1. Əsas səhifə
  2. Xəbərlər
  3. Müsahibələr və çıxışlar
  4. Bakı Enerji Həftəsi, Şuşa xüsusi sessiyası: bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentinin çıxışı

Bakı Enerji Həftəsi: Şuşa xüsusi sessiyasında bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidentinin çıxışı

Tarix:
4 İyun 2022

Qəri Counz, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə

regional prezidenti 

‘Birlikdə Azərbaycanın təmiz enerji gələcəyinə doğru’ 

Giriş 

 

Sabahınız xeyir, hər birinizi salamlayıram.

Enerji Həftəsi çərçivəsində bu xüsusi sessiyada iştirak etmək çox xoşdur.

Bu tədbir üçün bundan daha gözəl və simvolik bir məkan təsəvvür etmək mümkün deyil.

Şuşa Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılmış şanlı zəfərin simvoludur.

Şübhəsiz ki, bu möhtəşəm şəhər gələcəkdə də bir çox yerli və beynəlxalq tədbirlərə ev sahibliyi etməyə davam edəcək.

Bir neçə həftə bundan əvvəl keçirilmiş Kulinariya Festivalı zamanı bura gəlmişdim.

Yenidən burada olmaq çox xoşdur.

Şuşa əsrlərlə Azərbaycanın mədəniyyət paytaxtı olub.

İndi isə bu şəhər və ümumilikdə Qarabağ bölgəsi dayanıqlı inkişafın mərkəzinə çevrilir.

Azərbaycan bu bölgəni yaşıl enerji zonasına çevirmək niyyətindədir.

Bu isə burada istehsal və istehlak ediləcək enerjinin xalis sıfır emissiyalı və beləliklə təmiz və dayanıqlı olacağını göstərir.

Dünyanın enerji keçidi prosesinə töhfə vermək üçün bundan daha yaxşı yol ola bilməz.

 

Enerji keçidi və bp-nin rolu     

 

Son bir neçə il heç kəs üçün asan olmayıb.

Qlobal pandemiya, Ukrayna böhranı və onun fəsadları, təxirəsalınmaz iqlim dəyişikliyi təhlükəsi.

Bütün bunlar, demək olar ki, enerji keçidini sürətləndirdi.

İndi artıq bu, təkcə iqlim məsələsi deyil. İndi bu, həm də enerjinin təhlükəsiz, etibarlı və sərfəli olması məsələsidir.

Bu isə bir şirkət kimi bp-nin  rolunu daha da aydın edir – rolumuz dünyanın enerji ehtiyacını qarşılamağa davam etməkdir.

Biz etibarlı, sərfəli və zaman keçdikcə daha təmiz enerji təmin etməklə təchizatın təhlükəsizliyinə kömək etməliyik.

İki il öncə qarşımıza yeni hədəf qoyduq.

Biz 2050-ci ilədək və ya ondan da tez “xalis sıfır” emissiyalı şirkətə çevrilməyi və dünyanın da xalis sıfır səviyyəsinə çatmasına yardım etməyi hədəfləyirik.

Bu gün biz hədəfimizə doğru inamla irəliləyirik.

Eyni zamanda biz fəaliyyət göstərdiyimiz ölkələrin “xalis sıfır” səviyyəsinə çatmaq üçün göstərdiyi səylərdə onlara necə dəstək ola biləcəyimizi düşünürük.

Azərbaycan bu baxımdan bizim üçün əsas ölkələrdən biridir.

 

Azərbaycanda yeni enerji erası üçün imkanlar 

 

Bu gün Azərbaycan qlobal enerji bazarında öz sözünü demiş bir oyunçudur.

Onun nəhəng enerji potensialı artan tələbatı ödəməyə yardım edir və həmçinin təchizatın təhlükəsizliyinə və diversifikasiyasına töhfə verir.

Dünyanın məhz buna ehtiyacı var.

İnanırıq ki, Azərbaycan gələcəkdə az karbonlu enerji dəyər zəncirlərinin qurulmasında da eyni dərəcədə uğur qazana bilər.

Çünki, onun qabaqcıl infrastrukturu, güclü tərəfdaşlıqları və zəngin bərpa olunan enerji resursları var.

Bu sonuncu xüsusilə azad edilmiş ərazilərə aiddir.

Bu bölgə ölkənin bir sıra ən yaxşı günəş və geotermal ehtiyatlarına, eləcə də quruda yerləşən güclü külək və hidroenerji potensialına malikdir.

İdarə edilən və fasiləli bərpa olunan enerji mənbələrinin bu cür qarışığı tam “xalis sıfır” emissiyalı sistemin qurulması üçün əla imkan yaradır.

Və burada bu cür sistemləri sıfırdan başlamaq olar, yəni mövcud infrastruktura uyğunlaşdırmaq lazım gəlməyəcək.

Bütün bu amillər isə regionu nümunəvi “yaşıl zona”ya çevirə bilər.

 

bp necə kömək edə bilər 

 

bp az karbonlu enerji ehtiyatlarının işlənməsində Azərbaycana dəstək verməyə hazırdır.

Biz Energetika Nazirliyi ilə sıx əməkdaşlıq edirik.

Ötən həftə Nazirliyə Azərbaycanın 2050-ci ilə qədər öz iqtisadiyyatını necə karbonsuzlaşdıra biləcəyi ilə bağlı bir sıra tövsiyələr təqdim etdik.

Ümid edirik ki, bu tövsiyələr, Qarabağ regionu da daxil olmaqla, ölkənin enerji keçidi üzrə planlarını formalaşdırmağa kömək edəcək.

Və imkanlar kifayət qədər çoxdur.

Bura günəş, külək və geotermal enerji kimi bərpa olunan enerji mənbələrinin zəngin potensialının istifadə edilməsindən tutmuş hidrogen və ammonyak istehsalı və karbon tutma kimi az karbonlu həllər daxildir.

Artıq bəzi sahələrdə işə başlamışıq.

Məsələn, obyekt və qurğularımızın elektrikləşdirilməsinin yollarını araşdırırıq.

Buna dəniz platformalarımızın enerji təchizatını şəbəkə və ya üzən külək turbinləri vasitəsilə təmin etməklə nail olmaq mümkündür.

Həmçinin bunu Səngəçalda qaz turbinləri əvəzinə şəbəkəyə qoşulmaqla da edə bilərik. Bu isə imkan verər ki, istifadə etmədiyimiz qazı Cənub Qaz Dəhlizi ilə ixrac edək.

Və ya bərpa olunan enerji mənbələrini götürək.

Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üzrə danışıqları yekunlaşdırmaq üzrəyik.

Elə indi məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün biz Energetika Nazirliyi ilə İcra Müqaviləsinin müddətini uzadacağıq.

Biz birlikdə layihənin növbəti mərhələlərini sürətlə irəlilətməyə imkan verəcək innovativ yanaşma müəyyən etmişik.

Bu, mühüm bir addımdır və bizi layihənin icrasının başlanmasına daha da yaxınlaşdırır.

Görmüşük ki, böyük işlər birlikdə görüldükdə necə sürətli olur.

Beləliklə, mən bu gün həmçinin məmnuniyyətlə elan etmək istəyirəm ki, biz bərpa olunan enerji mənbələri üzrə bu cür potensial layihələrin araşdırılması üçün SOCAR-la əməkdaşlığa başlayırıq.

Bütün bunlar Azərbaycanda ilk virtual elektrik stansiyası modelinin yaradılması üçün imkan yarada bilər.

Nəhayət, bütün bu işlər gələcəkdə səriştəli və ixtisaslı işçi qüvvəsi tələb edəcək.

Buna görə də məmnuniyyətlə bildirmək istəyirəm ki, biz həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bərpa olunan enerji mənbələri üzrə yeni magistr proqramının yaradılmasına kömək edirik.

Ümid edirik ki, bu proqram Azərbaycan öz enerji keçidində irəlilədikcə ölkədə bərpa olunan enerji mənbələri üzrə yerli mütəxəssislərə artan tələbatı ödəyəcək.

 

Yekun

 

Beləliklə, gördüyünüz kimi, qarşıda çoxlu möhtəşəm imkanlar var.

Ötən 30 il ərzində biz Azərbaycan və qlobal tərəfdaşlarla işləmək şərəfinə nail olmuşuq. Və biz burada enerji sahəsində ən güclü tərəfdaşlıqlardan birini qurmuşuq.

İndi isə biz bu uğuru davam etdirməyə hazırıq.

Azərbaycana öz yeni, təmiz enerji gələcəyini formalaşdırmağa kömək etməyə hazırıq.

Qarşıda hələ görülməli çox iş olsa da, mən əminəm ki, tərəfdaşlığımızın gücü bütün bunları reallığa çevirəcək!

Təşəkkür edirəm.