1. Əsas səhifə
  2. Xəbərlər
  3. Biznesə dair məlumatlar
  4. 2020-ci ilin birinci rübünün yekunları

2020-ci ilin birinci rübünün yekunları

Tarix:
12 may 2020
Azəri-Çıraq-Günəşli (AÇG)

AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

 

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.  

 

2020-ci ilin birinci rübü ərzində AÇG üzrə fəaliyyətlərə təxminən 150 milyon dollar əməliyyat məsrəfləri və 522 milyon dollara yaxın əsaslı məsrəflər xərclənmişdir.

 

Rüb ərzində Azəri Mərkəzi Şərqi (ACE) layihəsi çərçivəsində inşa olunan platformanın üst modullarının, o cümlədən qazma modulunun, quraşdırılması Bibiheybətdəki tikinti-quraşdırma sahəsindı davam etmişdir, lakin rübün sonuna yaxın pandemiyanın yaratdığı məhdudiyyətlər materialların və iri avadanlıqların çatdırılmasında gecikmələrə səbəb olmuş və bu da tikini işlərində fasilələrlə nəticələnmişdir. Yaşayış blokunun inşası İsveçdə davam etmişdir.   

 

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa olunan dayaq blokunun tikintisi də irəliləmişdir. Dayaq bloku payalarının quraşdırılması artıq başa çatmışdır və bu ilin  sonlarına yaxın payaların dənizdə quraşdırılması planlaşdırılır. Dərin Özüllər Zavodunun tikinti sahəsində sualtı qurğuların inşası başlanmışdır, sualtı boruların örtüklənməsi işləri Xəzər Boru Örtüklənməsi -  “Caspian Pipe Coating (CPC)”,  müəssisəsində davam etm

 

Hasilat

 

Birinci rübdə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (39 000), Mərkəzi Azəri (136 000), Qərbi Azəri (125 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (95 000) və Qərbi Çıraq (51 000) platformalarından birlikdə – gündə orta hesabla 524 000 barel və ya ümumilikdə təxminən 48 milyon barel, yəni 6,4 milyon tondan artıq

 

Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.    

 

AÇG üzrə qazma və tamamlama fəaliyyətləri

 

Rüb ərzində AÇG-də 4 neft hasilat quyusu qazılmışdır.

 

Səmt qazı

 

2020-ci ilin birinci rübündə AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,9 milyon kubmetr, ümumilikdə isə 0,7 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur

 

 

Səngəçal terminalı

Birinci rübdə AÇG və Şahdəniz yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam etmişdir.

 

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetrdir.

 

Rüb ərzində terminal təqribən 66 milyon barel neft və kondensat, o cümlədən 58 milyon barelə yaxın Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac etmişdir.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 51 milyon standart kubmetrdən çox (təqribən 1 milyard 800 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilmişdir.

Bakı-Tbilisi-Ceyhan (BTC)

BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); MOL (16 aprel 2020-ci il tarixindən Şevron şirkətini əvəz edib (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

 

Birinci rüb ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 25 milyon dollar, əsaslı xərclərə isə təqribən 3 milyon dollar xərclənmişdir.

 

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən  2020-ci ilin birinci rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə 455 milyon tondan artıq (3,41 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 4457 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

 

Rüb ərzində isə BTC vasitəsilə təqribən 7,7 milyon ton (58 milyon bareldən artıq) xam neft və kondensat ixrac olunub və Ceyhanda 76 tankerə yüklənib.

 

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Şahdəniz

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

 

Şahdənizdə iştirak payları belədir: BP (operator – 28,8%), TPAO (19%), AzŞD (10%), Cənub Qaz Dəhlizi Apstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%).

 

Bu ilin birinci rübündə Şahdəniz üzrə fəaliyyətlərə 219 milyon dollara yaxın əməliyyat xərcləri və 219 milyon dollar əsaslı xərclər çəkilmişdir. Əsaslı xərclərin böyük əksəriyyəti Şahdəniz 2 layihəsinə aid olub.

 

Hasilat

 

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırılması davam etmişdir.

 

İlin ilk üç ayında yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 4,7 milyard standart kubmetr qaz və 1 milyon ton (7,7 milyon barel) kondensat hasil edilmişdir.

 

2018-ci ilin iyul ayının sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam etmişdir.

 

Mövcud Şahdəniz qurğularının hasilat gücü hazırda gündə 56 milyon (ildə 20 milyarddan artıq) standart kubmetrdir.

 

Şahdəniz 2 layihəsi

 

İlin birinci rübü ərzində Şahdəniz 2 komandası sualtı quraşdırma işlərini , o cümlədən 2021-ci ildə yatağın şərq-cənub cinahından hasilatın başlanması üçün dərin sularda avadanlıqların quraşdırılması işlərini davam etdirib. Qaz hasilatını planlaşdırılan sabit səviyyəyə çatdırmaq üçün qarşıdakı illərdə Xankəndi sualtı tikinti gəmisi və İsrafil Hüseynov borudüzmə gəmisi vasitəsilə sualtı qurğuların daşınması və quraşdırılması işləri davam edəcək.

 

Qazma əməliyyatları

 

Birinci rübdə Şahdəniz Alfa platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.

 

İstiqlal qazma qurğusu SDC05 sualtı quyusunun alt hissəsini qazmağa başlayıb. Maersk Explorer qurğusu SDF04 quyusunda qazma işlərini davam etdirib.

 

Bu iki qurğu Şahdəniz 2 hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 17 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında dörd quyu, qərb cinahında dörd quyu,  şərq-cənub cinahında dörd quyu, qərb cinahın cənub hissəsində iki quyu,  şərq cinahın şimal hissəsində iki quyu tamamlanıb; qərb cinahın cənub hissəsində bir quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Cənubi Qafqaz Boru Kəməri (CQBK)

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), TPAO (19%), AzSCP (10%), Cənub Qaz Dəhlizi Midstrim (6.7%), PETRONAS (15,5%), LUKOYL (10%), NİKO (10%)

 

İlin birinci rübündə CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 12 milyon dollar əməliyyat xərcləri və təqribən 2 milyon dollar əsaslı xərclər sərf edilib.

 

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır, CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə  çatdırılmasına 2018-ci ilin iyun ayında başlayıb.

 

Rüb ərzində CQBK-nin gündəlik orta ötürücülük gücü 33,6 milyon kubmetr olmuşdur.

 

Geoloji kəşfiyyat

Şəfəq-Asiman dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına bu il yanvar ayının 13-də başlanmışdır. Qazma işləri bitdikdən sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.  

 

D230 blokunda 2019-cu ilin dekabr ayında başlanmış 3-ölçülü seysmik tədqiqat proqramı mart ayının 14-də başa çatmışdır. Əldə edilmiş məlumatların emalına başlanmışdır və bunun ardınca məlumatların interpretasiyası aparılacaq. İnterpretasiyanın nəticələri müsbət olarsa, ilk kəşfiyyat quyusunun planlaşdırılması başlanacaq.

 

Abşeron yarımadasının dayazsulu hissəsi üzrə hasilatın pay bölgüsü sazişi ərazisində seçilmiş yerdə ilk kəşfiyyat quyusunun qazılması işlərinin planlaşdırılması davam edir. Quyunun qazılmasına bu məqsədlə seçilmiş qazma qurğusu üzərində hazırda aparılan işlər başa çatdıqdan sonra gələn ilin əvvəllərində başlamaq nəzərdə tutulur.

İşçi heyətimiz

Birinci rübün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan  vətəndaşlarının sayı 2517 nəfər olub və bura müddətli müqavilə əsasında
işləyən işçilər də daxildir.


2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli  kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli
vətəndaşlardan ibarətdir.
 
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

Sosial sərmayələr

Xəzərdəki layihələrin uğuru həm də əməliyyatçının regiondakı ölkələrin əhalisi üçün bu layihələr vasitəsilə hiss edilən faydalar yaratmaq bacarığından asılıdır. Buna nail olmaq üçün BP və tərəfdaşları mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni inkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.


2020-ci ilin birinci rübü ərzində BP və onun əməliyyatçısı olduğu  birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə
Azərbaycanda 1 milyon dollar xərcləmişlər


Ölkə iqtisadiyyatının güclənməsinə kömək etmək məqsədilə BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) Azərbaycanın hər yerində yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən sosial investisiya layihələrini davam etdirəcək.


Bu qəbildən Azərbaycanda hazırda həyata keçirilən layihələrdən bəziləri bunlardır:

  • BP və tərəfdaşları “Əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılmasına dəstək” adlı proqramı dəstəkəlyir. Bu layihə Azərbaycanda əlilliyi olan şəxslərin bacarıq və səriştələrini inkişaf etdirməyi nəzərdə tutur. Layihə həmçinin psixoloji məsləhətlər vasitəsilə iştirakçıların öz qabiliyyətlərinə inam hissini gücləndirir. Layihənin birinci fazası 2019-cu ilin yanvar ayında bitdi və həmin ilin iyul ayından başlayaraq layihə ikinci fazada davam edir. Bu yeni fazada layihədə 100-dək əilliyi olan səxs iştirak edir. Yeni fazada həmçinin iştirakçıların məşğulluq imkanlarını daha da artırmaq məqsədilə təlim proqramı da genişləndirilmişdir. BP Azərbaycan şirkəti xüsusi təcrübə proqramı yaradıb və layihənin birinci fazasından seçilmiş 9 iştirakçıya beynəlxalq iş mühitində BP-nin təcrübəli əməkdaşlarından yeni bacarıq və biliklər öyrənmək və layihədə öyrəndiklərini işə tətbiq etmək imkanı yaradıb. Hazırda layihənin ikini fazası davam edir və layihədə 105 nəfər iştirak edir. 
  • BP-nin (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) həyata keçirdiyi “Sahibkarlığın İnkişafı Proqramı” (SİP) milyonlarla dollar dəyərində layihədir və yerli sahibkarlığı dəstəkləmək məqsədi daşıyır. Proqram Azərbaycandakı müqavilələrdə yerli resursların iştirakını artırmaq və yerli iqtisadiyyatın sağlam və şəffaf inkişafına dəstək vermək səylərinin bir hissəsidir. 2019-cu ildə proqramı 21 yerli şirkət başa vurub.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) orta məktəblərdə informasiya texnolgiyası (İT) tədrisinin gücləndirilməsi və bu sahədə bilik və bacarıqların yaradılması səylərinə dəstək verir. Bu 3-illik təşəbbüs çərçivəsində Təhsil Nazirliyi ilə əməkdaşlıqda İT təmayüllü məktəblər üçün kurikulum hazırlanıb. Bundan əlavə, yeni kurikulumun pilot tətbiqinə başlamaq üçün 25 seçilmiş Bakı məktəbini təmsil edən 50 müəllimə xüsusi təlimlər də keçilib. Yeni kurikulum əsasında 10-cu və 11-ci siniflər üçün yeni tədris və təlim materialları, o cümlədən dərsliklər hazırlanıb.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) az təminatlı ailələrdən seçilmiş bir qrup 11-ci sinif şagirdinin ali məktəblərin qəbul imtahanlarına hazırlaşmasına dəstək məqsədi daşıyan “Gələcəyini qur” layihəsini həyata keçirir. Layihə üzrə fəaliyyət iki komponentdən ibarətdir – akademik biliklər vermək və sosial inteqrasiya. Bu günədək layihənin iştirakçısı olmuş 207 şagirdin 188 nəfəri (təqribən 91%-i) ali məktəblərə daxil olub. Hazırda layihə 2020-ci ilin qəbul imtahanlarına hazırlaşan yeni iştirakçılarla (115 iştirakçı) davam edir. 
  • BP (Cənubi Qafqaz Boru Kəməri Şirkətindəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən və bir sıra digər bölgələr daxil olmaqla 13 rayonda – Hacıqabul, Kürdəmir, Ağdaş, Ucar, Yevlax, Samux, Goranboy, Şəmkir, Tovuz, Ağstafa, Ağsu, Qobustan və Şirvan rayonlarında, erkən müdaxilə və məktəbəqədər təhsil xidmətləri yaratmaq üçün layihə həyata keçirib. Layihə 2016-2019-cu illər ərzində 3 fazada həyata keçirilib və 2019-cu ildə müvəffəqiyyətlə başa çatıb.
  • BP (özünün əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından) boru kəməri marşrutu boyunca yerləşən Yevlax, Goranboy, Samux və Şəmkir rayonlarında ilkin olaraq 100 icma üzvünü əhatə edən yeni gəlir imkanları yaradılması layihəsi həyata keçirir. Bu əsasən həmin fermerlərə arıçılıq və kiçik təsərrüfatçılıq üzrə avadanlıq, təlim və müntəzəm məsləhətlər verməklə yaradılan gəlir imkanlarıdır. “Şirin qızıl” adlanan bu layihə BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən daha iki rayonu – Ağstafa və Tovuz rayonlarını əhatə etməklə uzadılmışdır. Layihənin 3 il - 2018-2020-ci illər, üçün nəzərdə tutulmuş bu yeni mərhələsinin məqsədi 500 nəfərdən çox icma üzvünə fayda vermək və arıçılığın inkişafı üçün 60000-dən çox nektar ağacı əkməkdir. Bu günədək 45000-dən çox nektar ağacı artıq əkilmiş və 400 nəfərdən çox yeni layihə benefisiarı seçilmişdir.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Bakı Mühəndislik Universitetində BP və tərəfdaşlarının yaratdığı 11 laboratoriyada kimyəvi eksperimentlərin aparılması üçün materialların alınmasını və yeni avadanlıqların quraşdırılmasını təmin etməklə həmin universitetə dəstəyini davam etdirir. Bundan əlavə, bu dəstəyə Kimya Mühəndisliyi fakültəsi üçün tədris materiallarının ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi də daxildir. Bu təşəbbüslərdən hər il 400-dən çox tələbənin faydalanacağı gözlənilir.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) “Uşaqlıq dövründə Sağlamlıq, Təhsil və Sosial İnkişaf (CHED) üzrə baza kursu”nun yaradılmasına yönəlmiş yeni təşəbbüsə dəstək verir. Bu layihə səhiyyə, təhsil və sosial xidmət sektorlarında işləyən mütəxəssislər üçün təlim imkanları təklif etməklə əlilliyi olan uşaqlara və onların ailələrinə göstərilən xidmətin keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Bu məqsədlə Corctaun Universiteti (UAS) tərəfindən sertifikatlaşdırılmış yeni təlim proqramı hazırlanıb. 2019-cu ildə 19 iştirakçı birinci CHED kursunu tamamlayıb. İkinci kurs 2019-cu ilin sonunda başlayıb və hazırda proqrama 18 yeni iştirakçı qatılıb.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) 2019-cu ildə “Məktəbə Dəstək Layihəsi”ni həyata keçirib. Layihə çərçivəsində məktəblərdəki müəllim heyəti və potensial müəllimlər üçün tədris metodologiyasına dair təlim materialları nəşr edilib və müvafiq təhsil müəssisələrinə təqdim edilib. 
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) fizioterapiya sahəsində təlimlər verməklə 60 nəfərədək uşaq inkişafı üzrə mütəxəssisin bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutan layihəyə dəstək verir. Bu mütəxəssislərin ümumilikdə 300 nəfərədək əlilliyi olan uşaqla işləyəcəyi gözlənilir. Digər bir layihə vasitəsilə BP və tərəfdaşları icma əsaslı bir uşaq qayğı mərkəzində xidmətlərin keyfiyyətinin artırılması üçün 60 mütəxəssisin bacarıqlarının inkişaf etdirilməsinə yardım edir.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimlərinin və tələbələrinin ingilis dili biliklərini inkişaf etdirməyi nəzərdə tutan “Mühəndislər üçün ingilis dili” layihəsinə dəstək verir. Layihə təhsil potensialının artırılmasına yardım edir, habelə universitetin beynəlxalq əməkdaşlığının genişlənməsinə dəstək verir. 2019-cu ildə proqram üçün 90 müəllim və 200 tələbə seçilib və hazırda proqram davam edir.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycana biznes təhsili üzrə beynəlxalq təcrübənin ötürülməsi məqsədi daşıyan bir layihəni dəstəkləyir. Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramını Azərbaycana gətirərək onun ADA Universiteti nəzdində həyata keçirilməsini təmin edir. Altı modul üzrə altı aylıq tədrisdən ibarət proqramda ümumilikdə layihə müddəti ərzində 108 nəfərədək iştirakçını əhatə etməklə altı qrupun olması planlaşdırılır. 2019-cu ildə ümumilikdə 44 iştirakçı təlim alıb və planlaşdırılmış altı moduldan üçün başa çatıb. Layihənin təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbi tərəfindən sertifikatlaşdırılıb və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilat olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış biznes təhsili üzrə dünya səviyyəli kurikuluma əsaslanır. Bu layihə biznes idarəetmə təhsili üzrə ölkədəki cari tələbatı qarşılamağa və bu sahədə yerli təşkilatların rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək etmək üçün nəzərdə tutulub.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Hacıqabul və Kürdəmirdə yerləşən yerli icmaların təkmilləşdirilmiş infrastrukturdan istifadəsinə imkan yaratmaq üçün 2019-cu ilin sentyabr ayında sosial infrastrukturun inkişafı layihəsinə başlayıb. Bu layihə çərçivəsində üç uşaq bağçasının (biri Hacıqabulda və ikisi Kürdəmirdə) təmiri davam edir.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Tovuz rayonunda İcmalardakı Ailələrə Dəstək Klubu yaratmaqla kənd yerlərindəki qadınların kiçik sahibkarlıq səriştələrinin və bacarıqlarının inkişafına və onların məşğulluq imkanlarının artırılmasına dəstək verməyi nəzərdə tutan layihə həyata keçirir.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) Azərbaycanda data analitikası üzrə tədqiqat və təlim potensialının gücləndirilməsi üçün üç illik təhsil layihəsinə dəstək verir. Bu məqsədlə ADA Universitetində Kompüter Elmləri üzrə və Data Analitikası üzrə rəqabətədavamlı və dayanıqlı ikili magistr dərəcəsi (MSCS/DA) proqramı yaradılacaq, habelə Verilənlərin təhlili (Data Analytics) üzrə Tədqiqat Mərkəzi əlavə inkişaf etdiriləcək.
  • BP şirkəti (Azərbaycanda BP-nin əməliyyatçısı olduğu birgə müəssisələrdəki tərəfdaşların adından) AÇG yatağının işlənməsinə həsr edilmiş kitabın nəşrini maliyyələşdirib. Bu kitab AÇG üzrə müqavilənin 25 illiyinə həsr edilib.

 

Bundan əlavə, BP ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə 2019-cu ildə 1,2 milyon dollar vəsait xərcləmişdir. Bu layihələr aşağıdakılardır:

  • BP davamlılıq və tədarük-təchizatın idarə edilməsi; insan resurslarının idarə olunması; media və kütləvi kommunikasiyalar; bank işi və maliyyə bazarları; marketinqin prinsipləri; menecmentin əsasları; sosial işlərdə etik dəyərlər barədə 10 akademik dərsliyin ingilis dilindən Azərbaycan dilinə tərcüməsini və çapını dəstəkləyir. Gözlənilir ki, layihə ali təhsil müəssisələrində adları sadalanan sahələr üzrə tədrisin keyfiyyətini qaldıracaq və bundan 10 universitetdə 17 000-dən çox tələbə faydalanacaq.   
  • BP Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlıq edərək idmanın inkişafına davamlı dəstək verir¬. Bu tərəfdaşlığın bir hissəsi olaraq BP bir sıra inkişaf və bacarıqların yaradılması proqramlarını  maliyyələşdirir və bir qrup milli idmançıya dəstək verir. 2016-cı ildə BP şirkəti Azərbaycanın milli yığmalarına, hər iki milli komitəyə və yeddi seçilmiş milli idmançıya dəstəyini 2020-ci ilədək davam etdirmək məqsədilə öz tərəfdaşlıq müqaviləsini uzadıb. 2019-cu ilin noyabr ayında BP-nin sponsorluğu ilə Milli Paralimpiya Komitəsi tərəfindən iki tədbir keçirilib – “Məğlubedilməz” adlı təqdimat mərasimi və Beynəlxalq Paralimpiya Komitəsinin 30 illiyinə həsr olunmuş 5-ci Uşaq Paralimpiya idman oyunları. 
  • BP xanım tələbələr arasında mühəndisliyi təbliğ etmək və gender müxtəlifliyinin əhəmiyyəti barədə məlumatlılığı artırmaq üçün tədbir təşkil edib. Həmçinin mühəndis peşəsinə dair stereotipləri aradan qaldırmağı və gender bərabərliyinə dair düşüncə tərzini gücləndirməyi nəzərdə tutan bu təşəbbüs Bakıda keçirilmiş 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin bir hissəsi olub.
  • BP Bakıda keçirilmiş “İqlim dəyişikliyi və ətraf mühitdə Paris razılaşmasının rolu” adlı beynəlxalq konfransa sponsorluq edib. Bu konfransın əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii sərvətlərdən səmərəli istifadə sahəsində ümumi istiqamətləri müəyyənləşdirmək olub.
  • BP Azərbaycanın və dünyanın ən böyük ədəbi simalarından biri olan  İmadəddin Nəsimi haqqında irihəcmli tədqiqatın aparılmasına və həmin tədqiqatın ingilis dilində nəşrinə sponsorluq edib. Kitab ölməz şairin 650 illik yubileyinin qeyd olunmasına BP-nin töhfəsidir və Nəsimi haqqında xarici ölkədə aparılmış və qərb dillərində nəşr olunmuş ən böyük tədqiqat əsərlərindən biridir. Tədqiqat və kitabın müəllifi tanınmış ədəbiyyatşünas alim Maykl Reynhard Hesdir. Kitab Almaniyada “Gulandot” nəşriyyatı tərəfindən  dərc edilib. Kitabda İmadəddin Nəsiminin həyatı, onun yaşadığı tarixi şərait, dövrünün tarixi və intellektual mühiti, ən başlıcası isə şairin öz əsərləri vasitəsilə qoyub getdiyi güclü təsirin mühüm aspektləri öz əksini tapıb. Kitab Avropanın aparıcı kitabxanaları və universitetlərinə hədiyyə edilib.
  • BP “Sənaye öhdəlikləri: arxeologiya və mədəni irsə töhfə” mövzusunda keçirilmiş beynəlxalq simpoziuma və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təşkil edilmiş “Xarici Ticarət İştirakçılarının II Respublika Forumu”na sponsorluq edib.
  • BP həmçinin universitet tələbələri üçün keçirilmiş “Azərbaycan Biznes Keys Müsabiqəsi”nə sponsorluq edib. Bu müsabiqədə iştirakçı komandalar maliyyə və marketinq, mühasibatlıq və menecment kimi biznes sahələrindəki biliklərindən istifadə etməklə real biznes problemlərin həlli uğrunda yarışıblar. Onlar öz həllərini Azərbaycanda iri biznesləri təmsil edən nümayəndələrdən təşkil edilmiş münsiflər heyətinə təqdim ediblər.

 

Əlavə məlumat üçün BP-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz. 
Telefon: (+994 12) 525 5895