1. Əsas səhifə
  2. Xəbərlər
  3. Press relizlər
  4. Adaptiv strateji idarəetmə layihəsi uğurla başa çatdı

Adaptiv strateji idarəetmə layihəsi uğurla başa çatdı

Tarix:
16 dekabr 2022-ci il

 

  • Adaptiv strateji idarəetmə bacarıqları və təcrübələrinin Azərbaycana uğurla ötürülməsi
  • Yerli təşkilatların çevik və adaptiv strateji biznes idarəetmə bacarıqlarına əhəmiyyətli töhfə
  • Fuqua Biznes Məktəbinin sertifikatını əldə etmə imkanı

 

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından Azərbaycana adaptiv strateji idarəetmə üzrə beynəlxalq təcrübənin ötürülməsini dəstəkləyən üçillik sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edir. 


Layihənin əsas məqsədi yerli idarəetmədə strateji dəyişikliklərə çevik reaksiya vermək, innovasiyalara və transformasiyalara uyğunlaşmaq bacarıqlarını formalaşdırmaqla bu sahədəki cari tələbatı  qarşılamağa dəstək vermək idi. Layihə məhz yerli təşkilatların bu sahədə rastlaşdığı çətinlikləri aradan qaldırmağa kömək üçün nəzərdə tutulmuşdu.


Layihə beynəlxalq miqyasda tanınmış Adaptiv Strateji İdarəetmə Proqramı (ASEP) əsasında ADA Universitetində həyata keçirilib. Təlim proqramı Dyuk Universitetinin (ABŞ) Fuqua Biznes Məktəbinin nəzdində yerləşən və dünyada biznes idarəetmə sahəsinin tədrisində aparıcı təşkilatlardan olan “Duke Corporate Education” (Duke CE) tərəfindən hazırlanmış və sertifikatlaşdırılmış biznes təhsili üzrə kurrikuluma əsaslanıb. Duke CE bu proqramı  ABŞ-ın insan resursları üzrə aparıcı konsultant şirkətlərindən biri olan və liderliyin inkişafı üzrə ixtisaslaşan “Korn Ferry” ilə tərəfdaşlıqda hazırlayıb və həyata keçirib.


Proqramı bitirdikdən sonra bütün uğurlu iştirakçılar Dyuk Universitetinin Fuqua Biznes Məktəbindən sertifikatlar alıblar.


Layihənin uğurla tamamlanması münasibətilə dünən ADA Universitetində tədbir keçirilib.

 

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz:

 

“Biz çox məmnunuq ki, Azərbaycanda ilk dəfə olaraq yerli təşkilatların dəyişən biznes mühitinə cəld uyğunlaşmasına kömək  üçün nəzərdə tutulmuş ASEP proqramını ölkəyə gətirmişik. Bu, ilk növbədə təşkilatların fəaliyyət davamlılığı üçün önəmlidir. Eyni zamanda bu onların rəqabət üstünlüklərini qoruyub saxlaması üçün öz planlarını və strateji hədəflərini uğurla həyata keçirmələri üçün önəmlidir.  İnanırıq ki, ASEP proqramının məzunları əldə etdikləri bacarıq və biliklərlə fəaliyyət göstərdikləri biznes mühitini daim qiymətləndirmək və mürəkkəb strateji dəyişikliklərə çevik reaksiya vermək üçün lazımi səriştələrə tam yiyələniblər. Bu sahədə yerli potensialın yaradılmasında verdikləri töhfəyə görə iki aparıcı universitetə - ADA Universitetinə və Dyuk Universitetinə təşəkkürümüzü bildiririk.

 

ADA Universitetinin prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Dr. Fariz İsmayılzadə dedi:


“Adaptiv Strateji İdarəetmə Proqramı” tərəfdaşlarla əməkdaşlığımızı daha da möhkəmləndirməklə yanaşı, eyni zamanda yüksək ixtisaslı mütəxəssislərin karyera inkişafını sürətləndirdi. Bu proqramı uğurla təşkil etdiyinə görə ADA Universitetinin İxtisasartırma Proqramlarına təşəkkür edirik."

 

Layihə ADA Universiteti ilə tərəfdaşlıqda “Korn Ferry” təşkilatı (keçmiş “TwentyEighty Strategy Execution”) tərəfindən icra edilib.


Layihənin dəyəri təxminən 1,5 milyon AZN (882 000 ABŞ dollarından çox) təşkil edib və buraya bp və tərəfdaşlarının iştirakçıların təhsil haqqı ödənişlərinə dəstəyi də daxildir.


Layihə üzrə bəzi faktlar və rəqəmlər:

  • Proqram bütövlükdə altı qrup üçün və hər bir qrupda altı modula əsaslanan altı aylıq təlimdən ibarət olub;
  • proqramda ümumilikdə dövlət (28%) və özəl (72%) sektoru təmsil edən 123 rəhbər işçi iştirak edib;
  • bp və tərəfdaşları 108 nəfər iştirakçının təliminin müəyyən hissəsini maliyyələşdirib;
  • 117 iştirakçı artıq Dyuk Universitetinin sertifikatlarını əldə edib;
  • altı iştirakçı hazırda müxtəlif səbəblərdən iştirak edə bilmədikləri sonuncu modulu bitirmək üzrədir.

 

Redaktorlar üçün qeydlər

 

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

 

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

 

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 105 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

 

Azərbaycanda bp şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.

 

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.

 

Əlavə məlumat üçün:

 

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon:  (+994 12) 525 58 95