1. Əsas səhifə
  2. Xəbərlər
  3. Müsahibələr və çıxışlar
  4. Bakı Enerji Forumu: bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentinin çıxışı

Bakı Enerji Forumu: bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentinin çıxışı

Tarix:
02 iyun 2022-ci il

Qəri Counz, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə

regional prezidenti 

‘Davamlı icra ilə enerji keçidinə dəstək’ 

Giriş 

 

Sabahınız xeyir, hər kəsi salamlayıram.

İki illik fasilədən sonra yenidən Bakı Enerji Həftəsinə və bu Foruma qoşulmaq çox xoşdur.

Bu tədbir dünyanın hər yerindən çoxsaylı insanları cəlb edir.

Buna səbəb odur ki, bu gün Azərbaycanın qlobal enerji istehsalında rolu getdikcə artır. Bu region nəhəng enerji potensialına malikdir.

Mən bu gün bu potensialın enerji keçidini necə dəstəkləyə biləcəyi və Xəzər karbohidrogenlərinin bu prosesdə hansı rol oynaya biləcəyi barədə danışmaq istəyirəm.

 

Enerji qarışığında neft və qazın davamlı rolu     

 

Dünya çox mühüm enerji transformasiyası yaşayır.

Bu, ilk öncə karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə ehtiyacından irəli gəlirdi.

Lakin bu, artıq sadəcə bir iqlim məsələsi deyil.

Ukraynada baş verən faciəvi hadisələr, enerji daşıyıcılarının qiymətinin qalxması və yaşayış xərclərinin artması qlobal enerji böhranına səbəb olub.

İndi söhbət təkcə daha təmiz enerjidən deyil, həm də sərfəli və təhlükəsiz enerjidən gedir.

Biz bunu ”enerji trilemması” adlandırırıq.

bp şirkəti olaraq dünyanın enerji ehtiyaclarının qarşılanması kimi əsas işimizi görməklə  yanaşı, biz enerji keçidinə dəstək vermək üçün imkanları da görürük.

bp-nin “Enerji Perspektivlərinə Baxış” hesabatında enerjinin gələcəyi ilə bağlı üç ayrı-ayrı ssenari araşdırılır.

Hər üç ssenariyə görə dünyanın öz enerji tələbatını qarşılaması üçün müxtəlif növ yanacaqların qarışığına ehtiyacı olacaq.

Gələcəyin enerji qarışığı əsasən qeyri-mədən yanacaqlarından ibarət olacaq.

Lakin, tədricən azalan miqdarda olacağına baxmayaraq, karbohidrogenlər hələ qarşıdan gələn onilliklər ərzində bu enerji qarışığının tərkibində qalacaq.

Bu isə o deməkdir ki, hələ də neft və qaz sahəsinə investisiyaya ehtiyac var.

Bir şirkət olaraq, biz diqqətimizi dayanıqlı karbohidrogenlərə yönəldirik, başqa sözlə desək, tələbat azalmağa başladıqda belə rəqabətədavamlı qalacaq barelləri hədəf götürürük.

 

AÇG-dən enerji keçidinə dəstək 

 

Xəzərdəki cari karbohidrogen biznesimiz bu məqsədə tam uyğundur.

Ötən 30 il ərzində biz dünya səviyyəli enerji infrastrukturunun qurulması üçün Azərbaycan və qlobal tərəfdaşlarla işləmək şərəfinə nail olmuşuq.

Bu isə bu regionda təmiz, sərfəli və etibarlı enerji işlənmələrinin növbəti mərhələ üçün bünövrəsi ola bilər.

Qısa şəkildə ACE adlandırdığımız Azəri Mərkəzi Şərqi layihəmiz buna gözəl  nümunədir.

ACE nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir.

6 milyard ABŞ dolları dəyərində olan bu layihəyə gündəlik 100000 barelədək neftin işlənməsi üçün layihələndirilmiş yeni dəniz platforması daxildir.

ACE üzrə işlərin artıq 70%-i tamamlanıb və platformadan ilk hasilat 2023-cü ildə gözlənilir.

Ekranda gördüyünüz, demək olar ki, tamamlanmış bu üst modulların hər birinin çəkisi 2000 tondan artıqdır.

Platformanın dayaq bloklarının da tamamlanmasına az qalıb. Bu ilin sonuna doğru öz yerində quraşdırılması üçün onları dənizə yola salacağıq.

ACE platformasının daha az karbonlu olması nəzərdə tutulub.

O, Xəzərdə məsafədən idarə edilən ilk dəniz platforması olacaq - onun əsas idarəetmə qurğusu Səngəçal terminalında yerləşəcək.

Platformanın əksər sistemləri və prosesləri avtomatlaşdırılacaq ki, bu da iş saatlarını azaltmağa və diqqəti daha vacib işlərə yönəltməyə imkan verəcək.

O, mövcud infrastrukturdan ehtiyat enerji əldə etmək üçün Şərqi Azəri platformasına qoşulacaq.

Hər hansı kiçik istixana qazı emissiyalarını və zərər verə biləcək böyük sızmaları aşkar etmək və aradan qaldırmaq üçün bütün platforma boyunca termal kameralar quraşdırılacaq.

Bütün bunlar isə platformaya daha az gediş-gəliş, daha az dayanma halları və boşdayanmalar, və məhz buna görə də daha az məşəldə yandırma və daha az emissiya deməkdir.

 

Beynəlxalq Neft Şirkətindən İnteqrasiyalı Enerji Şirkətinə keçid 

 

bp kimi şirkətlər üçün bu nə deməkdir?

İki il öncə biz qarşımıza 2050-ci ilədək və ya daha tez müddətdə “xalis sıfır” emissiyalı şirkətə çevrilmək və dünyanın da xalis sıfır səviyyəsinə çatmasına yardım etmək hədəfi qoyduq.

Bu hədəfə nail olmaq üçün yeni strategiyamızı elan etdik – bu strategiya təbii ehtiyatların işlənməsinə yönəlmiş “beynəlxalq neft şirkətindən” müştərilərə həllər təklif edən “inteqrasiyalı enerji şirkətinə” çevrilməyi nəzərdə tutur.

Bu, dünyanın hazırda ehtiyac duyduğu karbohidrogenləri daha az emissiya ilə təmin etmək və eyni zamanda da keçid prosesinin sürətləndirilməsinə sərmayə qoymaq deməkdir.

Gözləyirik ki, 2030-cu ilə qədər qlobal kapitalımızın təxminən 50%-i qeyri-karbohidrogen bizneslərə yatıracağıq. 

 

Şahdəniz - etibarlı enerji təchizatçısı 

 

Dayanıqlı karbohidrogenlər həmçinin təhlükəsiz və etibarlı karbohidrogenlər deməkdir.

Regional və Avropa bazarlarına tədarükün təhlükəsizliyinə və müxtəlifliyinə töhfə verən Xəzər qazı bunu özündə tam əks etdirir.

Şahdəniz və Cənub Qaz Dəhlizinin əvvəldən başlıca məqsədi də məhz bu idi.

Hazırda Şahdəniz yatağından gündəlik təxminən 70 milyon kubmetr qaz və təxminən 100000 barel kondensat hasil olunur, bununla belə, sabit ən yüksək hasilat səviyyəsinə doğru artım hələ də davam edir.

Və buna demək olar ki, 100%-ə çatan fenomenal əməliyyat səmərəliliyi ilə nail olunur.

Sabit ən yüksək hasilat dövründə Şahdəniz yatağı ildə təxminən 26 milyard kubmetr qaz hasil edəcək.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, onun mürəkkəb sualtı hasilat sistemi Xəzərdə ilk və dünyada bp tərəfindən idarə olunan ən böyük sualtı sistemdir.

Şahdəniz və Cənub Qaz Dəhlizi şübhəsiz ki, bu günün həm də sabahın gündəmində olacaq.

Hər iki layihə üçün də əhəmiyyətli genişlənmə imkanları mövcuddur.

Bu nəhəng qaz dəyər zənciri elə layihələndirilib ki, onun ilkin ötürücülük gücü lazım olduğu halda və vaxtda artırıla bilsin.

Hazırda SOCAR və digər tərəfdaşlarımızla birlikdə işləyərək Avropaya qaz təchizatını necə artıra biləcəyimizi nəzərdən keçiririk.

Bununla da, Şahdəniz və Cənub Qaz Dəhlizi enerji keçidinə və təchizat təhlükəsizliyinə əlavə töhfə verə bilər.

 

Gələcəyə hədəflənmə 

 

Azərbaycan öz enerji sektorunun inkişafında uzun yol qət edib.

Mövcud qabaqcıl infrastrukturuna, qurulmuş güclü tərəfdaşlıqlarına və əlverişli şərtlərinə görə ölkə enerji keçidində də irəlidə gedə bilər.

Və bp şirkəti də buna dəstək olmağa hazırdır.

Biz Azərbaycana öz enerji ehtiyatlarının - həm karbohidrogenlərin, həm də getdikcə daha az karbonlu enerji ehtiyatlarının - işlənməsində dəstək ola bilərik.

Ötən həftə biz Energetika Nazirliyinə Azərbaycan üçün dekarbonizasiya imkanlarına dair bir sıra tövsiyələr təqdim etdik.

Bu tövsiyələr bizim dünya miqyasındakı az karbonlu texnologiyalar və biznes modelləri üzrə olan təcrübəmizə əsaslanır.

Və orada Azərbaycanın öz zəngin enerji potensialından istifadə etməklə 2050-ci ilə qədər enerji keçidindən necə faydalana biləcəyi nəzərdə tutulur.

İmkanlar çoxdur - günəş enerjisi, külək enerjisi və geotermal enerji kimi resurslardan tutmuş hidrogen istehsalı və karbon tutma kimi az karbonlu həlləri əhatə edən bir çox imkanlar mövcuddur.

Artıq üzərində işlədiyimiz imkanlardan bir neçəsini qeyd etmək istərdim.

Birincisi, mövcud neft və qaz hasilatını karbonsuzlaşdırmağın yollarını axtarırıq.

Məsələn, sahələrimizdə məşəldə müntəzəm yandırmanı aradan qaldırmaq üçün səylə çalışırıq.

Emissiyaları 50% azaltmaq üçün qurğularımız boyunca metan aşkarlayan detektorlar quraşdırırıq.

Əməliyyatlarımızı necə elektrikləşdirə biləcəyimizə və enerji üçün qaz yandırılmasını necə dayandıra biləcəyimizə baxırıq.

Səngəçal terminalının elektriləşdirilməsi bu baxımdan yaxşı başlanğıc ola bilər.

Terminal hazırda qaz turbinləri ilə işləyir, lakin o, dövlət elektrik şəbəkəsinə də qoşula bilər.

Bu, yalnız emissiyaları azaltmayacaq, həm də Cənub Qaz Dəhlizi vasitəsilə daha çox qaz ixrac etməyə imkan verəcək.

Paralel olaraq, biz Cəbrayıl rayonunda 240 meqavatlıq günəş elektrik stansiyasının inşası üçün aparılan müzakirələri yekunlaşdırmaq üzrəyik.

Bu həcmdə elektrik enerjisi 200000-dən artıq ailəni təchiz etmək üçün kifayətdir.

Biz artıq bu ayrı-ayrı layihələrin birlikdə vahid enerji sisteminin hissələrinə necə çevriləcəyini görürük.

Biz həmçinin bərpa olunan enerji mənbələri üzrə  buna bənzər potensial layihələrdə SOCAR-la birgə işləməyə başlayırıq.

Bu, illərlə davam edən möhkəm tərəfdaşlığımızın təbii davamıdır.

Nəhayət, bir saat əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bərpa olunan enerji mənbələri üzrə yeni magistr proqramını dəstəkləmək üçün müqavilə imzaladıq.

Bu təhsil proqramı enerji üzrə yeni nəsil yerli mütəxəssislər hazırlayacaq.

Onlar ölkənin gələcək təmiz enerjiyə keçidini irəli aparacaqlar.

 

Yekun

 

Sonda isə icazə verin, çıxışımın əvvəlindəki fikirləri bir daha vurğulayım.

Dünya enerji keçidini yaşayır.

Bu keçid dünyanın təmiz, sərfəli və etibarlı enerjiyə olan tələbatı ilə bağlıdır.

Azərbaycanın nəhəng enerji potensialı var.

Və məhz buna görə də, onun bu keçid prosesində irəliləmək və yeni enerji gələcəyi qurmaq üçün unikal imkanları var.

İnanırıq ki, bu gələcək də ötən 30 il qədər parlaq olacaq.

Və biz bu gələcəyi birlikdə quracağıq.

Təşəkkür edirəm.