‘Enerji sahəsində “VƏ YA YOX, VƏ” yanaşması’
Təşəkkür edirəm, Mət.
Zati-aliləri,
Cənab Energetika naziri,
Möhtərəm panel üzvləri,
SOCAR-dan olan hörmətli dostlar və həmkarlar,
bp-dən olan hörmətli dostlar və həmkarlar,
Burada olmaqdan çox məmnunam.
Xüsusən də bu il – Heydər Əliyev ilində və onun anadan olmasının 100-illiyi qeyd olunarkən.
İllər öncə bp-nin geoloji-kəşfiyyat bölməsinin rəhbəri kimi bu ölkəyə ilk təyinatım zamanı mən Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev ilə şəxsən görüşmək şərəfinə nail olmuşam.
Bu il özüm də 60-illik yubileyimi qeyd etdim.
Həyatımın 30 ilini bp-də keçirmişəm.
Bu o deməkdir ki, Azərbaycanla qürurlu əməkdaşlığımızın 31 ilinin hər birində mən də bp-də olmuşam.
Bir şirkət olaraq Azərbaycanın, həqiqətən də, möhtəşəm enerji tarixinin bir hissəsi olmaqdan qürur duyuruq.
1994-cü ildə AÇG üzrə sazişin imzalanması və ardınca üç il sonra ilk neft hasilatı.
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisi və tamamlanması.
2017-ci ildə Yeni Əsrin müqaviləsinin imzalanması.
Dünyanın ən böyük qaz yataqlarından biri olan Şahdəniz yatağının kəşfindən tutmuş oradan ilk qazın hasil edilməsinədək.
Milyonlarla insanın enerji təhlükəsizliyi üçün tamamilə yeni bir mənbə olan Cənub Qaz Dəhlizinin başlanmasından tamamlanmasınadək.
Gələcək nəsillərin rifahı üçün təhsilə xüsusi diqqət yetirməklə dəstəklədiyimiz çoxsaylı sosial layihələr.
Bu, həqiqətən də, möhtəşəm bir tarixdir və Avropaya daha çox qaz həcmlərinin nəqli də daxil olmaqla, qarşıda bizi daha çox əlamətdar hadisələr gözləyir.
Əslində, mən bp-nin hasilat və əməliyyatlar üzrə rəhbəri kimi bu gün 1999-cu ildə Bakıya ilk gəldiyim gündən daha çox həyəcanlıyam.
Niyə?
Çünki dəyər yaratmaq - ölkəni dəstəkləmək, icmalara dəstək olmaq, iş yerləri yaratmaq kimi imkanlar indi həmişəkindən daha böyük və daha genişdir.
Dostum və həmkarım, bp-nin bu regiondakı rəhbəri Qəri Counz az sonra bu barədə ətraflı danışacaq... amma icazə verin, mən qısaca olaraq öz indiki prioritetlərimizi nəzərinizə çatdırım…
Nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsi olan yeni dəniz platforması inşa edirik.
Bir neçə həftə bundan əvvəl bu yeni hasilat qurğusunun təhlükəsiz tamamlanması münasibətilə tikinti sahəmizdə Prezident İlham Əliyevi qarşılamaq bizim üçün şərəf idi.
AÇG neft yatağının hazırda hasilatda olan laylarının altında yerləşən dərin qatlardakı qaz ehtiyatlarının qiymətləndirməsini aparırıq.
Şahdəniz yatağından daha çox qaz əldə etmək imkanlarını araşdırırıq – Qəri Counz və SOCAR və Neft Fondundakı dostlarımız bu yaxınlarda yeni kəşfiyyat quyumuzdakı işlərin gedişatı ilə tanış olmaq üçün Şahdənizdə olublar.
Və Cəbrayılda 240 meqavatlıq günəş elektrik stansiyası tikmək planlarımızla Azərbaycana enerji təklifimizi – bu dəfə günəş enerjisi ilə - daha da genişləndiririk.
Biz, bu gələcəyin etibarlı bir iştirakçısı olmağımızdan qürur duyuruq -
bu gün və qarşıdan gələn onilliklərdə də neft və qaz hasil etməklə
Və həm də gələcək üçün yeni az karbonlu enerjilər yaratmaqla.
“VƏ YA YOX, VƏ” elə bu deməkdir.
Dünyanın ehtiyacında olduğu da məhz budur və bp-nin strategiyası da məhz bunu vermək üçün xüsusi olaraq yaradılıb.
Əsasən neft və qaz olmaqla, bu gün üçün güvənli və əlçatan enerjinin təhlükəsiz və məsuliyyətli şəkildə hasil edilməsi.
VƏ, eyni zamanda, sabahın enerji sisteminə keçidinə təhlükəsiz və məsuliyyətli şəkildə dəstək verilməsi – bu enerji isə az karbonlu, həm də təhlükəsiz və əlçatan olmalıdır.
Azərbaycan bu enerji keçidi üçün əlverişli mövqedədir.
Və bu ölkənin etibarlı enerji tərəfdaşı kimi bp şirkəti bu potensialı maksimum reallaşdırmaq öhdəliyinə tam sadiqdir.
Təşəkkür edirəm.