məqsəd yerin təxminən 1500 metr dərinliyinədək qatları haqqında ətraflı məlumatlar əldə etməklə gələcək kəşfiyyat quyularının planlaşdırılmasına dəstək vermək idi. Tədqiqat yeraltı qırılmalar, dayaz qatlara yığılmış qazlar və digər geoloji xüsusiyyətlər də daxil olmaqla, qazma əməliyyatları və quyu bütövlüyünə təsir göstərə biləcək yeraltı geoloji risklərin müəyyənləşdirilməsinə kömək edib.

2026-cı ilin üçüncü rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2313 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir. 

2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. 

bp öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün bp və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

 

2026-cı ilin ilk üç rübündə bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təxminən 1,2 milyon dollar vəsait xərcləmişlər. İlk doqquz ay ərzində bu layihələrə hazırda davam edən 26 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 2 layihə və ətraf mühit üzrə 2 təşəbbüs daxil idi.

 

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2026-cı ilin üç rübündə təxminən 1,1 milyon dollar vəsait xərcləyib.

 

Bunlara hazırda davam edən 22 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ölkənin mədəni irsini və idmanı təbliğ edən 6 layihə, ətraf mühit üzrə 1 təşəbbüs və müxtəlif mövzularda 9 konfrans və seminara dəstək, yəni ümumilikdə 39 layihə daxildir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

Əlavə məlumat üçün

bp-nin Bakı ofisində Aytən Əfəndizadəyə müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 60 00