‘Azərbaycanın yeni enerji gələcəyinə doğru birgə addımlayırıq’
Hörmətli nazir Şahbazov,
Hörmətli cənab Nəcəf,
Möhtərəm qonaqlar,
Xanımlar və cənablar,
Sabahınız xeyir!
Bu gün hamınızla birlikdə bu tədbirdə iştirak etməkdən çox məmnunam.
Bu, Naxçıvana ilk səfərimdir və buralar məni sadəcə valeh edir.
2017-ci ilin əvvəlində Azərbaycana gəldiyimdən indiyədək bu gözəl ölkənin bir çox görməli yerləri və guşələri ilə tanış olmaq imkanım olub.
Lakin Naxçıvan bir başqadır.
Sanki dünya sivilizasiyasının yarandığı yerlərdən birinə səfər etmişəm.
Naxçıvanın qədim tarix və memarlıq abidələri haqqında çox eşitmişəm.
Bu gün onlardan bəziləri ilə tanış olmaq fürsətini səbirsizliklə gözləyirəm.
Naxçıvanın çox qədim tarixi və özünəməxsus simvolikası var.
O, həm də nadir təbiəti və zəngin mədəni irsi olan bir bölgədir.
Azərbaycanın bir çox böyük mütəfəkkirləri, şairləri və yazıçıları əslən buradandırlar.
Amma ən əsası, Naxçıvan bu il bütün ölkədə anadan olmasının 100 illik yubileyi geniş qeyd olunan ümummilli lider Heydər Əliyevin doğulduğu yer kimi böyük bir irsin daşıyıcısıdır.
Ona görə də bugünkü tədbir üçün bu diyardan daha münasib yer təsəvvür edə bilməzdim.
Heydər Əliyevin liderliyi və fədakarlığı bu ölkədə öz silinməz izini qoyub.
Onun xatirəsi Azərbaycan xalqı tərəfindən böyük ehtiramla yad edilir.
Biz də bp-də bu böyük şəxsiyyəti dərin hörmət və minnətdarlıqla anırıq.
Azərbaycanın müasir tarixi və yeni neft strategiyası Heydər Əliyevin uzaqgörənliyi sayəsində formalaşıb.
O, haqlı olaraq hesab edirdi ki, ölkənin nəhəng karbohidrogen ehtiyatları onun iqtisadi və sosial inkişafında əsas amilə çevrilə bilər.
O, həmin ehtiyatların işlənməsi üçün xarici investisiyaların və təcrübənin cəlb edilməsinin vacibliyini də bilirdi.
Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan və Şahdəniz kimi dünya səviyyəli enerji layihələrinin uğurla həyata keçirilməsi Heydər Əliyevin şəxsən iştirakı və güclü dəstəyi ilə mümkün oldu.
Bu gün biz ulu öndərin öz xalqı üçün cızdığı strateji baş planının möhtəşəm nəticələrinin şahidiyik.
Həmin meqa-layihələrin fenomenal iqtisadi inkişaf üçün necə zəmin yaratdığını və Azərbaycanı müasir enerji mərkəzinə çevirdiyini görürük.
Bu gün Azərbaycan qlobal enerji oyunçusudur.
Ölkənin nəhəng neft və qaz ehtiyatları enerjiyə artan tələbatı qarşılamağa və təchizatın təhlükəsiz və əlçatan olmasını təmin etməyə imkan verir.
Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin dəstəyi sayəsində ölkənin böyük enerji layihələri bütün maraqlı tərəflərə fayda gətirməkdə davam edir.
İnanırıq ki, Azərbaycan yeni enerji dövrünə keçid prosesində də irəlidə gedə bilər.
Çünki bunun üçün münasib olan hər cür şəraiti var.
Azərbaycan qabaqcıl infrastruktura, güclü tərəfdaşlıq əlaqələrinə və enerji sahəsində geniş təcrübəyə malikdir.
Ölkənin həmçinin zəngin bərpa olunan enerji resursları var.
Xüsusən də Naxçıvan və Şərqi Zəngəzur kimi bölgələrdə.
Bu ərazilər böyük günəş, geotermal, hidroenergetika və külək potensialı ilə seçilir.
Bu rəngarənglik tam xalis sıfır enerji sistemi üçün ideal imkan yaradır.
Azərbaycan da bu əraziləri nümunəvi “yaşıl zona”ya çevirmək niyyətindədir.
• Şirkət olaraq indiyədək Azərbaycanın möhtəşəm enerji tarixinin bir hissəsi olmağımızdan böyük qürur duyuruq.
Bundan sonra isə biz ölkənin enerji gələcəyinin formalaşmasına da dəstək verməyə hazırıq.
Keçən il biz Energetika Nazirliyinə Azərbaycanın 2050-ci ilə qədər öz iqtisadiyyatının dekarbonizasiyası üçün istifadə edə biləcəyi bir sıra istiqamətləri təqdim etdik.
Sənədə ölkənin yeni enerji dövrünə keçid prosesində enerjinin qlobal bazarlara çatdırılması üzrə öz təcrübəsindən necə faydalana biləcəyi yönümündə tövsiyələr daxildir.
Bu ölkədə günəş, külək və geotermal kimi resurslardan, karbon tutma və hidrogen istehsalı kimi az karbonlu həllərə qədər geniş imkanlar var.
Bəzi istiqamətlərdə biz artıq işə başlamışıq.
Məsələn, obyektlərimizin elektrikləşdirilməsi yollarını araşdırırıq.
Bunu, dəniz platformalarımızı ölkənin enerji şəbəkəsi vasitəsilə təchiz etməklə və ya Səngəçal terminalında qaz turbinlərinin əvəzinə yenə də həmin şəbəkəyə qoşulmaqla edə bilərik.
Biz bərpa olunan enerji mənbələrini də nəzərdən keçiririk.
Cəbrayılda 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi üçün sahə tədqiqatlarını başa çatdırmaq üzrəyik.
Nazirliklə razılaşdırdığımız yeni mexanizm orada istehsal olunan elektrik enerjisindən virtual enerji ötürülməsi vasitəsilə cari əməliyyatlarımızda istifadə etməyə imkan verəcək.
Biz bərpa olunan enerji sahəsində bu cür potensial layihələri birgə araşdırmaq üçün SOCAR-la da tərəfdaşlıq edirik.
Həm də başa düşürük ki, gələcəyin enerji bizneslərini idarə etmək üçün Azərbaycanın ixtisaslı yerli mütəxəssislərə ehtiyacı olacaq.
Bu istiqamətdə də kömək etmək üçün biz Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bərpa olunan enerji üzrə yeni magistr proqramını dəstəkləyirik.
Ümid edirik ki, bu, ölkənin bərpa olunan enerji üzrə yerli mütəxəssislərə artan tələbatı ödəyəcək və Azərbaycanın enerji keçidinə öz töhfəsini verəcək.
Beləliklə, Azərbaycanın enerji keçidində irəliləmək üçün böyük potensialı var.
Ölkənin güvənli enerji tərəfdaşı kimi bp bu potensialı maksimum dərəcədə inkişaf etdirmək öhdəliyinə sadiqdir.
Biz Azərbaycana daha az karbonlu yeni enerji gələcəyini qurmaqda dəstək verməyə hazırıq.
Və bu prosesə etibarlı tərəfdaş kimi töhfə vermək imkanından böyük qürur duyuruq.
Təşəkkür edirəm!