1. Əsas səhifə
  2. Xəbərlər
  3. Müsahibələr və çıxışlar
  4. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclası: bp-in Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezidentinin çıxışı

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci iclasında bp-nin layihələr üzrə vitse-prezidentinin çıxışı

Tarix:
04 aprel 2025-ci il

Mətt Kirkham , Azərbaycan, Gürcüstan, Türkiyə, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezident 

‘Şahdəniz: öhdəlikləri yerinə yetiririk’ 

Giriş 

 

Hörmətli həmsədrlər, xanımlar və cənablar, hər vaxtınız xeyir!

Bu gün sizinlə birlikdə bu tədbirdə iştirak etməkdən çox məmnunam.

Bu forumun əhəmiyyəti ildən-ilə artır.

Elə sürətlə dəyişən müasir enerji mühitində Cənub Qaz Dəhlizi və Şahdəniz layihələrinin artan rolu kimi.

Bunun səbəblərini izah etmək istərdim.

 

Enerji tələbatının qarşılanmasına dəstək     

 

Enerjiyə olan tələbat artmaqda davam edir.

Eyni zamanda, karbon emissiyalarının azaldılmasına ehtiyac var.

Dünya “enerjiyə əlavə” mərhələsindədir.

Get-gedə daha çox həm karbohidrogenlər, həm də aşağı karbonlu enerji istehlak etməklə artan tələbatı ödəyir.

Neft və qaza hələ qarşıdakı onilliklər ərzində də ehtiyac olacaq.

2035-ci ilə qədər neft və qaza olan yüksək tələbatın davam edəcəyini düşünürük.

Xüsusilə, inkişaf etməkdə olan iqtisadiyyatlarda təbii qaza olan tələbatın artacağı proqnozlaşdırılır.

 

Şahdəniz: təhlükəsiz və səmərəli icra 

 

Çox məmnunuq ki, Şahdəniz təhlükəsiz və səmərəli şəkildə qaz hasilatını davam etdirir.

Və bununla Azərbaycanın Avropa və regional bazarlar qarşısındakı öhdəliyinin yerinə yetirilməsinə dəstək verir.

Ötən il, Şahdəniz ən yüksək sabit hasilat səviyyəsini keçərək, təxminən 28 milyard kubmetr qaz hasil edib.

Bu nailiyyətin əsasında, demək olar ki, 100% lay, quyu və ixrac etibarlılığı dayanıb.

Bu gün Şahdəniz bp-nin portfelində ən böyük qaz yatağıdır.

Hazırda Şahdəniz qurğuları gündə təqribən 79 milyon standart kubmetr qaz hasilatı və emalı gücünə malikdir.

Cənub Qaz Dəhlizinin operatorları birlikdə çalışaraq Avropaya gündəlik ixrac həcmlərini artıraraq ildə təxminən 12 milyard kubmetrə çatdırıblar.

Bu ötürücülük gücü hazırda da qüvvədədir və tez-tez istifadə edilir.

Eyni zamanda biz TAP boru kəmərinin mərhələli genişləndirilməsi üzrə işləri davam etdiririk.

Məqsədimiz 2026-cı ildən başlayaraq Avropaya ümumi ixrac gücünü ildə təxminən 14 milyard kubmetrə çatdırmaqdır.

Biz həmçinin Şahdənizin texniki təhlükəsizliyini, istismar səmərəliliyi və dayanıqlığını artırmaq istiqamətində də işlər görürük.

Keçən il Şahdəniz Alfa platformasının elektrik təchizatı layihəsini tamamladıq.

Bu layihə Alfa platformasına sualtı cərəyan və fiber-optik kabel vasitəsilə 8 kilometr aralıda yerləşən Bravo platformasından birbaşa elektrik enerjisi almaq imkanı yaratdı.

Bununla Alfada istifadə olunan beş dizel generatoruna ehtiyac aradan qaldırıldı.

Nəticədə, layihə əməliyyat səmərəliliyini artırmaqla, enerji təchizatının daha etibarlı, uzunmüddətli və fasiləsiz olmasını təmin etməyə və xərcləri azaltmağa imkan yaratdı.

Eyni zamanda, biz Şahdəniz sualtı hasilat sistemini genişləndiririk.

Ötən ilin oktyabr ayından Şahdəniz yatağındakı beş sualtı cinahın hamısı artıq istismardadır.

Biz növbəti illərdə əlavə altı quyunun istismara verilməsini planlaşdırırıq.

Bütün bunlar bazarlar üzrə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə əlavə imkan yaradacaq.

 

Şahdənizdə növbəti addım 

 

Gələcək perspektivdə, əsas diqqətimizi Şahdəniz yatağındakı məhsuldar laylardan maksimum qazvermə əmsalına nail olmağa yönəltmişik.

Eyni zamanda enerji təchizatının davamlı olmasını təmin etmək üçün ən yüksək sabit hasilat səviyyəsini mümkün qədər uzatmaq istiqamətində də çalışırıq.

Bunlara nail olmaq üçün hazırda Şahdəniz kompressiya layihəsi üzərində işləyirik.

Bu, Şahdəniz yatağının işlənməsində növbəti addımdır.

Layihənin əsas məqsədi aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etmək və maksimum qazvermə əmsalına nail olmaqdır.

Layihə elektrik enerjisi ilə işləyən kompressiya qurğularından ibarət dəniz platformasının tikintisini və istismarını nəzərdə tutur.

Hazırda ekranda bu platformanın 3D modelini görürsünüz.

Platforma elə layihələndirilib ki, o, daimi heyət olmadan məsafədən idarə olunacaq və bütövlüklə elektrik enerjisi ilə işləyəcək.

Gələcəkdə bu platforma Şahdəniz Bravonun elektrik enerjisi ilə təchiz olunmasına da xidmət edəcək.

Və nəhayət, yataqdakı əməliyyatların bütövlükdə elektrik enerjisinə keçidinə imkan yaradacaq.

Layihə hazırda Müəyyənləşdirilmə mərhələsindədir.

Biz layihənin ətraf mühitə və sosial sahəyə təsirinin qiymətləndirilməsini hökumət və ictimaiyyətlə müzakirə edirik.

Məqsədimiz bu ilin ortalarına yekun investisiya qərarına nail olmaq, gələn il tikintiyə başlamaq və 2029-cu ildə platformanı istismara verməkdir.

Bütün bunlar Şahdəniz yatağında ən yüksək sabit hasilat dövrünün bu onillikdən sonrakı illərə də uzanmasına kömək edəcək.

 

Yeni imkanların açılması

 

Eyni zamanda, Şahdəniz yatağından əlavə digər yeni qaz mənbələrinin axtarışındayıq.

AÇG yatağındakı sərbəst təbii qaz laylarının işlənməsini və qaz hasilatını həyata keçirmək üçün ötən ilin sentyabr ayında AÇG HPBS-yə əlavə imzaladıq.

Bu laylarda çıxarıla bilən təbii qaz ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kubfutadək olduğu düşünülür.

Ekranda gördüyünüz mövcud Qərbi Çıraq platformasından bu yaxınlarda ilkin istismar quyusunun qazılmasını bitirdik.

Və ilk qaz hasilatının bütün tamamlama və sualtı birləşdirmə işləri bitdikdən sonra cari ilin sonunadək olacağını gözləyirik.

Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək.

Bunun əsasında isə gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Biz həmçinin əməliyyatlarımızın elektrikləşdirilməsi vasitəsilə daha çox qaza qənaət etmək üçün mümkün yollar axtarırıq.

Səngəçal terminalının elektrikləşdirilməsi bu yollardan biridir.

Bu, Cəbrayılda inşa ediləcək Şəfəq adlandırdığımız 240MVt gücündə günəş elektrik stansiyası layihəmizlə birbaşa əlaqəlidir.

Bu layihə yeni “virtual enerji ötürülməsi modeli”-nin ilk tətbiqini nəzərdə tutur.

Həmkarım Kolin bu gün keçiriləcək Yaşıl Enerji panelində bu mövzuda daha ətraflı danışacaq.

Bu model Cəbrayılda istehsal olunmuş elektrik enerjisinin dövlətin enerji sistemindən alınan cərəyanla balanslaşdıraraq bunun hesabına Səngəçal terminalını elektriklə təmin etməyə imkan yaradacaq.

Bu isə terminalın istismarı üçün lazım olan yanacaq qazının yandırılmasına olan ehtiyacı aradan qaldıracaq.

Və beləliklə də, daha çox həcmlərin ixraca yönəldilməsinə imkan yaradacaq.

Biz AzərEnerji ilə birgə çox məhsuldar işləyərək artıq bir sıra əsas elementləri razılaşdırmış və ilkin texniki layihələndirmə işlərini tamamlamışıq.

Bu sıx əməkdaşlıq nəticəsində həm Səngəçal terminalının elektrikləşdirilməsi, həm də Şəfəq layihəsi üzrə yekun investisiya qərarlarının verilməsinə, demək olar ki, artıq hazırıq.

Qarşıdakı aylarda bu növbəti mühüm mərhələnin əldə olunmasına ümid edirik.

 

Yekun

 

Yekun olaraq, icazənizlə çıxışımın əvvəlində qeyd etdiyim məqama bir daha toxunmaq istəyirəm.

Qlobal enerji tələbatı artmaqda davam edir.

Neft və qaz enerji balansının vacib tərkib hissəsi olaraq qalır.

Şahdəniz yatağı və Cənub Qaz Dəhlizi regionda və Avropada enerji təhlükəsizliyinin təmin olunmasında çox mühüm rol oynayır.

bp-nin yenilənmiş strategiyası operator kimi üzərimizə götürdüyümüz öhdəlikləri bir daha vurğulayır.

Bu öhdəliklər:

  • Xəzərdən qazı təhlükəsiz və etibarlı şəkildə hasil etmək,
  • Regional və Avropa bazarlarını hasil edilmiş qazla təmin etmək,
  • Və Azərbaycanın Cənub Qaz Dəhlizi vasitəsilə qaz ixracının artırılması planlarına dəstək olmaqdır.

Uzunmüddətli və etibarlı tərəfdaş kimi biz Azərbaycana Cənub Qaz Dəhlizi ilə bağlı planlarının həyata keçirilməsində və enerji keçidi prosesində dəstəyimizi davam etdirməyə hazırıq.

Diqqətinizə görə təşəkkür edirəm.