Salamlama
Əziz idmançılar, Milli Olimpiya və Paralimpiya Komitələrinin nümayəndələri, bp-dəki həmkarlarımız, möhtərəm qonaqlar,
Hər vaxtınız xeyir.
Bu gün burada iki xoş hadisəni qeyd etmək üçün bir araya toplaşdığımıza görə çox məmnunam.
Çıxışımı bu hadisələrdən biri ilə başlamaq istəyirəm.
Təbriklər
Bu gün biz Azərbaycan idmançılarının və xüsusən də bp-nin səfir atletlərinin bu il keçirilmiş ən böyük idman tədbiri olan Tokio 2020 Oyunlarında qazandıqları möhtəşəm uğuru qeyd edirik.
Milli Paralimpiya komandasını Tokio yarışlarındakı heyrətamiz tarixi çıxışı münasibətilə təbrik edirəm.
19 medal və dörd Paralimpiya rekordu ilə, Azərbaycan paralimpiyaçıları 163 ölkə arasında ilk onluğa daxil olub! Bu, möhtəşəm bir nəticədir!
Mən həmçinin yüksək nəticələr əldə etməklə, Azərbaycana yeddi medal qazandırdıqlarına görə Milli Olimpiya komandasını da təbrik edirəm.
Yarışlardakı möhtəşəm çıxışlarına görə bp-nin səfir atletlərini xüsusilə təbrik etmək və onların hamısını qeyd etmək istəyirəm.
Paralimpiyaçılarımız - əfsanəvi İlham Zəkiyev, Oloxan Musayev və Oleq Panyutin. Gəlin onları ürəkdən alqışlayaq!
Və olimpiyaçılarımız – Hacı Əliyev, İrina Zaretska, Fəridə Əzizova və Rüstəm Orucov. Onlara da böyük bir alqış düşür!
Hər bir nailiyyətinizlə və hər dəfə Azərbaycanın gözəl bayrağını Tokioda qaldırmaqla bizə yaşatdığınız sevincə görə sizə minnətdarıq. Ölkəniz və xalqınız üçün böyük şöhrət qazandınız!
Sizinlə qürur duyuruq və böyük bp ailəsi adından hər birinizi və bütün Azərbaycan xalqını təbrik edirik!
Tərəfdaşlığın 10 illiyinin qeyd edilməsi
Bugünkü tədbirimizin daha bir xoş səbəbi olduğundan ikiqat məmnunam.
Bu il Milli Olimpiya və Paralimpiya Komitələri ilə tərəfdaşlığımızın 10 illiyi tamam olur.
Geriyə nəzər salarkən, qürurla deyə bilərəm ki, on il ərzində birlikdə həqiqətən də möhtəşəm nailiyyətlər əldə etmişik.
Bu illər ərzində biz ən mühüm idman tədbirlərində - 2012-ci il London Olimpiadasında, 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarında, 2016-cı il Rio-de-Janeyro Oyunlarında, 2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarında və nəhayət Tokio 2020-də birlikdə olduq.
Səfir atletlərimizin uğurlarını dəstəkləmək və onların Azərbaycan uğrunda yarışdıqlarının və medal qazandıqlarının şahidi olmaq bizim üçün bir şərəf idi.
Yekun
Milli Olimpiya və Paralimpiya Komitələrinin rəhbərliyinə və bütün heyətinə, səfir atletlərimizə, bp-dəki həmkarlarımıza və bu on illik tərəfdaşlığın böyük bir uğur hekayəsinə çevrilməsində əməyi keçən hər kəsə minnətdarlığımızı bildiririk!
Hamınıza təşəkkür edirəm və gələcək işlərinizdə uğurlar arzu edirəm!