Bu gün BP şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrindəki tərəfdaşları adından Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilə birlikdə “Yaşıl Paket” layihəsinin rəsmi təqdimatını keçirmişdir. Bu birgə təşəbbüs uşaqların ekoloji məlumatlandırılmasına və ümumilikdə Azərbaycan təhsilinə yönəlmiş misilsiz töhvə əks etdirir.
“Yaşıl Paket” layihəsi məktəb müəllimlərinin və 1-11-ci sinif şagirdlərinin ekoloji biliklərinin artırılması üçün nəzərdə tutulmuş tədris xarakterli interaktiv multimedia vasitəsidir. Layihə 2004-cü ildə başlanmışdır və Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Yevlax, Kürdəmir şəhərlərinin, habelə Naxçıvan Muxtar Respublikasının məktəblərinə paylanmaq üçün 1000 ədəd “Yaşıl Paket”in hazırlanması üçün üç il ərzində bütün tərəflərin gərgin əməyi tələb olunmuşdur. Sözügedən dəst müəllimlər üçün sorğu kitabı, uşaqlar üçün dərslik, DVD film kolleksiyası, CD-ROM və seçmə variantları oyunundan ibarətdir.
“Yaşıl Paket” dəstinin hazırlanması fikri Böyük Britaniyada yaranmışdır və hal-hazırda həmin dəst Polşa, Macarıstan, Bolqarıstan, Böyük Britaniya, Çex Respublikası, Slovakiya, Rusiya, Albaniya, Belorus və Makedoniya məktəblərinin tədris proqramı çərçivəsində istifadə olunur. Sözügedən dəst indi Azərbaycanın ekoloji kontekstinə uyğunlaşdırılıb və Azərbaycan dilində nəşr olunur.
Azərbaycan dilində “Yaşıl Paket” dəsti ətraf mühit sahəsində aparıcı milli qeyri-hökumәt təşkilatları, akademik müəssisələr və idarəedici orqanlardan ibarət böyük bir qrup ilə əməkdaşlığı və həmin qrupun köməyini tələb edən ümumi səy nəticəsində işlənib hazırlanmışdır. Dəstin məzmunu Azərbaycan Təhsil Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq olunmuş, bundan sonra isə rəsmi surətdə milli məktəblərin tədris proqramına daxil edilmişdir.
Bundan əlavə, layihə çərçivəsində rayon təhsil idarələrinin müəllim və metodistlərinə “Yaşıl Paket” materiallarının şagirdlərə effektiv surətdə çatdırılması üsullarına aid geniş təlim keçirilmişdir. “Yaşıl Paket” üzrə biliklərin və tədris bacarıqlarının davamlılığını təmin etmək üçün təlim proqramında müvəffəqiyyətli dinləyicilərin sonralar “Yaşıl Paket” üzrə təlimatçı kimi fəaliyyət göstərəcəyi nəzərdə tutulur.
BP şirkəti və onun BTC və CQBK layihələrindəki tərəfdaşları, habelə ATƏT-in Bakı ofisi tərəfindən maliyyələşdirilən layihə Macarıstanda yerləşən Mərkəzi və Şərqi Avropa üzrə Regional Ekoloji Mərkəz (REM) və Azərbaycanın milli qeyri-hökumət təşkilatı olan “Davamlı İnkişaf Uğrunda” Cəmiyyət (DİUC) tərəfindən birgə şəkildə həyata keçirilir. Layihənin ümumi dəyəri 400.000 ABŞ dollarıdır. Bu məbləğin 300.000 dollarını BP şirkəti və onun tərəfdaşları, 100.000 dolları isə ATƏT-in Bakı ofisi vermişdir.
BP şirkətinin Quruda Əməliyyatlar üzrə vitse-prezidenti Rəşid Cavanşir deyir: “Ətraf mühitin mühafizəsi qlobal miqyasda neft sənayesinin lideri olan BP şirkətinin başlıca məqsədlərindən biri olmuşdur və biz dünyanın fəaliyyət göstərdiyimiz hər bir yerində özümüzdən sonra müsbət bir irs qoymağa çalışırıq. Biz Azərbaycanda bu məqsədlə çoxsaylı ideyaları və proqramları irəli sürmüş və dəstəkləmişik. Digər sahələrdə olduğu kimi, burada da biz öz fəaliyyətlərimizi ətraf mühit baxımından məsuliyyətli şəkildə həyata keçirməyə can atırıq və bu regionda aparıcı operator şirkət olaraq həmin məsuliyyətə çox ciddi yanaşırıq. “Yaşıl Paket” layihəsinə yardım etmək barədə qərarımızı məhz həmin arzuya əsasən qəbul etmişik. Biz hesab edirik ki, “Yaşıl Paket” layihəsinin əsas niyyəti yeni dəyərlərin və yanaşmaların formalaşdırılmasından ibarətdir, həmçinin hesab edirik ki, gənc nəslin ətraf mühit ehtiyatlarının səmərəli istifadə edilməsinin əhəmiyyəti barədə məlumatlılığının artırılması ölkənin bu sahədəki gələcəyinə qoyulan birbaşa sərmayədir.”
ATƏT-in Bakı ofisinin İqtisadi və Ekoloji məsələlər üzrə məsul şəxsi Torbyorn Byorfatn: "ATƏT əhalinin ən mühüm ehtiyaclarına, yəni ekoloji təhsil vasitəsilə daha yaxşı mühitin yaradılmasına yönəlmiş çox maraqlı və mütərəqqi bir təşəbbüsdə iştirak etməyinə sevinir. İnanıram ki, bu cür təlimlər Azərbaycan müəllimlərinə ətraf mühitlə bağlı biliklərin öz şagirdlərinə daha səmərəli surətdə çatdırmasında kömək edəcək."
BP-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: +994 (0) 12 599 45 57