‘Enerji Trilemması’
Təşəkkür edirəm, Mətyu.
Yenidən Bakıda olmağıma çox şadam və sənayemiz üçün çox önəmli olan bu tədbir çərçivəsindəki 27-ci konfransda çıxış etməkdən məmnunam.
bp üçün bu ay digər bir hadisə ilə də əlamətdardır.
30 il bundan əvvəl – 1992-ci ilin iyun ayında – şirkətimiz Azərbaycana gələrək Bakıda öz ilk ofisini açmışdır.
Ötən otuz il ərzində biz müasir neft və qaz regionu kimi tanınan Xəzərin inkişafına Hökumət və tərəfdaşlarımızla birgə töhfə verməkdən şərəf duyuruq.
Bu, möhtəşəm bir uğur hekayəsidir və hökumətlə sənayenin ortaq məqsədi bölüşdükdə nələrə nail oluna biləcəyini göstərən gözəl nümunədir.
Bəs bugünkü gün və qarşıdan gələn onilliklər haqqında - bu panelin mövzusu barədə nə demək olar?
Çətin bir dövr yaşayırıq.
İki illik pandemiya dövrü bəşəriyyətə böyük zərər vurdu və dünya iqtisadiyyatını zəiflətdi.
O, həmçinin qloballaşmanın sürəti və əhatə dairəsi ilə bağlı vacib suallar doğurdu.
Ukraynadakı ürəkağrıdan vəziyyət milyonlarla insana təsir edən dəhşətli, faciəvi nəticələrə gətirib çıxarıb.
Bütün dünyada bizneslər və ev təsərrüfatları enerji çatışmazlığı, rekord qiymətlər, bazar dəyişkənliyi, təchizat zəncirinin pozulması və geniş yayılmış inflyasiya ilə üzləşir.
Bununla yanaşı, iqlim dəyişikliyi təhlükəsi də aradan qalxmayıb.
Mövcud böhran bizə xatırlatdı ki, həqiqətənmi xatırlatmaq lazim idisə, ehtiyacımız sadəcə daha təmiz enerjiyə deyil.
Bizə lazım olan həm də təhlükəsiz, yəni etibarlı enerjidir.
Və eləcə də bizə onun sərfəli olması lazımdır.
Biz bunu “enerji trilemması” adlandırırıq.
Həm pandemiyanın, həm də Ukraynadakı vəziyyətin nəticəsi olaraq - inanıram ki, biz gələcəkdə iki şey müşahidə edəcəyik:
bp kimi şirkətlər üçün bu nə deməkdir?
İki il öncə biz qarşımıza 2050-ci ilədək və ya daha tez müddətdə “xalis sıfır” emissiyalı şirkətə çevrilmək və dünyanın da xalis sıfır səviyyəsinə çatmasına yardım etmək hədəfi qoyduq.
Bu hədəfə nail olmaq üçün yeni strategiyamızı elan etdik – bu strategiya təbii ehtiyatların işlənməsinə yönəlmiş “beynəlxalq neft şirkətindən” müştərilərə həllər təklif edən “inteqrasiyalı enerji şirkətinə” çevrilməyi nəzərdə tutur.
Bu, dünyanın hazırda ehtiyac duyduğu karbohidrogenləri daha az emissiya ilə təmin etmək və eyni zamanda da keçid prosesinin sürətləndirilməsinə sərmayə qoymaq deməkdir.
Gözləyirik ki, 2030-cu ilə qədər qlobal kapitalımızın təxminən 50%-i qeyri-karbohidrogen bizneslərə yatıracağıq.
Bu, o demək deyil ki, neft və qaz geridə və kənarda qalmalıdır - əsla. Qarşıdan gələn onilliklərdə dünyanın neft və qaza ehtiyacı olacaq.
Lakin, enerji trilemmasını həll etmək istəyiriksə, mövcud qlobal enerji böhranı yenidən diqqət tələb edir.
Birincisi, biz əsas bazarlara daha çox molekul (və elektron) çatdırmaqla təchizatın təhlükəsizliyini yaxşılaşdırmalıyıq.
Məsələn, bazarın verdiyi siqnallara cavab olaraq biz LNG yüklərini qlobal portfelimizdən Avropa terminallarına keçiririk.
Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan Avropaya nəql edilən qaz axınını artırırıq. İkincisi, sərfəliliyə diqqət yetirərkən, təchizat xərclərini artıran amilləri azaltmağın yollarını tapmalıyıq.
Bu, əməliyyat səmərəliliyinə əsaslanır - məsələn, ötən il Xəzərdəki Şahdəniz yatağının istismar etibarlılığı 99,6% təşkil edib ki, bu da dünya səviyyəli göstəricidir.
Və, həmçinin, qabaqcıl texnologiyaların tətbiqinə əsaslanır – məsələn, Azərbaycanda hazırda inşa edilən və ilk gündən qurudan tam idarə oluna biləcək yeni Azəri Mərkəzi Şərqi platformamız buna misaldır.
Üçüncüsü, bu, həm də o deməkdir ki, CO2 və metan emissiyalarını azaltmaq üçün tələb olunan mühüm addımları müəyyən etməyə və onlara sərmayə qoymağa davam etməliyik.
Bunların hamısı dayanıqlı karbohidrogenlər adlandırdığımız anlayışın əsas komponentləridir.
Eyni zamanda, keçid prosesinin inkişafına xidmət edən beş sahəyə bp-nin sərmayələrini artırırıq: bioenerji, elektrik avtomobilləri üçün enerjidoldurma sistemləri, rahatlıq, bərpa olunan enerji mənbələri və hidrogen.
Azad edilmiş ərazilərdə 240 MVt gücündə günəş elektrik stansiyasının inşası da daxil olmaqla, biz artıq Azərbaycanda bir sıra imkanları araşdırırıq və bərpa olunan enerji mənbələri üzrə yeni potensial layihələrin hazırlanması üçün SOCAR-la əməkdaşlıq etməyi planlaşdırırıq.
Həmçinin, bu sessiyadan dərhal sonra biz bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşmış yeni nəsil yerli mühəndislərin hazırlanması məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində yeni ali təhsil proqramının yaradılması üçün 2 milyon dollarlıq sosial sərmayə müqaviləsinin imzalanmasının şahidi olacağıq.
Beləliklə, rolumuz dəyişə bilər, lakin o, heç vaxt bu qədər aydın olmamışdır.
Əsas diqqəti icraya yönəltmişik.
Hazırda dünyanın ehtiyac duyduğu neft və qazın çatdırılmasına hədəflənmişik.
Etibarlı, təhlükəsiz, sərfəli şəkildə – və daha az emissiyalarla.
Eyni zamanda da, enerji keçidi prosesinin sürətlənməsinə investisiya qoyuruq.
“Enerji trilemması”nın həlli üçün İnteqrasiyalı Enerji Şirkəti məhz bunları edə bilər və etməlidir.
Təşəkkür edirəm.