4 may tarixində Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bp və tərəfdaşlarının sosial investisiya layihələri sahələrindən biri olan “Yaşıl Ürək” meşə sahəsinə səfər ediblər. Onlar birlikdə Samux rayonunun Çobanabdallı kəndində yerləşən bu əraziyə baxış keçirib, layihənin gedişi ilə ətraflı tanış olub və sahədə 100 pavloniya ağacı əkiblər.
“Yaşıl Ürək” ağacəkmə layihəsi torpaq eroziyasının və səhralaşmanın qarşısını almaqla karbon emissiyalarını azaltmağa yönəlmiş ikiillik ekoloji proqramdır. Layihə çərçivəsində görüləcək işlər 251 000 yeni ağacın əkilməsini və birinci mərhələdə Samuxda daha əvvəl əkilmiş 110 000 ağaca qulluq edilməsini nəzərdə tutur. Bundan əlavə, Qobustan rayonunda seçilmiş bir hektar ərazidə suya qənaət edən avadanlıqdan və qabaqcıl əkin üsulundan istifadə etməklə innovativ yaşıllaşdırma sistemi yaradılacaq. Layihə çərçivəsində bu günə kimi Samuxda 50200, Şəmkirdə 170000, Qobustanda isə 1000 ağac əkilib.
Samuxdakı ağacəkmə kampaniyasından sonra cənab Counz nazir Muxtar Babayevi müşayiət edərək onunla Yevlax rayonunda növbəti tədbirə qatılıb. Burada onlar Kür çayına 100000 balıq buraxıblar.
Bu iki tədbir cənab Counzun Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri boyunca bp-nin əməliyyatçısı olduğu obyektlərə və sosial sərmayə sahələrinə etdiyi ikigünlük (3-4 may) səfərinin tərkib hissəsi idi.
Səfər zamanı cənab Counzun ilk baş çəkdiyi yer Yevlax rayonundakı BTC nasos stansiyası olub. Burada Qəriyə obyektin texniki təhlükəsizlik və istismar göstəriciləri barədə ətraflı məlumat verilib. Daha sonra Qəri işçi heyəti ilə görüşüb və onlarla əməyin təhlükəsizliyi, əməliyyatlar və digər mühüm biznes fəaliyyətlərini müzakirə edib. Cənab Counz həmçinin sahədəki bir sıra işçiləri və komandaları yüksək fəaliyyət göstəricilərinə, eləcə də əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsində xüsusi əmək və səylərinə görə təşəkkürnamələrlə təltif edib.
“Biz bu nasos stansiyasında avadanlığın və qurğuların yüksək etibarlılığını təmin etmək üçün gecə-gündüz mükəmməl iş və əzmkarlıq nümayiş etdirən və bununla da üç boru kəmərinin təhlükəsiz və etibarlı şəkildə işləməsini təmin edən bu insanlarla fəxr edirik” .
Sonra Gəncəyə yola düşən Qəri burada bp və tərəfdaşlarının öz sosial layihələri ilə dəstəklədiyi Gəncə Autizm Mərkəzinə baş çəkib. O, mərkəzin heyəti ilə görüşüb və burada müvafiq ailələrə və icmalara göstərilən xidmətlərlə tanış olub.
Səfərin ikinci günündə əsas diqqət bp və tərəfdaşlarının maliyyələşdirdiyi sosial sərmayə layihələrinin gedişi ilə tanış olmağa və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti ilə Əməkdaşlıq Müqaviləsi imzalamağa yönəlmişdi.
Müqavilənin əhəmiyyətindən danışan cənab Counz vurğulayıb ki, bu yeni saziş universitetin nəşriyyat potensialının və resurslarının inkişaf etdirilməsi, eləcə də ümumi elmi-tədqiqat infrastrukturunun təkmilləşdirilməsi planlarına dəstək məqsədilə bu iki təşkilat arasında sıx əməkdaşlıq üçün zəmin yaradır.
Qəri həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin yeni kampusu ilə tanış olub və orada bp və tərəfdaşlarının Gəncə universitetlərinin potensialının artırılmasına dəstək məqsədli yeni bir təhsil layihəsinə start verib.
Bu yeni layihə barədə ətraflı məlumatla bp-nin bu gün buraxdığı press-relizdə tanış ola bilərsiniz.