1. Əsas səhifə
  2. Xəbərlər
  3. Məqalələr
  4. “Özünə inam uğurun açarıdır”: Fəriqənin hekayəsi

“Özünə inam uğurun açarıdır”: Fəriqənin hekayəsi

Tarix:
12 mart 2021-ci il

İş mühitinə müxtəlifliyin, inklüzivliyin və bərabərliyin təmin olunması işəgötürmə mərhələsindən başlayır – irqindən, cinsindən, yaşından və dünya görüşündən asılı olmayaraq hər kəs üçün bərabər imkanlar yaradılmalıdır. 

Müxtəliflik və İnklüzivlik (M və İ) gündəliyi çərçivəsində və sosial sərmayə strategiyasının bir hissəsi kimi, bp öz tərəfdaşları ilə birlikdə “Əlilliyi olan şəxslər üçün məşğulluq imkanlarının artırılması” proqramını maliyyələşdirib. Bu proqramın məqsədi əlilliyi olan şəxslərin bacarıqlarını inkişaf etdirmək üçün lazımi təlimlər təşkil etməklə onların cəmiyyətə daha yaxşı inteqrasiya etməsinə və iş mühitinə uyğunlaşmasına, habelə işdə öyrəndikləri səriştələrdən istifadə etməsinə yardım etməkdir.

Biz bu proqramın iştirakçılarından biri olmuş və bp tərəfindən təcrübəçi vəzifəsinə seçilmiş Fəriqə Yusifovadan  müsahibə aldıq və ondan bp-dəki təcrübəsi barədə danışmağı xahiş etdik. Fəriqə bp şirkətindəki işindən, həmin işin onun həyatına təsirindən, onu qürurlandıran məqamlardan və öz arzularından danışdı.

 

Fəriqə haqqında daha ətraflı

 

Fəriqə beş nəfərdən ibarət böyük bir ailədə böyüyüb. O, Azərbaycan Dövlət İqtisad Universitetində kommersiya üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib. O, avtomobil sürməyi çox sevir və avtomobillərlə yaxından maraqlanır. Fəriqə voleybol, tennis oynayır və heyvanları sevir.

 

bp-ni kəşf edərkən

 

Fəriqə arzuladığı işi axtararkən təsadüfən bp-nin proqramı haqda öyrənib. Bu proqrama qoşulmaqla o, təlimlər vasitəsilə lazımi bacarıqlara və beynəlxalq sertifikata yiyələnib. Daha sonra Fəriqə bp-nin əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş ilk virtual təcrübə proqramına seçilib.

 

bp-dəki təcrübə haqqında düşüncələr

 

Fəriqə bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) regionunda insanlar və korporativ mədəniyyət şöbəsində sifarişçilərlə əlaqələr üzrə mütəxəssis qismində altı ay işləyib. Fəriqə ona məsafədən necə işləməyi və iş yükünü necə idarə etməyi öyrətmiş bu qeyri-adi virtual təcrübə imkanına görə minnətdardır.Onun gündəlik vəzifələrinə hökumət qurumlarına təqdim edilməli şirkət sənədlərinin hazırlanması, şirkətin məlumat bazasının öyrənilməsi, habelə əcnəbi əməkdaşlar üçün vergi qəbzlərinin hazırlanması və paylanması kimi tapşırıqlar daxil idi. Biz Fəriqədən gördüyü işdə rastlaşdığı ən çətin məqamın nə olduğu barədə danışmasını xahiş etdik və o, bunları söylədi:

 

“bp-də çalışan və təcrübə keçən fiziki məhdudiyyətləri və əlilliyi olan şəxslərə işlərində göstərilən etimad və hərtərəfli dəstək, xüsusilə də biz bir işi yerinə yetirməkdə çətinlik çəkdiyimizdə bizə edilən yardımı nəzərə alaraq deyə bilərəm ki, mənim üçün heç bir tapşırıq çətin gəlmirdi”, - deyə Fəriqə öz fikirlərini izah edir.

 

Fəriqə qeyd edir ki, onun bp-də keçirdiyi təcrübə müddəti ərzində o, heç vaxt özünə yaxud oxşar fiziki məhdudiyyətləri olan hər hansı şəxsə qarşı heç bir ayrı-seçkiliklə qarşılaşmayıb və bu cür hallar müşahidə etməyib. Fəriqə hər kəsin bir-birinə inklüziv yanaşma və qarşılıqlı hörmət bəslədiyi bir şirkətdə işləməkdən çox məmnun qalıb.

“Şöbə daxilində keçirilən müzakirələr və iclaslarda mənim fikirlərimə və düşüncələrimə həmişə bərabər şəkildə hörmət və diqqət göstərilib. Hətta bu cür iclasların birində komanda yoldaşlarım məni müəyyən mövzu üzərində təqdimat hazırlamağa və onu təqdim etməyə həvəsləndirib.”

 

Fəriqədən motivasiya məsləhətləri

 

Fəriqə xüsusi qayğıya ehtiyacı olan şəxslərin öz karyeralarını qurması üçün aşağıdakıları tövsiyə edir:

  • İlk növbədə sizi əhatə edən həyatda özünüzü tapın.
  • Şəxsi və karyera inkişafınız üçün atılacaq addımları planlaşdırın və təyin edin.
  • Heç vaxt çətinliklərə təslim olmayın və heç bir işi yarımçıq qoymayın.
  • Özünüzə inanın!

 

Gələcək karyera ilə bağlı istəklər və arzular

 

Fəriqə karyerasının inkişafı və öz gələcəyi barədə danışarkən aşağıdakıları deyir:

“bp AGT-dəki təcrübəm sayəsində inkişaf etdirdiyim bacarıqları gücləndirməyə və öyrənməyə davam etmək mənim üçün çox vacibdir. Çünki bir gün bu təcrübə arzularımın gerçəkləşməsinə kömək edəcək.”

Maraqlıdır, bəs Fəriqə nə arzulayır? Onun arzusu elə bir iş qurmaqdır ki, orada xüsusi qayğıya ehtiyacı olan insanlarla birgə işləmək üçün uyğun mühit olsun. Bununla Fəriqə iş mühitindəki müxtəlifliyin və inklüzivliyin həqiqətən vacib və təşviqedici olduğunu praktikada nümayiş etdirmək niyyətindədir .

Fəriqənin buna müvəffəq olacağına inanırıq.