1. Əsas səhifə
  2. Xəbərlər
  3. Məqalələr
  4. bp-nin baş icraçı direktoru və iqlim məsələləri üzrə lider: Biz iqlim dəyişikliyi ilə yalnız bizneslər yardım etdiyi təqdirdə mübarizə apara bilərik

bp-nin baş icraçı direktoru və iqlim məsələləri üzrə lider: Biz iqlim dəyişikliyi ilə yalnız bizneslər yardım etdiyi təqdirdə mübarizə apara bilərik

Tarix:
8 fevral 2021-ci il

Bernard Luninin və Kristiana Fiqeresin CNN Business Perspectives üçün bildirdiyi fikirlər

bp-nin baş icraçı direktoru Bernard Luni 12 fevral 2020-ci il tarixində Londonda keçirilən tədbirdə çıxış edir və şirkətin 2050-ci ilədək karbon emissiyalarını “xalis sıfır” səviyyəsinə çatdırmaq təşəbbüslərini bəyan edir.

 

Redaktordan qeyd: Bernard Luni bp-nin baş icraçı direktorudur. Kristiana Fiqeres 2010-cu ildən 2016-cı ilədək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi olub və bu vəzifədə İqlim Dəyişmələri haqqında Paris Sazişinin icrasına nəzarəti həyata keçirib. O, hazırda “Global Optimism” təşkilatının həmtəsisçisi, bestseller müəllifi və iqlim dəyişmələrinə həsr edilmiş Outrage + Optimism adlı podkastın aparıcılarından biridir. Bu məqalədə bildirilən fikirlər onların özlərinə məxsusdur.

Birimiz iqlim dəyişmələri sahəsində qlobal lider, digərimiz isə transmilli neft şirkətinin baş icraçı direktoru olduğuna görə bizim tərəfdaşlığımız qəribə görünə bilər, lakin biz dünyanın həmişəkindən daha çox ehtiyac duyduğu iki xüsusiyyəti bölüşürük: inadkar optimizim və inklüzivliyə güclü sadiqlik.

Məhz bu iki keyfiyyət beş il bundan öncə, yəni 2015-ci ilin sonunda bütün dünya ölkələrinin  Parisdə bir araya gələrək iqlim dəyişmələri ilə bağlı atılacaq addımları müəyyənləşdirməsinə imkan yaratdı. Paris İqlim Sazişi ölkələrin atmosferə buraxdıqları karbon səviyyələrini azaltması üçün onların qarşısında öhdəlik qoymaqla yanaşı, qlobal istiləşmə səviyyəsinin 2 dərəcə Selsidən xeyli aşağı səviyyədə saxlanılmasına və bu səviyyənin 1,5 dərəcədə məhdudlaşdırılması üçün səylər göstərilməsinə də imkan yaradır. 

Biz tarixin ən həlledici onilliyin ikinci ilinə başlayırıq, belə ki, bu il əlamətdar sazişin məqsədlərinin gerçəkləşdirilməsi üçün konkret addımların atılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Paris Sazişi imzalandığı andan etibarən 100-dən çox ölkə 2050-ci ilədək və ya daha tez müddətdə istixana qazı emissiyalarını “xalis sıfır” səviyyəsinə çatdırmaq öhdəliyi götürüb. Bu, o deməkdir ki, karbon emissiyaları yalnız absorbsiya vasitəsilə, yəni meşələr, torf bataqlıqlar, manqrlar, torpaq və yosun meşələri vasitəsilə tarazlaşdırıla biləcək həcmdə havaya buraxılmalı və hazırda atmosferə buraxılan emissiya səviyyələri kütləvi şəkildə azaldılmalıdır.

Bu ay Co Baydenin ABŞ Prezidenti kimi inauqurasiyası və ABŞ-ın Paris Sazişinə təkrar qoşulacağı gözləntisi ilə öz istixana qazı emissiyalarını kəskin azaltmağı planlaşdıran ölkələr dünyadakı cari emissiyaların, demək olar ki, üçdə ikisini və qlobal ümumi daxili məhsulun 50%-ni təşkil etmiş olur. 

Görünür Paris Sazişi ölkələrə olduğu qədər şirkətlərə də güclü təsir göstərib. Ötən cəmi 12 ay ərzində 1000-dən çox şirkət emissiyalarını “xalis sıfır” səviyyəsinə çatdırmaq üçün özünə hədəf qoyub. Və bunlar kiçik şirkətlər deyil. “Prince's Responsible Business” şəbəkəsinin məlumatlarına əsasən artıq FTSE 100 şirkətlərinin 45%-i 2050-ci ilədək və ya daha tez müddətdə “xalis sıfır” hədəfinə çatmaq öhdəliyi götürüb. 

Paris Sazişinin məqsədlərinin həyata keçirilməsi baxımından atılan addımlarda şirkətlər hökumətləri qabaqlayır və dünyaya da məhz bu lazımdır. Hökumətlər tənzimləmə və stimullaşdırma tədbirləri həyata keçirir, lakin faktiki olaraq emissiyaların azaldılması vəzifəsi əsasən başqalarının üzərinə düşür. Şirkətlər bu istiqamətdə çox iş görməlidir və cəmiyyət də onlara yardım etməkdə maraqlıdır. Biz bu dəyişikliyi necə daha irəli apara və daha da sürətləndirə bilərik?

Əgər siz iş axtarışındasınızsa, karbon emissiyaları istiqamətində həqiqətən də dəyişiklik etməyə səy göstərən şirkətlərdə, yəni  yalnız “ekoloji göstəricilərə malik” şirkətlərdə deyil, həm də qarşısına “xalis sıfır” hədəfi qoymaqla daha yüksək “ekoloji göstəricilərə nail olmaq” öhdəliyi götürmüş şirkətlərdə mövcud olan vakansiyalara müraciət edin.

Əgər siz məsuliyyətli şəkildə kapital qoymaq istəyən investorsunuzsa, kapitalı ekoloji göstəricilərə malik (“yaşıl”) şirkətlərə yönəldin. Bununla yanaşı, kapitalı həmçinin “yaşıl” (ekoloji göstəricilərə malik) şirkətə çevrilmək istəyən korporasiyaları dəstəkləmək üçün də istifadə edin. Karbon emissiyalarını həqiqətən azaldan və iqlim dəyişikliyinə qarşı dayanıqlı strategiyalar həyata keçirən şirkətləri dəstəkləyin. 

Öz “xalis sıfır” hədəflərinə çatmaq və eyni zamanda da bugünkü “yaşıl” şirkətlərin inkişafı üçün şərait yaratmaq istəyən hökumətlər, hər bir böyük və kiçik şirkətdə “yaşıl şirkətə çevrilmək” istəyini yaratmaq üçün vasitələr axtarmalıdır.

2015-ci ildə ölkələrin Parisdə bir yerə toplaşmasından öyrəndiyimiz önəmli dərs ondan ibarət idi ki,  yalnız hər kəsin öz rolunu oynaması üçün onların edə biləcəklərinə bərabər baxacağımız təqdirdə  irəliləyiş əldə edə bilərik. Saziş istər nisbətən varlı, istərsə də nisbətən kasıb ölkə olsun, onların hər birinin fərqli şəraitlərini və ehtiyaclarını nəzərə almaqla ümumi fəaliyyət çərçivəsi formalaşdırır. Paris Sazişinin məqsədlərinə çatmaq hər kəsdən – yalnız ölkələrdən deyil, eyni zamanda şirkətlərdən, yerli hökumətlərdən və hətta fiziki şəxslərdən fəaliyyət tələb edəcək. 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində BMT-nin İqlim Dəyişmələri haqqında Konfrasına (COP26) doğru yolda bu dərs son dərəcə mühüm əhəmiyyət daşıyır.

Enerji, nəqliyyat və ağır sənaye kimi yüksək emissiyalı sahələrdə özünü doğrultmuş böyük şirkətlərin üzərinə bu məsələdə əhəmiyyətli rol düşür. Ən yüksək dürüstlüklə və hökumətlərin, investorların və cəmiyyətin dəstəyi ilə fəaliyyət göstərən bu şirkətlər emissiyaları sürətli və əhəmiyyətli dərəcədə azaltmaq üçün lazım olan miqyasa və imkanlara malikdirlər.

Ötən il bp, 2050-ci ilədək “xalis sıfır” emissiyalı bir şirkət olmaq və dünyanın da “xalis sıfır” hədəfinə çatmasına kömək etmək niyyətini açıqladı. Bu, 111 illik şirkətin yeni bir strategiya formalaşdırması, həmçinin 2030-cu ilə qədər az karbonlu texnologiyalara investisiyasını 10 qat artırması, neft və qaz hasilatını 40% azaltması və atmosferə buraxılan emissiyalarını 35-40% azaltması kimi məqsədləri qarşısına qoyması deməkdir. Bu düzgün istiqamətdə atılmış cəsarətli bir addımdır.

İqlim dəyişmələri üzrə hədəflərə çatmaq üçün azaldılmalı karbon həcmləri ən çox olan şirkətləri bu prosesə cəlb etmək həlledici rol oynayır. Paris Sazişinin vədini yerinə yetirmək üçün həmin şirkətlər az karbonlu və karbonsuz həllərə keçid prosesində iştirak etməlidirlər. Getdikcə daha çox şirkət üzərinə düşən rolu yerinə yetirməyə çalışır və bütün dünya onların bu vəzifəni həyata keçirəcəyinə böyük ümidlər bəsləyir.

Karbonsuzlaşma prosesinin yük deyil, fürsət kimi görülməsi bir çox iri şirkətləri mümkün qədər tez bir zamanda (bəziləri üçün 2040-cı ilə qədər və ya daha tez) emissiyaları “xalis sıfır” səviyyəsinə endirməyi öhdəsinə götürməyə təkan verdi, lakin digər sahələrdə bu emissiyaları azaltmaq daha çətindir və bunun üçün daha çox vaxta ehtiyac olacaq. İştirakçı şirkətlərin sayı kifayət qədər çoxalanadək bu prosesin irəliləyişini sürətləndirmək hər birimizin marağındadır.

Qlobal istiləşmə səviyyəsini 1,5 dərəcəyə çatdıra bilmək imkanımızın təhdid altında olduğunu nəzərə alsaq, bu prosesdə iştirak etmək istəyi olanlar üçün qapıları geniş açıq tutmalıyıq. Dünyada hər kəs bu son dərəcədə mühüm məsələ üzərində səylə və sürətlə birlikdə çalışmalıdır.