1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. "Enkotek" əməliyyatçısı BP olan layihələrlə əməkdaşlığı genişləndirir

"Enkotek" əməliyyatçısı BP olan layihələrlə əməkdaşlığı genişləndirir

Tarix:
28 Dekabr 2006

 

Azərbaycanda çox mühüm neft və qaz işlənmələri və nəqli layihələrinin əməliyyatçısı kimi, BP öz tərəfdaşları adından bu yaxınlarda özünün mühəndis-texniki və layihələşdirmə xidmətləri üzrə yerli "Enkotek" şirkəti ilə bağladığı müqavilənin əhatə dairəsini genişləndirmişdir. Yeni müqavilə "Enkotek"lə bağlanmış mövcud müqavilənin dəyərini 1 milyon dollaradək artırmaqla onun müddətinin 2008-ci il mart ayına kimi uzadılmasını təmin edir.

 

Yeni müqavilə həm yerli şirkətlərə verilən müqavilələrdə iştirak edən şirkətlərin sayının, həm də belə müqavilələrin dəyərinin artırılması vasitəsilə BP və onun tərəfdaşlarının öz layihələrində yerli ehtiyatlardan istifadə etməyi maksimuma çatdırmaq səylərinə uyğundur.

 

"Enkotek" genişləndirilmiş müqaviləyə uyğun olaraq Azəri-Çıraq-Günəşli (AÇG), Şahdəniz, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) qurğularına dəstək vermək üçün kiçik mühəndis-konstruktor işlərini və modifikasiya layihələrini idarə edəcəkdir.

 

"Enkotek" şirkəti tərəfindən göstərilən xidmətlərə tikinti sahələrinin tədqiqi və yoxlanılması, materiallar və quraşdırma işləri üçün müfəssəl texniki xarakteristikaların və metodların işlənib hazırlanması, eləcə də hərtərəfli resurs və iş icrası planlarının hazırlanması, sənədləşdirmələrin, mühəndis-layihələşdirmə işləri, çertyojların və yerləşdirmə planlarının təmin edilməsi, quraşdırma və istismara vermə işləri üzrə yekun hesabatların hazırlanması daxildir.

 

"Enkotek" 2000-ci ildə təsis edilmişdir və bu gün yaxşı idarə olunan çoxsahəli bir mühəndis-layihələşdirmə şirkətidir. Bu şirkət əsasən Azərbaycanın neft və qaz sənayesinə texniki layihələşdirmə xidmətlərini, layihələrin idarə edilməsi, quraşdırma və istismara vermə işlərini təmin edir. Şirkətin səriştəsi yalnız bu sektorla məhdudlaşmayıb, həm də mülki tikinti və və digər mühəndis-texnuiki sahələri əhatə edir.


"Enkotek"-in digər nailiyyətlərindən biri də neft və qaz sektorunda, eləcə də sənayenin və tikintinin digər sahələrində mühəndis-layihə, dizayn, layihələrin idarə olunması xidmətləri üçün DNV (Den Norske Veritas) tərəfindən İSO 9001:2000 şəhadətnaməsi almasıdır.

 

"Enkotek" 2000-ci ildə yaradılandan bəri bizim məramımız öz sifarişçilərimizə hər bir fərdi sifarişçinin özünəməxsus ehtiyaclarına yönəldilmiş gəlirli, keyfiyyətli mühəndis-texniki xidmətlər göstərmək olmuşdur. Bizim idarəetmə sistemlərimiz və prosedurlarımız yalnız öz işçi qüvvəmizin səyləri sayəsində İSO 9001:2000 tələblərinə uyğun işlənib hazırlanmışdır," – Enkotekin direktoru Faiq Rzayev deyir.

 

BP və tərəfdaşlarının maliyyələşdirdikləri Biznes İnkişaf Mərkəzinin meneceri Gülya Novruzova deyir: ""Enkotek" ilə geniş əməkdaşlıq etmək imkanımızın olduğuna görə məmnunuq. Bu, indiyədək BP və tərəfdaşları da daxil olmaqla Azərbaycandakı bir çox tanınmış yerli və beynəlxalq neft-qaz şirkətlərinə yardım göstərmiş etibarlı bir yerli xidmət şirkətidir. Biznes İnkişaf Mərkəzinin köməyi ilə "Enkotek" öz biznes qabiliyyətlərinin inkişafı üçün imkanlar axtaran bir sıra beynəlxalq təşkilatlarla biznes əlaqələri yaratmışdır."


Redaktorlar üçün qeydlər:

 

BP Azərbaycanın iri neft-qaz işlənməsi layihələrinin operatoru olaraq öz tərəfdaşları adından qarşısına 2010-cu ilədək Azərbaycanın yerli şirkətləri vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini ikiqat artırmaq kimi böyük bir məqsəd qoymuşdur. Bu məqsədə çatmaq üçün BP və tərəfdaşları yerli şirkətlərə yardım etmək, onları BP-nin layihələrində iştirak etməyə ruhlandırmaq məqsədilə Bakıda Biznes İnkişaf Mərkəzini açmışlar. BP və tərəfdaşları həmçinin bu ölkənin öz iqtisadiyyatını çoxsahəli etməsinə yardım etmək üçün Azərbaycan boyunca qeyri-neft sektorunu təşviq etmək və sahibkarlığın inkişafını dəstəkləmək məqsədi ilə bir çox digər planlar hazırlamaq üzərində işləyirlər. Gözlənilir ki, digər təşəbbüslərlə bərabər bu təşəbbüs yerli biznes fəaliyyətlərinin dəstəklənməsində yenilikçi və şəffaf təcrübələr yaradacaq.

 


Əlavə məlumat üçün

BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.

Telefon: +994 (0) 12 599 45 57