Bu gün Azərbaycan Respublikası Təhsil Nazirliyi və bp şirkəti arasında yerli universitetlərin birində bərpa olunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması ilə bağlı əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb.
Protokol bərpa olunan enerji mənbələri, o cümlədən bu sahədə istifadə olunan texnologiyalar, üzrə ixtisaslaşan yerli peşəkarların hazırlanması üçün mühüm bir təhsil layihəsinə dair əməkdaşlığın təməlini qoyur. Bu məqsədlə Böyük Britaniya universitetlərindən biri ilə tərəfdaşlıqda yerli ali təhsil müəssisəsində yeni magistr proqramı yaradılacaq.
Protokol çərçivəsində layihənin texniki aspektlərini, o cümlədən icraçı tərəfdaşın seçim meyarlarını, müəyyənləşdirmək üçün işçi qrup yaradılacaq.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev imzalanma mərasimində çıxışı zamanı dedi: “Dövlət siyasətinin mühüm istiqamətlərindən olan “qara qızıl”ın insan kapitalına çevrilməsi konsepsiyası gənclərin xaricdə təhsilinin dəstəklənməsinə mühüm imkanlar yaradıb. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"ı çərçivəsində 3500-ə yaxın gənc xaricdə təhsil alıb. Bərpa olunan enerji üzrə mütəxəssislərin hazırlanması çox vacib bir məsələdir və bu sahədə bp şirkəti ilə əməkdaşlığı yüksək dəyərləndiririk. Bu proqram çərçivəsində tədqiqat layihələrinin də həyata keçirilməsini planlaşdırırıq.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “Azərbaycanın enerji keçidi üzrə səylərini dəstəkləmək məqsədilə Təhsil Nazirliyi ilə uzunmüddətli və uğurlu əməkdaşlığımızı yeni istiqamətdə genişləndirməkdən böyük məmnunluq duyuruq. Təsis edəcəyimiz yeni universitet proqramı ölkənin bərpa olunan enerji sektorunun inkişafı üçün zəruri olan yeni təcrübə və bacarıqların formalaşdırılması üçün nəzərdə tutulub. Bu, Azərbaycanın enerjinin gələcəyinə doğru atdığı addımları və eləcə də şirkətimizin insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləmək məqsədini dəstəkləyən gözəl bir layihədir.”
Layihəni Təhsil Nazirliyi və bp birgə maliyyələşdirəcək. bp bu layihəyə 2 milyon ABŞ dolları vəsait qoyacaq. Yeni magistr proqramı çərçivəsində hər il bərpa olunan enerji mənbələri sahəsində təxminən 40 yerli mütəxəssisin hazırlanması gözlənilir.
Redaktorlar üçün qeydlər
bp şirkəti Azərbaycanda 28 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 82 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.
Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 96 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.
Azərbaycanda bp şirkətində təxminən 2300 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini təşkil edir.
bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına daxil olun.
bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895