bp Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “PETRONAS”, “MOL”, “LUKOİL”, “NİCO”, “Equinor”, “İNPEX”, “ExxonMobil”, “SGC”, “İTOCHU”, “ONGC”, “TotalEnergies”, “Eni” – adından Azərbaycanda autizmlə bağlı məsələlərin həlli ilə məşğul olacaq və bu yönümdə səyləri birləşdirəcək yerli mütəxəssis təcrübəsinin yaradılması məqsədli layihəyə dəstək verir. Layihə Heydər Əliyev Fondu tərəfindən yaradılmış və yeni istifadəyə verilmiş Autizm Mərkəzinin çərçivəsində həyata keçirilir.
2021-ci ilin mart ayında başlamış layihənin ilk mərhələsində bir qrup yerli autizm mütəxəssisinə və bütün ölkəyə autizmlə bağlı xidmətlər göstərmək üçün Heydər Əliyev Fondu tərəfindən yaradılan yeni Autizm Mərkəzinin işçi heyətinə təlimlər keçilib.
bp-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz: “İnanırıq ki, Autizm Mərkəzinin yaradılması autizmlə bağlı bütün məsələləri cəmləşdirərək cəmiyyət olaraq birlikdə onların həll olunması istiqamətində çox önəmli bir addımdır. bp və tərəfdaşları öz səylərini Heydər Əliyev Fondunun səyləri ilə birləşdirərək autizmlə bağlı problemlərin həlli üçün hazırkı beynəlxalq tendensiyalar, müasir qlobal metodologiyalar və innovativ yanaşmalar üzrə güclü milli təcrübənin formalaşmasında Mərkəzə dəstək verməkdən məmnundur. Ümid edirik ki, Fond və bütövlükdə cəmiyyət ilə sıx işləyərək, autizmlə bağlı problemlərin həllinə yanaşmanı dəyişdirə və bununla da bir çox autizmli insanların - uşaqların və böyüklərin həyatını dəyişə bilərik.”
Layihə çərçivəsində 10 yerli autizm mütəxəssisinə təlimlərin keçilməsi və onlara beynəlxalq sertifikatların verilməsi nəzərdə tutulur. Təlimlər beynəlxalq səviyyədə tanınmış ən müasir proqramlar əsasında keçirilir.
Layihəyə həmçinin 60 yerli mütəxəssisdən ibarət bir qrupa autizm spektr pozuntularının əsasları, diaqnostika, müdaxilə, təhsil, terapiya, reabilitasiya, idarəetmə, hesabatların hazırlanması və ehtiyacların qiymətləndirilməsi kimi mövzularda təlimlər də daxildir.
Bundan əlavə, layihə çərçivəsində autizmli insanların öz sosial və karyera bacarıqlarını inkişaf etdirmələri üçün kiçik biznes davamlılığı laboratoriyası yaradılacaq və təxminən 40 nəfər autizmli insanın gələcək həyatlarında uğurlu nəticələr əldə etməsi üçün onların özünüinkişaf və biznes planları hazırlamasına kömək göstəriləcək.
Layihədə həmçinin seçilmiş beynəlxalq tədris və metodiki materialların Azərbaycan dilinə tərcüməsi vasitəsilə beynəlxalq biliklərin ötürülməsi, Autizm Mərkəzi üçün ixtisaslı kadrların hazırlanması və autizmlə əlaqəli məsələlərin daha yaxşı başa düşülməsinə və cəmiyyətdə inklüziv düşüncə və davranışın gücləndirilməsinə yardım etmək üçün bir sıra ictimai maarifləndirmə kampaniyalarının təşkili də nəzərdə tutulur.
Layihənin müddəti 20 aydır və dəyəri təxminən 415000 AZN (244000 dollar) təşkil edir.
Layihə “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən icra olunur.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 82 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 96 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 58 95